FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Xalça Muzeyində 10 mindən çox eksponat qorunur
11-08-2023, 16:40 | MƏDƏNİYYƏT
Xalça Muzeyində 10 mindən çox eksponat qorunur

 Bakı Dövlət Universitetinin AZƏRTAC-da təcrübə keçən tələbəsi Nahid Xəlilov dünyada ən böyük xalça kolleksiyasına sahib Xalça Muzeyində olub və muzey bələdçisinin müşayiəti ilə maraqlı məlumatlar əldə edib.

Azərbaycan Milli Xalça Muzeyi Dənizkənarı Milli Parkda, Mikayıl Hüseynov prospektində yerləşir. 1967-ci ildə xalçaçılıq elminin banisi, görkəmli Xalq rəssamı Lətif Kərimovun təşəbbüsü ilə yaradılan muzeyin bükülmüş xalçaya bənzəyən və izləyənlərə xoş təsir bağışlayan yeni binası Prezident İlham Əliyevin Sərəncamına əsasən 2014-cü ildə memar Frans Yantsın layihəsi əsasında inşa edilib. Üç mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində xovsuz xalça, ikinci mərtəbəsində xovlu xalçalar, üçüncü mərtəbəsində isə müasir xalça nümunələri nümayiş olunur. Bundan başqa milli geyimlər, misgərlik nümunələri, tikmə sənəti, qədim saxsı qablar kimi dəyərli eksponatlar da muzeyin ekspozisiyasına daxildir. Muzeydə ümumilikdə 10 mindən çox eksponat qorunub saxlanılır.

Sərhədsiz muzey

Muzeyin eksponatları arasında xüsusi bir eksponat var ki, Azərbaycanda toxuculuq sənətinin qədim dövrlərə aid olduğunu sübut edir. Bu qədim parça qalıqlarıdır. Belə ki, bu parça fraqmentləri 3-4-cü əsrlərə aid olub və 2018-ci ildə professor Qafar Cəbiyev tərəfindən aparılan arxeoloji qazıntılar zamanı Şamaxı ərazisində Dəmirçilər kəndi yaxınlığında tapılıb. Ərazidən tapılmış gümüş qəpiklər əsas verir ki, bu parça qalıqları Sasani-Parfiya dövrünü əhatə edir.

Xalça Muzeyi fiziki məhdudiyyətli şəxsləri də düşünüb. Belə ki, muzeydə nümayiş olunan xalçaların kiçik ölçülü replikalarını görmək mümkündür. Milli Xalça Muzeyi tərəfindən təqdim olunmuş “Sərhədsiz muzey” adlı layihə çərçivəsində görmə qabiliyyəti məhdud olan insanların toxunmaqla xalça elementlərini hiss edə bilməsi üçün xalçaların kiçik ölçülü replikaları hazırlanıb və onlar haqqında Azərbaycan və ingilis dillərində Brayl əlifbası ilə məlumat lövhələri yerləşdirilib. Həmçinin əlil arabalarının rahat şəkildə hərəkətini təmin etmək üçün lazımi şərait yaradılıb.

“Saib Təbrizi” xalçası

Azərbaycan ərazisində 1500-ə qədər boyaq əhəmiyyətli bitki var. Keçmişdə boyaqçılar onlara məlum olan boyaq bitkilərinin, sadəcə, bir qismindən istifadə ediblər. Muzeydə nümayiş olunan məlumat lövhəsində hansı bitkidən hansı rəngin alındığını öyrənmək olar. Eksponatlar arasında boyanmış yun nümunələrini də görmək mümkündür. Buradakı xam qoyun yunundan söz açan həmsöhbətim qeyd edir ki, Cəfər Mücirinin fondda qorunan “Saib Təbrizi” xalçası koloriti qoyun, dəvə və keçi yunlarından əyirilmiş qara, qonur, boz, ağ rəngli iplərin təbii rənglərindən alınmışdır. Belə ki, xalçaçı rəssamın təbii iplik üçün soraqlaşmadığı yer qalmayıb. Düz on ilə yaxın çoxdan ürəyində gəzdirdiyi çeşnini həyata keçirmək üçün lazım olan ipləri axtarıb. Xalça müəyyən fasilələrlə təxminən bir ilə toxunub tamamlanmışdır. Muzeyin direktoru Şirin Məlikovanın təşəbbüsü ilə bu ənənə yenidən təkrarlanıb və boyanmamış təbii yundan bir çox yeni xalçalar toxunub. Həmin xalçalar muzeydə qorunub saxlanılan dəyərli nümunələr kimi yer alır.

