Özbəkistanın Şanxay Əməkdaşlıq Təşkilatındakı sədrliyi bir epoxanın bitdiyi, digərinin başladığı, hər şeyin hələ naməlum və məchul olduğu, müxtəlif hadisə və tendensiyalarla zəngin “tarixi dönüş” mərhələsinin başladığı dinamik mərhələyə düşdü.
Universal prinsiplərə və normalara əsaslanan beynəlxalq əməkdaşlığın müasir sistemi mühüm uğursuzluqlarla müşayiət olunmağa başlayır. Bunun əsas səbəblərindən biri qlobal səviyyədə dərin etimad böhranıdır və bu öz növbəsində geosiyasi qarşıdurmanı və cəbhələşmə düşüncəsinə aid stereotiplərin canlanması riskini tətikləyir. Bu qarşılıqlı təcrid prosesi qlobal iqtisadiyyatın inkişafınən öz əvvəlki məcrasına qayıtmasını və qlobal təchizat zəncirinin bərpasını çətinləşdirir.
Dünyanın müxtəlif nöqtələrində davam edən silahlı münaqişələr ticarət və sərmayə yatırımı axınını sabitsizləşdirir, ərzaq və enerji təhlükəsizliyinin təminatındakı problemləri kəskinləşdirir.
Bununla yanaşı, qlobal iqlim sarsıntıları, təbii sərvətlər və su resurslarının artmaqda olan qıtlığı, biomüxtəlifliyin azalması, təhlükəli yoluxucu xəstəliklərin yayılması cəmiyyətlərimizin həssaslığını əvvəllər heç vaxt olmayan şəkildə üzə çıxarıb. Bunlar insanların dolanışıq əsaslarını təhdid edir, gəlir qaynaqlarının ixtisarına səbəb olaraq, ümumi ekzistensial mənafenin məhvinə gətirib çıxarır.
Bu şəritdə heç bir ölkənin bu qlobal risklərdən və çağırışlardan qaçacağına və ya onların öhdəsindən təkbaşına gələ biləcəyinə ümid edə bilməyəcəyi açıq-aşkardır.
Hazırda yaşadığımız bu çulğaşmış dünyadakı problemlərin təhlükəli spiralından yalnız bir çıxış yolu var – konstruktiv dialoqa, hesabatlılığa və hər tərəfin maraqlarına hörmətə əsaslanan çoxtərəfli əməkdaşlıq. Məhz böhran anlarında ölkələr – böyük, orta və kiçik – öz dar maraqlarını dəf etməlidirlər və diqqətlərini qarşılıqlı əlaqəyə, ümumi səylərini və imkanlarını birləşdirməyə və çoxaltmağa, dünyanın təhdid və çağırışlarına qarşı durmağa, hər birimizə aid olan sabit inkişaf və təhlükəsizliyə nail olmağa cəmləməlidirlər.
Səmərəli beynəlxalq əlaqələr dünyanı daha möhkəm, proqnozlaşdırıla bilən və firavan edir. Bu, çağdaş dünyamızın ümumi problemlərinin həllinə daha real, əlçatan və yaxın yoldur, eləcə də qarşıdakı çağırış və sarsıntılardan etibarlı sığortanın universal siyasətidir.
Uğurlu regional əməkdaşlıq modeli
Hamının və hər kəsin maraqlarına cavab verən beynəlxalq əməkdaşlıq çoxyönlü institutlar olmadan mümkün deyil. Müəyyən çatışmazlıqlara baxmayaraq, onlar regional və qlobal səviyyələrdə dövlətlərarası qarşılıqlı əlaqələrin mühüm dirijorları kimi xidmət edirlər. Beynəlxalq və regional təşkilatlar ölkələrə fikir müxtəlifliyini aşmağa və qarşılıqlı anlaşmanı möhkəmləndirməyə, siyasi və iqtisadi ənəkdaşlığı inkişaf etdirməyə, ticarəti genişləndirməyə və mədəni-humanitar mübadiləni stimullaşdırmağa kömək edirlər.
