FACT-INFO.AZ » AKTUAL » Tarixi qələbəmizi baxışlarında yaşadan Şahgündüz Cabbarovun bu gün anım günüdür
26-10-2025, 11:30 | AKTUAL
Tarixi qələbəmizi baxışlarında yaşadan Şahgündüz Cabbarovun bu gün anım günüdür

Şahgündüz Cabbarov 13 yanvar 1995-cü ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub. Əslən Laçın rayonunun Oğuldərə kəndindəndir. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsini bitirib. Neft sahəsində çalışıb və İkinci Qarabağ müharibəsi başlayanda Vətən torpaqlarının düşməndən azad olunmasını əsas hədəf  hesab edərək  savaşa qatılıb.

Şahgündüzün daha çox baxışları yadımda qalıb. Onun qeyri-adi baxışları var idi

 

Şəhidimizin atası Habil müəllim Şahgündüzlə bağlı xatirələrini bölüşür:

– Şahgündüz xüsusi istedad sahibi idi. Həm texniki elmləri gözəl bilirdi, həm ədəbiyyatımızı, folklorumuzu öyrənmişdi. O, bir dəfə mənə dedi: “Ata, saz ifa etməyi öyrənmək istəyirəm”. Mən onu aşıq dostumun yanına apardım. Qısa müddətdə xeyli aşıq havaları çalmağı öyrəndi. Şahgündüz yaradıcı insan olaraq, şeirlər, məqalələr yazırdı. Onun müharibə ilə bağlı xeyli yazıları var. Şahgündüzün peşəsi neft mühəndisi idi. O, bizə neft istehsalında, emalında böyük kəşflər edəcəyini deyirdi. Əgər ömür vəfa etsəydi o, bu, arzusuna çatacaqdı. Mən şəhid valideynləri ilə söhbət etdikcə, bu qənaətə gəlirəm ki, şəhidlərimiz  arasında ruhani bağlılıq var. Onların hər biri millət sevdalısı, fədakar oğul olub. Şəhid valideynləri öz övladları haqqında danışan zaman elə bilirəm  söhbət mənim övladımdan gedir. Jurnalistlər bəzən məndən soruşurlar ki, Şahgündüzlə bağlı hansı xatirələr yadınızda qalıb. Deyirəm ki, onun daha çox baxışları yadımda qalıb. Şahgündüzün qeyri-adi baxışları var idi. Döyüş yoldaşının Şahgündüzlə bağlı çıxışını televiziya vasitəsilə izlədim. O, da qeyd edirdi ki, hər dəfə yeni əraziləri işğaldan azad edərkən Şahgündüzün baxışlarından, simasından alov, sevinc yağırdı. O, ümumiyyətlə, uşaqlıqdan vətənpərvərliyi ilə seçilirdi. Tək o, yox, uşaqlarımın hamısını o ruhda böyütmüşəm. Amma Şahgündüz dördüncü, beşinci sinifdə oxuyanda artıq mənə “Biz Xocalının qisasını nə vaxt alacağıq”, – kimi suallar verirdi. Məndən tez-tez soruşurdu ki, ata, biz niyə uduzduq, necə oldu ki, oradan çıxdıq, Qarabağı itirdik. Yəni o, bütün fikrini Qarabağa cəlb etmişdi. Sonradan o, adi bir telefonla Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında qısa film də çəkdi. Orta məktəbdə oxuyan uşağın Mübariz haqqında çəkdiyi film artıq onun vətənpərvərliyinin təzahürü idi.  Çox vaxt fikir verirdim ki, Şahgündüz işlərini tələsik edir, hər şeyə tələsirdi.

 

 Gözləyin dağlar, gəlirəm…

 

Ölümündən sonra Şahgündüzün haqqında “Gözləyin dağlar, gəlirəm” adlı kitab dərc olunur. Kitabda onun müharibəyə getməzdən çox-çox əvvəl, müharibənin başlanğıc ərəfəsində Qarabağ haqqında yazdığı statuslar toplanıb.

 

Kitabın ilk vərəqi bu sözlərlə, Şahgündüzün sözləri ilə başlayır:

 

“Nə farağatı, nə vətən sevgisini əsgərlikdə komandirlərdən öyrəndim mən. Mən bu dünyada əsgər doğuldum. İnşallah, Allahın köməkliyi ilə Vətən qarşısında öz vəzifə borcumu layiqincə yerinə yetirdikdən sonra əsgər kimi də gedəcəyəm!”

