FACT-INFO.AZ » SİYASƏT » Dəşkənddə İƏT-in 16-cı sammiti keçirilib, Prezident İlham Əliyev çıxış edib
10-11-2023, 07:30 | SİYASƏT
Dəşkənddə İƏT-in 16-cı sammiti keçirilib, Prezident İlham Əliyev çıxış edib

Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirilib.

Fact-info.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Dövlət başçısı Zirvə toplantısında çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Şavkat Miromonoviç,

Hörmətli dövlət və hökumət başçıları,

Hörmətli Zirvə toplantısının iştirakçıları,

Yüksək qonaqpərvərliyə görə qardaş Özbəkistanın Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığımı bildirirəm.

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram. Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini təbrik edirəm.

Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir.

Ötən ay ECO Nazirlər Şurasının iclası Şuşada keçirilib. Dünən Azərbaycan xalqı Şuşanın Ermənistanın təxminən 30 illik işğalından azad olunmasının üçüncü ildönümünü qeyd etdi.

Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik.

Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir.

Məmnuniyyətlə qeyd etmək istərdik ki, Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.

Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.

Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamışdır. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir.

2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi.

İşğal dövründə Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur.

Bu il sentyabrın 19-20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik və bununla qürur duyuruq.

Mən bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən ECO-nun üzv dövlətlərinə təşəkkürümü bildirirəm.

Çıxışımın sonunda vurğulamaq istərdim ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.

Sağ olun.





Baxış sayı: 205
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30