FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Milli ideya və onun təkamül fəlsəfəsi
17-04-2018, 17:20 | TƏDQİQATLAR-ANALITIKA
Milli ideya və onun təkamül fəlsəfəsi

2017-ci ildə Rusiyanın paytaxtında nəşr edilən və iki kitabdan ibarət olan əsər Azərbaycan cəmiyyəti üçün olduqca aktual olan problemlərin fəlsəfi-elmi tədqiqinə həsr edilib. Akademik Azərbaycan milli ideyasının fəlsəfi analizini verib, yeni müddəalar irəli sürüb, proqnostik fikirlər ifadə edib. Əsərdə, Azərbaycanda milli ideyanın formalaşmasının tarixi mərhələləri kifayət qədər dolğun araşdırılıb və dövlətçiliyin inkişafı bağlılığında maraqlı qənaətlər əldə edilib. Geniş təhlil əsasında müasir mərhələdə Azərbaycanda müstəqil dövlət quruculuğunun yeni mərhələyə qədəm qoymasında milli ideyanın rolu müəyyənləşdirilib, onun fəlsəfi səciyyəsi verilib. Geniş mövzuları əhatə edən bu problematikanın əsərdə ətraflı fəlsəfi təhlili yer alıb. Biz bir məqalədə onların bütün çalarları üzərində dayana bilmərik, lakin bir sıra məqamlarla bağlı fikirlərimizi bildirməyə ehtiyac görürük. Azərbaycan milli ideyası: fəlsəfi idrakın obyekti kimi

Tarixin bütün dönəmlərində cəmiyyətdə böyük rol oynayan fəlsəfənin müasir mərhələdə də rolu çox yüksəkdir. Azərbaycan kimi intensiv yeniləşmə prosesini yaşayan ölkələr üçün fəlsəfənin əhəmiyyəti daha böyükdür. Dünyada, regionda və cəmiyyətin özündə baş verən prosesləri adekvat dərk etmək üçün, hər şeydən öncə, fəlsəfi refleksiyaya ehtiyac mövcuddur. Bundan başqa, fəlsəfə bir fərd olaraq insan şəxsiyyətinin kamilləşməsində, vətəndaş mövqeyinin düzgün müəyyənləşməsində olduqca ciddi rol oynayır.

Hər bir cəmiyyətdə olduğu kimi, Azərbaycanda da fəlsəfi fikrin avanqardı, lokomotivi və aparıcı qüvvəsi olur. O, bütövlükdə milli fəlsəfi fikrin dinamikasına ciddi təsir edir, milli səviyyədə əhəmiyyət daşıyan problemlərin fəlsəfi qoyuluşu, onların səbəblərinin araşdırılması və həlli ilə bağlı vacib fikirlər irəli sürür. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycan fəlsəfi fikrində məhz bu yeri tutur və aparıcı rol oynayır. Ramiz Mehdiyevin əsərlərində müasir Azərbaycan cəmiyyəti üçün prinsipial fəlsəfi-elmi əhəmiyyət kəsb edən məsələlərin dərin fəlsəfi təhlili aparılır, səbəbləri göstərilir, həlli yolları müəyyən olunur. Bu zaman akademik sırf dövlətçi mövqeyindən çıxış edir. İnkişaf prinsiplərini Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəli addımlayan, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmləndirən, dünyada nüfuzunu durmadan artıran milli, müstəqil və demokratik Azərbaycan dövlətinin tərəqqisinə xidmət edən çox qiymətli əsərlər müəllifi olan akademik Ramiz Mehdiyevin 2017-ci ildə nəşr olunan növbəti kitabları da böyük maraq doğurub.

Moskvada nüfuzlu nəşriyyatlarda dərc olunan kitablar nəfis tərtibata malikdirlər. Onlar bütövlükdə Azərbaycanın milli ideyasının fəlsəfi dərkinə həsr olunub. Birinci kitab "Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası" adlanır (bax: Mextiev R.G. O polğze poznaniə istorii v formirovanii naüionalğnoy idei. V 2 kn. Kniqa I. - M.: Stoliüa, 2017, 684 s.). İkinci kitab "Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası" adlanır (bax: Mextiev R.G. Naüionalğnaə ideə Azerbaydjana v gpoxu qlobalğnıx transformaüiy. V 2 kn. Kniqa II. - M.: Politiçeskaə gnüiklopediə, 2017, 365 s.).