Şəhidimizin atası Şahgündüzün hərbi xidmət dövrünə nəzər salır: “Şahgündüz təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətdə olub. Xidməti zamanı göstərdiyi nizam-intizama görə, korpus komandiri tərəfindən fəxri fərmanla təltif edilib. Hərbi xidmətdən geri döndükdən sonra Azərbaycan Dövlət Neft Şirkətində mühəndis kimi çalışıb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı könüllü döyüşlərə yollandı. Əslində Şahgündüz neftçi olduğuna görə, hərbi xidmətdən azad idi. Amma o, çox israrla işdən çıxaraq müharibəyə getməyə qərar verdi. Oktyabrın 1-dən  pulemyotçu kimi döyüşə qatıldı. Bir həftədən sonra öz xahişi ilə Xüsusi Təyinatlıların həmlə taboruna qoşularaq bir sıra ərazilərdə döyüşdü. 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhid oldu”.

 

Anası Simuzər xanımın Şahgündüzlə bağlı pıçıltıları...

“Gündüz, sən uşaqlıqdan çox fərqliydin. Hələ orta məktəbdə oxuyanda gün ərzində vaxtını bölürdün, xatirələrini yazırdın. Sənə demişdim ki, köhnə kağızları at getsin. Sən deyirdin ki, mənim üçün heç nə köhnəlmir.  Bu gün sənin köhnə xatirələrin mənim üçün həmişə təzədir. Sağalmaz yaralarla döndü səninlə keçirdiyim günlərim, unudulmaz anlara döndü.

Gündüz, müharibəyə gedəndə Bərdədən mənə zəng edib dedin ki, ana, sənə yaxşı xəbərim var. Məni müharibəyə çağırıblar. Mənim üçün bu ağır xəbəri necə də fəxrlə dedin.

Gündüz, mən bilirdim ki, sən müharibəyə gedəndə lap önə keçəcəksən.  Bərdədən gəldin mənimlə görüşəndə ağladım, dedim axı, məni bu yerdə qoyma. Dedin ki, ay ana, qardaşlarım var, niyə belə edirsən.

Gecə səhərə qədər yatmadım, sakit-sakit ağladım. Səhər durub qəbimdəki kədəri gizlətdim”.

 

Şəhidimizin döyüş  yoldaşı Taleh Əliyev də müharibə xatirələrini bizimlə bölüşür: “Biz bir yerdə, ilk gündən son nəfəsədək çiyin-çiyinə vuruşduq. O, yaralandığı və şəhid olduğu günə qədər daim yanımda oldu. Bu gün sizə Şahgündüzün və digər igid döyüş yoldaşlarımızın göstərdiyi qəhrəmanlıqdan söz açmaq istəyirəm. Niyə qısa danışıram? Çünki bu igidlik, bu vətən sevgisi, bu əsl qəhrəmanlıq sözlərə, kitablara, dastanlara sığmayacaq qədər böyükdür.

Son döyüşümüzdən öncə, 2020-ci il, 24 oktyabr, bir payız günüdür. Bizə komanda gəldi: düşmənin mühüm postunu və strateji mövqelərini ələ keçirməli idik. Bu postlar Şuşa və Laçın dəhlizi üçün həyati əhəmiyyət daşıyırdı. Laçın adını eşidəndə, hər birimizin damarlarında qaynayan qan daha da coşurdu. Amma Şahgündüzdə bu sevgi min qat güclü idi. Doğulduğu, həsrətində olduğu torpaqlara qovuşmaq arzusu onu döyüş meydanında daha da mübariz, daha da cəsarətli edirdi. Axşam saat 18:00–19:00 radələrində tam hazır vəziyyətdə idik. Silahlarımızı, rabitə vasitələrimizi yoxlayıb, döyüş planı ilə tanış olduq. Hər kəs vəzifəsinə sadiq idi. Şahgündüzün gözlərində isə başqa bir alov, başqa bir parıltı vardı. O, evdən cibində gətirdiyi Azərbaycan bayrağını Laçına sancmaq üçün can atırdı. Onun bu arzusu bizə əlavə güc, əlavə inam verirdi. Xüsusi Təyinatlı Həmlə Əməliyyat Taborunun komandiri son təlimatları verdi. 3 nəfərlik qruplara bölündük və “Meşə” adlanan əraziyə hücuma başladıq. Mənim olduğum qrupda Şahgündüz də var idi. Şahgündüzlə eyni sırada döyüşmək mənə xüsusi güvən, ruh və cəsarət verirdi. Onu hər kəs tanıyırdı: o, həm də bir neftçi idi. Müharibə qaydalarına görə, neftçilər adətən ən sonda cəbhəyə göndərilirdi. Ancaq Şahgündüz vətənə olan sevgisi ilə bu ənənəni pozdu. Sözlə deyil, əməllə vətəninə olan sədaqətini sübut etdi. Laçına, Qarabağa qovuşmaq arzusu onun üçün hər şeydən üstün idi. Şahgündüz hər zaman deyirdi: “Mən Laçını, Şuşanı azad görməsəm, gözüm açıq gedə bilmərəm". Onun iradəsi təkcə özünə deyil, hamımıza güc verirdi. Döyüşün ən çətin anında Şahgündüzü görmək bizi ruhlandırırdı”.

