FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Məktəb tədris müəssisəsidir- Tərbiyə isə geniş anlayış olub kompleks xarakter daşıyır
14-05-2019, 08:20 | TƏDQİQATLAR-ANALITIKA
Məktəb tədris müəssisəsidir- Tərbiyə isə geniş anlayış olub kompleks xarakter daşıyır

Təsadüfi deyil ki, təhsil sistemi ilə bağlı həyata keçirilən bu və ya digər islahat heç vaxt bir nəsli əhatə etmir. Bu, olduqca uzun sürən mürəkkəb prosesdir. Hansısa dəyişikliklər və ya yenilik dərindən öyrənilmədən, yetərli təhlil olunmadan müasir sistemə birbaşa tətbiq edilsə, onun müsbət nəticələrindən çox, mənfi tərəfləri olacaq. Pilot layihə deyilən məfhum təhsil sisteminə ümumiyyətlə aid edilməməlidir. Məktəbi sınaq zonasına çevirmək əslində, tədris prosesinə ziyan vura bilər.

Təbii ki, bu, işin əsas görünən tərəfidir, yazının mövzusu isə tamamilə başqadır. Məqsədim ümumtəhsil müəssisələrimizdə baş verən, hətta bəzi hallarda ölümlə nəticələnən neqativ hadisələrin yaranma səbəblərini üzə çıxarmaqdır. Son bir neçə ildə cəmiyyətdə ölkəmizin təhsil sistemi ilə bağlı xeyli mübahisəli diskussiyalar, disputlar aparılır, kütləvi informasiya vasitələrində qərəzli məqalələr yazılır, uşaqların, yeniyetmələrin, gənclərin tərbiyəsi ilə bağlı ortaya çıxan subyektiv və obyektiv məqamlar birbaşa təhsil sistemi ilə əlaqələndirilir.

Təhsil sahəsində çalışanlar günahlandırılır, bəzi hallarda onların ünvanına tənqidi, hətta təhqiredici sözlər deyilir. Amma nədənsə heç kəs fikirləşmək və nəticə çıxaqmaq istəmir ki, uşağın tərbiyəsində iştirak kompleks xarakter daşıyır və ən azı, bir neçə mərhələyə bölünür. Odur ki, baş vermiş bu və ya digər xoşagəlməz hadisədə kimin günahkar olması sualını vermək qeyri-konstruktivdir. Mövzudan uzaqlaşmama üçün mübahisəli məqamlara toxunmamağa çalışacağam. Əsas problem cəmiyyətdə təhsillə tərbiyə anlayışlarının qarışdırılmasıdır. Məktəbin əsas qayəsi uşaqlara savad vermək, parlaq gələcəkləri üçün onların bilik bazasını formalaşdırmaq, ondan necə istifadə etməyi öyrətmək və düzgün istiqamətləndirməkdir. Təhsil prosesində tərbiyənin müəyyən elementlərinə, ümumiyyətlə, toxunulmur, yalnız məsləhət xarakterli yollar göstərilir, şagirdlərlə gözə çarpan naqisliklərin aradan qaldırılmasına xidmət edən maarifləndirici söhbətlər aparılır. Müəllim-şagird münasibətlərində tərbiyə istiqamətində bəzi işlərin həyata keçirilməsi mümkün olsa da, tədris proqramında bunun üçün xüsusi vaxt ayrılmır. Belə olduğu halda məktəb çərçivəsində baş verən neqativ halların hamısında müəllim heyətini günahlandırmaq, onların cəzalandırılmsını tələb etmək nə dərəcədə məqsədə uyğundur? Sanki müəllim bir dərs üçün ayrılmış 45 dəqiqə ərzində həm tədris, həm tərbiyə işi, həm də ailədə baş verən nöqsanları aradan qalıdırmaqla məşğul olmalıdır. Heç ən yüksək biliklərə və böyük təcrübəyə sahib peşəkar pedaqoqlar da fiziki baxımdan bu məsuliyyətin öhdəsindən gələ bilməzlər. Odur ki, bu mövzunun müzakirəsi zamanı hər kəsi ədalətli və obyektiv olmağa çağırıram.

