FACT-INFO.AZ » AKTUAL » Xoyskinin qardaşı nəvəsi: “Babamgil son nəfəslərinə qədər SSRİ-nin dağılacağına ümidlərini itirmədilər”
15-05-2018, 08:45 | AKTUAL
Xoyskinin qardaşı nəvəsi: “Babamgil son nəfəslərinə qədər SSRİ-nin dağılacağına ümidlərini itirmədilər”

- 27 may 1960-cı ildə hərbi çevriliş ilə hakimiyyətdən uzaqlaşdırılan prezident Cəlal Bayar Qafqaz İslam Ordusunun Azərbaycanı tərk etməsinə dair sizə nə danışmışdı?

- 1968-ci ildə Bursanın Gəmlik qəsəbəsindəki isti su müalicə mərkəzində idik. Keçmiş prezident Cəlal Bayarın evi bizim qaldığımız yerin düz qabağında - Umurbəydə idi. Səməd Ağaoğlu xanımı ilə Cəlal Bayarın evinə gedib onu və xanımını da götürərək isti suların olduğu yerdə nahara gəlmişdilər. Bayram ərəfəsi idi, bir də gördük ki, restoranda hamı ayağa qalxdı. Cəlal Bayar, Səməd Ağaoğlu və xanımları restorana daxil oldular. Mən Səməd Ağaoğluna xəbər göndərdim ki, vaxtı varsa, Səma xanımın oğlu Kərim bəy onunla görüşmək istəyir. Səməd bəy “Təbii, buyursunlar” - dedi, onların yanına getdik. (Daha sonra o görüşdə çəkilmiş şəkilləri sizə verəcəyəm.) Cəlal Bayar o vaxt 85 yaşında idi, 1986-cı ildə 103 yaşında vəfat etdi. Çox güclü yaddaşı vardı. Səməd bəy dedi ki, Kərim bəy Xan əminin nəvəsidir. O vaxt Türkiyədəki bütün azərbaycanlılar babam Hüseynqulu xana “Xan əmi” deyərdilər. Səməd bəy soruşdu ki, Xan əminin kim olduğunu bilirsinizmi? Cəlal Bayar çox yaşlı olmasına baxmayaraq, babamı xatırladı. Səməd bəy dedi ki, bizim iqtidarımız vaxtında Azərbaycanla bağlı iclaslar keçirirdik, Fətəli xan Xoyskinin müstəqil Azərbaycan Cümhuriyyətinin ilk baş naziri olduğunu bilirsiniz, onun böyük qardaşı Hüseynqulu xan da o iclaslarda iştirak edirdi, İstanbuldakı azərbaycanlıların lideri o idi. Xeyli söhbət etdik. Cəlal Bayar keçmişdə baş verən hadisələri xatırladı. Qafqaz İslam Ordusu Azərbaycana göndəriləndə Cəlal Bayar Osmanlı parlamentində Manisa millət vəkili olub. Bayar dedi ki, Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olaraq Mondros sazişini imzalamasından sonra Qafqaz İslam Ordusunun Azərbaycanda qalması mümkün deyildi. Ordunun orada qalması müxtəlif bəhanələrlə 1-2 ay uzadıla bilərdi. Nuri Paşa böyük qardaşı Ənvərə teleqram göndərərək Azərbaycan ordusunu gücləndirmək üçün bir neçə ay da qalmaq istədiyini bildirir, ancaq Mondros sazişi hər şeyə əngəl olurdu. Cəlal Bayar bunların hamısına şahid olmuşdu və təfərrüatları ilə bizə danışdı. O vaxt ingilislər də bölgədən çıxdılar. Bayar deyirdi ki, türk ordusu və ingilislər bölgədən çıxandan sonra Azərbaycan ordusu ruslara və ermənilərə qarşı təkbaşına mübarizə aparmaq məcburiyyətində qaldı. O, rus ordusu bölgəyə yaxınlaşanda Azərbaycan parlamentində müstəqilliyə qarşı olan qüvvələrin də təzyiqi ilə milli hökumətin devrilməsindən danışdı.

- Azərbaycanda cərəyan edən hadisələrin hamısının xəbəri gəlirmiş, eləmi?

