FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Qlobal "ticarət müharibəsi": dünya nizamı üçün yeni risklər
19-06-2018, 07:15 | TƏDQİQATLAR-ANALITIKA
Qlobal "ticarət müharibəsi": dünya nizamı üçün yeni risklər

Amerika hökuməti sadalanan dövlətlərə əlavə gəlir vergisi tətbiq etməyi qərara alıb. Eyni zamanda, Asiya istiqamətində neftin satış həcmini və qaz ixracını artırmaqdadır. Bu hadisələri ekspertlər qlobal nizam üçün təhlükəli gedişat adlandırırlar. Onlar ehtiyat edirlər ki, vəziyyət dünya dövlətləri arasında müharibənin yaranmasına aparıb çıxara bilər. Ümumiyyətlə isə beynəlxalq münasibətləri tənzimləmə qaydaları iflasa uğrayar. Yeni dünya nizamının yaranmasına işarə verən əlamətlər isə görünmür. Bu mənzərə dünyanı hansı istiqamətə aparır? Vəziyyətdən çıxış yolu varmı? Bu kimi suallara geosiyasi cavab axtarışını aktual hesab edirik.

Trampın qəzəbi: əlavə vergi təzyiqi

Ekspertlər hesab edirlər ki, 2018-ci il iyunun 1-dən dünya düzəni üçün həlledici mərhələ başlayıb. Səbəb geosiyasi, yaxud hərbi faktorlarla bağlı deyil. ABŞ-ın ticarət naziri Uilbur Ross bəyan edib ki, Avropa İttifaqı, Kanada və Meksikadan polad idxalına 25 faiz və alüminium idxalına 10 faiz rüsumların tətbiq ediləcəyi planlaşdırılıb. Mart ayının 1-dən etibarən isə oxşar əlavə vergi Çin, Rusiya və Yaponiya üçün tətbiq edilməyə başlanmışdı. Donald Tramp Aİ, Kanada və Meksikaya düşünmək üçün 3 ay vaxt vermişdi. İndi isə o, səbrinin tükəndiyini bəyan edib.

Amerika Kanada, Meksika və Aİ ilə azad ticarət zonası ilə bağlı aparılan danışıqların nəticəsiz qaldığını bildirib. Tərəflər ortaq mövqeyə gələ bilməyiblər. Avropa, Kanada və Meksika Vaşinqtonun yeni tələblərinin qəbuledilməz olduğunu deyirlər. Həmin şərtlər daxilində azad ticarət zonasının fəaliyyət göstərməsi imkansız hesab edilir. Başlıca maneə ondan ibarətdir ki, Amerika daha çox özünə sərf edən şərtlərin qoyulmasını tələb edir. Çünki indiyə qədər əsas güzəşt edən tərəfin ABŞ olduğu iddia edilir. Məsələn, ABŞ Avropada istehsal olunan avtomobillərə az vergi qoyur, ancaq avropalılar amerikan məhsullarına bir qədər çox vergi qoyublar. Eyni vəziyyət Çinlə ticarətdə özünü göstərir.

Çin Amerika mallarına və şirkətlərinə güzəştli yanaşmaq istəmirdi. Ancaq Vaşinqton sərtləşdikdən sonra Pekin güzəştlərin mümkünlüyündən bəhs etməyə başladı. Artıq bu istiqamətdə müəyyən razılıqların əldə olunduğu barədə informasiyalar yayılıb. Lakin bütövlükdə qlobal ticarətdə vəziyyət gərgindir. ABŞ-ın yeni şərtləri ilə dövlətlərin heç də hamısı razılaşmır. Onlar da əks addımlar atırlar. Bu sırada Rusiya və Meksikanı göstərmək olar. Almaniya da müəyyən sərbəst addımlar barədə düşünür. Bütövlükdə Aİ öz ərazisində Amerikanın İrana tətbiq etdiyi sanksiyaların qüvvədən düşdüyünü bəyan edib. Vaşinqtonun alman avtosənayesi ilə bağlı irəli sürdüyü yeni iddia isə aranı tamamilə qatıb. Belə ki, D.Tramp avtomobil idxalında Amerikanın milli təhlükəsizliyi üçün təhdidlər gördüyünü ifadə edib. Buna qarşılığında Aİ Dünya Ticarət Təşkilatına (DTT) müraciət edəcəyini bəyanlayıb.

