FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Tarixi imzanın səkkiz nişanəsi
2-07-2015, 09:10 | TƏDQİQATLAR-ANALITIKA
Tarixi imzanın səkkiz nişanəsi

Xatirələrdən uzun müddət silinməyəcək “Bakı-2015” birinci Avropa Oyunları bəlkə də bundan sonra bir neçə nəslə qismət olmayacaq bir xoşbəxtlik idi ki, biz yaşadıq. Bu tarixdə bir ilkin canlı şahidləri və iştirakçıları olduq.

Milyonlarla insanın valeh olduğu möhtəşəm açılış və bağlanış mərasimləri, Avropanı silkələyən, kövrəldən, həyəcanlandıran idman yarışları, azarkeşlərin yaratdığı ab-hava, insanların mübariz əhval-ruhiyyəsi və sözün əsl mənasında yaşadığımız idman bayramı haqqında hələ çox danışacağıq. Avropa Oyunları haqqında ən müxtəlif məqamlar və təəssüratlar qeyd edilsə, maraqlı təhlillər aparılsa da, hamı bir fikirdə yekdildir: “Azərbaycan adını tarixə böyük hərflərlə yazdı…”

Bu tarixin necə yazılması və mahiyyəti haqqında bəzi düşüncələri bölüşmək istərdim.

Birincisi və ən önəmlisi, Avropa Oyunlarına hazırlıq mərhələsi idi. Azərbaycan üzərinə düşən tarixi missiyanın öhdəsindən uğurla gəlmək üçün bütün potensialını səfərbər etməyi bacardı. Birinci Avropa Oyunlarına ev sahibliyi hüququnu əldə edən Bakı çiyinlərinə hansı məsuliyyəti götürdüyünü yaxşı başa düşürdü. Çoxlarının inamsız, skeptikcəsinə yanaşdığı hazırlıq mərhələsini Bakı rahatlıqla keçdi. Çünki ölkəmiz bundan əvvəl “Eurovision” mahnı müsabiqəsinə cəmi bir il ərzində hazırlaşmışdı.

Avropa Oyunları kimi yarışlara hazırlıq üçün ən azı 7 il vaxt tələb olunduğu halda Azərbaycan 2 ildən bir az çox müddət ərzində bu tədbiri yüksək səviyyədə təşkil etmək məqsədilə düzgün və düşünülmüş strategiya müəyyənləşdirdi və onun vaxtında, dəqiqliklə icrasına nail oldu. Azərbaycan bunu bacardı. Prezident İlham Əliyev bu haqda çıxışında deyib: “Buna görə də Oyunların keçirilməsində heç bir problem yaşanmadı. Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu Oyunların keçirilməsinə çox böyük töhfə verib, Oyunların bu səviyyədə keçirilməsi üçün canını qoyub. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə Təşkilat Komitəsi ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq, ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Ümumiyyətlə, bunlar ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir”.

İkincisi, Azərbaycanın özünü tanıtması idi. Avropa, eləcə də dünya mediası Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyi elan olunduqdan sonra bu kiçik Qafqaz ölkəsindən, Şərqlə Qərbin mədəniyyət, sivilizasiya körpüsündən danışdı, yazdı, göstərdi.

Göstərməli çox şey vardı. Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, çoxçeşidli və dadlı mətbəxi, yüksək peşəkarlıqla işlənmiş və milli ornamentlərlə bəzədilmiş, tamaşaçıların ruhunu oxşayan səhnə tərtibatları avropalıları heyrətləndirməyə bilməzdi. Açılış və bağlanış mərasimlərini izləyən milyonlarla əcnəbi tamaşaçı müasirliklə qədimliyin, klassikliyin vəhdəti olan Azərbaycanın ecazkar milli musiqisini dinləyərək xalqımızın malik olduğu dəyərlərə sayğı göstərməyə bilməzdi. Hər şey sanki bir harmoniya idi.