Qazi Taleh Əliyev unudulmaz döyüş xatirələrini davam etdirir:

“Döyüş başladı. Düşmənin mövqeləri görünməyə başlayanda hava artıq qaralmışdı. Ay işığı meşəni işıqlandırır, bizə düşməni daha aydın görmək imkanı verirdi. Düşmən bizim yaxınlaşdığımızı hiss edib atəş açmağa başladı. Sanki yağış yerə yox, başımıza yağırdı. Güllələrin qığılcımları meşənin içində parlayırdı. Hər tərəfdən gələn atəşə baxmayaraq, mövqelərimizi dəyişib irəliləyirdik. Gecə boyu döyüşdük. Aramızda rabitə qırılmadı, ruhumuz sınmadı. Bir-birimizin canını öz canımız qədər qoruyurduq.  25 oktyabr səhəri, saat 8 radələri idi. Yeni hücum planı cızıldığı anda düşmən minaatanlar və raketlər vasitəsilə kütləvi yaylım atəşi açdı. Məhz bu an Həmlə Əməliyyat Taborunun ən ağrılı, ən qəmli anı yaşandı. Döyüş meydanı qan gölünə çevrildi. İgid döyüş yoldaşlarımız—Şahgündüz, Gülverdi, Toğrul və başqaları şəhadətə ucaldı. Şahgündüzün cansız bədəni gözlərimin önündə idi. Qan içində uzanan dostlarımı xilas etmək üçün çırpınsam da, özüm də yaralanaraq huşumu itirdim. Xilasetmə qüvvələri bizi döyüş meydanından çıxartdı. Hər dəfə Şahgündüzün atası, Habil əmini görəndə o ağrılı anlar gözümün önündə canlanır. Bilirik, biz onun yerini heç vaxt doldura bilmərik. Amma Şahgündüzün adını yaşatmaq, onun ideallarına sadiq qalmaq bizim boynumuzun borcudur. Biz, onun qardaşlarına—Ülvi və digər ailə üzvlərinə qardaş olmağa çalışırıq. Şahgündüzü bir dəfə tanıyan heç vaxt unutmaz. Bu gün Şahgündüzün adı, qəhrəmanlığı, igidliyi hər birimizin yaddaşında yaşayır. Onun getdiyi yol, bizə həmişə xatırladır ki, Vətən uğrunda can verənlər, əslində, ölmürlər. Onlar torpağın ruhunda, bayrağın rəngində, xalqın qürurunda yaşayırlar. Şahgündüz Cabbarov bizim üçün bir igid döyüşçü, bir dost, bir qardaş və bir ölməz xatirədir. O, Azərbaycanın azadlıq səhifəsində əbədi yaşayacaq bir ad oldu. Onun qəhrəmanlığı, vətənə bağlılığı, səmimiyyəti hər zaman ürəklərdə yaşayacaq. Mən qürur duyuram ki, Şahgündüz kimi bir igidlə birlikdə döyüşdüm.  Şahgündüz Cabbarov, sən bizim qəlbimizdə əbədi yaşayırsan!”

Qeyd edək ki, Şahgündüz Cabbarov Xəzər rayonu, Binə qəsəbəsində dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 

Sonda Şahgündüzün 2016-cı ildə hərbi xidmətdə olarkən yazdığı bir şeiri təqdim edirik.

 

QOCA QARTAL

Qoca qartal, səsin gəlmir nədəndi?!

Yoxsa, çağlar həmən çağlar deyilmi?!

Niyə belə sakit-sakit baxırsan,

Sənin yerin uca dağlar deyilmi?

 

Qanad aç, qanad aç uca göylərə,

Özünlə ruhumu apar, a qartal!

Keçir caynağına mənfur düşməni,

Sahib ol o elsiz yurdlara, qartal!

 

Daha bağlanmasın qolun-qanadın,

Səs sal gülü solmuş bağça-bağa sən.

Bir milyon didərgin elin-obanın,

Yetir salamını Qarabağa sən.

 

Sən Xarı bülbülün ahın, naləsin,

Duman Yeddiqata sarılanda gör,

Mənim ilhamımın eşqin, həvəsin,

Qırxqızdan Laçına boylananda gör.

 

Əzəldən tək gəlib, tək gedən qartal,

Bir gün dilə gəlib, dillənəcəksən.

Gündüzün ürəyin fəth edən qartal,

Bir gün Qarabağı fəth edəcəksən!

(Mənbə:  Əkrəm Bəydəmirlinin müəllifi olduğu "Qəhrəmanlıq tariximiz nəsillərə örnəkdir" kitabı)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 510
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30