Ən gənc çoxtərəfli institutlardan biri olan Şanxay Əməkdaşlıq Təşkilatı məhz bu məqsəd və vəzifələri həyata keçirir. Mahiyyətcə bu təşkilat müxtəlif mədəni-sivilizasiya kodlara malik, öz xarici siyasət kursları və milli inkişaf modelləri olan ölkələri birləşdirməyə nail olmuş unikal dövlətlərarası strukturdur. Tarix baxımından qısa bir dövrdə ŞƏT böyük yol keçib, müasir qlobal siyasi, iqtisadi dünya nizamının ayrılmaz elementinə çevrilib.
Bu gün ŞƏT ailəsi dünyada nəhəng coğrafi ərazini və planetimizin əhalisinin yarısına yaxınını birləşdirən böyük regional təşkilatdır.
ŞƏT-in beynəlxalq-hüquqi cazibədarlığının açarı bloklardan kənar statusu, şəffaflığı, üçüncü dövlətlərə və ya beynəlxaq təşkilatlara qarşı yönəlmiş olmaması, bütün üzv dövlətlərin hüquq bərabərliyinə və suverenliyinə hörmət etməsi, daxili işlərə qarışmaqdan imtinası, siyasi qarşıdurmaya və cəbhələşmə səciyyəli rəqabətə yol verməməsidir.
ŞƏT-in uğur konsepsiyası regional təhlükəsizliyin təmin edilməsi yolu ilə çoxşaxəli əməkdaşlığın təşviqindən ibarətdir.
Şanxay Əməkdaşlıq Təşkilatı mahiyyətcə sülh, əməkdaşlıq və tərəqqi naminə ayırıcı xətlər olmadan cazibə qütbünə çevrilmək üçün nəzərdə tutulub.
Məhz buna görə ŞƏT-in fəaliyyətinə qoşulmağa hazır olan dövlətlərin sayı ildən-ilə artır və bu, beynəlxalq və regional əlaqələrin müasir transformasiyası kontekstində daha qabarıq görünür.
ŞƏT-in iqtisadi dəyəri onun özünü təmin etməyə qadir məkanda mövcud olması ilə artır. Bu məkanda böyük insan resursları, intellektual və texnoloji potensial, zəngin və əhəmiyyətli dərəcədə istifadə olunamış təbii ehiyatlar var və o dünyanın dinamik inkişaf edən iqtisadiyyatına malikdir.
Bu gün ŞƏT üzvü olan dövlətlərin ümumi ÜDM-i dünyanın bütün yerdə qalan dövlətlərinin müvafiq göstəricisinin dörddə birinə yaxındır. Bu, artıq yenicə öz 20 illik mövcudluğunun astanasını keçən regional təşkilatın dünyanın intensiv inkişafına sanballı töhfəsidir.
Yeni çağırış və imkanların olduğu dünyada ŞƏT təkcə kəmiyyət təchizatı hesabına yox, eləcə də yeni strateji vektorların açılması yoluyla transformasiya və artım üçün əla perspektivlərə malikdir. Bunlar nəqliyyat və qarşılıqlı əlaqə, ərzaq və ekoloji təhlükəsilik, innovasiya, rəqəmsal transformasiya və yaşıl iqtisadiyyatdır.
Özbəkistanın sədrliyi: ümumi uğura birgə inkişafla nail olmaq
Özbəkistan Respublikası öz üzərinə ŞƏT-ə sədrik missiyası götürərkən əməkdaşlığın yeni üfüqlərini açmaq və hər bir üzv dövlətin malik olduğu toxunulmamış ehtiyatları hərəkətə gətirmək hesabına Təşkilatın prioritet inkişaf strategiyasına stavka edib.
Bizim digər şüarımız belədir: “Hər birimiz güclüyüksə, ŞƏT güclüdür”. Biz bunu təcrübədə gerçəkləşdirərək Təşkilatın daxildə daha da güclü olması və beynəlxalq tərəfdaşlarımız üçün xaricdən cazibədar görünməsi üçün ciddi səylər göstərmişik.
