FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Yenə vurdu başıma ilk sevginin qoxusu
18-10-2025, 14:30 | MƏDƏNİYYƏT
Yenə vurdu başıma ilk sevginin qoxusu

Zəki BAYRAM YURDÇU

 

Altmışa gəldim

 

Mən köhnə yüzilin ilan ilində,

Dəvə xurcununda, ya at belində?

Ata duasında, ana dilində

alqışa gəldim.

 

Mən ki, fərq qoymazdım payıza, yaza,

Taledən çəkdiyim zillətə, naza.

Günəşli günləri verib güdaza,

qar-qışa gəldim.

 

Düşsə min əhvala, girsə min dona,

Hardasa, necəsə çatacaq sona,

Məndəmi mənasız bu marafona,

yarışa gəldim?!

 

Müqəddəs bir yoldan, bir izdən gəlib,

Neçə dəfə gedər-gəlməzdən gəlib,

Bir uzun saçlını görməzdən gəlib,

qarğışa gəldim.

 

Bulaq tək çağlayıb, çay kimi axıb,

Əlüstü əllinin əlini sıxıb,

Dumandan, çiskindən, yağmurdan çıxıb,

yağışa gəldim.

 

Bu ürək nə qədər yalana uyub,

Başımı nə qədər kötüyə qoyub,

Davadan usanıb, savaşdan doyub,

barışa gəldim.

 

Ömrü fövtə verib dərdlə, kədərlə,

Boşuna uğraşdım gəldi-gedərlə,

Aşıq ata-ata qəza-qədərlə,

altmışa gəldim...

 

Gedək üzü küləyə

 

Dayanmışam yol üstdə sənsiz canlı ölütək,

Boylanırsan uzaqdan qarda novruzgülü tək,

Bir mahnı ürəyimə əsdi bahar yelitək, -

Gedək üzü küləyə.

 

Səni mənə gətirən yollar-izlər var olsun,

Yol ayıran "dostlara" gec də olsa, ar olsun,

Fəsli-zadı neynirsən, könlündə bahar olsun,

Gedək üzü küləyə.

 

Yenə vurdu başıma ilk sevginin qoxusu,

Onsuz da bu dünyanın azı torpaq, çoxu su,

İslanmışın yağışdan, yağmurdan nə qorxusu? -

Gedək üzü küləyə.

 

Qar gətirə bilmədim sənə onda o dağdan,

Bir qurtulmaq şansı ver o tənədən, qınaqdan.

Gəl, sarmaş-dolaş olub keçək bu doğanaqdan,

Gedək üzü küləyə.

 

İlk yaramı alsam da, ömrümün səhərində,

Çox mənzillər kəsmişəm bu eşqin kəhərində.

Gəl, doğsun günəşimiz küləklər şəhərində,

Gedək üzü küləyə.

 

Baş çıxara bilməsən özünlə savaşından,

Çıxart məni, bacarsan, gödələn yaddaşından.

Keçə bilsək taleyin payızından, qışından,

Gedək üzü küləyə.

 

Məni bu yaz öldürdü

 

Ay ömrüm, ömürdə, yaşda nə günah?

Bəla haqdan gəlsə, başda nə günah?

O gedən payızda, qışda nə günah? -

Məni sənsiz gələn bu yaz öldürdü.

 

Gənclik səmasında şimşəktək çaxdın,

Ruhumda bəslənib, qanımda axdın.

Ay kimi tutuldun, gün kimi çıxdın;

Məni, bax, o işvə, o naz öldürdü.

 

Nə qəza, nə qırğın, nə sürgün, nə dar;

Çox qürbət sularda çəkmişəm avar.

Məni üşütməzdi nə boran, nə qar;

Qəlbimdə qışlayan ayaz öldürdü.

 

Bir zaman sevgiyə, sevincə yaddım,

Dərdimlə qolboyun olub da yatdım.

Dərinə baş vurub, dayazda batdım;

Məni boğulduğum dayaz öldürdü.

