FACT-INFO.AZ » AKTUAL » “Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir”
11-07-2018, 08:45 | AKTUAL
“Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir”

Fact-info.az həmin mənbəyə istinadən müsahibəni təqdim edir

- Elman müəllim, ilk öncə Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş verən qəza və onun aradan qaldırılması üçün həyata keçirilən tədbirlərlə bağlı fikirlərinizi bilmək istərdik. Ölkə Prezidentinin yanında keçirilən müşavirədə ölkənin enerji sistemindəki vəziyyət geniş təhlil olundu. Müşavirədə qaldırılan məsələlər barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzadan sonra ölkənin energetika sahəsində ciddi problem yaşandı. Lakin müvafiq qurumların proseslərə müdaxiləsi nəticəsində bu, uzunmüddətli olmadı. Ümumilikdə görülmüş işlər nəticəsində paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın digər ərazilərinə elektrik verilişi bərpa olundu, həyatın bütün sahələrində normal iş fəaliyyəti yenidən öz ahəngində davam etdirildi. Hadisədən dərhal sonra Prezidentin mətbuat xidməti məlumat yayaraq, məsələnin dövlət başçısının daim nəzarətində olduğunu bəyan etdi. Bununla yanaşı, prezident İlham Əliyev "Azərbaycan İstilik Elektrik Stansiyası”nın yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. Dövlət Komissiyasının qarşısında dayanan əsas vəzifə hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Prezidentə məlumat vermək idi. Eyni zamanda, bu komissiya qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat verməlidir. Bununla yanaşı, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirəcək. İyulun 4-də isə Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətə dair müşavirə keçirildi, dövlət başçısının sərəncamı ilə yaradılmış komissiyaya daxil olan şəxslərin məruzələri dinlənildi. Ümumi olaraq gəlinən qənaət budur ki, Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş vermiş qəzaya həm əlaqədar qurumlar, həm də hökumət və dövlət rəhbərliyi çevik reaksiya verib. Bunun nəticəsində hadisənin fəsadları tez bir zamanda aradan qaldırılıb.

Bu müşavirədə "Azərbaycan İstilik Elektrik Stansiyası”da baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası üzvləri ayrı-ayrılıqda hesabatla çıxış etdilər. Müşavirənin keçirilməsində başlıca məqsəd qəzanın səbəblərini, nəticələrini araşdırmaqdan, bundan irəli gələn məsələlərin müzakirəsindən ibarət idi. Dövlət başçısı İlham Əliyev son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulduğunu vurğuladı. Diqqətə çatdırıldı ki, son 15 il ərzində Azərbaycanda 30 yeni elektrik stansiyası istifadəyə verilib, 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bunun nəticəsində Azərbaycanın hazırkı enerji potensialı 6400 meqavata çatdırılıb. Bunun 2500 meqavatı son 15 il ərzində yaradılıb. Ölkə başçısı Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında yeni elektrik stansiyalarının tikildiyini, həmçinin su elektrik stansiyalarının yaradıldığını söylədi. O qeyd etdi ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin deyə, mühüm işlər görülsə də, bir qəza nəticəsində bütün enerji sistemi sıradan çıxıb. Dövlətimizin başçısı bu məsələnin çox ciddi suallar yaratdığını vurğuladı. O, bu suallara cavab verilməsinin zəruriliyini bildirdi. Dövlət Komissiyasından tələb edildi ki, bu suallara tezliklə cavab tapılsın, ciddi araşdırma aparılsın, indiki vəziyyəti şərtləndirən amillər üzə çıxarılsın. Prezident müşavirədəki çıxışında birmənalı olaraq bildirdi ki, ciddi araşdırmaların aparılması nəticəsində günahkarlar müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır. Prezident İlham Əliyev yaranmış gərginlik fonunda əhalinin göstərdiyi mövqeyə, səfərbər olmuş cəmiyyətə, vətəndaş həmrəyliyinə və dövlət başçısının siyasi kursunu dəstəklədiyinə görə xalqımıza minnətdarlığını bildirdi. O, baş verənlərin eyni zamanda sınaq olduğunu və Azərbaycan xalqının bu sınaqdan şərəflə çıxdığını dilə gətirdi. Bu, bizim böyük nailiyyətimizdir. Bununla yanaşı, dövlət başçısı hadisə baş verən sektora görə məsuliyyət daşıyan məmurları kəskin tənqid etdi. Bildirdi ki, onların səhlənkarlığı ucbatından bu qəza baş verib. Nəticədə bu isti havada insanlara əziyyət verilib, iqtisadiyyata böyük ziyan vurulub. Bütün bunlar prezidentin baş verənləri şəxsən nəzarətdə saxladığını növbəti dəfə nümayiş etdirdi. Qeyd olundu ki, Dövlət Komissiyası xüsusi tədbirlər planı hazırlamalı, Azərbaycan xalqı gələcəkdə bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özünü qoruya bilməlidir.

- Son illər Azərbaycan regionda böyük layihələrin müəllifi kimi çıxış edir. Bu layihələr ölkəmizə nə kimi dividentlər gətirir?

