FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Üzeyir Hacıbəyli haqqında yeni kitab
28-09-2017, 10:40 | TƏDQİQATLAR-ANALITIKA
Üzeyir Hacıbəyli haqqında yeni kitab

Hər zaman elmi yazıları, maraqlı araşdırmaları ilə sənətsevərlərin, musiqişünasların, eləcə də geniş oxucu kütləsinin diqqətini cəlb edən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun “Azərbaycan xalq musiqi tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli növbəti dəfə də ənənəsinə sadiqdir. Belə ki, yorulmaz tədqiqatçı dahi bəstəkarımız Üzeyir Hacıbəyli haqqında çap olunan “Üzeyir Hacıbəyli. (məqalə, oçerk, esse, arxiv materialları)” kitabı barədə məqalə yazıb. Fact-info.az AZƏRTAC-a istinadən yazını təqdim edir.

“Üzeyir musiqi günü”, “Ü.Hacıbəyli musiqi festivalı” arxada qaldı. Bir daha dahi Üzeyir Hacıbəyli xatırlandı, bəstəkarın ölməz əsərləri səsləndi, haqqında söhbət açıldı, yeni fikirlər, faktlar ortaya qoyuldu. Bu günün nəsilləri Ü.Hacıbəyli şəxsiyyəti qarşısında bir daha minnətdarlıq hissi ilə baş əydi. Ü.Hacıbəyli öz şəxsiyyəti ilə musiqi hüdudlarını, incəsənət hüdudlarını aşmış bir insandır. Bütün dahi insanlar kimi zamanın çərçivəsinə sığmayıb. Xalqımızın milli-ictimai şüurunun, “milli mənlik”, “milli-qürur” hissinin formalaşması və yüksəlməsində fenomenal rol oynayıb. O, gələcək haqqında düşünüb, keçmişi fəth edib, bu günlə yaşayıb-yaradıb, yaratdıqlarını, əməllərini gələcəyə ünvanlayıb. Ü.Hacıbəyli, çoxları kimi, qayğısız gənclik illəri sürməyib. Həyatın çətinliklərindən, ictimai-siyasi mühitin gərginliyindən, keşməkeşlərindən keçə-keçə çox erkən vaxtlardan böyüyüb, yaşlanıb. Yüksək amallarla, ali hisslərlə yaşayaraq hamıya örnək ola biləcək müdrik bir insan ömrü səhifələyib. Dahi bəstəkar musiqi tariximizi pillə-pillə özü yazıb, özü qurub-yaradıb və gələcək yollarını istiqamətləndirib. Onun hər bir əsəri, elmi fikirləri, bütün sahələrdə yaradıcılığı parlaq və təkrarolunmazdır. Onun bütün həyat və fəaliyyəti böyük fədakarlıq və vətənpərvərlikdir. Bu haqda yazmağa dəyər və yazdıqca da tükənməz.

Ü.Hacıbəyli haqqında çox söz deyilib, çox yazılıb. Tədqiqatçılar onu bir bəstəkar, musiqişünas–alim, publisist, pedaqoq, maarifçi, ictimai xadim, təşkilatçı və s. kimi araşdırmış, dəyərincə qiymətləndirmişlər.

