FACT-INFO.AZ » QHT » Göyçayda bir Rövşən vardı...
11-09-2024, 14:30 | QHT
Göyçayda bir Rövşən vardı...

Azərbaycanda tar sənəti bərqərar olandan çoxsaylı tar ifaçılarımız olub, indi də  var və təbii ki, gələcəkdə də olmaqda davam edəcəkdir.

Amma başqa musiqi alətləri ifaçılarının da hamısı olmadığı kimi, tar ifaçılığı sənətində də hər tarçı yaddaqalan-seçilən ifaçı ola bilməmişdir.

Mənim şəxsi düşüncəmə görə, hər hansı bir musiqi alətini sevdirmək üçün, ilk növbədə, ifaçı özü bu musiqi alətini sevməli, ona öz sevgisini hopdurmalı və həmin musiqi alətindən çıxan səs, ifaçının ürək tellərinin səsi ilə birləşməlidir ki, əlahəzrət dinləyicinin də qəlbinin “sarı simi”inə toxuna bilsin.

Mətləbdən uzaqlaşmayım, ağrılı da olsa bir ustad tar ifaçısı haqqında keçmiş zamanda yazmalı olacağam.

Onun bu dünyaya vida etməsini ilk olaraq Azərbaycan Respublikasının xalq artisti- Azərbaycan Milli Konservotoriyasının professoru-ustad tarçı və dostum Möhlət Müslümovun paylaşımından bildim və düzü, çox mütəəssir oldum.

Bir həftə ərzində bununla bağlı dostlar-tanıyanlar tərəfindən davamlı olaraq çoxsaylı paylaşımı-baş sağlığını izləsəm də, amma Möhlət müəllimin paylaşımı içimdə bir atəş yaratmışdı...

Biz onunla-Rövşən Zamanovla dövrümüzün zamanı qısaldan nərdivanı və həm də başımızın bəlası olan sosial şəbəkə vasitəsilə tanış olmuşduq.

O əyalətdə-Xan çinarlı Göyçayda yaşayır-sözün əsil mənasında yaradır və çoxsaylı dinləyicilərin sevgisini günü-gündən daha da çox qazana bilirdi.

Dəfələrlə sözləşərək Bakıda, ya da Göyçayda görüşmək haqqında planlar qursaq da, çox təəssüf edirəm ki, bu canlı görüş bizə qismət olmadı...

Rövşən müəllim gözəl sənətkar olmaqla bərabər, həm də çox sadə-təvəzökar adam idi. Mənə tez-tez yazar, yeni ifalarını təqdim edər və mən də çox böyük məmnuniyyətlə bu ecazkar ifaları dinləyər, mənən qidalanar və xoş rəylərimi yazardım.

Rövşən Zamanov sıradan olan bir tarçı deyildi. Onun Azərbaycan tar ifaçılığı sənətində özünəməxsus yeri var. Bunu onun həmkarları da həmişə xüsusi olaraq vurğulayırlar. Rövşən tarı sinəsinə sıxanda elə bil körpə balasını qucaqlayır, simləri dindirəndə isə, sanki elə körpə balasına laylay çalırdı. İstər muğamlarımızın ayrı-ayrı guşələrini, istərsə də tam muğam dəsgahlarını elə şövq ilə çalırdı ki, o, bu musiqinin ahəngi altında özünü tam başqa bir dünyada hiss edir və dinləyicini də öz dünyasına qata bilirdi.

 Tam qətiyyətlə deyə bilərəm ki, Rövşən Zamanov ustad tarçı idi və onun tar ifaçılığı yalnız Rövşən məktəbinə aid idi. Bəli, o öz tarçılıq məktəbini yarada bilmişdi! Bu onun sayılıb-seçilən çoxsaylı tələbələrinin şəxsində aydınca görünməkdədir.

Bildiyimiz kimi, ifaçı olmaq və eyni zamanda müəllim olmaq, tamamilə bir-birindən fərqli fəaliyyət növləridir. Hər yaxşı musiqi müəllimi olan, yaxşı ifaçı ola bilmədiyi kimi, hər yaxşı ifaçı da, yaxşı musiqi müəllim ola bilməz-bunu həyat təcrübəsi göstərir. Bu iki cəhət-ifaçılıq və müəllimlik Rövşənin fəaliyyətində bir tandem idi, hətta onlar biri digərini tamamlayırdı.

Rövşən müəllim həm də yaxşı təşkilaçı-pedaqoji kollektiv rəhbəri idi. Rövşən Zamanov Asəf Zeynallı adına Musiqi Texnikumunun (1973), Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının-indiki Bakı Musiqi Akademiyasının (1987) və Azərbaycan Milli Konservatoriyasının (2018) məzunu olmaqla, 2008-2022-ci illər ərzində Arif Məmmədov adına Göyçay Şəhər Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışmışdır.