- Cəlal Bayar hamısını xatırlayırdı. Səməd bəy dedi ki, Kərim bəy Xan əminin nəvəsidir. Biz illər boyu ailəlikcə Sürəyya abla ilə, Tezer abla ilə, Səməd bəy ilə tez-tez görüşürdük. Onlar bizim ailəmizə çox yaxın olublar. Cahangir Kazımbəylinin (Gəncənin müdafiəsinin qəhrəmanlarından biri) böyük oğlu 1958-ci ildə Səməd bəyin bibisinin nəvəsi ilə evləndi - Əhməd Ağaoğlunun bacısı nəvəsi ilə. Ərə gedən qızın adı Sona idi.

- Səhv etmirəmsə, İsmət Giritli də o ailədən qız almışdı. - İsmət Giritli ilə bacanaq olmuşdular.

- Səməd Ağaoğlu ilə Cəlal Bayarın çox yaxın olduğunu deyirsiniz. Eşitdiyimizə görə, Cəlal Bayar deyibmiş ki, Səməd Ağaoğlunu Adnan Menderesdən əvvəl tanısaydım, Demokrat Partiyasının lideri və baş nazir Səməd bəy olardı. Sizin bu barədə məlumatınız varmı?

- Bayar ilə Ağaoğlu çox yaxın idilər. Onların yaxınlığının əsas səbəbi Cəlal Bayarın çox geniş mütaliəyə və mədəniyyətə malik olması ilə bağlı idi. Digər tərəfdən, Cəlal Bayarın Səməd bəyin atası Əhməd Ağaoğlu ilə də yaxınlığı olmuşdu. Əhməd Ağaoğlu Atatürk ilə də çox yaxın idi. Atatürk bəzən ona əsəbiləşmişdi, bəzən Atatürkü əsəbiləşdirmişdi. Ancaq əslində Əhməd Ağaoğlu hamını əsəbiləşdirirdi(Gülür)... - Niyə?

- Ağaoğlu birbaşa danışan adam idi. Əlibəy Hüseynzadəni də çox əsəbiləşdirirmiş. - Onu niyə?

- Onlar çox yaxın dost olublar, ancaq ən çox mübahisə edən adamlar da onlar olub. Hər gün görüşüblər, hər gün mübahisə ediblər, ancaq 5 dəqiqədən sonra hər şey keçib gedirmiş, fikir və düşüncələri ətrafında mübahisə edirmişlər.

- Bayarın Səməd Ağaoğlu ilə iddiasına dair siz nəsə eşitmisinizmi?

- Bəlkə Cəlal Bayar Səməd Ağaoğlunu Demokrat Partiyasının başına gətirə bilərdi, ancaq o vaxt Menderes çox fəal idi. Populyarlıq baxımından Menderes Cəlal Bayardan da qabaqda idi. Ona görə, mən Cəlal Bayarın Səməd Ağaoğlunu Demokrat Partiyasının başına gətirə bilmək üçün gücü olduğuna inanmıram. Çünki o iş tamamilə Cəlal Bayarın əlində deyildi, Adnan Menderesin qabağını kəsmək mümkün deyildi. Məsələn, indi Məhərrəm İncə prezidentliyə namizəd oldu, Kamal Kılıçdaroğlu onun qabağını kəsə bilməzdi, ictimaiyyət arasındakı populyarlığı baxımından Məhərrəm İncə daha yaxşı vəziyyətdədir. Səməd Ağaoğlu ilə bağlı mənim demək istədiyim də buna çox yaxındır. Cəlal Bayar Menderesin qabağını ala bilməzdi.

- İqtidara gələndən sonra...

- Səməd Ağaoğlu Menderesin bütün hökumətlərində nazir, baş nazirin müavini oldu.

- Menderesin ilk hökumətinin xarici işlər naziri Fuad Köprülünün xaricdən gələn türklərlə maraqlanmadığını iddia edirlər. O işlərin hamısı Səməd Ağaoğlunun çiyinlərinə düşübmüş. Bu barədə nə demək istərdiniz?

- Cəlal Bayar, Adnan Menderes, Fuad Köprülü və Refik Koraltan Cümhuriyyət Xalq Partiyasından (CHP) ayrılaraq Demokrat Partiyasını qurdular. Partiyanı sonra genişləndirdilər.

- Məsələn, Mirzəbala Məmmədzadə şikayət edirmiş ki, Fuad Köprülü bizimlə heç maraqlanmadı...

- Təbii, təbii. Fuad Köprülünün heç kimə köməyi dəymədi, bütün işləri Səməd Ağaoğlu gördü. Hamı Səməd Ağaoğlunun yanına gedirdi.