“Zəfər” xalçası

Muzeyin ikinci mərtəbəsində üstündə “Qarabağ Azərbaycandır” yazısı həkk olunmuş “Zəfər” xalçası yer alır. Bu Azərbaycan Ordusunun Zəfərinə həsr edilmiş xalçadır. Xalçanın kompozisiyasında Qarabağın xalça xəritəsi və xalçanın ara sahəsində isə 4 ünsür var. “S” elementi suyu, buta alovu, xarıbülbül havanı, bitki isə torpağı təmsil edir. Rəqs edən insan təsvirləri ənənəvi xalçalardan götürülüb. Xalçanın ana haşiyəsində qarşı-qarşıya dayanmış quş təsvirləri isə sevginin, məhəbbətin simvoludur. Burada əjdahanın simurq quşu ilə mübarizə səhnəsi də əks olunub. Xalçaçı rəssam bildirmək istəyib ki, Azərbaycan xalqının birliyi, sevgisi əsasında ordumuz şər üzərində qələbə çaldı və bütün Azərbaycan torpaqları işğaldan azad olundu. “Qarabağın xalça xəritəsi” layihəsi çərçivəsində toxunan xalçanı gördükdə fərəhlənməmək mümkün deyil.

Eyni zamanda, burada aparılan profilaktik tədbirlərdən sonra ekspozisiyada təqdim olunan yeni eksponatları görmək mümkündür. Bu xalçalar motiv, kompozisiya müxtəlifliyi, rəng həllinin dolğunluğu və parlaqlığı ilə seçilir. Yeni nümayiş olunan xalçalara “Çıraqlı”, “Çaylı”, “Bəhmənli”, “Çələbi”, “Novxanı” və sair bu kimi xalçaları misal göstərmək olar.

Qarabağ evi

Ekspozisiyada nümayiş olunan unikal eksponatlardan biri də 1980-ci ilə aid olan “Əsrlərin nəğməsi” xalçasıdır. Bu xalçanın müəllifi tanınmış alim Lətif Kərimovdur. Xalçanın zəngin kompozisiyasında müxtəlif, bir-birini təkrarlamayan 1000-ə yaxın ornamental element kompozisiyaya ritm verən doqquz sırada yerləşdirilib. Belə ki, bu xalçada yer üzünün ilk sakinləri hesab edilən Adəm və Həvvanın təsvirini də görmək olar.

İkinci mərtəbədə yerləşən və “Qarabağ evi” adlanan otaq məndə xüsusi maraq oyatdı. XVIII-XIX əsrlərdə Qarabağda malikanələrin tərtibatında xalça və xalça məmulatlarından geniş şəkildə istifadə olunub. Elə bu otağın divarları və yeri də xalçalarla döşənilib. Burada istifadə olunan xalça “Qoca” xalçası adlanır. Xalçanın bu adla adlandırılması - “Xocavənd” kəndinin adı ilə bağlı olmuş lakin sonralar Qarabağın qocaman xalçaçıları tərəfindən “Qoca” adlandırılıb. Həqiqətən də əsl Qarabağ evlərini xatırladır. Ensiz, uzun otaqda ocaq, taxça, şərbət qabı və şəbəkə üsulu ilə hazırlanmış pəncərə də var. Otağın tavanı freskalarla bəzədilib. Həmçinin həmin freskalar xalçaların kompozisiyasında da təkrarlanır. Bələdçi deyir ki, Şəkidə Şəkixanovlar, Şuşada Mehmandarovlar ailəsinin malikanələrinin tərtibatı buna misal ola bilər.

Xalça Muzeyində qorunub saxlanılan hər bir eksponat özündə müxtəlif fikirləri ehtiva edir. Xalçaların naxışlarına baxdıqca yeni məna çalarları kəşf edirsən. Burada xalçaçı alim Lətif Kərimovun sözləri yada düşür: “Xalçanı sevin. Xalça heç vaxt sizi tənha qoymaz, xəyanət etməz. Xalça həmişə sizi saxlayar, müdafiə edər, kömək edər və sevindirər”.




Baxış sayı: 324
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30