FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Generalların Bakı görüşü: Azərbaycan strateji dialoq platforması kimi
20-12-2018, 10:20 | TƏDQİQATLAR-ANALITIKA
Generalların Bakı görüşü: Azərbaycan strateji dialoq platforması kimi

İki general dünya miqyasında özünü göstərən hərbi prosesləri müzakirə ediblər. Rusiya tərəfi NATO-ya aid qüvvələrin ölkə sərhədlərinə daha da yaxınlaşmasından narahatlığını ifadə edib. O cümlədən Ukrayna, Balkanlar və Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin yaratdığı risklər nəzərdən keçirilib. Ekspertlər belə bir vacib görüşün məhz Bakıda təşkil edilməsinin siyasi, geosiyasi və hərbi səbəblərini analiz edirlər. Ən dolğun qiymətləndirməni Azərbaycan Prezidenti İlham Əliyev verib. Dövlət başçısının vurğuladığı kontekst çərçivəsində Bakı görüşünün geosiyasi əhəmiyyəti üzərində bir qədər geniş dayanmağa ehtiyac gördük. İkiillik təcrübə: generallar yenə Bakını seçdilər

Bakı üçüncü dəfədir ki, qlobal təhlükəsizliyin təmini üçün ciddi əhəmiyyəti olan bir görüşə ev sahibliyi etdi. Dekabrın 12-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycan paytaxtında bir araya gəldilər. Bu formatda görüş 2017-ci ilin fevralından başlayıb. O vaxt V.Gerasimov ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford ilə müzakirələr aparmışdı. Həmin ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel ilə general V.Gerasimovun görüşü də Bakıda keçirilmişdi. 2018-ci ilin aprelində yenə də Bakıda V.Gerasimov-K.Skaparrotti görüşü baş tutmuşdu.

Artıq iki ildir ki, dünyanın iki böyük hərbi gücü yüksək səviyyədə müzakirələri Azərbaycan paytaxtında aparırlar. Bu, təsadüf ola bilməz. Adətən çox vacib danışıqlar üçün yeri diqqətli seçirlər. Dünya siyasi və hərb tarixində bunu təsdiq edən kifayət qədər faktlar var. Bakı da bu baxımdan düşünülmüş seçimdir. Bəs niyə Tbilisi və ya İrəvan yox, məhz Bakı? Məsələ belədir ki, Tbilisini Rusiya Cənubi Qafqaza ayaq basandan siyasi, diplomatik, hərbi mərkəz kimi təqdim edirlər. İndi isə vəziyyət tamamilə başqa cürdür.

Müstəqillik mərhələsində bütün dünya əmin oldu ki, Cənubi Qafqazda real güc sahibi Bakıdır. Bu, siyasi, iqtisadi, geosiyasi, mədəni və hərbi aspektlərdə belədir. Çünki Gürcüstan və Ermənistan müstəqillik illərində obyektiv mövqelərini və balanslı siyasət yeritmək kursunu saxlaya bilmədilər. Onlar hansısa bir geosiyasi gücə tam meyl edərək, digəri üçün şübhə predmetinə çevrildilər. Azərbaycan isə hər bir situasiyada obyektivliyi, ədaləti və balanslı əlaqələr prinsipini dəqiqliklə gözlədi və nəticədə, Cənubi Qafqazda ən etibarlı tərəfdaş oldu. Problemin digər aspekti müstəqil dövlət quruculuğu kursu ilə sıx bağlıdır. Azərbaycan regionda yeganə dövlətdir ki, suverenliyini, müstəqilliyini və xarici siyasətdə balanslaşma prinsipini tam saxlaya bilib.

Bakı müstəqil dövlət quruculuğu prosesini beynəlxalq hüquq normaları çərçivəsində ardıcıl olaraq aparır. Bu sırada bütün dünya üçün əhəmiyyətli olan layihələr həyata keçirir. Avropa Azərbaycanı enerji təhlükəsizliyində vacib tərəfdaş hesab edir, Rusiya bütün istiqamətlərdə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olması üçün çalışır, İranla yaxın əməkdaşlıq mövcuddur, Türkiyə ilə dünyada tayı-bərabəri olmayan əməkdaşlıq formatına malikdir, Gürcüstanla Azərbaycanın münasibətləri strateji xarakter daşıyır.

Azərbaycanın ABŞ və Avropa ilə də sıx əlaqələri mövcuddur. O cümlədən Bakı NATO ilə yaxından əməkdaşlıq edir. Müxtəlif beynəlxalq əməliyyatlarda aktiv iştirak edir, logistik xidmət göstərir. Azərbaycan hərbi sahədə Rusiya ilə ən sıx əlaqələri olan ölkələrdəndir. Təsadüfi deyil ki, Rusiya Azərbaycana ən çox silah satan dövlətdir.

