FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan tarixinin “qızıl 20 ili” və ya İlham Əliyev möcüzəsi
27-11-2023, 14:30 | SİYASƏT
Azərbaycan tarixinin “qızıl 20 ili” və ya İlham Əliyev möcüzəsi

Əslində, bu sərlövhə hər hansı bir pafoslu ifadə və ya mübaliğə deyil, sadəcə, həqiqətdir. 2003-cü ildən, yəni, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən bəri atdığı addımlar, verdiyi qərarlar və ardınca baş verənlər təkcə bizim, Azərbaycan-Türkiyə İttifaqı üçün deyil, Qafqaz bölgəsi, həmçinin geniş anlamda böyük Yaxın Şərq, Avropa, Asiya və bütün dünya üçün nəyə görə fantastik əhəmiyyətə malik bir dövrdür? Gəlin bu dövrü bir neçə aspektdə - siyasi, iqtisadi, geosiyasi və əlbəttə ki, tarixi mənada təhlil etməyə çalışaq.

Fact-info.az xəbər verir ki, bu fikirlər Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə üzrə təmsilçisi Hulusi Kılıçın “Azərbaycan tarixinin “qızıl 20 ili” və ya İlham Əliyev möcüzəsi” sərlövhəli məqaləsində yer alıb.

“Bunun üçün, ilk növbədə, hadisələrin sürətlə cərəyan etdiyi o illərə qayıdaq və o zaman gedən proseslərə diqqət yetirək. Həmin dövrdə məhz sadaladığım anlamda real vəziyyət necə idi? müstəqilliyin ilk illərindəki hərc-məclikdən sonra 1993-cü ildən Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə başlayan Azərbaycanın keçdiyi tarixi bir yol var idi. Ümummilli Lider Heydər Əliyev ölkədəki hərc-mərcliyə son qoyaraq müstəqil Azərbaycanı, sözün əsl mənasında, dövlət kimi formlaşdırmış, əsas strateji hədəfləri müəyyənləşdirmiş, ölkəni sabit inkişaf relsləri üzərinə çıxarmışdı. Özü də bu strateji hədəfə çox ağır şərtlər altında, de-fakto ciddi basqıların mövcud olduğu zamanda nail olmuşdu. Bu siyasətin məqsədi o dövr üçün həssas istiqlaliyyət şərtlərində əsas istiqamət kimi siyasi, iqtisadi, hərbi mənalarda Türkiyə ilə dərin inteqrasiya etmək, güclü müttəfiqlik bağları yaratmaq, geniş anlamda isə Türk birliyinin köklərini atmaq idi. Təbii ki, o böyük insan dövrünün Atatürk düşüncəsi, strategiyası ilə hərəkət edirdi. Bu arzusunu zamanın ağır şərtlərinə, xarici təzyiqlərinə rəğmən cəsarətlə dillə gətirir, əsl niyyətini heç özü də gizlətmirdi. O, Atatürkün və onun yolunun böyük heyranı idi. Ulu Öndər demişdi ki, “Biz Türkiyə ilə bir millət, iki dövlətik!”. Bəli, Heydər Əliyev Azərbaycan dövlətini artıq qurmuşdu. Tarix özü illər keçəndən sonra da o böyük şəxsiyyət və dövlət xadiminin Azərbaycan, Türkiyə və bütün Türk dünyasının faydası üçün nələr etdiyini, hansı xidmətlər göstərdiyini mütləq yazacaq”, - deyə müəllif qeyd edib.

H.Kılıç vurğulayıb ki, bundan sonra və gələcək tarixçilər nəsli onun millətimiz üçün xidmətlərini daha səmərəli şəkildə qələmə alacaqlar. Buna heç bir şübhə olmasın.