Məqsədyönlü formalaşma və inkişaf prosesi olan tərbiyənin mahiyyəti şəxsiyyəti yüksək insani keyfiyyətlərlə tərbiyələndirmək, onda nəcib əxlaqi, mənəvi keyfiyyətlər aşılamaq, əməyə, həyata hazırlamaq, estetik və fiziki mədəniyyət, ailə münasibətləri mədəniyyəti formalaşdırmaq, cəmiyyətdə düzgün davranış normalarına istiqamətləndirmək, milli və bəşəri dəyərləri mənimsətmək və bütün bunların tərbiyə olunan şagirdin zehni və ruhi süzgəcindən keçirib onun xarakterinə çevirməkdir. Bu dərəcədə ciddi əhəmiyyət kəsb edən məsələni sırf ümumtəhsil müəssisələri və orada çalışan pedaqoqların adı ilə bağlamaq böyük yanlışlıqdır. Kimsə inkar edə bilməz ki, məktəbəqədər dövrdə uşağı yalnız ailənin tərbiyə sistemi əhatə edir. Bu dövr uşağın, demək olar ki, gələcəyinin bünövrəsi qoyulur. Bu bünövrənin möhkəmliyindən, kobud şəkildə desək, təməlinin qoyuluşunda istifadə olunan materialların keyfiyyətindən çox şey asılıdır. 6-7 yaşadək uşağın aldığı tərbiyə məktəbə getməyə başlayanda bütövlüklə dəyişə bilməz. Bu, mümkün deyil. Əhatəsi uşağın tərbiyəsinə qismən təsir göstərə bilər. O, ya daha da inkişaf edər, ya sadəcə inkişaf yönümünü dəyişər, ya da yeni kollektivin tərbiyə sisteminə qoşula bilər. Məktəb yeni mühit, kollektiv, başqa bir məkan olduğundan uşaq bir çox fərdi vərdişlərindən yayınmaq məcburiyyətində qalır. Fərdiyyətçilik öz atributlarını kollektivçiliyə qurban verməli olur. Əlbəttə, ailədə əldə edilən maneralar, ərköyünlük, "istədiyimi edirəm" kimi xüsusiyyətlər ciddi maneələrlə üzləşir.

Uşaqların çoxu təbii olaraq öz fərdi xüsusiyyətlərini saxlamağa çalışırlar, yeni qayda-qanunları, kollektivə münasibətləri qəbul etməkdə çətinlik çəkir, inad göstərirlər. Bəzən də ailədə aldıqları tərbiyənin davamını məktəb şəraitində görmürlər. Ciddi disbalans yaranır. Kimin - müəllimlərin, yoxsa valideynlərin haqlı olub-olmadıqlarını dəqiq anlamır, onların mövqelərini düzgün qiymətləndirməyi bacarmır, valideynlə müəllim arasında çaş-baş qalır ki, bu da əslində təbiidir. Seçim qarşısında qalanda isə uşaq çox zaman valideynin təsiri altında olmağa üstünlük verir. Çünki bu, uşağa tanışdır, təbiidir, doğmadır və ən əsası ona sərf edir, fərdi xüsusiyyətlərini qoruyub saxlamağa stimul verir. Çünki bu və ya digər zərərli vərdişdən xilas olmaq heç kim üçün asan məsələ deyil. Beləcə, iki tərbiyə üsulu arasında ziddiyyət yaranır.

Məktəb daha çox təhsillə bağlı olduğundan, bu sistemdə tərbiyə, istər-istəməz, ikinci plana keçir. Əslində, belə də olmalıdır. Tədris proqramında təlim-tərbiyəyə xüsusi zaman ayrılmayıb. Kimya və ya fizika dərsində müəllim şagirdlərin tərbiyəsi ilə məşğul ola bilməz. Düzdür, ədəbiyyat, tarix, həyat bilgisi kimi humanitar profilli fənlərin tədrisi zamanı ədəbi qəhrəmanların, tarixi şəxsiyyətlərin timsalında uşaqlara bir çox tərbiyəvi keyfiyyətlər aşılamaq olar. Lakin bu, təlimlə təhsilin paralelliyinə kifayət qədər imkan yaradırmı? Bir vaxtlar təhsil müəssisələrində sırf şagirdlərin tərbiyəsi ilə məşğul olan ictimai təşkilatlar indi yoxdur. Bir daha qeyd edirəm, proqramda tərbiyə işlərinə xüsusi vaxt ayrılmayıb. Uşağı yalnız təhsilə yönəldən amillər mövcuddur. Belə olduğu halda tərbiyə fonunda bilik vermək məsələsi ümumiyyətlə nəzərdən qaçır. Görəsən, kimdir müqəssir?! Günahkarı harada axtarmalıyıq?!