Bu kitablar bir-birlərini mövzu və məzmun baxımından çox gözəl tamamlayırlar. Orada Azərbaycan milli ideyası ilə bağlı məsələlər maraqlı kontekstdə qoyulub. Bir yazıda onların hər biri üzərində dayanmaq imkansızdır, çünki akademik çox dərin və geniş təhlillər aparıb, vacib müddəalar irəli sürüb. Bu səbəbdən biz kitabların ümumi məziyyəti və orada yer almış bir sıra ideyalar haqqında müəyyən fikirləri bildirməyə çalışacağıq.

Əsəri dərk etmək üçün, ilk növbədə, onun ruhunu dərk etmək gərəkdir. Çünki ortaya tamamilə yeni yanaşma əsasında Azərbaycanın gələcəyi ilə bağlı olan fundamental fəlsəfi-elmi problemlər çıxarılır, analiz edilir və həlli istiqamətləri göstərilir. Konkret desək, əsər keçmiş naminə deyil, gələcək üçün yazılıb. Bu zaman baxılan məsələlərin tarixinə diqqət yetirilir, onlar təhlil olunur, lakin kimlərisə ittiham etmək üçün deyil, milli tarixin adekvat dərki əsasında Azərbaycanın gələcəyinin fəlsəfi obrazını yaratmaq naminə edilir. Bu, çox mühüm elmi yükü olan məqamdır, çünki "Azərbaycanın gələcəyi problemi getdikcə daha çox aktual xarakter alır. Və zamanın əlaməti ideya olur, o cümlədən, milli ideya" (bax: I Kitab, s. 11). Problemin bu cür dərki üçün əsərdə istifadə olunan metodologiyanın iki mühüm aspekti diqqəti çəkir. Akademik bir tərəfdən Azərbaycanın keçmişi və indisinin elmi dərkinə, Azərbaycan xalqının tarixinin dünya tarixinin tərkib hissəsi kimi dərkinə, digər tərəfdən isə milli ideyanın maddiləşməsinin mühüm tərkib hissəsi kimi ölkənin gələcəyinin proqnozlaşdırılmasının, dövlətin siyasi, iqtisadi və mənəvi modernləşdirilməsinin dərkinə olan böyük ehtiyacı vurğulayır. Bu zaman mərkəzi punkt olaraq milli ideya götürülür.

Milli ideyanın fəlsəfi dərkində isə bir mühüm prinsipi akademik xüsusi qeyd edir. Belə ki, Azərbaycanın həm milli ideyaya, həm də milli ideologiyaya ehtiyacı vardır. Lakin anlamaq lazımdır ki, keçmişdə olan milli ideyanın məzmunu müasir milli ideyanın məzmunundan fərqlənir. Əgər XX əsrin əvvəllərində müstəqil Azərbaycan dövləti qurmaq vəzifəsi qarşıya qoyulmuşdusa, bu gün söhbət Vətənimizi XXI əsrdə necə görmək istədiyimiz kontekstində getməlidir. "Bizə yeni milli ideya və ya, daha uyğundursa, yeni çağırışlara cavab verən xalq və dövlətin həyat fəlsəfəsi lazımdır" (bax: əvvəlki mənbəyə, s. 7). Və bu həyat fəlsəfəsinin olmadığı təqdirdə, xalqın uğurluluğunun və tarixi davamlılığının mümkünsüzlüyünü milli intellektual elita aksiom kimi qəbul etməlidir.

Deməli, akademik Ramiz Mehdiyevin bu əsərində, XXI əsrin astanasında müstəqil dövlətçiliyin əldə edilməsi fonunda müasir Azərbaycan cəmiyyətinin inkişaf tendensiyaları milli ideya kontekstində analiz olunur. Bu prosesdə tarixin öyrənilməsinin ayrıca əhəmiyyət daşıdığı vurğulanır. Tarix elə bir fenomendir ki, sosial orqanizmin həyat ritmindən kənarda heç zaman baxıla bilməz. İnsan həm tarixi yaradır, həm də yaratdığı tarixi dərk edir. Bu iki cəhətdən birində axsaqlıq olanda, cəmiyyət kollektiv reallıq kimi öz təkamül yolunu itirə bilir. Əslində, fərd də öz tarixini lazımi səviyyədə anlamasa, şəxsiyyət olaraq natamam qalır. Müasir sosioloji araşdırmalarda gəlinən qənaətlərə görə, öz milli tarixini daha yaxşı bilən insanlar istənilən sosial-mədəni mühitə daha çevik adaptasiya olunur və yüksək tolerantlığa malik olurlar. Bununla bağlı Rusiya sosioloqlarının apardığı bir tədqiqatda postsovet məkanından oraya miqrasiya etmiş insanlardan məhz öz etnik və milli tarixlərini adekvat bilənlərin Rusiya cəmiyyətinə inteqrasiyasının asan baş verdiyi qənaətinə gəlinib. Bu o deməkdir ki, hər bir xalq üçün tarixi bilmək həyat əhəmiyyətli məsələdir.