 

Zalım ovçu kimi gəzmə hər yanı;

Aran güzərgəhi, yaylaq seyranı.

Bulaqdan su içən ahu ceyranı

Ox deyil, tikanlı bir söz öldürdü.

 

Gedin, bu gileyi harasa deyin,

Mənə qarğa deyin, yarasa deyin.

Anam qatilimi arasa, deyin:

Bir qaş nişan aldı, bir göz öldürdü.

 

...Necə calandısa doğruya yalan;

Arzular daşqalaq, ömürlər talan.

Səni o sarışın, utancaq oğlan,

Məni dəli-dolu o qız öldürdü.

 

Qəfil tufan kimi əssə, nə vardı?

Kükrəsə, nə vardı, sussa, nə vardı?

Bir yol qılınclayıb kəssə, nə vardı? -

Bir az yaraladı, bir az öldürdü.

 

Səndən baş açmaq olmur

 

Sən könlümdə nazlanan ən incə bir şeirsən,

Ruhumda əzizlənən möcüzəsən, sehirsən,

Araz kimi susursan, Kür kimi kükrəyirsən,

Baş açmaq olmur səndən,

Səndən baş açmaq.

 

Sən qurmuşdun könüldə alınmaz eşq qalası,

Hansı hava qaldı ki, çaldırası, çalası?!

Ay canımın yiyəsi, ay başımın bəlası,

Qaçmaq olmur taledən,

Taledən qaçmaq olmur.

 

Yelkən açıb tufanda mindiyimiz bu gəmi,

Cənnətdən qovdurmuşuq Həvva ilə Adəmi.

Bir vaxt mənə sunduğun o acılı badəni

İçmək olmur doyunca.

Doyunca içmək olmur.

 

Çox vurmuşam dişimə bu həyatı, əzizim,

Məhəbbətsiz bu dünya zəhər dadır, əzizim.

Təəssüf ki, vaxtında dostu-yadı, əzizim,

Seçib-ayırmaq olmur.

Ayırıb-seçmək olmur.

 

Boğazımda ilişib qalan acı qəhərtək,

Gah tutqun axşam kimi, gah da nurlu səhərtək...

Doğulduğum kənd kimi, vurulduğum şəhərtək,

Köçüb yığışmaq olmur.

Yığışıb köçmək olmur.

 

Sinə gərdim taleyin payızına, qışına,

Köks ötürdüm başıma ansız yağan daşına.

Bu fahişə fələyin baş-ayaq gərdişinə

Dirəşib durmaq olmur.

Durub dirəşmək olmur.

 

Sən bir dinə dəvətsən, bir məsləkə çağrısan,

Hər yarama məlhəmsən, hər zədəmə sarğısan.

Sən ən acı sevincsən, sən ən şirin ağrısan;

Vaz keçmək olmur səndən.

Səndən vaz keçmək olmur.




Baxış sayı: 190
Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar Dünən, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir Dünən, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub Dünən, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00 Nazirlər Kabineti iki dövlət qurumu ilə bağlı dəyişiklik edib 15-10-2026, 19:30 Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb 15-10-2026, 18:00 Baku Declaration adopted 15-10-2026, 17:30 Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır 15-10-2026, 09:30 Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub 15-10-2026, 09:00 “Naxçıvan ədəbi mühiti və folklor” adlı elmi monoqrafiya çapdan çıxıb 15-10-2026, 09:00 Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb 15-10-2026, 08:30 Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb 14-10-2026, 21:00 Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi 14-10-2026, 17:30 Prezident: Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub 14-10-2026, 11:00 Prezident: Qarabağ və Şərqi Zəngəzurda dəmir yollarının inşası davam edir 14-10-2026, 11:00 İnformasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur 14-10-2026, 10:00 Azərbaycanın postmünaqişə təhlükəsizlik arxitekturası: əsas məqamlar 14-10-2026, 10:00 Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək 14-10-2026, 09:30 Kiyev ballistik raketlərlə vurulub, ölənlər var 14-10-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031