“2003-cü il... Ulu Öndər Heydər Əliyev haqqın rəhmətinə qovuşmuş, amma bundan əvvəl özünün siyasi varisini elan etmişdi. Azərbaycan siyasətinin yeni Lideri və Heydər Əliyevin siyasi varisi İlham Əliyev idi. Azərbaycan xalqı böyük oğlunu itirməyin şokunu, ağrısını və matəmini yaşayır, onsuz bu xalqın və dövlətin gələcəyinin necə olacağını çox düşünürdü. Bu sual bizi - Türkiyəni də çox düşündürürdü. Nigaran baxışlarımız can Azərbaycana yönəlmiş, necə deyərlər, gözümüz və qulağımız daim burada idi. Ancaq millətimizin bu çətin dönəmdə bir təskinliyi də var idi. Həyatını Azərbaycana həsr etmiş Heydər Əliyev əsla özünə siyasi varis seçərkən səhvə yol verməz, oğlu belə olsa, xalqına xidməti və onun gələcəyini düşünərək qərar verər, məhz bu sədaqət prinsipinə önəm verərək addım atardı. Zaman göstərdi ki, bu, nə qədər doğru və tarixi seçim olub. Beləliklə, Prezident kimi ilk müsahibəsini verən Azərbaycanın yeni Lideri İlham Əliyev açıq şəkildə dedi: “Yolumuz Heydər Əliyevin yoludur!”. Bu tarixi açıqlama siyasi mənada o demək idi ki, tam müstəqillik yolu davam etdiriləcək, Qarabağ probleminin həlli Azərbaycanın xarici, daxili, hərbi və hərbi-siyasi strategiyasının əsası olacaq. Türkiyə ilə inteqrasiya siyasəti və xətti tam sürətlə davam edəcək. Türk dünyası ilə inteqrasiyada tədrici yol tutulacaq, proses Türk adı gələndə onsuz da “əsəb keçirən” böyük gücləri qıcıqlandırmadan həyata keçiriləcək, ancaq bu hədəf mütləq reallaşdırılacaq. Necə ki, reallaşdı da! Şəxsən mən özümü ona görə xoşbəxt hiss edirəm ki, Türkiyənin Azərbaycanda ozamankı səfiri olaraq bu prosesin canlı şahidiyəm. O vaxt tarixi bir hadisə baş verdi - 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qədim Türk diyarı Naxçıvanda Türk Şurasının təməlini atdılar. Bu, əslində, Türk Dövlətləri Təşkilatının əsasının yaradılması idi. Bu işin sonunun nə ilə nəticələnəcəyi hamıya gün kimi aydın idi. İllərlə çəkilən zəhmətin nəticəsi isə daha da böyümək və güclənmək oldu. 2021-ci il noyabrın 12-də İstanbul Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının adı rəsmən bütün dünyaya elan edildi. Bu dörd ölkəyə sonradan Özbəkistan, Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan da qoşulub. Yuxarıda qeyd etdiyim kimi, bu inteqrasiya prosesində Türk dünyasının iki böyük oğlu İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın böyük xidmətləri var”, - deyə sabiq səfir qeyd edib.

Hulusi Kılıç diqqətə çatdırıb ki, İlham Əliyev liderliyi ilə Azərbaycanın xarici siyasətinin ən ciddi uğurlarından biri, heç şübhəsiz, 2011-ci il oktyabrın 24-də 193 ölkədən 155-nin müsbət rəyini alaraq BMT Təhlükəsizlik Şurasına iki il müddətinə (2012-2013) qeyri-daimi üzv seçilməsi oldu. Bu, Azərbaycana, onun Lideri Prezident İlham Əliyevə böyük inamın və etimadın təzahürüdür.

Daha bir beynəlxalq uğur isə BMT-dən sonra dünyanın ən böyük ikinci təsisatı olan Qoşulmama hərəkatının 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Zirvə toplantısında quruma sədrliyin 2019-2022-ci illər üçün Azərbaycana keçməsi oldu. Bu, pandemiyanın hökm sürdüyü çox ağır dövr idi. Hərəkata sədrlik etməyə başladığı zaman Azərbaycan Prezidenti İlham Əliyevin əsl dünya Lideri kimi verdiyi qərarlar ön plana çıxdı. Hamı gördü ki, hətta böyük ölkələr də koronavirus pandemiyası zamanı özlərini itirdikləri vaxt Azərbaycan dünyanın bu bəladan xilas olması naminə hansı rasional addımları atdı. BMT Baş Assambleyasının bu bəla ilə mübarizə məqsədilə fövqəladə sessiyası Azərbaycanın təşəbbüsü ilə çağırıldı. Ümumiyyətlə, bu təsisat yarandığı dövrdən uzun müddət keçəndən sonra ilk dəfə beynəlxalq siyasətdə ciddi şəkildə fəaliyyət göstərməyə başladı. Ona görə də üzv ölkələr Azərbaycanın sədrliyini daha bir il uzatdılar. Hərəkatın fəallığı Vətən müharibəsi zamanı özünü bir daha göstərdi. Üzv ölkələr Azərbaycana qarşı hazırlanan təxribatçı sənədin qəbulunun qarşısının alınmasında həlledici rol oynadılar.

Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev Azərbaycanın tam müstəqil siyasət həyata keçirməsini artıq təmin edib. Hamıya məlumdur ki, beynəlxalq konyukturanın mövcud olduğu indiki şəraitdə bunu reallaşdırmaq nə qədər çətindir. Azərbaycan Prezidentinin dediyi bir sözü hər zaman çox yüksək qiymətləndirirəm və cəsarət nümunəsi hesab edirəm. Dövlət başçısı həmişə deyir ki, hətta özündən güclü ölkələrin qarşısında belə haqqımızı müdafiə etmək üçün qorxmadan mübarizə aparmaq lazımdır. Bəli, bu illər ərzində İlham Əliyev beynəlxalq münasibətlər sistemində dəmir iradəli siyasi Lider kimi hamıya nümunə göstərdi. Dövlətinin, millətinin maraqları naminə hər kəsə öz yerini göstərə bildi. Vətən müharibəsi zamanı başda Fransa olmaqla, Ermənistanın havadarlarının göstərdikləri bütün təzyiqləri dəf etməyi bacardı. Onun bu qüdrəti cəbhədə mübarizə aparan əsgərlərimizə də böyük motivasiya oldu, xalqın Qələbəyə inamını daha da artırdı. 44 günün sonunda Ermənistan kapitulyasiyaya imza atmaq məcburiyyətində qaldı. 2023-cü il sentyabrın 19-da isə Azərbaycan Ordusu cəmi 23 saat 49 dəqiqəyə Qarabağdakı terror yuvasını darmadağın etdi. Bu tədbirlər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə liderliyi sayəsində bir nəfər də mülki şəxsin burnu belə qanamadan uğurla başa çatdırıldı. Azərbaycan bütün torpaqlarında öz suverenliyini bərpa edərək, ərazisində erməni separatçılığına son qoydu. Bu da böyük tarixdir ki, gələcəkdə onun qiyməti nəsillərimiz tərəfindən daha geniş, ətraflı şəkildə təhlil olunacaq. Onsuz da hazırda bütün dünyada Azərbaycan hərb sənətinin sirləri yaxından öyrənilir və örnək göstərilir. Savaş dönəmində Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstək isə Azərbaycan xalqına əbədi sevgimizin və məhəbbətimizin, həm də qan bağlarımızın yaratdığı məsuliyyətin dərk edilməsi, həmçinin hər iki Liderin qətiyyəti sayəsində mümkün oldu. Bu bağlılıq izahı sözlə mümkün olmayan bir fenomendir. İndi Qafqaza sülhün gələcəyi ilə bağlı ümidləri dünənə nisbətən daha da çoxdur.

Bu yerdə bir tarixi məqam xüsusilə vurğulanmalıdır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bir-biriləri ilə əsl dostluq və qardaşlıq münasibətləri quraraq iki qardaş ölkənin daha da yaxınlaşmasını təmin ediblər. Şuşa Bəyannaməsi bu prosesin zirvəsi idi. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtında imzalanmış bu tarixi sənəd - “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannamə qısa müddət sonra hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edilərək qanun qüvvəsi qazanıb. Yəni, artıq Azərbaycan və Türkiyə rəsmən müttəfiq olublar. Sənəd həm də hərbi-siyasi baxımdan ciddi bir təhlükəsizlik paktı kimi qiymətləndirilməlidir. Unutmayaq ki, Türkiyə həm də NATO-nun üzvüdür. Bu baxımdan Şuşada prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin imzaladıqları bu tarixi anlaşmanın beynəlxalq əhəmiyyəti də təhlükəsizlik məsələlərində çox ciddi yer qazanmış olur. Yəni, sənəd, sadəcə, Cənubi Qafqazda sabitlik baxımından deyil, daha geniş arealda təhlükəsizlik nöqteyi-nəzərindən müstəsna əhəmiyyətə malikdir. Bu addım bütün Türk dövlətlərinə Turan yolunda siyasətlərini uzlaşdırmaq və əlaqələndirmək üçün nümunəvi bir yol oldu. Son proseslər həm də onu göstərdi ki, İlham Əliyevin siyasətində əsas hədəf olan Qarabağın azad edilməsi bütün prosesləri xeyrimizə, bəli, bütün Türk aləminin xeyrinə necə müvəffəqiyyətlə dəyişdi! İndi yeni bir reallıq ortadadır. Dünya dövlətləri bu gün bizimlə yaxınlaşmaq, dost olmaq üçün sanki növbəyə durub. Bu o deməkdir ki, ötən 20 ildə yürüdülən siyasət nə qədər müdrik, uzaqgörən olub. Bir məqama da diqqət etmək vacibdir. İlham Əliyev siyasəti dünya ilə qarşıdurmaya əsla yönəlməyib. Əksinə, Azərbaycan Avropaya, Asiyaya və hamıya bərabərhüquqlu münasibətlər sistemi qurmağı təklif edir. Əgər istənilən addımlar zamanında və rasional meyarlara söykənilərək atılarsa, o vaxt 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın və Türkiyənin təklif etdiyi modellər maraqlı dövlətlərin, xüsusilə də region ölkələrinin hər birinə fayda verəcək.