Tarixin dərk edilməsi: akademik Ramiz Mehdiyevin orijinal yanaşması

Akademik Ramiz Mehdiyev də məsələni bu aspektdə aktuallaşdırır. Eyni zamanda, tam haqlı olaraq "tarix necə öyrənilməlidir" sualını qoyur. Akademik yazır: "Tarixin dərk edilməsi müasir proseslərdə düzgün istiqamətlənməklə yanaşı, həm də gələcəyi öncədən görməyə yardım edir" (bax: əvvəlki mənbəyə, s. 16). Yəni tarixi - keçmişdə baş verənləri dərindən dərk edib indi müşahidə edilən proseslərdən düzgün nəticə çıxarmaqla, dövlət və cəmiyyət olaraq gələcəyi öncədən görə bilmək üçün öyrənmək lazımdır. Tarixin dərkinə yanaşmada çox vacib bir məqamı akademik önə çəkir.

Faktiki olaraq burada Azərbaycan fəlsəfəsi qarşısında duran əhəmiyyətli bir vəzifə ifadə olunub. Milli tarix XXI əsr Azərbaycanının müstəqil və demokratik dövlət olaraq inkişafı və vətəndaş cəmiyyətinin postindustrial mərhələdə formalaşması modelinin yaradılması kontekstində öyrənilməlidir. Tarix Azərbaycanın milli sərhədləri aşaraq transmilli məkanda uğurlu güclü dövlət və güclü cəmiyyət ola bilməsi üçün fəlsəfi refleksiyanın obyektinə çevrilməlidir. Əslində, bu, Azərbaycan fəlsəfi təfəkkürünü özünüdərkə çağırışdır. Praqmatik müstəvidə məzmun kəsb edən təfəkkür fəaliyyətinə dəvətdir. Tarixi tarix naminə deyil, milli inkişaf üçün öyrənmək məqsədidir. Bu prosesdə məhz fəlsəfənin aparıcı rol oynamalı olduğu isə aksiomdur.

Bu cür müasir fəlsəfi-elmi metodoloji yanaşma əsasında akademik Ramiz Mehdiyev Azərbaycan xalqının tarixinin mühüm aspektlərini təhlil edir, o cümlədən, antropologiya və etnogenez məsələlərini araşdırır. Müəllif dərin analiz əsasında belə bir qənaətə gəlir: "Azərbaycanlıların tarixi və dünyagörüşü etnik inkarçılığı (qəbuledilməzliyi - red.) istisna edir" (bax: əvvəlki mənbəyə, s. 286). Tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olan Azərbaycan üçün bu, tamamilə təbii haldır. İpək Yolu kimi böyük bir ticarət marşrutunun əsas punktlarından biri olan Azərbaycanda müxtəlif etnik qruplara, mədəniyyətlərə və dinlərə mənsub insanların ümumi dil tapması tarixi bir zərurət idi.

Akademik Ramiz Mehdiyev də məhz həmin bağlılıqda Azərbaycanda zərdüştlük, xristianlıq və islamın təşəkkülünün fəlsəfi təhlilini aparır. Müəllif sübut edir ki, Azərbaycan xalqı zəngin mənəvi-əxlaqi keyfiyyətlərə malikdir. Onun mədəniyyəti, o cümlədən, musiqisi zəngindir. Bütün bunlar ən mürəkkəb situasiyalarda belə Azərbaycan xalqının dayanıqlı mənəviyyat və ruh nümayiş etdirməsini şərtləndirib. Burada, şübhəsiz ki, ideyanın rolu xüsusi vurğulanmalıdır. Çünki "millətin ideyaya apriori ehtiyacı vardır" (bax: əvvəlki mənbəyə, s. 352). Müasir tarixi mərhələdə öz müstəqil dövlətini yaratmaqda və inkişaf etdirməkdə hər bir millət üçün milli ideya əvəzedilməz faktordur. Təbii ki, milli ideya tarixi xarakterə malikdir - o, təkamüldədir, tarixi, sosial, geosiyasi, siyasi və mədəni şərtlərin dəyişməsi ilə yeniləşə bilər. Burada başlıca şərt ondan ibarətdir ki, milli ideya millətin konkret tarixi dövrdə inkişafını təmin edən istiqaməti müəyyənləşdirsin. Bu baxımdan Azərbaycan milli ideyası da özünün təkamül xəttinə malikdir. Ramiz Mehdiyev əsərdə bu məqama ayrıca vurğu edir. "İdeya mümkün gələcəyin perspektivlərini açmaqla bərabər, həm də bu gələcəyin praktikada təcəssüm etməsinə yönəldir" (bax: əvvəlki mənbəyə, s. 354).