Məsələ burasındadır ki, təhsil, təlim, tərbiyə davamlı, zəncirvari bir prosesdir. Burda ən azı üç amil var: valideyn-ailə, məktəb-təhsil və canlı nümunə. Bu halqalardan birində problem varsa, ümumi prosesdə nasazlıq yaranır, zəif halqada "paslanma" prosesi baş verir və bu, bütün sistemin normal funksiyasını həyata keçirməsinə mane olur.

Bunları sadalamaqda məqsədim təhsil prosesinin kompleks xarakter daşıdığını göstərməkdir. Uşaq məktəbdə vaxtının yalnız 5-6 saatını keçirir. Yola, yeməyə, yatmağa sərf olunan vaxtı da bura əlavə etsək, o zaman ev tapşırıqlarını yerinə yetirmək üçün şagirdin 5-6 saat vaxt qalar. Əlbəttə, bunun hamısını şagird tədrisə sərf etsə, onun nə istirahətə, nə mütaliəyə, nə təmiz havada gəzməyə, nə sevimli məşğuliyyətlərinə zamanı qalacaq. Beləcə, biz övladlarımızın əlindən onların uşaqlıqlarını almış olacağıq ki, bu da onlara qarşı böyük haqsızlıqdır. Uşaqlığını istədiyi kimi yaşamayanlar psixoloji travmalı insanlar hesab olunurlar. Bunu alimlər də, pedaqoqlar da, psixoloqlar da təsdiqləyir. Savadlı övlad yetişdirmək hələ cəmiyyətə yararlı insan vermək demək deyil. Belə olduğu halda sutkanın 24 saatından yalnız 5-6 saatını məktəbdə keçirən şagirdin bir fərd kimi, şəxsiyyət kimi formalaşmasını birbaşa məktəbin və müəllimin məsuliyyəti kimi qəbul etmək olmaz. Güman edirəm ki, bu, ədalətsiz yanaşmadır. Dəfələrlə tanıdığım valideynlərə övladlarının tərbiyəsinə gün ərzində nə qədər vaxt sərf etdiklərini soruşsam da, onlar bu suala cavab verməkdə çətinlik çəkiblər. Yalnız bəziləri hərdən 15-30 dəqiqə övladları ilə tərbiyəvi mövzuda söhbətlər apardıqlarını etiraf ediblər.

Bütün bu məqamlara aydınlıq gətirməkdə məqsədim təhsil prosesinin birtərəfli deyil, çoxtərəfli, kompleks olduğunu göstərməkdir. Tərbiyə prosesi çoxçalarlı, dinamik və dəyişkən prosesdir. Bu prosesdə bir tərəfdən sosial-psixoloji, digər tərəfdən pedaqoji əlaqə və asılılıqlar özünü göstərir. Bu əlaqə və asılılıqlar bir-biri ilə sıx surətdə bağlıdır. Onları nəzərə almadan tərbiyə prosesini düzgün təşkil etmək olmaz. İndi valideyn evdə uşağın sırf tərbiyəsinə vaxt sərf etmir. Gündəlik qayğılar - iş, yorğunluq, evə gec gəlmək, gərgin iş mühiti, maddi problemlər buna mane olur. Son nəticədə tərbiyəsinə nə məktəbdə, nə də evdə vaxt ayrılmadığından şagird öz istədiyi kimi, özünü gördüyü kimi formalaşır.

Yadıma Əlcəzairdə şahidi olduğum bir hadisə düşür. Orada çoxuşaqlı ailələr övladlarını həyətə buraxır, balacalar axşama kimi vaxtlarını toz-torpağın içində, tanımadıqları insanların əhatəsində keçirirlər. Bir dəfə azyaşlı uşaqları niyə nəzarətsiz buraxdıqlarını soruşdum. Eşitdiyim cavab məni çox təəccübləndirdi: "Əgər uşaq həyətdə digərlərinin içərisində özünü qoruyub saxlasa, yaşayacaq". Başa düşdüm ki, Əlcəzairdə tərbiyə prosesində təbii seçim üsuluna üstünlük verilir. Hər ailənin 6-8 uşağı var və onlardan birinin və ya ikisinin xəstələnməsi, digər uşaqların zorakılığına məruz qalması, təzyiq görməsi valideyni təşvişə salmır.

Belə tərbiyə sistemi, əlbəttə, bizi qane etmir və edə də bilməz. Bu, bizim mənəvi dəyərlərimizə, onun milli elementlərinə ziddir. Amma etiraf edək ki, bizdə də tərbiyəyə kifayət qədər vaxt ayrılmır. Valideynlər övladlarının tərbiyəsini yalnız məktəbə həvalə etməklə kifayətlənirlər. Bu isə məsuliyyətdən yaxa qurtarmaqdan başqa bir şey deyil.