İl ərzində təşkil edilən səksəndən artıq böyük tədbirin keçirildiyi yerlərdə ŞƏT üçün hərtərəfli gündəlik tərtib olunmuşdu. Buraya təhlükəsizlik sferasında qarşılıqlı əlaqənin daha da genişləndirilməsi, nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsi və beynəlxalq arenada ŞƏT-in mövqeyinin müəyyən edilməsindən tutmuş inkişaf üçün yeni yollar və nöqtələr axtarışına qədər bir çox məsələlər daxil idi.
Yeni tarixi inkişaf mərhələdəində ŞƏT üçün bütün bu ümidverici əməkdaşlıq istiqamətləri öz əksini bizim sədrliyimiz dövründə hazırlanmış otuzdan artıq konseptual proqramda, müqavilələrdə və qərarlarda tapdı.
Daha çox deyəcəyəm. Özbəkistanın ŞƏT-də sədrliyi ölkəmizin son altı ildə yeritdiyi aktiv və açıq xarici siyasət kursunun məntiqi davamıdır. Bu siyasət öz təcəssümünü ilk növbədə ŞƏT-in coğrafi nüvəsi olan Mərkəzi Asiyada, bu gün mehriban qonşuluğun möhkəndiliməsi və əməkdaşlıq üzrə pozitiv və geridönməz proseslərin getdiyi məkanda tapır.
ŞƏT üzvü olan bütün dövlətlər bizim yaxın qonşularımız, dostlarımız və strateji tərəfdaşlarımızdır.
ŞƏT sədrliyi bizə çoxtərəfli əməkdaşlığı mühüm dərəcədə daha da möhkəmlətmək və üzv ölkələrin hər biri ilə ikitərəfli əməkdaşlığı genişləndirmək, daha dərin tərəfdaşlığın yeni istiqamətlərinə dair təlimat müəyyən etmək üçün yaxşı imkanlar verdi.
Mən tam əminəm ki, ŞƏT-in öz uğur hekayələrini Əfqanıstanla bölüşməsi vacib və zəruridir. Bu ölkə ŞƏT məkanınln ayrılmaz tərkib hissəsidir. Əfqanıstan xalqı bu gün heç vaxt olmadığı qədər xeyirxah qonşulura və onların dəstəyinə ehtiyac duyur. Bizim mənəvi öhdəliyimiz Əfqanıstana yardım əli uzatmaq, ölkənin sosial-iqtisadi yüksəlişinə, onun regional və qlobal inkişaf prosesinə inteqrasiyasına yardım göstərməklə uzun illərin böhranlarından çıxmaq üçün əməli yollar təklif etməkdir.
Yüz illər boyunca böyük dövlətlərin və regional güc mərkəzlərinin qarşıdurmasında bufer rolu oynayan Əfqanıstan öz üzərinə yeni sülh missiyası götürməli, Mərkəzi və Cənubi Asiya arasında əlaqə bəndi olmağa cəhd etməlidir.
Belə qarşılıqlı faydalı regional əməkdaşlığın simvolu trans-Əfqanıstan dəhlizinin tikintisi ola bilər. Həmçinin anlamaq lazımdır ki, “Termez - Məzari-Şərif – Kabul – Peşəvər” dəmiryolu kimi ümumi infrastruktur layihələrini gerçəkləşdirməklə biz təkcə sosial-iqtisadi və nəqliyyat-kommunikasiya məsələlərini həll etmirik, eləcə də regional təhlükəsizliyə əhəmiyyətli töhfə veririk.
Mövqelərimizi yaxınlaşdırmaqla, əl-ələ verməklə daha sülhsevər, sabit və çiçəklənən Əfqanıstan üçün ŞƏT-in yeni proqramını hazırlaya bilərik. Yalnız bu yolla bizim gerçəkdən də sabit və dayanıqlı, inkişaf edən, sarsılmaz təhlükəsizliyə malik ŞƏT məkanı yaratmaımız mümkündür.
