Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən bəzi fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bu baxımdan, son vaxtlar, xüsusilə, fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinin sərsəm çıxışları, eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə əlaqədar ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət etməklə yanaşı, beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir.
Heç şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışmaqdır. Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı tutarlı faktlarla sübut etmişdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.
Heç şübhəsiz ki, Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddiaları tam əsassızdır. Bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlara əsaslanaraq Ermənistan baş nazirinin və dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırdı. Dövlət başçısı bildirdi ki, Qarabağın dağlıq hissəsinə erməni əhalisinin köçürülməsi XIX əsrin 20-ci illərində, xüsusilə Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğal edilməsindən sonra baş vermişdir.
Qeyd etmək lazımdır ki, hələ bundan əvvəl, XIX əsrin əvvəllərində - 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla çar Rusiyasının Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalanmışdı. Bu fakt onu göstərir ki, əgər ermənilər Qarabağ xanlığında yaşayıb vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı.
Azərbaycan Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artdı. Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədlər də təsdiq edir.
Nəticədə, 1828-ci ildən sonra Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən rəsmən 124 min (qeyri-rəsmi 200 min) erməni köçürülmüş, bu proses bütün XIX əsr boyunca davam etdirilmiş və bu da demoqrafik vəziyyətə müəyyən təsir göstərmişdir.
Bununla yanaşı, Prezidenti İlham Əliyev vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı. Qarabağ 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə quberniyasının tərkibində olmuş, sonralar 1921-1991-ci illərdə isə Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olmuşdur.
Ancaq Ermənistan rəhbərliyi tarixi faktları ermənisayaq təfsir edərək bildirir ki, Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etdiyi kimi, eyni yolla Qarabağ həm Sovet İttifaqından, həm də Sovet Azərbaycanından müstəqilliyini əldə edib. Bundan əlavə, Ermənistan baş naziri tarixdən xəbərsiz və əsassız olaraq bildirdi ki, Qafqaz Bürosu Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olmasına qərar vermişdi.
Azərbaycan Prezidenti İlham Əliyev tutarlı faktlarla bu saxta tezisi ifşa etdi. Həqiqətən də, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyərək Ermənistanda sovet hakimiyyətinin elan edilməsindən dərhal sonra ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atdılar. Bununla da iki sovet respublikası arasında ixtilaflar artdığından 1921-ci il iyulun 4-5-də RK(b)P MK-nın Qafqaz bürosunun plenumu məsələni müzakirə etməli oldu. İyulun 5-də plenumun səhər iclasında Qarabağ məsələsinə yenidən baxıldı. Plenum RK(b)P MK-nın rəyini nəzərə alaraq yeni qərar qəbul etdi: “Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyini, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələri və daim Azərbaycanla sıx əlaqədə olmasını nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla, ona geniş vilayət muxtariyyəti verilsin”.
Prezidenti İlham Əliyev qeyd etdi ki, Ermənistan tarixçilərinin və rəhbərliyinin dediyi kimi, əgər Dağlıq Qarabağ Ermənistan SSR-in tərkibində olsaydı, qərarda “Azərbaycan SSR-in hüdudlarında saxlanılsın” əvəzinə, “Azərbaycan SSR-ə verilsin” yazılardı. Nəticədə, Qarabağ bölgəsinin dağlıq hissəsinə köçürülmüş ermənilərə 1923-cü il iyulun 7-də sovet Rusiyasının himayədarlığı və bilavasitə iştirakı ilə Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı status verilmiş və nəticədə, bu hadisə Ermənistanın Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə olmuşdur.
Bununla yanaşı, Prezident İlham Əliyev vurğuladı ki, 1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu, sonra isə XX əsrin sonunda məhz Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini, xüsusilə də güc tətbiq etməmək prinsipini pozaraq Azərbaycan ərazilərini işğal etmiş, Xocalı soyqırımını törətmiş, nəticədə tarixən Dağlıq Qarabağda, həmçinin ətraf yeddi rayonda yaşayan azərbaycanlılar öz doğma yurdlarından məcburən köçkün düşmüşlər: “Azərbaycan ərazisinin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, eləcə də, xalqımız etnik təmizləməyə məruz qalıb. 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti - Xocalı soyqırımını törətdi. Nəticədə aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır”.