Bütün bunlar, təbii ki, Bakının ABŞ və Rusiya generallarının rahat görüşüb müzakirə aparmaq məkanı olduğunu təsdiqləyir. Prezident İlham Əliyev həmin kontekstdə çox dolğun fikirlər ifadə edib. Dövlət başçısı 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bəyan edib: "Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Nəyə görə? Bunun bir neçə səbəbi var. İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq" (bax: Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib / AZƏRTAC, 13 dekabr 2018).

İlham Əliyev üç səbəb haqqında: inam, hörmət və qarşılıqlı faydalı əməkdaşlıq Ölkə rəhbəri tamamilə haqlıdır. Heç bir halda dünyanın ən güclü dövlətləri siyasi xəttinə, beynəlxalq aləmdəki fəaliyyətinə, sülhməramlı missiya daşıdığına inanmadıqları ölkənin ərazisində qlobal təhlükəsizlik məsələlərini müzakirə etməzlər. Əslində, bu inam Prezident İlham Əliyevədir. Çünki dövlət başçısı dəfələrlə beynəlxalq tədbirlərdə, görüşlərdə və müzakirələrdə yüksək dərəcədə sözünün üstündə duran lider olduğunu nümayiş etdirib. İlham Əliyev indiyə qədər verdiyi vədlərin hər birinə tam əməl edib. Bunu Vaşinqtonda, Brüsseldə və Moskvada çox yaxşı bilirlər.

Bu məqamlar dünyada Azərbaycana böyük hörmət qazandırıb. Prezident İlham Əliyev həmin özəlliyi ayrıca vurğulayır: "Digər tərəfdən, bizə olan hörmət. Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var. Müstəqil siyasət apararaq, sözün əsl mənasında, müstəqil ölkə kimi özümüzü təsdiq edə bilmişik. Hesab edirəm ki, bu, ikinci səbəbdir" (bax: əvvəlki mənbəyə). Doğrudan da, İlham Əliyev əməkdaşlıq formatlarının reallaşmasında, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqun konkret məzmun kəsb etməsində, regional və qlobal enerji layihələrinin, nəqliyyat-tranzit marşrutlarının, logistik xidmətlərin təşkilində və inkişafında əsl siyasi lider qətiyyəti, etibarlı tərəfdaş iradəsi və yüksək səmərəli fəaliyyət nümunəsi göstərib.

Bu barədə ABŞ, Avropa və Rusiyanın dövlət başçıları dəfələrlə öz fikirlərini bəyan ediblər. Bu səbəbdəndir ki, Azərbaycana bir müstəqil dövlət olaraq beynəlxalq miqyasda böyük hörmət və rəğbət yaranıb. Nəhayət, Prezident İlham Əliyev ABŞ və Rusiya generallarının məhz Bakını seçməsinin üçüncü vacib səbəbini konkret ifadə edib. Dövlət başçısı deyib: "Üçüncü səbəb ondan ibarətdir ki, həm Rusiya, həm də NATO ilə bizim sıx əlaqələrimiz var. Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrimiz gündən-günə güclənir. NATO ilə bir çox proqramlar əsasında işləyirik, Əfqanıstana sülhməramlı əməliyyatların keçirilməsi üçün böyük dəstək oluruq, yardımlar edirik və digər amillər burada rol oynayıb.

Amma bir daha Azərbaycan ictimaiyyətinin diqqətini bu məsələyə cəlb etmək istəyirəm ki, məhz Azərbaycanda bu dünya üçün çox böyük əhəmiyyət daşıyan görüş keçirilir" (bax: əvvəlki mənbəyə). Bəli, Azərbaycan rəhbərliyi hər iki tərəflə konkret proqramlar üzrə real əməkdaşlıq edərək özünün önəmli dövlət olduğunu qəbul etdirib. Rəsmi Bakı sübut edib ki, onun üçün başlıca prinsip qarşılıqlı faydalı əməkdaşlıqdır. Əgər qarşı tərəf də bu prinsipə real əməl edərsə, Azərbaycan heç bir əməkdaşlıqdan imtina etməz. Rusiya və NATO hərbi və təhlükəsizlik sahələrində Azərbaycanın bu keyfiyyətini nəzərə alaraq, özləri üçün taleyüklü məsələləri Bakıda müzakirə etməyə üstünlük verməkdədirlər.

