FACT-INFO.AZ » AKTUAL » Ulu Öndər Heydər Əliyevin siyasi kursu uğurla davam edir
12-06-2024, 15:30 | AKTUAL
Ulu Öndər Heydər Əliyevin siyasi kursu uğurla davam edir

Tarixi faktlardan məlum olduğu kimi, 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkədə mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı. Təbii ki, müstəqilliyin ilk illəri xaos və anarxiya ilə yadda qaldı.

1991-ci ildə müstəqillik əldə etdikdən sonra hakimiyyət postuna yiyələnən, amma tamamilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik ideyalarını qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə, SSRİ-nin dağılması ərəfəsində formalaşmış təbii geosiyasi şərait, hətta imperiyanın mərkəzində dayanan Rusiyanın belə öz müstəqilliyini elan etməsi, həmçinin, xalqların azadlıq mücadiləsi Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi. Məhz, Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideyalarına nə qədər etinasız yanaşmasının bariz nəticəsi idi ki, həmin vaxt hakimiyyətdə olanlar ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində konkret olaraq heç bir strateji addım atmadılar. 

Eyni zamanda, sonrakı hadisələr də göstərdi ki, həmin rəhbərlik təbii geosiyasi situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub saxlanılması kimi milli vəzifəni yerinə yetirmək iqtidarında deyildi. Beləliklə, müstəqilliyin ilk illərində ölkəyə “rəhbərlik” edən qüvvələrin totalitar təfəkkürlə hərəkət etmələri Azərbaycanı fərqli korporativ maraqlara malik olan güclərin siyasi mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevirmişdi. Bundan sonra hakimiyyətə gəlmiş “AXC”-”Müsavat” cütlüyü Azərbaycanı, sözün əsl mənasında, xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirdi. 

Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Artıq, “əlinə silah alan” hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Belə olan halda, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq, ölkənin bir sıra ərazilərində - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz, 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Həmin tarixdə Gəncədə sabiq korpus komandiri və “AXC”-”Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Bundan sonra, Surət Hüseynov tabeçiliyində olan qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi.

Vəziyyət getdikcə daha da kəskinləşirdi. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında baş verən döyüş hadisələrin kulminasiya nöqtəsi idi. Bu, hakimiyyət daxilindəki ayrılmalar, eləcə də, isterikanı artırmaqla bərabər, xaos və böhranın dərinləşməsinə səbəb oldu. Bu, eyni zamanda, ona dəlalət edirdi ki, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi. Məhz, Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsi və tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Belə ki, bu şəraitdə xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. 

O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyun ayının 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyun ayının 15-də isə, Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olan 1993-cü il iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.

Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan “Milli Qurtuluş Günü” Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Bir sözlə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Ölkəmizi parçalamaq, forposta çevirmək korporativ maraqlar əsasında idarə etmək istəyənlər öz niyyətlərinə çata bilmədilər. 

Əlbəttə, ölkəmizdə hökm sürən xaotik, anarxik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin təmin edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Mürəkkəb situasiyanın fonunda kəskin daxili ziddiyyətləri aradan qaldırmaq, xalqla hakimiyyətin kommunikasiyasını və milli ideoloji həmrəyliyi təmin etmək kimi zəruri strateji vəzifələri müvəffəqiyyətlə yerinə yetirən Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla, yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Məhz, bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarıdır. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan “Milli Qurtuluş Günü” Azərbaycan dövlətçiliyinin xilası tarixidir. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan “Milli Qurtuluş Günü” Azərbaycan tarixinin şanlı qürur səhifəsidir. 

Ulu Öndər Heydər Əliyevin inkişaf siyasəti Azərbaycanı qüdrətli və nüfuzlu dövlətə çevirdi. Bütün bunların nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü, inkişafı təmin etdi. Bundan sonra, ölkənin siyasi sistemində əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı.

Eyni zamanda, vətəndaş cəmiyyətinin qurulması prosesinə start verildi. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bunlar isə, öz növbəsində siyasi sosiallaşmaya və siyasi mədəniyyətin inkişafına, ümumilikdə, sosial-siyasi institutların səmərəli fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli inkişaf strategiyasının fonunda həyata keçirilən sistematik işlər və görülən məqsədyönlü tədbirlər siyasi sistemin təşəkkül tapmasını, onun struktur elementlərinin təkmilləşməsini təmin etmiş oldu.

 Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm institutların yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar, amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Onun praqmatik və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi. Azərbaycanı tənəzzüldən xilas edərək dirçəliş yoluna çıxaran Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən biri də ölkəmizin beynəlxalq arenada müstəqil dövlət kimi tanınması, ikitərəfli, çoxtərəfli səmərəli xarici əlaqələrin qurulması, nəticə etibarilə milli maraqlarımıza müvafiq xarici siyasət strategiyasının əsasının qoyulmasıdır.

 Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı, ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayı artdı. Həmin dövrdə həyata keçirilən rasional xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə, 1994-cü il sentyabr ayının 20-də Bakıda “Gülüstan” sarayında “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu.

 Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr verməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü, nüfuzunu artıran faktor qismində çıxış etdi. Bundan sonra, milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi. Bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə, qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusu kimi çıxış etməyə başladı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi.

 Məhz Ümummilli Lider Heydər Əliyevin əhəmiyyətli səyləri, gərgin əməyi sayəsində bu problemin həllinə yönəlmiş məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Münaqişənin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin, qurumun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu Öndər Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştirak etməyə dəvət etdi. Ulu Öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq Bişkek, Lissabon sammitlərində Azərbaycanın mövqeyinə və maraqlarına uyğun bəyanatların qəbul olunmasına nail oldu. Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi rasional xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını təmin etdi.

Bu gün, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Qeyd etdiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf siyasətinin uğurla davam etdirilməsi sayəsində Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Ölkə Prezidenti, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

 Digər tərəfdən, çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Ölkə Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Nəticə etibarilə, Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edərək uğurlu gələcəyə doğru irəliləyir və ölkəmizin bu günü, gələcəyi əmin əllərdədir.

Ümummilli Liderin layiqli davamçısı olan ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir. Əldə edilən inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Bütövlükdə, hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın davamlı xarakter daşıdığı Azərbaycanın tərəqqisi real strateji, konseptual əsaslara söykənir. Ölkəmiz dayanıqlı inkişaf və möhkəm ictimai-siyasi sabitliyin fonunda gələcəyə doğru əmin addımlarla irəliləyir. Bununla yanaşı, Azərbaycan özünün milli inkişaf modeli, eyni zamanda, ictimai-siyasi sabitlik və tərəqqisi ilə milli dövlətlər üçün pozitiv nümunə - örnək qismində çıxış edir.

Bu zamana qədər əldə edilən nailiyyətlər isə, beynəlxalq şəraitdən asılı olmayaraq qarşıdakı dövrün də uğurlu olacağını deməyə əsas verir. İnkişafın milli modelini yaradan Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu uğurlu strateji kursun, ölkə Prezidenti, cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsi olaraq, artıq ölkəmiz beynəlxalq miqyasda xüsusi çəkiyə sahibdir...

 

Sabit Mehdiyev

 Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının məsləhətçisi

 

                                                                                                               




Baxış sayı: 230
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930