Milli özşüur və milli ideya: kollektiv özünüdərkin pillələri

Bu müddəaların fonunda akademik Ramiz Mehdiyev azərbaycanlıların milli özşüurunun təhlilini aparıb, Azərbaycan xalqının özşüurunun, özünüdərkinin mürəkkəb inkişaf yolu keçdiyini göstərib və onun formalaşmasında tarixi yaddaşın oynadığı rola diqqət çəkib. Misal olaraq, akademik vurğulayır ki, " ... azərbaycanlıların əcdadlarının yaratdıqları qədim müstəqil dövlətlər, güclü türk elementi, ... Azərbaycan türklərinin imperiyaları ... haqqında tarixi yaddaşı göstərmək olar ..." (bax: əvvəlki mənbəyə, s. 357-358).

Buradan məntiqi olaraq aydın olur ki, milli ideya və tarixi yaddaş milli identikliyin təşəkkülündə ciddi rol oynayır. Əslində, bu faktorlar bir-biri ilə qarşılıqlı əlaqədədirlər. Onlar başqa parametrlərlə birlikdə millətin formalaşmasında xüsusi rol oynayırlar. Bu bağlılıqda demək mümkündür ki, "milli ideyanı sosial operator, identifikasiya üsulu, başlıca dəyər kimi başa düşmək olar" ki, o, "inkişaf strategiyasını müəyyənləşdirir, siyasi marginallıqdan uzaqlaşdırır və millətin hansı məqsədə can atmasının mahiyyətini aydınlaşdırır" (bax: əvvəlki mənbəyə, s. 386).

Bu fikirlərdən aydın olur ki, milli ideya cəmiyyətin mövcudluğu və inkişafı üçün fundamental funksiya yerinə yetirir. Dövlətin və cəmiyyətin tarixi təkamülün bütün sınaqlarından uğurla çıxması üçün həlledici rol oynayır. Bu səbəbdəndir ki, milli ideyanın tarixi dönəmlərdə necə yeniləşməsi də millətin taleyi baxımından prinsipial əhəmiyyət daşıyır. Akademik Ramiz Mehdiyev məsələnin bu aspektinə xüsusi önəm verərək vurğulayır ki, qloballaşma dövründə milli ideyanın məzmununun müəyyənləşməsi dövlətçilik kontekstində strateji özəlliyə malikdir. Bu məqam iki səviyyədə aktualdır.

Birincisi, dövlətin və cəmiyyətin daxili inkişaf maraqları aspektində milli ideya aparıcı funksiya yerinə yetirməlidir. Bunun üçün millətin tarixi dolğun və müasir tələblər fonunda adekvat öyrənilməlidir. Bu şərt ödənmədikdə ən qabaqcıl fikirlərlə zəngin olan ideya belə cəmiyyəti fəlakətə sürükləyər. Müasir elmi cərəyanlarda sübut olunub ki, sosial mühit kimi mürəkkəb funksional-struktur keyfiyyətlərə malik sistemlərdə özünütəşkil (başqa ifadə ilə özünüinkişaf, özünü daim yaratma) ideyaların zamanında və real şəraitə uyğun tətbiqi ilə sıx bağlıdır. Bu prizmadan milli ideyanın tarixi və futuroloji əhəmiyyəti daha qabarıq görünür. Çünki milli ideya məhz özünütəşkili təmin edən nizamlama parametri rolunu oynayır. Həmin məqamda iki səviyyə üçün xarakterik olan bir özəlliyə keçid baş verir.

İkincisi, milli ideya konkret sosium üçün xarici mühitin təsirlərini daxili tələbatın ödənilməsinə yönəltmək qüdrətində olmalıdır. Bir qədər fəlsəfi ifadə etsək, milli ideyanı (həm də milli ideologiyanı) cəmiyyətlə xarici mühit arasında uyğunlaşmanı təmin edən mexanizm kimi də təsəvvür etmək olar. Müasir qlobal transformasiyaların baş verdiyi bir zamanda problemin bu aspekti ayrıca əhəmiyyət kəsb edir. Akademik Ramiz Mehdiyev bu incəliyə əsərində böyük yer ayırır - II kitab birbaşa ona həsr edilib (bax: Mextiev R.G. Naüionalğnaə ideə Azerbaydjana v gpoxu qlobalğnıx transformaüiy. V 2 kn. Kniqa II. - M.: Politiçeskaə gnüiklopediə, 2017, 365 s.).