Beləliklə, siyasi xətt tam mənası ilə aydındır: Əsas hədəf Türkiyə ilə sıx inteqrasiya, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, bütün ölkələrlə bərabərhüquqlu əməkdaşlıq, dünya azərbaycanlılarına sahib çıxmaq və dövləti daha da gücləndirmək. Təbii ki, bu hədəflərə çatmaq üçün, ilk növbədə, iqtisadi güc olmalıdır. Prezident İlham Əliyev demək olar hər çıxışında bu amili vurğulayır ki, iqtisadi güc ölkənin təhlükəsizliyində ən vacib amillərdən biridir. Güclü ordu qurmaq, hərbi-sənaye potensialı formalaşdırmaq da təbii ki, bu işin əsas meyarlarından biridir. Azərbaycanın bu mənada da uğurları, sadəcə, həsəd aparılasıdır. Bir məqamı əsla unutmaq olmaz - Bu nailiyyətlərin qazanılmasında, heç şübhəsiz, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşı olub. Onun Azərbaycanı dünyaya tanıtdırmaq üçün gördüyü işlərin özü böyük bir tarixdir. Gələcəkdə bu haqda da mütləq çox güclü əsərlər yazılacaq.

Azərbaycan Liderinin iqtisadi siyasətinin əsl möcüzə olduğunu vurğulayan H.Kılıç qeyd edib: “Xatırlayırsınızsa, İlham Əliyev ölkəsinin əsas hədəfinin neftdən asılılığı azaltmaq olduğunu elə ilk günlərdən elan etmişdi. İqtisadiyyat mütləq şaxələndirilməlidir. Hədəf o idi ki, gələcəkdə iqtisadi risklər neft-qaz amilinə görə ölkə iqtisadiyyatına zərbə vurmasın, davamlı inkişaf digər sektorların gücləndirilməsi hesabına sabit şəkildə təmin edilsin. Bəli, 20 ildə məhz bunlar həyata keçirildi. Neftdən gələn gəlirlər həm Azərbaycanın güclənməsinə, həm xalqın rifahına xidmət etdi, eyni zamanda, digər sektorların inkişafını stimullaşdırdı. Dövlət büdcəsinin gəlirləri dəflərlə artıb. Azərbaycana 310 milyard dollar sərmayə yatırılıb. Bunun 200 milyard dolları qeyri-enerji sektoruna qoyulub. Bunlar çox ciddi rəqəmlərdir. Bu gün qarşıda yeni iqtisadi hədəflər var. Azərbaycan yeni şəraitdə bu hədəflərə də mütləq nail olacaq.

O da faktdır ki, Türkiyə və digər Türk dövlətləri ilə sıx iqtisadi əlaqələr davamlı və sabit iqtisadi inkişafda mühüm rol oynayır. Qeyd etdiklərim bir daha onu təsdiqləyir ki, İlham Əliyevin Prezident seçilməsindən ötən 20 il ölkə üçün əsl qızıl dövrdür. Nəticəyə diqqət edin: Qarabağ problemi artıq tarixdir, ərazi bütövlüyü təmin edilib, dövlət, onun ordusu çox güclüdür, xarici təsirlər uğurla dəf edilir, Azərbaycan istədiyi tam müstəqil xarici siyasətini uğurla həyata keçirir, öz milli maraqlarını qəbul etdirməyi bacarır, iqtisadiyyat inanılmaz templərlə şaxələndirilir və inkişaf etdirilir, alternativ enerji sahəsinə ciddi yerli və xarici yatırımlar edilir. Ümumiyyətlə, Azərbaycana xaricdən böyük sərmayələr gəlir ki, bu da davamlı inkişafın əsas şərtlərindən biridir.

