FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Bunu düşünürdünmü, Avropa?
31-01-2024, 15:11 | TƏDQİQATLAR-ANALITIKA
Bunu düşünürdünmü, Avropa?

Səbinə XASAYEVA
Milli Məclisin deputatı

1988-ci ildən açıq şəkildə Azərbaycana qarşı ərazi iddiasına başlayan Ermənistan dünyəvi siyasəti dürüstlükdən, bəşərilikdən də uzaqlaşdırmağa başladı. Xislətində işğala, işğalçıya meyl olan dövlətlər ya Ermənistanı açıq şəkildə müdafiə etməyə başladı, ya da bu münaqişəyə, başlayan ədalətsiz müharibəyə gerçək münasibət bildirmədi. Belə bir vəziyyət "ağa qara deyənlərə" görə təbii ki, dünyanın ni-zamını pozacaqdı, pozdu da. Dövlətlər belə idi, riyakarlıq hətta beynəlxalq təşkilatların da siyasi qoruyucusuna döndərilmişdi. Belə olmasaydı, zamanında Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini yerinə yetirərdi. Beynəlxalq siyasətin nüfuzunu bunca aşağılayan dövlətə (və dövlətlərə!) hansı beynəlxalq qınaq oldu? Heç bir qınaq olmadı! Olmadığına görə haqq tərəzisi də pozuldu. Beynəlxalq riyakarlıq bəşəriliyin varlığına susadı.

Avropa Şurası Parlament Assambleyası da "öz əli ilə öz ocağına su açmaqdadır". Unudur ki, "Özü özünə edəni el yığılsa, edə bilməz". Onsuz da bulanan sular durulacaq, onsuz da haqq-ədalət öz yerini tutacaq, ancaq itirilən nüfuz heç zaman bərpa olunmayacaq. Ermənilik ermənipərəstliyi istədiyi səmtə çəkir. Ermənipərəst qüvvələr bu təşkilatın tribunasından Azərbaycana qarşı istifadə edir.

Avropa İttifaqının bu kimi təzyiqləri Azərbaycana, Azərbaycanı sevənlərə heç nə edə bilməyəcək. Maraqlıdır: Avropa ölkələri Avropa Parlamentinə islamı günüləyənləri, İslama kini-küdurəti olanlarımı, türkü sevməyənlərimi seçib göndərir? Bu məqamda Xalq şairi Zəlimxan Yaqubun bir şeirini xatırlayıram: Əzəl-axır dünya türkün dünyası. Onu da xatırlayıram ki, sevməzlik paxıllığın, paxıllıq insanlıqdan uzaqlaşmanın təzahürüdür...

Avropa Şurası Parlament Assambleyası bu mərəzə nə vaxtdan yoluxub? Çoxdan. Haqq tərəzisi əyiləndən, elan etmədən müharibəyə başlayan dövlətlə təcavüzə məruz qalan dövlətə münasibətdə ikili standartlar siyasətinə etiraz etməyəndən, özü də bu siyasətin yedəyinə düşəndən. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Alınmadı. Cəzasızlıq yeni cinayətlər yaratdı.

AŞPA Azərbaycana qarşı "sətiraltı qərəzlik" siyasəti ilə ayları il edib. Belə fəaliyyətinə görə qınanmadığına görə nəinki işğalçını qınayıb, hətta onun mövqelərinin tərəfdarı kimi çıxış edib. İkinci Qarabağ müharibəsi başlayanda da, müharibənin gedişində də. Müharibədən sonra Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatından sonra da ermənipərəstliyi onun fəaliyyətinin səmtinin göstəricisi oldu. 

AŞPA 2023-cü il oktyabrın 23-də "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətlən-dirərək, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatçılıq ifadə etdi, Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələdi. Bu qərəzliyə dünya dövlətləri ciddi münasibət bildirmədi. Bu Şura Ermənistanı dəstəkləyənlərin şurasıdırsa, adını dəyişsinlər, dünyəvi siyasətə xidmət edirsə, fəalyyətini bəşəriliyə yönəltsinlər. Yoxsa dünya ədalət, haqq, nizam adlı Arximed nöqtəsini itirəcəkdir...

Belə bir təşəbbüs qəfil yaranmazdı, bir deputatın təklifi ilə dini radikalizmə söykənən belə bir təklif qəbul edilə bilməzdi. Təşəbbüs qalmaqallı təşəbbüsdür. Hər qalmaqal arxasında ciddi qarşıdurmalar yarana bilər. Hər qarşıdurma illərlə çəkən münaqişələrin başlanğıcı ola bilər. Avropa Şurası Parlament Assambleyası bunu bilmirmi? Bilir, bəs bildiyinin məsuliyyətini niyə tarixin axarına atmaq istəyir? Qalmaqallı təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi dəqiq faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyini ifadə edir.

Qoy AŞPA unutmasın ki, "arabanın kölgəsi" gödələcək, onda "iki əli olacaq, bir başı", döy ki, döyəsən.

Normal (və ədalətli!) məntiq deyir ki, AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Bəşəri dövlətlər bu Zəfəri dəstəklədi, qəlbi siyasi "xıltla" dolu olan dövlətlər bu Zəfəri qısqanmağa başladı. Niyə? Azərbaycanın artan nüfuzuna görə, Ermınistanı məğlub etdiyinə görə, Cənubi Qafqazda Azərbaycanın nüfuzunun şəriksizliyinə görə, Azərbaycanda milli-xəlqi, islami, bəşəri dəyərlər gərəkli səviyyədə yaşadıldığına görə, İkinci Qarabağ müharibəsinin işğalçılığa oxuduğu "ağır hökm" olduğuna görə, .., bir də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.

2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsi tələbi də Avropanın niyyətinin göstəricisidir. Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə canlı qüvvə, silah-sursat, mina, digər hərbi təyinatlı vasitələr daşınmasının qarşısının alınması Avropanı niyə narahat edir? Avropa sülh, əmin-amanlıqmı istəyir, müharibəmi? Müharibənin əleyhdarı kimi fikirlər səsləndirənin belə niyyətinə ciddi münasibət bildirilməməsi də dünyanın sabahlarını gümanlamağa funksional panametr olmurmu?..

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel Azərbaycana qarşı qərəzli mövqesi ilə tanınır. O, bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib. "Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq", - deyən Aİ rəsmisi hətta Azərbaycanla Fransa arasında diplomatlarla bağlı baş vermiş məsələdə də Parisin mövqeyinə dəstək ifadə edib. Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali nümayəndəsi erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyib. Qarabağda keçirilən antiterror əməliyyatı zamanı da Borrel erməni separatçılarına açıq dəstək göstərib.

AŞPA-da mövcud olan böyük miqyaslı irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər. Bu, Avropaya nə qazandıracaq? - Avropa nüfuz itirəcək, nüfuzunu itirdikcə Avropanı "Qordi düyünləri" bürüyəcək. Bunu düşünürdünmü, Avropa?..




Baxış sayı: 205
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30