- Müstəqil Azərbaycanın sosial və iqtisadi sahələrdə dinamik inkişafı prosesində Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı neft strategiyasının uğurla həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin müqaviləsi” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas faktor kimi çıxış edib. “Əsrin müqaviləsi”nin və digər layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın gücünü o səviyyədə artırıb ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilib. Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan yeni layihələr Avropanın enerji xəritəsini dəyişir ki, bu da olduqca qürurverici haldır. Bilirsiniz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər böyük layihələr reallaşdırılır. Ötən ay açılışı keçirilən "TANAP layihəsi "Cənub Qaz Dəhlizi"nin mühüm elementidir. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə ölkəmizin beynəlxalq aləmdə, Avrasiyada mövqelərinin möhkəmlənməsinə müsbət təsir göstərir. Bu ilk növbədə enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. TANAP həm də azad rəqabət, enerjinin şaxələndirilməsi layihəsidir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, meqalayihə bütün tərəflərin qazanc əldə etməsinə şərait yaradır. TANAP nəticə etibarı ilə çoxtərəfli əməkdaşlığın formalaşmasına gətirib çıxaran layihədir.

Bütövlükdə "Cənub Qaz Dəhlizi" ətrafında Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, İtaliya, Yunanıstan və Albaniya kimi ölkələrin sıx əməkdaşlığı formalaşıb. Balkanlardan Bosniya və Hersoqovina, Xarvatiya və Monteneqro da memorandum imzalayaraq, layihənin potensial iştirakçıları olublar. Əlavə olaraq, Rumıniya və Türkmənistan da layihəyə ciddi maraq göstərir. Görünən odur ki, "Cənub Qaz Dəhlizi" öz təsdiqini tapır dünya üçün böyük önəm kəsb edir. TANAP-ın işə düşməsi ilə Azərbaycan qazı Türkiyənin Qara dəniz sahillərinə qədər gətirilir. Bundan sonra isə TAP layihəsi ilə qazın Yunanıstana ötürülməsi reallaşdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyi üçün mühüm olan layihənin həyata keçirilməsinə vəsiqə verilir. Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyi rolunu oynayacaq. 2020-ci ildə 16 milyard qazın satışı gözlənilir. 2026-cı ildən başlayaraq, qazın ixracı daha da yüksələrək, 30 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır”.

- İşğalçı Ermənistan bütün bu layihələrdən kənarda qalır... - Ermənistan təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərindən və indi də Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsindən kənarda qaldı. Ermənistanın iqtisadi blokadası güclənəcək və bu ölkədən miqrant axını, eləcə də yerli əhalinin yoxsulluq səviyyəsi daha da artacaq. Təsadüfi deyil ki, Ermənistanda həm enerji, həm də Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasına bir faciə kimi yanaşırlar. Amma əslində bu faciəni özləri yaradırlar. İşğala son qoysunlar, onun nəticələrini aradan qaldırsınlar və bundan sonra Ermənistanın bu layihələrdə iştirakı məsələsinə baxıla bilər. Prezident İlham Əliyevin dediyi kimi, nə qədər ki bu təcavüzə son qoymayıb, Ermənistanın təcrid siyasəti daha da gücləndiriləcək: "Biz bu gün onun şahidi oluruq. Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı.”

- Elman müəllim, ümumiyyətlə, Ermənistanın yeni hakimiyyətinin Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı mövqeyini necə şərh edərdiniz?

- İşğalçı Ermənistanın yeni hakimiyyəti Sarkisyanın vəziyyətindən dərs çıxarmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikirləri, onun işğal olunmuş ərazilərimizə səfəri münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Həmçinin, o, aparılan danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəyir. Əslində, Paşinyan bu sərsəm və absurd fikirləri ilə münaqişənin nizamlanması ilə bağlı danışıqları yubatmaq istəyir. Ermənistan iflas vəziyyətindədir, ölkə onsuz da kifayət qədər zəifləyib, etirazlar dalğasından sonra isə tam çıxılmaz hala düşüb. Belə vəziyyətdə olan Ermənistanla inkişaf etmiş Azərbaycanın danışıqlara getməsi bu ölkə üçün faciəli ola bilər. Ona görə də Paşinyan vaxt udmaq istəyir. Amma başa düşməlidir ki, Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, heç bir perspektivə nail ola bilməyəcək.




Baxış sayı: 1 726
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq Dünən, 20:30 Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub Dünən, 18:30 Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib Dünən, 18:00 President Ilham Aliyev's social media accounts shared post on ADEX 2026 exhibition Dünən, 17:30 Abşeron Sağlamlıq Mərkəzi: ”Bir ünvan... Bir hiss... Min xatirə...” Dünən, 12:00 Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur Dünən, 12:00 Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir Dünən, 10:00 “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti Dünən, 10:00 Xocalı, Xocavənd və Şükürbəyliyə növbəti köç karvanı yola salınıb Dünən, 09:30 Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb Dünən, 08:00 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 29-09-2026, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir 29-09-2026, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır 29-09-2026, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See 29-09-2026, 16:30 Vətən və Qərbi Azərbaycan 29-09-2026, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı 29-09-2026, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub 29-09-2026, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər 29-09-2026, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb 29-09-2026, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi 29-09-2026, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031