Qlobal transformasiyalar: milli ideyaya təsirləri

Qlobal transformasiyaların milli dövlətlərə təsirinin həm mənfi, həm də müsbət tərəfləri vardır. Akademik Ramiz Mehdiyev vurğulayır ki, "qlobal transformasiyalar milli dövləti müasirliyin bir çox mühüm problemləri üzrə müstəqil mövqedən məhrum edir" (bax: I Kitab, s. 389). Etiraf edək ki, bu vəziyyət kifayət qədər mütəhərrik bir mənzərə yaradır. Belə ki, uğurlu milli dövlət öz daxili maraqları ilə qlobal transformasiyaların ortaya atdığı şərtlərlə dinamik tarazlığı təmin etməlidir. Bunun üçün o, çevik fəaliyyət mexanizminə və mütərəqqi ideoloji məzmuna malik olmalıdır.

Deməli, faktiki olaraq qlobal transformasiyalar dövründə milli ideya milli ideologiya və identikliklə yeni səviyyədə qarşılıqlı əlaqələr şəbəkəsində mövcuddur. Akademik Ramiz Mehdiyevin kitablarında problemin bu mürəkkəb aspektləri dərindən və qarşılıqlı əlaqədə təhlil edilir. Bu kontekstdə milli ideya ilə milli identikliyin ayrıca fəsildə tədqiq edilməsi tamamilə yerinə düşür (bax: əvvəlki mənbəyə, s. 391-433). Bu anlayışların dövlətçiliyin inkişafı müstəvisində qarşılıqlı əlaqədə fəlsəfi dərki Azərbaycan mühiti üçün olduqca aktual bir məsələdir. Akademik Ramiz Mehdiyev kitabında tam haqlı olaraq yazır ki, bu kimi problemlərin Azərbaycan alimləri tərəfindən tədqiq edilməsi gərəkdir. Bu prosesdə akademikin əsərləri istiqamətverici rol oynayır. Qloballaşma şəraitində milli ideologiya ilə milli identikliyin nisbətinin təhlili də bu baxımdan olduqca əhəmiyyətlidir.

Əsərdə həmin məsələyə məhz qloballaşma prosesi kontekstində nəzər salınması elmi baxımdan düzgün yanaşmadır. Məsələ ondan ibarətdir ki, tədqiqatçılar qloballaşmanın bütün cəmiyyətlərə ciddi təsir etdiyini qeyd edirlər. Bu proses ayrı-ayrı cəmiyyətlərin struktur-funksional keyfiyyətlərinə böyük təsir edir ki, nəticədə, ümumiyyətlə, sosial-mədəni və siyasi-iqtisadi dinamika dəyişir. Bununla bağlı akademik Ramiz Mehdiyev vurğulayır: "Qloballaşma cəmiyyət həyatının hər yerinə nüfuz edir. İntensiv informasiya mübadiləsi və informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bir neçə on ildən sonra cəmiyyətlərdə millət əvəzinə müxtəlif məqsəd və dəyərlərə istiqamətlənmiş insan kütləsinin mövcud olması ehtimalı böyükdür" (bax: əvvəlki mənbəyə, s. 394).

Bu fikir qloballaşma mərhələsində milli ideya ilə milli identikliyin nisbətinin nə dərəcədə aktual olduğunu aydın göstərir. Əgər söhbət hər hansı millətin müstəqil milli dövlətə malik olmaq niyyətindən gedirsə ki, Azərbaycan da, şübhəsiz, həmin sıradadır, məsələ daha da aktuallaşmış olur. Çünki "fərqli maraq və dəyərlərə malik insan kütləsinin" yaranması birbaşa milli dövlətçiliyin məhvinə aparır. Bu barədə Ulrix Bekin mövqeyinin də akademik Ramiz Mehdiyev tərəfindən xatırladılması təsadüfi deyil. Con Mirşaymerin də Avropanın gələcəyi ilə bağlı metaforik fikri həmin kontekstdə adekvat mövqe təsiri bağışlayır (bax: əvvəlki mənbəyə, s. 392-393).

Bütün bunların nəticəsində "qloballaşma prosesləri yeni dünya nizamı formalaşdırır ki, bu da öz növbəsində fərdin qlobal dünya düzənində yeri və rolunu yeniləşdirir" (bax: əvvəlki mənbəyə, s. 394). Fəlsəfi aspektdə çox maraqlı yanaşmadır. Aydın olur ki, müasir tarixi dövrdə qloballaşma prosesi müxtəlif cəmiyyətlər arasında yeni münasibətlər sistemi formalaşdırır ki, yekunda fərdi və ictimai səviyyədə ciddi dəyişikliklər baş verir. Bu, fərdi və kollektiv reallığın zaman-məkan kontinuumunda yeni münasibətlər şəbəkəsinə daxil olması anlamına gəlir. Onda milli ideya ilə milli identikliyin qarşılıqlı münasibətinin milli dövlətçiliyin taleyində mərkəzi yerlərdən birini tutduğu qənaətinə gələ bilərik.