Brüsselin bu cür reaksiyasının səbəblərini Avropa Komissiyasının sədri Jan-Klod Yunker belə ifadə edib: "ABŞ bizə onların davranışlarını DTT-də müzakirəyə çıxarmaqdan və amerikan istehsalı olan bir neçə məhsula əlavə vergi qoymaqdan başqa çıxış yolu qoymadı" (bax: Победителей не будет: "Грохнутся все" / Rambler.ru, 4 iyun 2018). Avrokomissiyanın hesablamalarına görə, amerikan vergiləri avrozonadan 6,4 milyardlıq məhsulun ixracına təsir edir. Brüsseli başa düşmək olar.

Ekspertlər başqa bir əhəmiyyətli məqam kimi son zamanlar ABŞ-ın Asiya istiqamətində həyata keçirdiyi enerji siyasətini göstərirlər. "Reuters"in məlumatına görə, iyun ayında Amerika 2,3 milyon barel neft istehsal etməyi planlaşdırıb ki, bu da yeni tarixi rekorddur. Bu miqdarın yarıdan çoxu – sutkada 1,3 milyon barel Asiya ölkələrinə satılır. Çinin "Sinopec" şirkəti ABŞ-dan aldığı nefti 2 dəfə artırmaq qərarına gəlib və bunu iki ölkə arasındakı ticari disbalansı tənzimləmək üçün etdiyini bəyan edib. Amerikan neftinin digər alıcıları Hindistan, Cənubi Koreya, Tayvan və Tailanddır.

Geosiyasi maraq: hədəfdə kim var?

Ancaq ekspertlərə görə, burada ziddiyyət yaradan rəqabətin güclənməsi deyil. Problem ABŞ-ın enerji ticarətində təşəbbüsü ələ almaqla güddüyü əsas məqsədlə bağlıdır. Belə ki, Vaşinqtonun əsas hədəfinin İran olduğu iddia edilir. Asiya ölkələrinə nefti satmaqla Amerika İranın bu funksiyanı yerinə yetirməsinin qarşısını almaq istəyir. Bundan əvvəlki mərhələdə İran Çin və Hindistana kifayət qədər ucuz qiymətə çoxlu neft sata bilirdi. İndi Vaşinqton Tehranı bu imkandan məhrum etməyə çalışır.

Beləliklə, Amerikanın başladığı yeni "ticarət müharibəsi" yalnız iqtisadi-maliyyə sferası ilə məhdudlaşmır. Bunun geosiyasi aspekti daha çox narahatlıq yaradır. Ekspertlər hesab edirlər ki, bütövlükdə dünya nizamı silkələnir. Yəni ABŞ-ın enerji həmləsi dünyanın geosiyasi düzənini xaotik hala sala bilər. Dünyanın bu vəziyyətdən necə çıxa biləcəyi məlum deyil. Amerikanın daha ucuz neft təklif etməsi başqa ölkələrin də qiyməti aşağı salmasına səbəb ola bilər. Bu halda isə əsasən xammaldan gəlir götürən dövlətlərdə vəziyyət pisləşəcək. Onların gəlirlərinin azalması birbaşa əhalinin həyat səviyyəsinə neqativ təsir göstərəcək. Təbii ki, həmin ölkələr belə bir tendensiyanın qarşısını almağa çalışacaqlar. Bununla da ABŞ-la onlar arasında "ticarət müharibəsi" daha geniş miqyas alacaq.

Mütəxəssislərin rəyinə görə, ABŞ İranı küncə sıxışdırmaq iqtidarındadır. Amerika bütün sferalarda çox güclüdür. Ancaq İranın təcrid edilməsi prosesi avtomatik olaraq ciddi geosiyasi problemləri meydana çıxaracaq. O cümlədən Tehranın geosiyasi müttəfiqləri əks gedişlər etməyə məcbur qalacaqlar. Bu proses zəncirvarı olaraq bütün bəşəriyyəti ticari və geosiyasi kataklizmlərin ortasına atacaq.

