FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistan bu gün: Paşinyan inamla xaosa doğru addımlayır
10-10-2018, 09:50 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistan bu gün: Paşinyan inamla xaosa doğru addımlayır

Nikol Paşinyan küçədən birbaşa baş nazir kreslosuna oturandan sonra dramatik və ziddiyyətli hadisələr bir-birini əvəz edir. İndi ekspertlər Ermənistanda müşahidə edilən proseslərin kökündə qanunlara əməl edilməməsinin dayandığı fikrini irəli sürürlər. Bunun təsdiqi kimi son aylar hakimiyyətin atdığı addımlar və parlamentin qəbul etdiyi qanunları göstərirlər. Hər iki tərəf beynəlxalq hüquqdan kənara çıxır. Bunun fonunda hazırda hökumət-parlament qarşıdurması yeni gərginlik səviyyəsinə yüksəlib. Proseslərin bu cür gedişinin Ermənistan siyasi səhnəsində hansı tendensiyalara yol aça biləcəyi üzərində geniş dayanmaq lazım gəlir.

Baş nazir və parlament: kim haqlıdır?

Baş nazir Nikol Paşinyan Ermənistanı inamla yeni kataklizmlərə doğru sürükləyir. Onun atdığı hər bir addım ölkənin siyasi səhnəsində gərginliyin artırılmasına əlavə təkanlar verir. Hazırda ekspertlər Ermənistanda getdikcə dərinləşən hökumət-parlament qarşıdurmasının mümkün siyasi nəticələrini proqnozlaşdırmağa çalışırlar. Demək olar ki, bütün siyasi qüvvələr artıq cəbhələşmədə iştirak edirlər. Bir zamanlar erməni siyasi mühitinin "monolitliyindən" ağızdolusu danışanlar indi sükut edirlər. Həm də ona görə ki, siyasi qütbləşmə onsuz da kiçik olan bu ölkəni daha xırda fraqmentlərə ayırmaq istiqamətini götürüb.

Ekspertlər hesab edirlər ki, bütün bunların kökündə N.Paşinyanın hakimiyyət hərisliyi dayanır. Bununla bağlı İrina Corbenadze yazır: "Situasiya onunla dərinləşir ki, Paşinyan inqilabın ilk dəqiqəsindən özündən başqa kimsəni baş nazir kimi görmürdü və bunu qətiyyən gizlətmirdi. "Mən və ya heç kim" formulu bu gün də qüvvədədir" (bax: В Армении началась контрреволюция? / "Росбалт", 3 oktyabr 2018).

Ziddiyyətləri alovlandıran digər məqam kimi N.Paşinyanın konkret hədəfinin olmamasını və siyasi proqramının yoxluğunu vurğulayırlar. Siyasətçi Paruyr Ayrikyanın bu kontekstdə verdiyi xarakteristika həqiqətə uyğun görünür. O deyib: "Hərəkat başlayanda Paşinyan növbədənkənar seçki ilə bağlı müəyyən bəyanatlar yaydı, amma indi tamam başqa şeylər deyib seçkinin dekabrda keçirilməsi gərəkliyini vurğulayır".

Məsələnin bu tərəfi həqiqətən maraqlıdır. Yəni aydındır ki, əvvəllər sakit dayanan və baş verənləri seyr etməklə kifayətlənən erməni siyasətçiləri artıq N.Paşinyanın davranış məntiqindən uyğun nəticələr çıxarırlar. Nəticədə, belə bir mənzərə alınır: N.Paşinyan dəqiq siyasi hədəfi olmayan boşboğaz mitinq-meydan "qəhrəmanı"dır, siyasi proqramı mövcud deyil, hakimiyyət hərisidir və onu saxlamaq üçün hər şeyə gedər, konstitusiyaya tam əməl etmir.