- Bunun bir səbəbi də Qafqaz İslam Ordusu Azərbaycana gedəndə Əhməd Ağaoğlunun ordunun komandanı Nuri Paşanın siyasi müşaviri olması ilə bağlı idi?

-Təbii ki, bir çox şey oraya bağlı idi. Nuri Paşanın da Azərbaycandan gələnlərlə çox yaxın münasibəti olmuşdur, o da çox sadə və təvazökar adam olub. Ənvər Paşanın kiçik qardaşıdır. Onların əsas gücü əmiləri Xəlil Paşanın Kut-ül-Amarədəki ordusu idi, ingilislərin böyük ordusuna qalib gəlmişdi. Azərbaycana gedən hərbi qüvvələrin çoxu isə Suriyadakı cəbhədən idi.

-Nuri Paşadan sonra Xəlil Paşa Bakıya getdi. Mürsəl Paşa, Vəhib Paşa da sonra getdilər. Onlara general rütbəsi Azərbaycana getdiklərinə və orada qazandıqları zəfərlərə görə verilmişdi. O vaxt qılınc ilə savaşmaq asan deyildi.

- Nuri Paşanın ordusu 10 may 1918-ci ildə Təbrizdən yola düşüb Xudafərin körpüsündən keçərək Zəngəzur yolundan təxminən mayın 20-də Gəncəyə çatmışdı. Onları Gəncədə babanız Hüseynqulu xan qarşılamışdı?

- Təbii. Fətəli xana teleqram gəlib, orada yazılıb ki, Nuri Paşa yoldadır. Fətəli xan babama deyib ki, ağabəy, Gəncədəki adamlarımızı bir yerə topla. Gəncə o vaxt məhəllə kimi imiş, böyük şəhər-zad yox imiş. Bir xəbər salan kimi, hamı gəlirmiş. Nuri Paşa və bəzi adamları Adil xanın evinə gediblər, Pişnamazzadə də gəlib, ordakıları Nuri Paşaya təqdim edib. O da çox mühüm işlər görüb. O vaxt çəkilən şəkillərdə Məhəmməd Əmin var, Fətəli xan var, babam var, doktor Xudadat bəy var. Azərbaycanlı generalın adı nə idi?

- Şıxlinski.

- Şıxlinski. Onun adamlarından da orduya cəlb edirlər.

- Babanızın sayəsində Şıxlinskinin “vəhşi diviziyası” da Azərbaycanın müstəqilliyinin müdafiəsinə qoşulmuşdu.

- Babam da 1904-cü ildəki Rus-yapon müharibəsində iştirak etmişdi. Gözünə girən mərmini çətinliklə çıxarmışdılar, ona görə hərbi xidmətə davam edə bilməyib, general rütbəsi ala bilməmişdi. Şıxlinski Rus-yapon müharibəsinin qəhrəmanlarından biri idi, babamla çox yaxın dost idilər.

- Babanız Polşadan nə vaxt qayıtdı?

- Babam orada çox qalmamışdı, bir neçə ildən sonra İstanbula qayıtmışdı. Ona fəxri general rütbəsi vermişdilər. Babam Gəncəni ruslardan bir müddət müdafiə edəndən sonra Cahangir Kazımbəyli ilə İstanbula gəlib.

Babamın xanımı və övladları 2 ildən sonra İstanbula gələ bilmişdilər. Bilirsənmi, Eminönündə babam və xanımı Şirinbəyim nənəm təsadüfən rastlaşıblar.

- Eləmi? Nə qədər dramatik bir hadisə...

- Bəli. Nənəm öz ərinin İstanbuldakı yerini bilmirdi, babam isə xanımının uşaqlarla birgə İstanbula gəlməsindən xəbərdar deyildi. Onlar Batumidən gəmiyə minərək İstanbulun Karaköy limanına gəliblər. Heç kimi tanımırlar, uşaqlarla körpüdən Eminönünə keçiblər, təsadüfən babamla üz-üzə gəliblər. Nənəmə deyiblər ki, Azərbaycandan gələn mühacirlər əsas etibarilə Sultanəhməd məscidinə yaxın yerlərdə yaşayırlar. Dörd uşaqla gələn nənəm heç kimi tanımırmış, onların əllərindən tutub Eminönünə keçib, orada əri ilə qarşılaşıb. Çox ağlayıblar. Bu, möcüzədir. Daha sonra babam Polşaya gedib. Orada Cahangir bəyə rəsmi general rütbəsi veriblər. Babama isə fəxri general rütbəsi veriblər. Babam o vaxt onsuz da pensiyada idi, fəal şəkildə orduda xidmət edə bilməzdi. Babamgilin əsas fikri Azərbaycana qayıtmaq idi, başqa niyyətləri yox idi. İkinci Dünya müharibəsindən sonra azərbaycanlı mühacirləri Almaniyadan çıxarıblar, onları əvvəl Avstriyaya, oradan isə İtaliyaya göndəriblər. Onların Türkiyəyə gəlməsinə icazə veriləndən sonra təxminən 1500 nəfər azərbaycanlının burada qarşılanmasını babam təşkil edərək işlərini sahmana salıb. Ona görə hamı babama Xan əmi deyirdi.