Belə çıxır ki, ticari rəqabət getdikcə daha çox geosiyasi kontekstə aid edilir. ABŞ-ın İrana qarşı tutduğu siyasi mövqe məlumdur. İndi Vaşinqtonun dünyanın bütün ölkələrindən eyni mövqeyi tələb etməsi bu baxımdan çox risklidir. Hətta böyük dövlətlər seçim qarşısında qalırlar: ya Amerikanın tələbinə uyub, İrana düşmən olmaq ki, sonrakı mərhələdə də eyni vəziyyətə onlar özləri düşə bilər, ya da Vaşinqtonun iradəsinə qarşı çıxıb, onun qəzəbinə tuş gəlmək! Bu proses özlüyündə dünyanı iki cəbhəyə bölə bilər. Təbii ki, əsəblər Vaşinqtonun təzyiqinə tab gətirməyə bilər. Ancaq elə böyük dövlətlər var ki, Amerikaya qarşı durmaqdan başqa yolu yoxdur. Onda dünya iki aspektdə daha riskli vəziyyətə düşmüş olur. Onlardan biri beynəlxalq hüququn ciddi təzyiqlərə məruz qala bilməsi ilə bağlıdır. Beynəlxalq təşkilatlar baş verənlərə hər hansı reaksiyanı bildirməlidirlər. Bu cəhətdə qarşılıqlı ittihamlar və öz marağını təmin etmək üçün hüququ tapdalamaq cəhdləri istisna deyil.

İkinci aspekt geosiyasi münasibətlərin fraqmentarlaşması ilə əlaqədardır. Dünya geosiyasi mövqe baxımından iki düşərgəyə bölünəndə, korporativ maraqlar, yəni müəyyən qrup dövlətlərin sırf öz maraqlarını önə çəkməsi prosesi də güclənir. Müxtəlif regionlarda bu cür qruplaşmalar meydana gələ bilər ki, bu da özlüyündə dünya geosiyasi mühitinə qeyri-müəyyənlik gətirir. Şübhə yoxdur ki, belə bir vəziyyətin bütövlükdə qlobal geosiyasi proseslərə təsiri mənfi olacaq. İntriqaların silahlı müharibələrə çevrilməsi ehtimalı yüksələcək. Artıq bu barədə siyasi liderlər daha konkret və açıq danışırlar.

Hər şeyə rəğmən, dünyanın xeyli həssas və riskli bir hala gəldiyini deyə bilərik. Ekspertlər haqlı olaraq qlobal nizamın pozulma ehtimalının artmasından narahatdırlar. Lakin bu bədbin prosesin sonrakı mərhələnin başlanğıcı ola bilməsini də istisna etmək olmaz. Əgər bəşəriyyət rasional davransa, indi müşahidə edilən və risk daşıyan hadisələri konstruktiv məcraya yönəltmək mümkün olacaq. Bunun üçün nə lazımdır?

Təbii ki, bir çox şərtlər ödənməlidir. Lakin biz düşünürük ki, həmin sırada iki məqam daha vacibdir. Onlardan biri ikili standartlardan imtina, digəri isə ədalət prinsipinə əməl etməkdir. Bu iki məsələ birbaşa beynəlxalq hüququn təmin edilməsi şərtinə bağlıdır. Beynəlxalq hüququn ən səmərəli təminatçısı isə beynəlxalq təşkilatların konstruktiv çalışmasıdır. Bununla hazırda çətin vəziyyətdə olan beynəlxalq münasibətlər sistemini daha işlək duruma çıxarmaq mümkün ola bilər. Deməli, dünyanın ədalətə və hüquqa ehtiyacı var!

Newtimes.az




Baxış sayı: 1 785
Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb Bu gün, 21:00 "Onun adındakı işıq"  Bu gün, 20:00 Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir Bu gün, 16:30 Səfir: Azərbaycan ABŞ-dan minatəmizləmə texnologiyaları sahəsində dəstək gözləyir Bu gün, 15:00 II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə işıq salacaqmı? Bu gün, 12:30 “Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb Bu gün, 10:00 Bu gün Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür Bu gün, 09:30 Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük Bu gün, 08:30 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır Bu gün, 08:00 Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu Dünən, 18:30 Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər Dünən, 18:30 Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media Dünən, 16:30 Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb Dünən, 15:30 DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib Dünən, 15:30 Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb Dünən, 15:00 Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz Dünən, 11:30 Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək Dünən, 11:00 ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb Dünən, 10:00 BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Dünən, 09:30 Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınıb - DTX məlumat yaydı 10-08-2026, 21:00 Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib 10-08-2026, 18:30 Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. dollara yaxınlaşıb 10-08-2026, 18:00 UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub 10-08-2026, 16:00 Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur 10-08-2026, 16:00 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 10-08-2026, 15:30 Dünya bəzi xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır 10-08-2026, 10:30 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur 10-08-2026, 10:00 ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir 10-08-2026, 09:30 Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir 10-08-2026, 08:00 Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir 9-08-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31