Heydər Əliyev Fondu tərəfindən “Üzeyirşünaslıq” seriyası altında son dövrlər çapdan çıxmış “Üzeyir Hacıbəyli. (məqalə, oçerk, esse, arxiv materialları)” (Bakı-2014, 277 səh.) adlı yeni kitabın içindəkilər də bu ali, müqəddəs, həyati ideya və düşüncələr ətrafında cəmlənmiş və qüdrətli sənətkarın böyük simasının açılmasına xidmət edir. Kitabın ərsəyə gəlməsində Azərbaycan Mədəniyyət Fondunun da böyük əməyi olub. Kitab Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq namizədi, professor Aida Tağızadənin təşəbbüsü ilə işıq üzü görüb. O, kitabın elmi redaktoru və tərtibçisidir. Eyni zamanda, A.Tağızadə kitabın “Ön söz”ünün və “Üzeyir Hacıbəylinin bədii kəşfləri” adlı məqalənin müəllifidir. Ümumiyyətlə, yeni kitabın redaksiya heyətinin tərkibi say-seçmə adlarla bağlıdır və Azərbaycan musiqişünaslıq elmində böyük xidmətləri olan alimlərdən ibarətdir. Rəyçilərdən biri Ü.Hacıbəyli irsinin öyrənilməsində çox böyük xidmətləri olan, “Üzeyirşünaslıq” elminə töhfələr verən Əməkdar İncəsənət Xadimi, AMEA-nın həqiqi üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Zemfira Səfərovadır. O, həm də kitabda yer alan “Səfiəddin Urməvidən Üzeyir Hacıbəyliyədək” adlı dərin məzmunlu, maraqlı müqayisələrlə dolu olan, sənətkara ehtiram və sevgi ilə yazılmış məqalənin müəllifidir. İkinci rəyçi isə Azərbaycan musiqi elmində öz sözünü demiş, muğam sənəti sahəsində ciddi elmi tədqiqatlar aparmış musiqişünas alim, Xalq Artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ramiz Zöhrabovdur. Üçüncü rəyçi isə musiqiyə fəlsəfi elmi baxışları ilə tanınan, sanballı əsərləri ilə musiqişünaslıq elmini şaxələndirən, Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadədir. Kitabın məsul redaktorları isə Azərbaycanda həm musiqişünas-alim, həm pedaqoq, həm təşkilatçı kimi ad qazanmış, elmi əsərləri və məqalələri ilə musiqi elmini zənginləşdirən və ona yeni səhifələr qatan sənətşünaslıq namizədi, professor Ülviyyə İmanova və sənətşünaslıq üzrə elmlər doktoru, professor Fərəh Əliyevadır. Yuxarıda çəkilən adların özü artıq çapdan çıxmış bu yeni kitabın tutumundan, dəyərindən, bədii çəkisindən xəbər verir.

Kitabın ərsəyə gəlməsinin əsas səbəbi qarşıya qoyulan ideyadır. Bu ideyanın müəllifi isə Aida Tağızadədir. Neçə illər boyu çalışan, musiqi sənətinə xidmət etməkdən usanmayan, yenə də yorulmadan işləyən A.Tağızadəni bu məqalə və oçerklər toplusunu yaratmağa sövq edən nədir? Fikirləşirəm ki, Üzeyir Hacıbəyli ənənələrini yaşatmaq ideyası, xalqına və sənətinə sevgi hissi. Bu fikirlər onun yazdığı “Ön söz”də qabarıq surətdə öz əksini tapır. A.Tağızadə ustad sənətkar haqqında yığcam, dərin və səmimi sözlər söyləyir. “Ön söz”də alim kitabda yer alan müəlliflərin Ü.Hacıbəyli yaradıcılığı və şəxsiyyəti ətrafında yazılmış məqalə və oçerklər haqqında da xülasə şəklində yığcam fikirlərini irəli sürür.

Kitab iki fəsildən ibarətdir. Birinci fəsil görkəmli yazıçı və şair Anarın “Üzeyir dünyası” adlı məqaləsi ilə açılır. Belə bir müəllifin məqaləsinin yer alması Üzeyir dünyasına yazıçı baxışını, daha əhatəli və fərqli yanaşmanı ortaya qoyur və həm də kitabı poetik bir ovqata bürüyür.

Kitaba dünyasını dəyişmiş müəlliflər – Ü.Hacıbəyli ənənələrinin davamçısı, görkəmli bəstəkar Qara Qarayevin, Ü.Hacıbəyli həyat və yaradıcılığının ilk tədqiqatçılarından olan musiqişünas Elmira Abbasovanın, bəstəkarın “Koroğlu” operası və bu operadakı bədii kəşflər haqqında yazan İzabella Abezqauzun bu gündə öz əhəmiyyətini itirməyən, vaxtilə çap olunmuş məqalələri də daxil edilib. Niyazinin Ü.Hacıbəyov haqqında fikirləri haqqında olan məqaləni də (Ş.Məlikova) tərtibçi haqlı olaraq bu sıraya salıb. Bu yazılar kitabda öz layiqli yerini tapıb və Ü.Hacıbəyli şəxsiyyətinin tam şəkildə açılmasında açar rolunu oynayıb. Topluya daxil olan müəlliflərin hər birinin yazısı həm mövzu, həm də yanaşma tərzi ilə - orijinallığı ilə seçilir. Tanınmış bəstəkarlar Firəngiz Əlizadə, Sərdar Fərəcov, Aydın Əzimov, Rəhilə Həsənovanın, eləcə də, Fərhad Bədəlbəylinin məqalələri böyük ustada sonsuz sevgi və etiraflarla doludur, ümumiləşdirmələr, bəstəkarın yaradıcılığı ilə bağlı yeni məlumatlar, yeni tapıntılarla zəngindir (bəzən son dövrlərdə söylənilən, düşünülməmiş fikirlərə qarşı etirazlar da səslənir) və oxucuda böyük maraq doğurur.