Etiraf edək ki, bu sadalanan çatışmazlıqlar bir siyasi lider üçün həddən artıqdır. Hətta onlardan hər hansı birinin mövcudluğu şəraitində belə uğurlu iqtidar olmaq mümkünsüzdür. Erməni siyasətçilərin özlərinin verdiyi yuxarıdakı xarakteristika onu göstərir ki, N.Paşinyan bir şəxs olaraq çox eqoist, siyasətçi olaraq qeyri-peşəkar (peşəkar siyasətçinin konkret siyasi hədəfi və əsaslı fəaliyyət proqramı olur), iqtidar olaraq isə qanunları mütəmadi pozandır. Bu qüsurlarla dövlətə başçılıq etmək olarmı? Əslində, Ermənistanda hər şey olar, çünki onun özü də qondarma dövlətdir.

Lakin məsələ yalnız Ermənistan sərhədləri ilə məhdudlaşmır. Buna görə də Ermənistanda müşahidə edilən proseslər ciddi narahatlıq doğurur. Vəziyyətin parlamentin "Milli Məclisin reqlamenti haqqında" qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini qəbul etməsindən sonra daha da gərginləşdiyini ekspertlər təsdiq edirlər. "Respublika" partiyasının təqdim etdiyi bu layihəni "Sarukyan" bloku və "Daşnaksütyun" da dəstəkləyib. Sonuncu ikisi N.Paşinyanı müdafiə edirdilər. İndi onlar da müxalif cəbhəyə keçiblər. Qanuna edilən düzəlişdə faktiki olaraq növbədənkənar seçkinin yaxın aylarda keçirilməsinə qadağa qoyulur. Orada xüsusi vurğulanır ki, kənardan təzyiq olduqda parlamentin qəbul etdiyi heç bir qanun keçərli deyil. N.Paşinyanın da küçədən təzyiqdən başqa, təsiretmə mexanizmi yoxdur. Sakit şəraitdə parlamentin əksəriyyəti respublikaçıların irəli sürdüyü layihəni dəstəkləyir.

Beynəlxalq hüquq: erməni siyasətçilərin tapdağı altında

Deməli, əsas ziddiyyət Nikol Paşinyanın növbədənkənar seçkilərin dekabrda keçirilməsi planı ilə bağlıdır. Müxaliflər anlayırlar ki, zaman onların xeyrinə işləyir. Səbəbini yuxarıda vurğuladıq – Ermənistan iqtidarı "inqilab" gedişində verdiyi vədlərin əksinə olaraq heç bir müsbət iş görə bilmir. Bu da N.Paşinyanın bir müddət sonra tamamilə nüfuzdan düşəcəyi anlamına gəlir. Təbii ki, "inqilabçılar" bunu dərk edirlər və tələsirlər. S.Sarkisyanın tərəfdarları isə əksinə, vaxtı uzadırlar. Bu səbəbdən də parlament növbədənkənar seçkinin tez keçirilməsini blok edən qanun qəbul edib.

Maraqlıdır ki, AŞPA da N.Paşinyana seçki keçirməkdə tələsməməyi məsləhət görür. Avropanın bu qurumunun monitorinq qrupunun Ermənistan üzrə həmməruzəçisi Y.Levoçkina bununla bağlı bəyan edib: "Biz Ermənistanda növbədənkənar seçkilərin keçirilməsinə dair çağırışları başa düşürük, amma ... seçkilərə hazırlıq üçün Ermənistandakı bütün siyasi qüvvələrin kifayət qədər vaxta malik olması vacibdir".

Bundan başqa, AŞPA Seçki Məcəlləsinə ediləcək dəyişikliyin Venesiya Komissiyasının təlimatlarına tamamilə uyğun gəlməsi zəruriliyini önə çəkib. Yəni Ermənistan iqtidarına və siyasi qüvvələrinə xəbərdarlıq edilir ki, növbədənkənar seçkilər və mümkün konstitusiya islahatlarının həyata keçirilməsi üçün lazımi qanuni baza yaradılmalıdır. Hər iki tərəf bunu ancaq beynəlxalq hüquq çərçivəsində edə bilər. Deməli, AŞPA faktiki olaraq Ermənistanda siyasi qüvvələrin öz maraqları naminə beynəlxalq hüququ pozmaqda olduğunu çatdırıb. Ancaq bu xəbərdarlığa erməni siyasi qüvvələrinin əməl etdiyini təsdiqləyən fakt hələ gözə dəymir.