Üçüncüsü, birinci Avropa Oyunlarının əsas qəhrəmanı və baş mükafatçısı - qalibi sözün bütün mənalarında Azərbaycan oldu. Son bir ayda görünməmiş qarayaxma kampaniyası, təzyiq, informasiya həmləsi, birtərəfli ritorika, hədə-qorxu, şantaj, Avropa Parlamentinin məqsədyönlü və qərəzli dinləmələri, AŞPA-nın sifarişli qətnaməsinə baxmayaraq Azərbaycan müvazinətini itirmədi, qarşıya qoyduğu hədəfə doğru inamla və qətiyyətlə irəlilədi. Sonda qazanan Azərbaycan oldu.

Dördüncüsü, Azərbaycan sivil, mədəni və tolerant bir ölkə olduğunu, eyni zamanda, torpaqlarının işğalı faktı ilə barışmayacağını bir daha bütün dünyaya göstərdi. Qarabağ qazisi İlham Zəkiyevin Avropa Oyunlarının məşəlini açılış mərasiminə gətirməsi, rəqibini məğlub edib ölkəmizə qızıl medal qazandırması hamımızı ikiqat sevindirdi. Xüsusilə də müharibə veteranının çempion adını Silahlı Qüvvələrimizin yaranma günündə qazanması, medalı aldıqdan sonra ölkə Prezidentini, Ali Baş Komandanı fəxri kürsüyə dəvət etməsi gələcək hərbi qələbələrimizin işartısı kimi böyük bir alqışa və ruh yüksəkliyinə səbəb oldu.

Beşincisi, birinci Avropa Oyunları ilə ölkəmiz hakimiyyət-xalq birliyinin də gözəl nümunəsini ortaya qoydu. Azərbaycan vətəndaşları böyük güclərin media və QHT-lər, beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirdiyi anti-milli kampaniyanı rədd etdilər, dövlətçiliyin yanında oldular, Azərbaycan Prezidentinə, onun həyata keçirdiyi siyasətə dəstəklərini daha da artırdılar. Bu, hakimiyyət-xalq birliyinin əyani təcəssümü və milli həmrəyliyin təntənəsi idi.

Altıncısı, Azərbaycanın gücü və potensialı haqqında dünyada düzgün təsəvvür formalaşdı. Təsdiq olundu ki, Azərbaycan istənilən beynəlxalq tədbiri yüksək səviyyədə hazırlamaq və keçirmək iqtidarındadır. “Bakı-2015”lə Avropada qitə oyunlarının təməli qoyuldu. Bundan sonra keçiriləcək bütün Avropa Oyunlarının məşəli Azərbaycandan götürüləcək. Odlar yurdu Azərbaycan üçün bunun nə qədər önəmli olduğunu bəlkə də indi tam dərk edə bilmirik. On illər keçəcək Azərbaycan Avropa Oyunlarının vətəni kimi hər zaman xatırlanacaq, dörd ildən bir bu möhtəşəm Oyunların məşəli öz ünvanına çatmaq üçün ilkin olaraq yenə də doğma Bakımızda alovlanacaq.

Bundan sonra Azərbaycan rahatlıqla ən böyük miqyaslı çempionatların, hətta olimpiadaların keçirilməsi üçün namizədliyini irəli sürə bilər. Gələcəkdə Avropa Oyunlarına ev sahibliyi edəcək ölkələr Azərbaycanın təcrübəsindən bəhrələnəcəklər.

Yeddincisi, Azərbaycan idmançıları sübut etdilər ki, dövlət müstəqilliyinin yaşı çox olmasa da, əsl idman ölkəsidir. Milli komandamız 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq yalnız Rusiyadan geri qaldı. Beləliklə, atletlərimiz Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Polşa, Türkiyə kimi böyük idman tarixi olan ölkələri qabaqladılar. Bunlar sadəcə rəqəm deyil. Bu göstəricilərin arxasında illərin gərgin zəhməti, dövlətin idmana qoyduğu böyük investisiyalar durur. Bu nailiyyətlər bir daha açıq şəkildə göstərir ki, Azərbaycan Avropanın aparıcı idman dövlətinə çevrilməkdədir.

