FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » "AXC İslam dünyasında ilk dünyəvi, parlamentli respublikadır" - “The Jerusalem Post”
30-05-2018, 07:50 | TƏDQİQATLAR-ANALITIKA
"AXC İslam dünyasında ilk dünyəvi, parlamentli respublikadır" - “The Jerusalem Post”

Bu hadisənin çox böyük tarixi əhəmiyyəti var. Regionda demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyətidir. İslam dünyası tarixində ilk dəfə burada milli dövlət quruculuğunda Avropa modeli tətbiq edilib. AXC parlamentli demokratik respublikanın klassik modelinə uyğun olaraq siyasi plüralizm və çoxpartiyalılıq əsasında yaradılıb.

Tanınmış israilli ekspert Arye Qut bu barədə İsraildə çıxan ingilisdilli ”The Jerusalem Post” qəzetində dərc olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi, parlamentli respublikadır” sərlövhəli məqaləsində yazıb. https://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Azerbaijan-is-first-secular-parliamentary-state-in-the-Islamic-world-558465 Məqalə müəllifi yazır ki, iştirak etmək və dialoq aparmaq, bir-birini dinləmək və başa düşmək bacarığı əsrlərboyu inkişaf etdirilir və uşaqlıqdan tərbiyə olunur. Azərbaycan yeganə ölkədir ki, orada heç vaxt dini fanatizm, ksenofobiya və antisemitizm olmayıb. Müxtəlif dini konfessiyaların nümayəndələri əsrlərboyu burada dinc yanaşı yaşayıb, ölkədə yaşayan xalqların dilləri, ənənələri və mədəniyyəti yaşayıb və inkişaf edib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti etnik və dini problemləri həll etmək üçün müstəsna və etibarlı vasitə tapa bilib.

Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə millətindən, dinindən, dilindən və hansı dövrdə ölkədə yaşamasından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına müraciət edərək, onları yeni demokratik dövlət quruculuğu prosesində fəal iştirak etməyə çağırıb: “Tarix hamımıza bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birinə əl uzatmalı və yardım etməlidirlər”.

A.Qut Azərbaycan dövlətçiliyinin təşəkkül tapdığı bu çətin dövrdə yəhudi icmasının rolundan yazır. Onun sözlərinə görə, Azərbaycanın hüdudlarından kənarda və dünya yəhudiləri arasında az sayda insanın yəhudi icmasının Azərbaycanda necə əhəmiyyətli və böyük rol oynadığı barədə məlumatı var. O yazır: “Azərbaycan alimi, doktor Moisey Bekker bu yaxınlarda «IRS HERITAGE» jurnalında yazıb: “Yəhudi milli şurası 1917-ci il dekabrın 3-də yaradılıb. Bu təşkilatın sədri doktor Moisey Quxman seçilib”. “Bu inanılmaz fakta bənzəyir, amma yəhudi icmasının iki nümayəndəsi Azərbaycanın birinci hökumətində nazir olub”, - deyə A.Qut məqaləsində vurğulayır. Məqalə müəllifi erməni daşnaklarının 1918-ci ildə Qubada törətdikləri qanlı hadisələr üzərində ətraflı dayanaraq yazır: “O illərdə baş vermiş hadisələrin mənzərəsi hazırda bərpa edilib və Quba şəhərində yəhudi əhalinin kütləvi şəkildə qırılması barədə indiyədək ictimaiyyətə məlum olmayan faktlar aşkarlanıb. Sinaqoqun arxivləri açılıb və faciə qurbanlarının qohumlarının çoxsaylı ifadələri toplanıb. Amazaspın başkəsənləri təkcə 1918-ci ilin may ayının ilk iki günü ərzində Quba şəhərində və ətraf kəndlərdə 1700 Azərbaycan türkünü, 1200 ləzgini və 300-dən çox tatı vəhşicəsinə öldürüblər. Yəhudilərin kütləvi qətlə yetirildiyi yerdə Amazaspın quldur dəstələri tərəfindən insanlara görünməmiş işgəncələr verilib, qadınlar və uşaqlar zorlanıb, qocaların və yeniyetmələrin burunları və qulaqları kəsilib və sonra da qətlə yetirilib. Meyitləri Şimi dərəsindəki çalaya atılıb. Sənədlərə və şahid ifadələrinə görə, o dövrdə daşnaklar tərəfindən 50 min azərbaycanlı ilə birlikdə təqribən 3 min yəhudi də öldürülüb”.