Ermənistan baş naziri yenə də əsassız olaraq “Arqumentı i Faktı” qəzetinə istinad edərək ermənilər tərəfindən vəhşiliklə törədilən Xocalı soyqırımına kölgə salmaq istədi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, həmin qəzet mənbə deyil, “Arqumentı i Faktı” çox sayda erməninin çalışdığı bir qəzet, müstəqil qəzetdir. Bu uydurmalar bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb: “Ermənilərin Xocalıda törətdiklərinə bəraət qazandırmaq cəhdinə çevrilmiş bu vəziyyətə aydınlıq gətirərək Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir”.
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, beynəlxalq hüquq məsələsinə gəlincə, yenə deməliyəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib, eləcə də bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib və ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir.
Dövlət başçısı, həmçinin bildirdi ki, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyri-qanuni qurumu tanımır və Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə bağlı beynəlxalq təzyiq daha çox Ermənistana göstərilməlidir: “Çünki BMT Təhlükəsizlik Şurasından daha yuxarı olan beynəlxalq orqan yoxdur. Onlar 4 qətnamə qəbul ediblər. Onları yoxlamaq çox asandır. Mütəxəssislərə onların nömrələri məlumdur. Onlar nə deyir: Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin onun ətrafındakı 7 rayon da işğal olunub. Ermənistan bunu gizlətmək istəyir. Bu, həmin 7 rayondur ki, ermənilər heç vaxt orada yaşamayıb”.
Bununla yanaşı, Prezidenti İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşadan və 7 rayondan bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Eyni zamanda, ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər: “Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq. Ona görə də beynəlxalq ictimaiyyət izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır. İkincisi, təcavüzkara ciddi təzyiq göstərməlidir ki, dayansın”.
Ermənistan baş naziri Dağlıq Qarabağda Şaumyan adlı rayon var idi deməklə tarixdən xəbərsiz olduğunu göstərdi və yenə də tarixi faktları ermənisayaq təfsir etmək istədi. Azərbaycan Prezidenti İlham Əliyev çox tutarlı cavab verərək bildirdi ki, əvvəla, Şaumyan adlı rayon Dağlıq Qarabağda deyildi və Şaumyan bolşeviklərdən biri idi, eləcə də günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Bununla yanaşı, əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb: “Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür”.
Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, Ermənistanın baş naziri Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir: “O, çox yaxşı bilir və mən də bilirəm ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə, “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan”. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu, başqa sualdır. Lakin o, tərəf deyil və biz onlarla danışmayacağıq. Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir”.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsassızdır, tarixi faktların və beynəlxalq hüquq prinsiplərinin ermənisayaq təfsirindən başqa bir şey deyil. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni və heç bir dövlət tərəfindən tanınmayan qondarma qurumun rejimini tanıtmaq üçün göstərdiyi cəhdlər beynəlxalq hüquqa ziddir və heç bir əsası yoxdur. Çünki Dağlıq Qarabağ bölgəsinin erməniləri digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycanda yaşayan milli azlıqlardan biridirlər. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bununla yanaşı, əgər bütün xarici ölkələrdə yaşayan erməni icmaları yaşadıqları həmin ölkələrin ərazilərində “öz müqəddəratını təyin etmək” adı ilə yeni süni dövlətlər yaratsalar, bu halda dünyada, o cümlədən Fransada, ABŞ-da, Rusiyada, Gürcüstanda, Azərbaycanda, Livanda, Argentinada və erməni icmaları yaşayan digər ölkələrdə yüzlərlə yeni qondarma erməni “dövlətləri” yaradıla bilər?! Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə, dövlətlərin ərazi bütövlüyü, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Bu baxımdan, Prezident İlham Əliyev Ermənistanın baş nazirinin diqqətinə çatdırdı ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib, onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” Azərbaycan Prezidenti bir daha bildirib ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasından sonra mümkündür”.
Ümumilikdə, Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinin sərsəm və əsassız iddialarına tutarlı faktlarla cavab verdi, bir sözlə, Ermənistan rəhbərliyinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Azərbaycan Prezidenti Ermənistan baş nazirinin və dünya birliyinin diqqətinə çatdırdı ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır.
Baxış sayı: 2 201