FACT-INFO.AZ » XƏBƏR » Malıbəyli və Quşçular qətliamı: Şahidlər danışır
11-02-2024, 11:00 | XƏBƏR
Malıbəyli və Quşçular qətliamı: Şahidlər danışır

Ermənilərin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri Malıbəyli və Quşçular faciəsidir. 1992-ci il fevralın 11-də Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, çoxlu sayda dinc azərbaycanlı qətlə yetirilib. Fact-info.az xəbər verir ki,   AZƏRTAC-ın bölgə müxbiri Malıbəyli və Quşçular kəndlərində olub, 32 il əvvəl baş verən hadisələri kənd sakinlərinin dilindən bir daha yada salıb.

Avtomobilimiz Ağdamın Qaraağacı qəbiristanlığının yanından keçib Xocalı rayonu ərazisinə daxil olur. Bizimlə birlikdə gedən Malıbəyli və Quşçular kəndlərinin sakinləri – Sahib Musayev, Zakir Quliyev və Allahverdi Balakişiyev çox həyəcanlıdırlar. Çünki 32 ildir ayrı düşdükləri, ötən müddətdə hər gün xəyal etdikləri, yuxularında gəlib gəzdikləri doğma yurda qədəm qoyurdular. Onlar, eyni zamanda, kəndlərinin işğalını, ermənilərin törətdikləri vəhşilikləri xatırlayır, yolboyu həm xoş, həm də kədərli xatirələrdən bəhs edirlər.

Əsgəran qəsəbəsini, Xocalını keçirik. Avtomobilimiz Malıbəyli körpüsündən sola dönür. Kənd sakinləri avtomobilin pəncərəsindən doğma yerləri seyr edir, gördüklərini dilə gətirirlər: “Burada bulaq, onun yanında “Üçbulaq” restoranı vardı. Qabaqda qaz idarəsi, sağ tərəfdə alma bağı vardı. Buraya “Yarma” deyirdik. Baxın, bizim ev orda idi. Bura “hamam dərəsi” deyirdilər, armud, tut ağacları vardı. Kənd necə dəyişilib, sanki kəndin yuxarısındakı qayalar qabağa gəlib...”


Elə vəziyyət yaranmışdı ki, ölənlərin cəsədini basdırmaq belə mümkün deyildi

Malıbəyli kəndinin mərkəzinə çatırıq. Kənd sakini Allahverdi Balakişiyev illər keçməsinə baxmayaraq, həmin dəhşətli, çətin günlərin heç zaman unudulmayacağını deyir: “1988-ci ildə başlayan Qarabağ hadisələri 1992-ci ilin fevralında daha da şiddətləndi. Kəndimiz üç tərəfdən hər gün atəşə tutulurdu. Kəndin respublika ilə əlaqəsi tamamilə kəsilmişdi. Mühasirə şəraitində idik. Malıbəyli və Quşçular kəndlərinin əhalisi birləşib müdafiə olunmağa çalışırdı. Düşmən silah-sursat, canlı qüvvə baxımından qat-qat güclü idi. Ona görə layiqli müqavimət göstərməkdə çətinlik çəkirdik. Ərzağımız da tükənirdi. Yanvarın 28-də Ağdamdan Şuşaya uçan vertolyot Xəlfəli kəndinin üzərində Xankəndi istiqamətindən ermənilərin raket atəşi ilə partladıldı. Biz özümüzü müdafiə etmək üçün Azərbaycanın ovaxtkı rəhbərliyinə kömək üçün daim müraciət edirdik, amma heç bir faydası yox idi. Ermənilər biləndə ki, bizim sursatımız tükənir, təzyiqləri daha da gücləndirirdilər. Fevralın 8-9-da düşmənin hücumları daha da kəskinləşdi. Kənd sakinləri ilə qərara gəldik ki, Xocalıya gedək. Xocalı ilə əlaqə saxladıq. Bizim danışığımızı ermənilər də eşidirdi. Kənd sakinlərini pusquya salıb böyük qətliam törədə bilərdilər. Ona görə fevralın 10-da biz Xocalı istiqamətinə deyil, kəndin cənub-şərqindən Quşçulara getməli olduq. Əvvəlcə qocalar, uşaqlar, qız-gəlinləri gizli yollarla Quşçular kəndinə apardıq. Ermənilər həm Xankəndi tərəfdən, həm Dağdağan, həm də Çaqqala deyilən istiqamətlərdən güclü hücuma keçmişdilər. Elə bir vəziyyət yaranmışdı ki, ölənlərin cəsədini basdırmaq belə mümkün deyildi. Fevralın 10-da öldürülən Nazimin və Haqverdinin cəsədləri vurulduğu yerdə qaldı. İki nəfəri – Faiqlə Aydını isə Quşçularda dəfn etdik”.

Kənd sakinləri ilə birlikdə Nazim və Haqverdinin qətlə yetirildiyi yerə yollanırıq. Yolboyu yaşı yüzlərlə olan çinarın yandırıldığını, qədim hamamın dağıdıldığını görürük. Bu isə onu göstərir ki, ermənilər Malıbəyli və Quşçular kəndlərini işğal edən zaman yalnız dinc sakinlərə, evlərə, sosial obyektlərə deyil, tarixi abidələrə, təbiətə qarşı da vandalizm həyata keçiriblər.