“Səmərqənd ruhu” - əməkdaşlığın, anlaşmanın və dostluğun təcəssümü
Ticari, iqtisadi və istehsal əlaqələrinin ciddi şəkildə pozulmasına səbəb olmuş üçillik pandemiya pauzasından sonra ŞƏT ölkələri və xalqları birbaşa ünsiyyətə ehtiyac duyurlar.
Böyük İpək Yolunun incisi olan qədim Səmərqənd şəhəri dünyanın on dörd ölkəsinin liderlərini ŞƏT-in və onun hər bir üzvünün rifahı və çiçəklənməsi naminə yeni cığırlar açan təkliflər və təşəbbüslərlə qarşılamağa hazırdır.
Şübhə yoxdur ki, bu əfsanəvi şəhər ŞƏT tarixində növbəti səhifə açacaq. Buna Səmərqəndin parlaq tarixi irsi kömək edəcək. Neçə yüz illər boyunca bu şəhər Avropadan Çinə qədər bir çox ölkələri sap kimi bir-birinə bağlayıb, Şimal və Cənubu, Şərq və Qərbi bir düyündə birləşdirib.
Səmərqənd tarixən ideya və biliklərin əritmə qazanı olub, bu “qazan”da yaxşı yaşamaq, uğur qazanmaq və xoşbəxt olmaq kimi ümumi məqsədlər “bişirilb”. Və hər kəs dərk edib ki, sülhpərvər qonşular sənin sərvətinin yarısıdır, sən özün isə onlar üçün nemətsən, çünki bilirsən ki, əməkdaşlıq, ticarət, yaradıcılıq, elm, incəsənət və yaxşı niyyətlər xeyir işlər doğurur, xalqları zəngiləşdirir və yaxınlaşdırır.
Bu gün müasir və dinamik inkişaf edən infrastruktura malik Səmərqəndin bu unikal məziyyətləri onu regional və qlobal çağırışlara lazımi cavabların axtarışı, razılaşdırılması, birlikdə müzakirə edilməsi üçün ən münasib və tələb olunan meydana çevirir.
Bəşəriyyətin bütövlüyü və qarşılıqlı münasibətləri elədir ki, əksər çağırışlar təkcə regional səviyyədə yox, eləcə də dünya miqyasında işlər görməyi tələb edir.
Uzun illər davam edən birgə işimizin təcrübəsinə dayanaraq, əminik ki, ŞƏT-in Səmərqənd sammiti ümumi təhlükəsizlik və firavanlıq üçün qarşılıqlı hörmət, etimad, konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanan yeni, inklüziv dialoqa başlamağın nümunəsi olacaq.
Səmərqənd müxtəlif xarici siyasət prioritetlərinə malik dövlətlərin bir araya gəlməsini və anlaşmasını təmin etməyə qadir olan platforma ola bilər.
Tarixəm belə alınıb ki, dünya Səmərqənddən parçalanmış yox, bütöv və bölünməz görünür. Unikal “Səmərqənd ruhu” fenomeninin məğzi budur. Bunun əsasında, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatının çərçivəsində beynəlxalq əlaqələrin yeni prinsipial formatı qurula bilər.
Mahiyyət etibarilə, “Səmərqənd ruhu” “Şanxay ruhu”nu üzvi şəkildə tamamlayır. Bunun sayəsində 20 il əvvəl ölkələrimiz ehtiyac duyulan yeni təşkilatın yaradılmasına qərar vermişdilər.
Ona görə də biz əminik ki, Səmərqənddə ŞƏT-in həyatında yeni mərhələnin doğuluşunun, təşkilatın üzvlər heyətinin genişlənməsinin və yeni gündəliyin formalaşmasının şahidi olacağıq və bu, çox rəmzi məna daşıyacaq.
Biz tam nikbinik və əminik ki, ŞƏT-in qarşıdakı sammitinin qərarları regional səviyyədə olduğu kimi, qlobal miqyasda da dialoqun, anlaşmanın və əməkdaşlığı möhkəmlənməsi işinə ciddi töhfə verəcək.
Şavkat Mirziyayev, Özbəkistan Respublikasının Prezidenti
Baxış sayı: 447