P.S. Sonda qeyd edim ki, aparılan sorğular göstərir ki, valideynlərin əksəriyyətini yalnız tədris, uşaqlarının təhsili və savadı maraqlandırır. Onlar heç evdə də tərbiyə işinə gündə 20-30 dəqiqə vaxt ayırmırlar. Bunu valideynlərin çoxu təsdiqləyər. "Uşağınızın tərbiyəsinə gündə neçə saat vaxt ayırırsınız?" sualına valideynlər təəccüblə yanaşır, guya tərbiyənin xüsusi vaxt tələb etmədiyini söyləyirlər. Bu, tamamilə yanlış fikir ailə-məktəb münasibətlərində mühüm, lakin mənfi rol oynayır. Hesab edirəm ki, məhz bu məsələ ciddi müzakirə mövzusu olmalıdır.

Rafiq ƏLİYEV




Baxış sayı: 1 929
Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı-dramaturqun yaradıcılıq gecəsi keçirilib Dünən, 21:00 Hakan Fidan: Türkiyə və ABŞ liderləri arasındakı dostluq NATO-ya kömək edə bilər Dünən, 18:30 Leyla Aliyeva attends opening of individual exhibition and tree-planting campaign in Gabala Dünən, 17:30 Prof.Fərrux Rüstəmov: ”Laçının elmlər doktorları və dövlət xadimləri” kitabı Laçın rayonunun elmi-siyasi elitasına ucaldılan mənəvi abidədir” Dünən, 15:00 BMT Azərbaycanla tərəfdaşlığın gücləndirilməsində maraqlıdır Dünən, 14:30 Azərbaycanın rəqəmsal inkişaf strategiyası ölkəni regional texnologiya mərkəzinə çevirəcək Dünən, 13:30 Dağıdıcı imperiya iddiaları müasir dünya üçün təhlükədir Dünən, 13:00 Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başlayıb Dünən, 11:30 Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var Dünən, 10:00 Kiyevə kütləvi hava zərbələri endirilib Dünən, 09:30 Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb Dünən, 08:00 Nəsib bəy Yusifbəylinin ölümü: tarixi-siyasi şərait və onun Azərbaycan dövlətçiliyinə təsiri 5-07-2026, 18:00 Ukrayna Prezidenti: Müharibəni başa çatdırmaq üçün real perspektiv var 5-07-2026, 11:00 Dövlət başçısı: "Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar" 5-07-2026, 10:30 Türk Akademiyası Monqolustanda qədim türk irsinin tədqiqini davam etdirir 5-07-2026, 08:30 Rəcəb Tayyib Ərdoğan: Münaqişələrin davamlı həlli region ölkələrinin iradəsi və dəstəyi ilə mümkündür 4-07-2026, 18:30 Birinci Türkoloji Qurultayın 100 illiyi və Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olunub 4-07-2026, 16:00 Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 4-07-2026, 13:00 “Türk Dünyası Həftəsi”nin iştirakçıları Xankəndi Bəyannaməsini qəbul ediblər 3-07-2026, 21:00 Dutch portal highlights Azerbaijan-Armenia peace process 3-07-2026, 18:00 “Qərbi Azərbaycan irsinə dair tədqiqatları davam etdirmək hədəfimizdir” 3-07-2026, 17:00 Ziyalı: Tarix, dövlətçilik və milli məsuliyyət 3-07-2026, 16:30 Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib 3-07-2026, 13:30 Dənizçi şair Səxavət Ənvəroğlunun növbəti kitabı işıq üzü görüb 3-07-2026, 11:30 "Türk Dünyası Həftəsi"nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar 3-07-2026, 11:00 Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir 3-07-2026, 11:00 Kiyevdə hava zərbəsindən ölənlərin sayı 30-a çatıb, dağıntıların təmizlənməsi davam edir 3-07-2026, 10:30 UNEP-in icraçı direktoru: Azərbaycanda ətraf mühitin qorunması naminə çalışan gənclərin enerjisi böyük ümid verir 3-07-2026, 10:30 Akademik Hüseyn Əhmədovun 100 illik yubileyinə həsr olunmuş toplantı keçirilib 3-07-2026, 10:00 Selçuk Bayraktar: Növbəti 30 ildə pilotsuz aparatlar hərbi təyyarələri əvəz edəcək 2-07-2026, 20:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031