Belə çıxır ki, Ermənistandakı siyasi ziddiyyətlərin kökündə, əslində, qanunsuzluq dayanır. Ölkənin iqtidarı ilə bərabər müxalifəti də lazımi səviyyədə beynəlxalq hüquqa əməl etmirlər. Bu məqam illərdir ki, Ermənistanda "azadlıq adası" axtaran bir sıra beynəlxalq təşkilatlar və ekspertlər üçün daha düşündürücü olmalıdır. Onlar, görəsən, anlayırlarmı ki, nə dərəcədə yalan mövqe tutublar və eyni zamanda, bunun fonunda Azərbaycana qarşı nə dərəcədə haqsızlıq ediblər. Heç bir real əsas olmadan Ermənistanı dəstəkləyiblər, orada insan haqlarına əməl edildiyini, islahatlar aparıldığını, qanunçuluğun hökm sürdüyünü deyiblər. İndi isə bunun tamamilə əksini ifadə edirlər.

Bu bağlılıqda Rusiyanın "Kommersant" qəzetinin bir qeydi maraqlıdır. Qəzet yazır: "Ermənistanda may ayında baş tutan "məxməri inqilab", əslində, inqilaba çevrilmədi. Meydanlardan hakimiyyətin rəhbəri kreslosuna əyləşən Nikol Paşinyan ordusuz bir generala çevrildi...". Ancaq digər Rusiya mətbu orqanları kimi cəmi bir neçə ay öncə həmin nəşr Ermənistan haqqında tamamilə başqa məzmunda yazılar dərc edirdi. Nələr baş verir?

Bütün hallarda Ermənistanın siyasi səhnəsi ilə bağlı bir nəticəyə şübhə yoxdur: hazırda bu səhnə dolaşıq düşmüş "siyasi yumağa" bənzəyir. N.Paşinyan qısa müddətdə onsuz da dolaşıq olan Ermənistan siyasi mühitini qatı "dumana bürüməyi" bacardı! Bu münasibətlə onu təbrik etmək olar! Lakin erməni xalqı üçün fəlakətli və vahiməli günlər bundan sonra başlaya bilər. Cənubi Qafqazda hər hansı xalqın fəlakətə düşməsi, təbii ki, yaxşı hal deyil və buna sevinmək olmaz. Ancaq nə etmək olar? Erməni xalqı artıq öz iradəsini ortaya qoyub, üzdəniraq "demokratik" siyasətçilərin dərsini verməlidir. Onlardan Azərbaycanla niyə düşmən olmalarının hesabını sormalıdır. Erməni xalqı tələb etməlidir ki, qonşuların torpaqlarını işğal etmək kursundan əl çəkib, insanların həyat şəraitini yaxşılaşdırmaq xəttini götürmək gərəkdir. Bunun üçün də təcavüzkar siyasətdən əl çəkilməlidir.

Təəssüf ki, Ermənistanda xalqın bu cür ayağa qalxmasını indi gözləmək elə də inandırıcı deyil. Çünki cəmiyyət o dərəcədə siyasi dərketmə baxımından öldürülüb ki, sadə erməni nəyin baş verdiyini anlaya bilmir. Ona "meydana çıx" – deyirlər, gedir, "evə gəl" – çağırılar, yenə də əməl edir. Buna rəğmən, zaman erməni xalqının əleyhinə işləyir. Sabah gec ola bilər! Newtimes.az




Baxış sayı: 1 554
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30