Bu fikirlərdən aydın olur ki, NATO və Rusiya Bakıda olduqca vacib məsələləri müzakirə ediblər. Rusiya mətbuatının yaydığı informasiyalara görə, Valeri Gerasimov və Körtis Skaparrotti Avropada, Cənubi Balkanlarda və bütövlükdə dünyada təhlükəsizlik və hərbi vəziyyətin geniş müzakirəsini aparıblar. Rusiya tərəfi NATO-nun ölkənin sərhədləri yaxınlığında hərbi gücünü artırmasından narahatlığını bildirib. O cümlədən Şərqi Avropada, Balkanlarda və Yaxın Şərqdə Şimali Atlantika Alyansının daha da fəallaşması ilə bağlı yaranmış situasiya müzakirə edilib. Təbii ki, həmin kontekstdə İran məsələsi də unudulmayıb. Xüsusilə Qara dəniz və Azov dənizində yaranmış gərgin vəziyyət haqqında fikir mübadiləsi aparılıb. Tərəflər 2019-cu il üçün planladıqları hərbi tədbirlər barədə də bir-birinə informasiya veriblər.

Bu informasiyaların məzmunundan görünür ki, artıq Azərbaycan qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu strateji dialoq platforması rolunu da oynayır. ABŞ və Rusiya qlobal miqyasda prinsipial əhəmiyyət daşıyan problemləri Bakıda müzakirə ediblər. Sözsüz ki, bu müzakirələr davam edəcək. Bu baxımdan həmin müzakirələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də yardım göstərəcəyi ehtimalı yüksəkdir. Bakı qlobal miqyasda siyasi-diplomatik fəaliyyətin regional mərkəzlərindən birinə çevrilir. Bu prosesin Azərbaycanın müstəqil dövlətçiliyinin möhkəmlənməsində böyük rolu olduğuna şübhə yoxdur. Newtimes.az




Baxış sayı: 1 405
“At gücü” sənədli filmi təqdim olunub Dünən, 20:00 Sahibə Qafarova Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb Dünən, 20:00 Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib Dünən, 19:30 Documentary “Horse Power” presented at Nizami Cinema Center Dünən, 18:30 Ağdam şəhərinin sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:30 Naxçıvanda “Rənglərdə yaşayan şəhərlər” rəsm müsabiqəsinə start verilib Dünən, 12:30 Ekspert: Rusiya və Azərbaycan qarşılıqlı münasibətlərdə dostluq formatına qayıdıblar Dünən, 10:30 Süni intellektlə təchiz edilmiş “Abrams” tanklarının ABŞ ordusuna daxil olacağı tarix açıqlanıb Dünən, 10:00 Qərbi Azərbaycana həsr olunan dəyərli nəşr Dünən, 09:00 Baş katib Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb Dünən, 08:00 Naxçıvanda Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş oftalmoloji müayinələr aparılıb 15-04-2026, 20:30 Azərbaycan-Aİ münasibətlərinin vəziyyəti nəzərdən keçirilib 15-04-2026, 18:30 Dövlət büdcəsinin sosial xərcləri hər il artırılacaq 15-04-2026, 18:00 Armands Krauze: Şuşa görüşü Latviya ilə Azərbaycan arasında gələcək əməkdaşlıq baxımından çox vacibdir 15-04-2026, 18:00 Azerbaijan, Russia agrees on resolving issues regarding AZAL plane crash 15-04-2026, 17:00 ABŞ Yaxın Şərqə 10 minə yaxın əlavə hərbçi göndərir 15-04-2026, 16:00 Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15-04-2026, 09:30 TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub 15-04-2026, 09:30 Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub 15-04-2026, 09:00 BMT Baş katibi: Yaxın Şərqdə atəşkəs rejimi qorunmalıdır 15-04-2026, 08:00 Azərbaycanda nikah və boşanmaların sayı azalıb 14-04-2026, 18:30 Ukrayna və Almaniya 4 milyard avro dəyərində əməkdaşlıq paketini razılaşdırıb 14-04-2026, 18:00 Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb 14-04-2026, 17:30 Görkəmli ictimai-siyasi xadim və yazıçı Nəriman Nərimanovun doğum günüdür 14-04-2026, 14:00 DOST mərkəzlərində 200 mindən çox xidmət icra olunub 14-04-2026, 10:30 Laçında "Bəylik Bağları" yenidən bərpa olunur 14-04-2026, 10:00 Hakan Fidan: Türkiye is striving to contribute to ensuring peace between Azerbaijan and Armenia 14-04-2026, 08:00 Qazaxıstanlı şair-publisist Sayat Kamşıgerin “Qarabağ” kitabının təqdimatı keçirilib 14-04-2026, 07:30 BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur 14-04-2026, 07:30 Tramp: İran nüvə proqramı üzrə güzəştə getməsə, heç bir razılaşma olmayacaq 13-04-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930