Doktor Moisey Quxman 1918-ci il dekabrın 7-də yəhudi icması adından çıxış edərək deyib: “Hörmətli deputatlar! Azərbaycan üçün bu əlamətdar günlərdə, onun müstəqil dövlət quruculuğunun başlandığı günlərdə mən Bakıdakı 20 min yəhudi tərəfindən seçilmiş bir insan kimi, Azərbaycan Cümhuriyyətinin qanunvericilik hakimiyyətini alqışlamağa gəlmişəm. Azərbaycan türklərinin xalqların təyini-müqəddəratı şüarı altında, xalqın həqiqi maraqları əsasında bütün ictimai həyatını öz əlinə almağa çalışması Azərbaycan yəhudilərinin ürəyində ən hərarətli əks-səda doğuracaq. Azərbaycan yəhudiləri hesab edirlər ki, onların, xüsusən də AXC-nin müxtəlif bölgələrinə səpələnərək ayrı-ayrı yuvalarda yaşayan qardaşlarımın – dağ yəhudilərinin hüquqları gənc parlamentin damı altında daim etibarlı şəkildə qorunacaq, hər hansı insanın bizim hüquqlarımızı və maraqlarımızı pozmağa yönələn hər hansı cəhdinin qarşısı alınacaq”. Milli Şuranın 120 nəfərdən ibarət parlament formalaşdırmaq qərarına toxunan A.Qut yazır: “Parlamentdə 80 azərbaycanlı, 21 erməni, 10 rus, 1 alman, 1 yəhudi, 1 gürcü və 1 polyak deputat təmsil olunmuşdu. Ancaq Azərbaycanın müstəqilliyini istəməyən ermənilər parlamentin fəaliyyətində iştirak etmirdilər.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində parlament müzakirə etdiyi 270-dən çox qanun layihəsinin 230-nu qəbul etdi. Parlamentdə 11 fraksiya vardı. Fasiləsiz fəaliyyət göstərdiyi 17 ay ərzində parlament Azərbaycan dövlətçiliyi tarixində silinməz izlər qoydu. Parlamentin Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında 1919-cu il sentyabrın 1-də qəbul etdiyi qanun bu baxımdan daha diqqətəlayiqdir. Milli universitetin yaradılması Cümhuriyyətin böyük tarixi nailiyyəti oldu”.

İsrailli ekspert öz məqaləsində vurğulayır ki, Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etmək üçün 1919-cu il mayın 8-də Fransanın paytaxtına gəldi. Azərbaycan nümayəndə heyəti gələn kimi ABŞ prezidenti Vudro Vilsona aşağıdakı xahişlərlə müraciət etdi: -Azərbaycanın müstəqilliyini tanımaq; -Vilson prinsiplərini Azərbaycana tətbiq etmək; -Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətini qəbul etmək; -Azərbaycanı Millətlər Liqasına qəbul etmək; -ABŞ Azərbaycana hərbi yardım göstərsin; -ABŞ ilə AXC arasında diplomatik münasibətlər qurulsun. Prezident V.Vilson Azərbaycan nümayəndə heyəti ilə görüşsə də, onları soyuq qarşıladı. O bildirdi ki, Paris Sülh Konfransı dünyanı xırda parçalara ayırmağa can atmır. ABŞ prezidenti Azərbaycan nümayəndə heyətinə konfederasiya ruhunu inkişaf etdirməyi məsləhət gördü. Çünki Rusiya ilə məsələ ümumi şəkildə nizamlanmayana qədər Azərbaycan məsələsi həll oluna bilməz. Ancaq V.Vilsonun münasibətinə baxmayaraq, müttəfiqlərin Ali Şurası 1920-ci il yanvarın 12-də Azərbaycan, Gürcüstan və Ermənistanı de-fakto tanıdı.

Əslində, müttəfiqlər bolşevizmdən qorxduqları üçün Zaqafqaziya respublikalarını tanıdılar. AXC-nin beynəlxalq aləmdə nüfuzu getdikcə artmağa başladı. Bakıda Böyük Britaniya, Yunanıstan, İtaliya, Litva, Gürcüstan, Danimarka, İran, Ukrayna, Finlandiya, İsveç, ABŞ və İsveçrənin səfirlikləri fəaliyyətə başladı. İsrailli ekspert vurğulayır ki, Azərbaycanın 11-ci Qızıl Ordu tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli azadlıq hərəkatı tarixində dərin və silinməz izlər qoydu. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində sübut etdi ki, hətta ən amansız və zülmkar müstəmləkə rejimi də Azərbaycan xalqının azadlıq və müstəqillik ideyalarını məhv edə bilməyib. AXC Azərbaycan tarixində ilk parlamentli respublika kimi bütün İslam dünyasında hüququn aliliyinə əsaslanan demokratik dünyəvi dövlətin ilk modeli oldu. A.Qut fikrini bu sözlərlə tamamlayır: “Bu gün müstəqil və güclü Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı ACX dövlətçiliyinin zəngin ənənələrindən bəhrələnərək, bu sanballı tarixi irs üzərində müstəqil və güclü Azərbaycan dövləti yaratdı”. (AZƏRTAC)




Baxış sayı: 1 786
Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib Bu gün, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb Bu gün, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb Bu gün, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır Bu gün, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər Bu gün, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub Bu gün, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib Dünən, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib Dünən, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib Dünən, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub Dünən, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting Dünən, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir Dünən, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi Dünən, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib Dünən, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir Dünən, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub Dünən, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır 22-09-2026, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib 22-09-2026, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb 22-09-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930