Onun rəhmətə getdiyi ərəfələrdə Azərbaycan Respublikasının xalq artisti- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru-ustad tarçı Vamiq Məmmədəliyevin paylaşdığı bir vidio diqqətimi cəlb etdi.

Bakının Kürdəxanı kəndi-Vamiq müəllimin həyəti, Rövşən çalır, Vamiq müəllim isə əlini çənəsinə dayayıb onun pərdələr üzərində gəzən barmaqlarını izləyir, ifanı elə aludəliklə dinləyirdi ki, sanki özü çalırmış kimi...

Rövşənin toy şənliklərində baş tutan ifalarını, ustad xanəndələr Yaqub Məmmədovu, Eynulla Cəbrayılovu və digər sənətkarlarımızı müşaiyət etməsini də dönə- dönə dinləməkdən zövq almışam. O, müşayət zamanı xanəndəni öz ardınca aparmaqla yanaşı, yeri gələndə imperivizələr eləməklə, xanadəyə nəfəsini dərməkçün şərait də yaradırdı.

Janrından aslı olmayaraq, onun ifaları peşəkar-ustad ifası olaraq qəbul olunurdu- başqa sözlə desək, Rövşən həm də virtioz ifaçı idi.

Ümid edirəm ki, Rövşən Zamanovun ifaçılıq sənəti-məktəbi musiqi araşdırmaçıları tərəfindən araşdırılaraq və onların elmi məqalələrinin, elmi işlərinin mövzusuna çevriləcəkdir.

2024-cü ilin noyabr ayının 17-də Rövşənin 70 yaşı tamam olacaqdı, təəssüf ki, o 10 avqust 2024-cü il tarixdə, yəni yubileyinə üç ay yeddi gün qalmış Allahın rəhmətinə qovuşdu.

Azərbaycan tar sənətinin mahir bilicilərindən və ifaçılarından olan Rövşən Zamanovun əziz xatirəsi onu tanıyanların, musiqi ictimaiyyətinin, çoxsaylı tələbələrinin, dostlarının və doğmalarının qəlbində əbədi yaşacağına inanıram.

Yatdığın yer rahat, məkanın cənnət guşəsi, ruhun isə Uca Dərgahda rahat olsun, ustad!

 

Göyçayda bir Rövşən vardı, tarçı idi-hey çalardı,

İfasını dinləyənlər, yorulmazdı, feyz alardı.

Rövşən tarı qucaqlayıb, sığallayıb əzizlərdi,

Sonra tatın körpə təki nazın çəkər, dindirərdi.

O hər simdən soruşardı ağrısını, acısını,

Mizrab ilə darıyardı o simlərin gur saçını.

Tar döşündə olanda o, undardı bu dünyanı,

O tarının simlərində yaşadardı öz canını.

O nə çalsa seçilərdi, tanınardı lap uzaqdan,

Onun tarı fərqli idi, elə bil ki, başqa tardan.

 

Muğamatı elə çalıb, hər guşəsi açıb gülşən,

Neçə böyük xanəndəyə müşayyətçi olub Rövşən.

 

Nə çalıbsa, qəlbdən çalıb, ürəyiylə çalıb tarı,

Hər ifada çıçək açıb, onun gizli arzuları.

Onun qəlbi böyük idi, təvazölü sənətkardı,

Sənətiylə öyünməzdi, sənətiylə nur saçardı...

 

Eşidəndə mən Rövşənin ölüm adlı xəbərini-

bu dünyada sona çatmış, Tanrı vermiş qədərini...

Dilim susdu, ruhum dondu, cismim sanki parçalandı-

gözlərimdə onun canlı ifaları sıralandı…

 

Rövşən kimi sənət əhli, ölmür, dünya var olunca,

İndi onu xatırlayır hamı Azərbaycan boyunca.

 

Rövşən, qardaş, rahat uyu, yastıq olsun qoy torpağın,

Bu dünyada daim yanar, tarçı adlı-gur çırağın.

Sənə min-min rəhmət dilər, yerin cənnət, ruhun rahat,

Mən Fəxrəddin Meydanlıdan, bu şeir olsun sənə barat!

Fəxrəddin MEYDANLI-şair,publisist

28.08.2024-Bakı




Baxış sayı: 580
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Bu gün, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Bu gün, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Bu gün, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub Dünən, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib Dünən, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence Dünən, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib Dünən, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır Dünən, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub Dünən, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib Dünən, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb Dünən, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir Dünən, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031