Milli ideya və milli identiklik: dövlətçilik kontekstində Problemin bu cəhəti akademik Ramiz Mehdiyev tərəfindən dövlətçilik çərçivəsində dərindən araşdırılır. İdentikliyin müxtəlif növlərinin fəlsəfi müqayisəsi aparılır. Özlüyündə mürəkkəb struktura malik olan bu faktorun üzərində burada geniş dayanmaq mümkün deyildir. Əsərin ümumi ruhu müstəvisində onu vurğulayaq ki, akademik milli, etnik, siyasi, mədəni və s. identikliklərin dəqiq fəlsəfi izahını verir. Onlardan görünür ki, Azərbaycan üçün milli ideya ilə milli identikliyin müasir çağırışlara uyğun gələn münasibətini yaratmaq həyati əhəmiyyətə malikdir. Akademik Ramiz Mehdiyev yazır: "Etnik və milli identikliklərin əsasında mədəni identiklik dayanır, ancaq bu anlayışlar öz məzmununa görə identik deyillər, çünki fərqli təməllərə dayanırlar. Etnik identiklik psixoloji səviyyədir. O, konkret etnosun mənşə ümumiliyinə əsaslanır. Milli identiklik daha çox şüurun siyasi-ideoloji, mənəvi səviyyəsidir. Onun təməl əsası vahid dövləti və iqtisadi quruluşa, mədəniyyətdə ortaq ideallara və dəyərlərə, ümumi ərazi və tarixə malik olmağı dərk etməkdən ibarətdir" (bax: əvvəlki mənbəyə, s. 414).

Deməli, milli identiklik daha geniş məzmuna malikdir. Onun sosial, mədəni, siyasi və psixoloji aspektləri vardır. Bu mənada etnik identiklik milli identikliyin tərkib hissəsi kimi təsəvvür edilə bilər. Bununla yanaşı, akademikin yanaşmasında milli identiklik keyfiyyətcə yeni səviyyəyə aid olan fenomendir. Burada siyasi-ideoloji və dövlətçilik aspektləri xüsusi yer tutur. Konkret ifadə etsək, milli identiklik cəmiyyətin siyasi və ideoloji özəlliklərini müəyyənləşdirən faktorlar sırasındadır, eyni zamanda, sosial təşkilatlanmanın, mobilizasiyanın və idarəetmənin məzmununa təsir edir. Əsərdə bu aspektlərin sintezi fonunda milli ideya ilə milli identikliyin nisbətinin fəlsəfi analizi diqqəti çəkir.

Həmin bağlılıqda akademik Ramiz Mehdiyevin dünya miqyasında milli-dövlət identikliklərinin böhranının müasir siyasi-mədəni transformasiyaların işığında təhlilinin önəmini vurğulaması də maraqlıdır. O cümlədən, qloballaşma və transmilli identikliklərin təşəkkülünün həmin prosesə təsirinin araşdırılması milli dövlətçilik baxımından aktualdır (bax: əvvəlki mənbəyə, s. 395).

Bu müddəaların işığında əsərdə Səmyuel Hantinqtonun "identikliklərin paylanması" formulunun Azərbaycana tətbiqi qarşıya ciddi elmi araşdırmalar qoyur. Akademik yazır ki, identikliklərin paylanmasını S.Hantinqton mənasında "U-obraz" kimi təsəvvür etsək, bu obrazın yuxarı hissəsində ailə, millət və dövlətçiliyin (siyasi identiklik) paralel yer aldığını, aşağıda isə dini identikliyin mövqe tutduğunu deyə bilərik (bax: əvvəlki mənbəyə, s. 427). Bu, elmi baxımdan çox maraqlı qənaətdir və Azərbaycanda dövlətçiliyin inkişafında milli ideya ilə milli identikliyin rolunun fəlsəfi dərkinə mühüm töhfədir. O cümlədən aydın olur ki, milli identiklikdə siyasi və mədəni faktorlar müasirlik kontekstində və dövlətçiliyin təmin edilməsi şərti daxilində aparıcı yer tutur. Yəni Azərbaycanda milli identiklik müasir demokratik və sivil cəmiyyətin formalaşması məqsədinə xidmət edir.