Beləliklə, 20 ilin tarixi rezümesi odur ki, Azərbaycan və onun böyük oğlu Prezident İlham Əliyev Qafqazda türkün daha bir ulduzunun parlamaqdan çox irəli getdiyini sübut edərək, yeni bir eranın və onun çağırışlarının yaradıcısı olub. Bunun adı qızıl dövrdür. Bu xoşbəxtlik ulduzu heç zaman sönməyəcək. Əmin olun, bütün Türk aləmi sizinlə qürur duyur və sizi özünə örnək hesab edir, əziz və Can Azərbaycan xalqı!”.




Baxış sayı: 70
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib Dünən, 21:00 Azərbaycan-TÜRKSOY əməkdaşlığının perspektivləri müzakirə olunub Dünən, 20:00 TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib Dünən, 13:30 Türkiyə Prezidenti: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına tarixi fürsət yaranıb Dünən, 12:30 Mədəniyyət və yaradıcı sənayelərin inkişafı üzrə qış məktəbi təşkil olunacaq Dünən, 12:00 Bakı Təşəbbüs Qrupu Papa Fransiskə Korsikanın dekolonizasiyası prosesinə dəstəklə bağlı müraciət ünvanlayıb Dünən, 11:30 Alimlər yaddaşın formalaşması ilə bağlı yeni nəticələr əldə ediblər Dünən, 10:30 Dünya köklü dəyişikliklərlə üz-üzədir - Viktor Orban Dünən, 10:00 "Suriyanın azadlığına qarşı addım atanlar qarşılarında Türkiyəni görəcəklər" - Ərdoğan 10-12-2024, 21:00 Prezidentin Mətbuat Xidmətinin məlumatı 10-12-2024, 18:00 Ulu Öndərin Anım Günü tarixi Zəfərin işığında qeyd olunur... 10-12-2024, 15:00 Suriyalıların sıxılmış enerjisi 10-12-2024, 13:30 Ermənistan referendum keçirməli, Azərbaycana ərazi iddialarını konstitusiyasından çıxarmalıdır 10-12-2024, 12:30 Heydər Əliyevin parlaq ideyaları: Milli həmrəylik və dövlətçilik 10-12-2024, 12:00 Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq xiyabanı salınıb 10-12-2024, 10:30 "Ermənistanın fərqli mövqelərdən çıxış etməsi sülhə mane olan səbəblərdən biridir" - Nazir müavini 10-12-2024, 10:00 Mirzoyan: KTMT-nin Ermənistana biganə münasibəti İrəvanı məyus edib 9-12-2024, 21:00 Azərbaycanın diplomatik xidmətini tənzimləyən yeni qanun layihəsi beynəlxalq təcrübəyə əsaslanır 9-12-2024, 20:00 Səfir: ABŞ regionda dinc və firavan gələcəyin təmin edilməsinə sadiqdir 9-12-2024, 19:00 “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimatı olub 9-12-2024, 18:00 ANAMA: 768.44 hectares cleared of mines and UXOs over past week 9-12-2024, 16:30 Əlyazmalar İnstitutunda il ərzində 2296 nüsxənin elektron versiyası yaradılıb 9-12-2024, 11:30 Hikmət Hacıyev Qüdsdə İsrail xarici işlər naziri Gideon Saar ilə görüşdü 9-12-2024, 11:00 Bu əməkdaşlıq bütövlükdə Türk dünyasının maraqlarına xidmət edir 9-12-2024, 10:00 Fuat Oktay: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində möhtəşəm irəliləyişlər var 9-12-2024, 08:00 Ankarada “İRS-Miras” jurnalının COP29-a həsr edilmiş nömrəsi təqdim olunub 8-12-2024, 15:00 Hakan Fidan: Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq 8-12-2024, 13:30 Tükiyə və ABŞ müdafiə nazirləri Suriyadakı durumu müzakirə ediblər 8-12-2024, 13:30 Beynəlxalq parlament konfransı iştirakçılarının Qarabağa səfəri başlayıb 8-12-2024, 12:30 Ərdoğan: Suriyada artıq yeni siyasi və diplomatik reallıq mövcuddur 7-12-2024, 19:30
Köşə yazarları
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031