Nəhayət, yüksəklikdə Azərbaycan bayraqlarının, ermənilər tərəfindən qətlə yetirilmiş kənd sakinləri Faiq və Aydının şəkilləri vurulmuş əraziyə çatırıq. Kənd sakini Zakir Quliyev deyir: “Fevralın 10-da dayandığımız bu yerdə bizim iki şəhidimiz oldu. Onların cəsədləri burada qalmışdı. Götürməyə və ya dəfn etməyə imkan yox idi. Sonra necə oldu bilmədik. Kənd işğaldan azad olunduqdan sonra sakinlər həmin yerə şəhidlərin şəkillərini və bayraqları vurublar”.


O gün təbiət də sanki şəhidlərin, kəndin dəfn olunması üçün ağ kəfənə bürünmüşdü

Daha sonra 1992-ci il fevralın 10-da Malıbəyli sakinlərinin sağ qalmaq üçün qayalıq, dərə-təpə, kol-koslu gizli yollarla Quşçular istiqamətində getdikləri və şəhid olan kənd sakinlərinin dəfn edildiyi ərazidə olduq. Quşçular kənd sakini Sahib Musayev deyir ki, həmin şaxtalı gecədə bu ərazilərdə 30-40 santimetr qar var idi. O cür hava şəraitində, çətin relyeflə kənd sakinlərinin, xüsusən də yaşlıların, uşaqların, qadınların getməsi olduqca çətin idi.


“Ermənilər növbəli döyüş aparırdılar. Canlı qüvvə baxımdan sayları qat-qat çox idi. Onların məqsədi Malıbəyli və Quşçular kəndləri arasında olan “səngər” və “Teymurun yalı” deyilən yerləri ələ keçirib iki kəndi bir-birindən təcrid eləmək və qətliam törətmək idi. Biz düşmənin niyyətini dərk edir, həmin ərazini müdafiə edirdik. Düşmən bir neçə istiqamətdən hücuma keçir, Harov kəndi tərəfdən ağır texnikadan kəndi intensiv atəşə tuturdu. Belə bir vəziyyətdə fevralın 10-da gecə Malıbəyli camaatı Quşçulara çıxmağa başladı. Malıbəyli camaatı qarlı gecədə daşlı-qayalı, dərəli-təpəli gizli yollarla çox çətinliklərlə Quşçulara gəldilər. Artıq fevralın 11-də Malıbəylidə döyüşənlərdən başqa heç kim qalmamışdı. Səhər saat 8-də biz malıbəylilərə köməyə qalxdıq. Bir müddət döyüşdükdən sonra kəndin müdafiəçiləri mənə dedilər ki, artıq qüvvəmiz tükənir, camaatı çıxarmaq lazımdır. Gəldim kəndə, qərara gəldik ki, çətin, amma sağ-salamat gedilməsi mümkün olan istiqamətdə hərəkət etməliyik. Biz atəş altında dağ-dərə, qarlı yollarla Ağdamın Abdal-Gülablı kəndləri istiqamətinə getdik. Fevralın 11-də axşam Abdal-Gülablıya çatdıq. Biz kəndimizi tərk edəndə üç nəfər qoca sakin - Zeynalova Nübar, Əhmədov Mövsüm və Zeynalova Səriyə kənddə qaldı. Nübar nənənin oğlu Niyaz kişi əsir götürülmüşdü. Onun dediklərinə görə, bu üç qocanı ermənilər yandıraraq öldürüblər. Təkcə öldürülən kənd sakinlərimiz şəhid deyil. Bizim kəndimiz də şəhiddir. O gün təbiət də sanki şəhidlərin, kəndin dəfn olunması üçün ağ kəfənə bürünmüşdü. Bu gün isə bir kəndimizə gələrkən havanın günəşli olduğunu görürük. Bu günə şükürlər olsun ki, 32 ildən sonra biz öz yurdumuza ayaq basırıq, qəbiristanlığımızı ziyarət edirik”.


Malıbəyli sakinləri əzab-əziyyətlə tərk etdikləri doğma yurdlarına toy-büsatla geri dönəcəklər

Fevral ayı olmasına baxmayaraq doğma diyarımızın işğaldan azad edilmiş bu dilbər guşəsində bahar nəfəsi hiss olunur. Baş qaldıran dağ çiçəkləri şəhid qanı ilə suvarılmış Vətən torpağını bəzəməyə çalışır. Tezliklə Qarabağımızın bütün guşələri kimi Malıbəyli və Quşçular kəndləri də yaz libasına bürünəcək.


Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Malıbəyli kəndində də bərpa-quruculuq işlərinə başlanılıb. Çox keçməyəcək kənd sakinləri 32 il əvvəl əzab-əziyyətlə tərk etdikləri doğma yurdlarına toy-büsatla geri dönəcəklər.

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra bu ərazilər separatçılardan təmizlənib. 2023-cü ilin dekabrın 5-də Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilib.




Baxış sayı: 110
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30