Bütün bunların yekunu kimi kitabda milli identikliyin milli ideyanın "daxili ana xəttini təşkil etməsi" haqqında nəticənin çıxarılması tamamilə məntiqi və əhəmiyyətlidir. Buradan milli ideya ilə milli identikliyin nisbətini keçmişin, indinin və gələcəyin işığında təhlil etmək üçün geniş imkanlar açılır. Məhz buna görədir ki, akademikin II kitabında milli ideyanın tarixi təkamül mərhələləri ilə müasirliyin qarşılıqlı əlaqədə fəlsəfi təhlil edilməsi tamamilə əsaslı və məntiqidir.

Milli ideyanın təkamül mərhələləri: XXI əsrin kreativ millətinə aparan yol II kitabın XX əsrin sonunda müstəqil Azərbaycan dövlətinin yaradılması məsələsinin təhlili ilə başlaması yuxarıda ifadə edilən tezislər çərçivəsində müəllifin qarşıya qoyduğu elmi məqsədlər baxımından kifayət qədər əsaslıdır (bax: Mextiev R.G. Naüionalğnaə ideə Azerbaydjana v gpoxu qlobalğnıx transformaüiy. V 2 kn. Kniqa II. - M.: Politiçeskaə gnüiklopediə, 2017, 365 s.). Bu, oxucunu öncədən milli ideya və milli identikliyə müstəqil dövlət quruculuğu strategiyası müstəvisində baxmağa yönəldir. Milli ideyanın formalaşması mərhələlərinin analizi də bu bağlılıqda maraqlıdır (bax: əvvəlki mənbəyə, s. 52-87). Aydın olur ki, Azərbaycanda dövlətçilik qədim tarixə malikdir və hər mərhələnin şəraitinə uyğun milli ideya formalaşıb. O cümlədən, keçən əsrin əvvəllərində Şərqdə ilk dəfə olaraq məhz azərbaycanlıların demokratik dövlət yaratmasının siyasi, ideoloji və dövlətçilik ənənəsini əhatə edən səbəbləri vardır. Kitabda keçən əsrin əvvəllərində milli ideyanın formalaşmasının dramatizmi dolğun təhlil edilib. Həmin mərhələdə milli ideyanın məzmununu təşkil edən əsas elementlərin xarakteristikası verilib. Regionun böyük dövlətlərinin geosiyasi mübarizəsi kontekstində milli ideyanın aqibəti fəlsəfi təhlil edilərək çox vacib qənaətlər əldə edilib.

Bunların əsasında akademik Ramiz Mehdiyevin milli ideyanın formalaşması mərhələlərini müəyyənləşdirməsi və onların hər birinin analizini verməsi fəlsəfi-elmi baxımdan çox böyük maraq doğurur. Müəllif göstərir ki, birinci mərhələdə Azərbaycanda sosial-mədəni problemlərin geniş spektrini əhatə edən konsepsiyalar formalaşır. İkinci və üçüncü mərhələlərdə millətin bütün siyasi və sosial-mədəni dəyişmələrinin ideoloji əsası qoyulur. Bu mərhələdə "özünüidentifikasiyanın kollektiv formaları - dini, etnik və sosial-mədəni (sivil) - vahid milli-dövlət ideyasına ehtiva olunur" (bax: əvvəlki mənbəyə, s. 73).

Sovetlərin hakimiyyətə gəlişi ilə başlayan dördüncü mərhələdə milli ideyanın təşəkkülü prosesi xeyli çətinliklərlə üzləşib. Bu mərhələ üçün demək çətindir ki, "Azərbaycan cəmiyyətində ictimai diskussiya milli ideyanın formalaşması yönündə aparılıb" (bax: əvvəlki mənbəyə, s. 77). Lakin 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etməyə başlaması ilə ciddi dəyişikliklər baş verdi. Heydər Əliyevin o dövrdə ustalıqla həyata keçirdiyi ehtiyatlı siyasət nəticəsində milli maraqlar təmin edildi. Bu proses nəticəsində 1980-ci illərin sonlarında başlanan milli hərəkat 1991-ci ildə dövlət müstəqilliyini əldə etməklə yekunlaşdı.