Bir sıra məqalələr isə Ü.Hacıbəylinin təşkilati fəaliyyəti ilə bağlı olan yazılardır. Bu sırada musiqişünas-alimlər Ü.İmanova, Z.Qafarova, L.Məmmədovanın adını çəkməliyik. Bu yazılar yeni informasiya və faktlarla zəngindir, Ü.Hacıbəylinin təhsil və tədris sahəsinə gətirdiyi yenilikləri, xor sənətinin formalaşması və inkişaf etdirilməsində, Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkarın geniş fəaliyyətini üzə çıxarır və həyat və yaradıcılıq portretinin bütöv şəkildə yaradılmasına xidmət edir.

Hər bir kəs etiraf edə bilər ki, Ü.Hacıbəyli haqqında söz demək olduqca böyük məsuliyyət, eyni zamanda, bilik və geniş erudisiya tələb edir. Bu mühüm keyfiyyətlərə malik olan Azərbaycan musiqişünas-alimləri bəstəkar haqqında, onun yaradıcılığı və şəxsiyyəti haqqında sanballı əsərlər yazmış, tədqiqatlar apararaq sənətkarın daxili “mən”ini üzə çıxarmağa nail olmuşlar. Mövzuya bu günün prizmasından yanaşmalar da xüsusi maraq doğurur. S.Bağırova, F.Əliyeva, Ş.Həsənova, L.Rzayeva, K.Dadaşzadə, L.Abdullayeva, Z.Dadaşzadə, İ.Pazıçevanın məqalə və oçerkləri mövzuya fərdi və fərqli yanaşmaları ilə, müasirliyi ilə seçilir. Ü.Hacıbəylinin ənənələrinin Qərb mədəniyyəti kontekstində yerinin müəyyənləşdirilməsinə, bəstəkarın həyat və yaradıcılığının açılmamış səhifələrinin işıqlandırılmasına və digər məsələlərə həsr olunmuşdur. Ü.Hacıbəylinin səs-məqam nəzəriyyəsinə həsr edilmiş məqalələr də burada öz yerini tutmuşdur. Bu T.Məmmədovun, K.Nəsirova və C.Həsənovanın elmi məqalələridir. Kitaba Ü.Hacıbəylinin həyatı və yaradıcılığının ayrı-ayrı səhifələri ilə bağlı olan fotoşəkillər də daxil edilib. “Üzeyir Hacıbəyli. (məqalə, oçerk, esse, arxiv materialları)” əsəri 2014-cü ildə çap olunmasına baxmayaraq, hələ oxuculara çox da tanış deyildir. Çünki kitab hələ geniş oxucu kütləsinə yayımlanmamışdır. Lakin düşünürük ki, kitab həm mütəxəssislər, həm də geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq, musiqi elminin inkişafına böyük fayda verəcək və yeni bir elmi təkan olacaqdır.

Qeyd edək ki, məqalə və oçerklərdən, eyni zamanda, arxiv materiallarına əsaslanan yazılardan ibarət bu toplunun ərsəyə gəlməsinin daha bir səbəbi olmuşdur. Belə ki, Ü.Hacıbəylinin 110 illiyi əlaqədar Aida xanım Tağızadə “XX əsr Azərbaycan musiqisi” adlı məqalələrdən ibarət toplu tərtib etmişdir. Həmin toplu 1997-ci ildə çapdan çıxmışdır. Bu gün haqqında danışdığımız “Üzeyir Hacıbəyli. (məqalə, oçerk, esse, arxiv materialları)” əsəri, demək olar ki, həmin işin davamıdır. Bu topluya “XX əsr Azərbaycan musiqisi” kitabından götürülmüş, aktuallığını bu gün də itirməyən bəzi məqalələr də daxil edilmişdir. Bütün bunlar, bir daha A.Tağızadənin Ü.Hacıbəyli irsinə sadiqliyini, Azərbaycan musiqi mədəniyyətinə təmənnasız sevgisini, professionallığını, düzgün həyat mövqeyini nümayiş etdirir. İnanırıq ki, Azərbaycan musiqi mədəniyyəti məhz bu fədakar insanların çiynində dayanır, yaşayır və inkişaf edir. Əminik ki, musiqi ictimaiyyəti bu dəyərli elmi kitabın tərtib olunaraq işıq üzü görməsinə görə Aida xanım Tağızadəyə minnətdar olacaqdır.




Baxış sayı: 1 819
Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930