Səkkizincisi, Azərbaycan xalqı ölkə üçün taleyüklü anda tam şəkildə səfərbər olmaq, ümumi maraqlar naminə bütün çətinliklərin öhdəsindən gəlmək bacarığını nümayiş etdirdi. Hər yerdə - nəqliyyatda, idman salonlarında, stadionda, ictimai yerlərdə yüksək səviyyəli nizam- intizam nümayiş etdirildi.

İdmançılar və qonaqlar üçün yaradılan ideal şərait, təşkilatı işlərin zərgər dəqiqliyi ilə planlaşdırılması, könüllülərin fədakarlığı, ümumiyyətlə hər hansı nöqsana yol verilməməsi əldə etdiyimiz uğurlara əlavə dəyər qatdı.

Oyunlara böyük tamaşaçı marağını da buraya əlavə etməmək mümkün deyil. Demək olar ki, bütün yarışlar böyük tamaşaçı dəstəyi ilə keçirildi. Arenalarda tamaşaçı qıtlığı yaşanmadı. İnsanların idman yarışlarını izləmək üçün ailələri ilə birlikdə saatlarla bilet növbəsinə durması və idmançılarımızı qələbəyə səsləməsi isə çox xoş bir mənzərə idi.

Beləliklə, bu tarixi zəfəri ümumiləşdirsək əminliklə deyə bilərik ki, ilk Avropa Oyunları Azərbaycanın sürətlə inkişaf edən, sabit və sivil Avropa ölkəsi olduğunu göstərdi. Qəbul etsələr də, etməsələr də bu, belədir. Azərbaycan bir daha sübut etdi ki, heç də Almaniyadan, Fransadan, Böyük Britaniyadan geri qalan ölkə deyil. Ən azı, həmin ölkələr kimi böyük idman yarışlarına ev sahibliyi etmək iqtidarındadır. Bu tarixi zəfər Azərbaycanın həm də sabaha açılan bir pəncərəsidir, onu parlaq gələcəyə aparan uğurlu yoldakı inamıdır, Azərbaycanın qarşıda üzünə açılacaq zəfər yollarında özünə olan əminliyidir, imza atdığı uğurudur.

Prezident İlham Əliyev ilk Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdə deyib: “Yəqin ki, bu günlər ərzində hamımız bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olub ki, bunu sözlə təsəvvür etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi – bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq. Azərbaycan bu gün zirvədədir”.

Bütün bunları bizə yaşatdığına və Azərbaycanı bu zirvəyə qaldırdığına görə dövlətimizin başçısı İlham Əliyevə QHT sektoru adından dərin minnətdarlığımızı bildiririk. Birinci Avropa Oyunlarının ağır yükünü çiyinlərində daşıyan və bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələn birinci xanım, “Bakı-2015”in Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya “Çox sağ ol” deyir, onu ən ali dövlət mükafatı - “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibəti ilə təbrik edirik.

Azay Quliyev
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, 
Milli Məclisin deputatı

 



Baxış sayı: 2 100
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq Dünən, 20:30 Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub Dünən, 18:30 Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib Dünən, 18:00 President Ilham Aliyev's social media accounts shared post on ADEX 2026 exhibition Dünən, 17:30 Abşeron Sağlamlıq Mərkəzi: ”Bir ünvan... Bir hiss... Min xatirə...” Dünən, 12:00 Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur Dünən, 12:00 Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir Dünən, 10:00 “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti Dünən, 10:00 Xocalı, Xocavənd və Şükürbəyliyə növbəti köç karvanı yola salınıb Dünən, 09:30 Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb Dünən, 08:00 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 29-09-2026, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir 29-09-2026, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır 29-09-2026, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See 29-09-2026, 16:30 Vətən və Qərbi Azərbaycan 29-09-2026, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı 29-09-2026, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub 29-09-2026, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər 29-09-2026, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb 29-09-2026, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi 29-09-2026, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031