- Babanız Nuri Paşa ilə yaxından əlaqə saxlayırdımı?

- Babamgil Türkiyəyə gələn kimi Nuri Paşa ilə əlaqə yaratmışdılar, çox yaxın dost idilər.

- Nuri Paşanın silah zavoduna babanız da gedirdimi?

- Nuri Paşanın emalatxanası əvvəlcə Bakırköydə idi... - Zeytunburnunda...

- O vaxt o bölgənin hamısına Bakörköy deyirdilər, sonradan Zeytunburnu dedilər. Daha sonra silah zavodunu Südlücəyə köçürdü. Nuri Paşa çox aktiv adam idi, dövlət ona heç bir yardım etmirdi, hər şeyi öz təşəbbüsü ilə həyata keçirirdi. Zavoda bir neçə alman da gətirmişdi, partlayıcı maddələr istehsal edirdi.

- Sizcə, Nuri Paşanın zavodunda baş verən partlayış təsadüf idi, yoxsa əvvəlcədən planlaşdırılmış təxribat?

- Məncə, təsadüf idi. Nuri Paşanın meyiti çox gec tapıldı. O hadisə babama da çox pis təsir etmişdi.

Stalinin ölümünə qədər İstanbuldakı azərbaycanlılar daima qorxu içində idilər. Məsələn, SSRİ-dən yüksək vəzifəli şəxs İstanbula gələndə babam, nənəm, digər mühüm şəxslər bir neçə gün küçəyə çıxa bilmirdilər. Bir neçə polis gəlib onların evində otururdu. Guya azərbaycanlılar rusların yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd təşkil etməsinlər deyə tədbir görülürdü. 2-3 il bu şəkildə davam etdi. Həmişə eyni polislər gəlirdi, onlarla dost olmuşduq, çay-qəhvə-yemək verirdik. Burada Şəfi bəy, İdris bəy, Mirzə bəy SSRİ səlahiyyətli nümayəndələri gələndə nəzarət altında saxlanılırdı. Mirzə bəy Nəsibbəy Yusifbbəyilinin kürəkəni idi, Zöhrə Göygölün əri. Mirzə bəy Azərbaycan hökumətinin Avropaya göndərdiyi 100 tələbədən biri idi, Berlində oxumuşdu. Mirzəbala Məmmədzadə kitablar, məqalələr yazırdı. Bəzən Münhgenə gedirdi, orada dərgi çıxırdı, bizə də gəlirdi, təəssüf ki, onlar itdi...

- Babanızın mayor Fətəlibəyli ilə də münasibəti var idimi? Fətəlibəyli müharibədən sonra İstanbulda çox qaldımı?

- Mayor buraya gəlib-gedirdi, çox az qalırdı. Onların evi Almaniyada idi, gələndə babamla görüşürdülər. Onların hamısı SSRİ-yə kənardan müdaxilə nəticəsində rus imperiyasının çökəcəyinə ümid bəsləyirdilər. Ancaq bu, mümkün deyildi, içərindən dağılmayan bir imperiyanı qıraqdan müdaxilə ilə necə çökdürmək olardı? Özünüz də gördünüz ki, SSRİ içəridən dağıldı, o da bir möcüzə idi. Ancaq babamgil son nəfəsə qədər ümidlərini itirmədilər...




Baxış sayı: 3 384
Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30 Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar muzeyə hədiyyə olunub 30-01-2026, 10:00 Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək - Rəsmi 30-01-2026, 09:00 Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Özbəkistan hərtərəfli strateji tərəfdaşlığa yönəlib 30-01-2026, 07:30 Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər 29-01-2026, 21:30 Özbəkistan Prezidenti: Türkiyə dünyanın yeni geosiyasi güc mərkəzlərindən birinə çevrilir 29-01-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728