Beşinci mərhələni Azərbaycan xalqının siyasi oyanışı, siyasi proseslərdə aktiv iştirakı kimi xarakterizə etmək olar. O, 1988-ci ildə başlayan xalq hərəkatı ilə bağlıdır. 1990-cı ildə isə milli-azadlıq hərəkatı forması aldı. Lakin həmin mərhələdə Azərbaycan xalqının şüuru müdafiə oluna bilən millətçilik səviyyəsində olmadığından ölkənin böhranlı dövründə millətin mobilizasiyasını həyata keçirə bilmədi. Bu, milli özşüurun zəifliyinin əlaməti idi (bax: əvvəlki mənbəyə, s. 78)

Altıncı mərhələ 1990-cı ilin yanvarı - 1993-cü ilin iyununu əhatə edir. Bu dövrdə milli özşüur milliyyətçi özşüura transformasiya olunmaqla xarakterizə olunur. Onun əsas əlaməti Azərbaycan xalqının öz müstəqil dövlətini yaratmaq zərurətini dərk etməsindən ibarətdir. Həmin mərhələdə türkçülüyün dominant olduğu sosial-mədəni identifikasiya aparıcı rol oynadı. Türk komponenti milli ideyanın yeganə tərkib hissəsi kimi qəbul edildi. Lakin bu, cəmiyyəti bir sıra ziddiyyətlərə aparıb çıxardı ki, nəticədə də növbəti böhran yarandı (bax: əvvəlki mənbəyə, s. 89-90).

Yeddinci mərhələ 1993-cü ilin iyunundan başlayaraq 2003-cü ildə tamamlandı. Onun xarakterik xüsusiyyəti ictimai sabitlik, gələcək iqtisadi yüksəlişin əsaslarının qoyulması və ölkənin siyasi inkişafının təminindən ibarətdir. Məhz bu mərhələdə milli ideya dövlət və milli müstəqillik ideyasına tamamilə ehtiva oluna bildi. Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində "millət" anlayışının strukturuna kollektiv özünüidentifikasiyanın bütün elementləri - etnik, dini, sosial-mədəni, iqtisadi, siyasi və başqaları daxil edildi (bax: əvvəlki mənbəyə, s. 80).

Nəhayət, 2003-cü ildən milli ideyanın təkamül tarixində yeni mərhələ başladı. Milli ideyada müstəqil dövlətin formalaşdırılması və dünya ilə münasibətlərin qurulmasının keyfiyyətcə yeni aspektləri tamamlanır, zənginləşir. Azərbaycanlıların ictimai şüuru ətraf dünya ilə qarşılıqlı əlaqələri harmoniya halına gətirir. Mədəni identiklik ön plana çıxmağa başlayır. Azərbaycanın milli ideyasında inkişaf paradiqması üstünlük təşkil edir. Cəmiyyətin milli dəyərləri saxlamaqla dünyaya inteqrasiyası davamlı və sistemli xarakter alır. Milli ideya hansısa etnik mənsubluq çərçivəsindən çıxaraq cəmiyyətin bütün kəsimlərini özündə birləşdirən demokratik və müasir məzmun kəsb edir. Ümumi səviyyədə Azərbaycan ideyası kreativ insanların milləti kontekstində özünü təsbit etdi.

Kreativ millət XXI əsrin fenomeni olmaqla hazırda inkişaf etmiş ölkələri xarakterizə edən əsas parametrlər sırasına daxildir. Azərbaycanı kreativ insanların milləti olaraq inkişaf etdirmək strateji əhəmiyyətli məsələ kimi qəbul edilməlidir. Akademik Ramiz Mehdiyev problemin bu aspektinə olduqca böyük əhəmiyyət verir (bax: əvvəlki mənbəyə, s. 88-136). Bu şərtlər daxilində də əsərdə müasir Azərbaycanda milli identiklik anlayışı analiz edilir. Azərbaycanda dövlət millətçiliyinin bərqərar olmasının fəlsəfi aspektləri dərin təhlil olunur. Bütün bunlar yekun olaraq güclü Azərbaycan dövlətinin yaradılmasının qloballaşma şəraitində milli ideyanın inikası kimi dərk edilməsinə imkan yaradır. Kitabda problemin bu aspekti də geniş tədqiq edilib və çox aktual qənaətlər əldə olunub. O cümlədən, Azərbaycanın postindustrial cəmiyyət quruculuğu yolunda atdığı addımların fəlsəfi-elmi təhlili aparılaraq əhəmiyyətli proqnozlar verilib.

Şübhə yoxdur ki, akademik Ramiz Mehdiyevin yuxarıda vurğuladığımız və məzmunu üzərində qısa dayanmalı olduğumuz ikicildliyi Azərbaycan tədqiqatçılarının stolüstü kitabı olmalıdır. Burada ifadə edilən fikirlərin, irəli sürülən tezislərin, aparılan fəlsəfi təhlillərin araşdırılması çox vacibdir və hər bir azərbaycanlı alim qarşısında vəzifə kimi dayanır. Bununla da ziyalı təbəqəsi millətin və dövlətin inkişafına öz töhfəsini verə bilər. Təbii ki, sözdə deyil, əməldə... Newtimes.az




Baxış sayı: 1 866
Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Bu gün, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930