FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Cəbrayılda qalan dünyam
24-08-2015, 09:05 | TƏDQİQATLAR-ANALITIKA
Cəbrayılda qalan dünyam

 Kökləri-qaynaqları ilə uzaq minilliklərdən soraq verən bu ulu məkan, zəngin tarixi, qiymətli memarlıq abidələri, məhsuldar torpaqları, dağları-qayaları, əsrlərin dizlərini qatlayan çinarları ilə tanınırdı. Doğulduqları gündən halallığa üzlərini söykəyən Cəbrayıl camaatının mərdliyi, qonaqpərvərliyi və zəhmətsevərliyi dillər əzbəriydi. 
Səksəninci illərin əvəllərində qələmə aldığım, sonralar ayrı-ayrı zaman kəsimlərində yeni bəndlər əlavə etdiyim və işğaldan sonrakı dönəmlərdə rayonumuzun yetirməsi, akademik Tofiq Hacıyevin təbirincə desək, Cəbrayılın poetik xəritəsinə çevrilən “Tamaşa” adlı şeirim indiki günlərimizdə hələ əlçatmaz-ünyetməz olan o bənzərsiz məkanın sözlə ilmə-ilmə çəkilmiş portreti hesab olunur:

Bu torpağı qəribsəsən çıx yola,
Cəbrayılda çinarlarım qol-qola.
Tumasata yaranışdan bir qala,
Ağoğlanım, Diridağım tamaşa...   
Cənnət timsallı Qarabağın dilbər guşələrindən olan Cəbrayılın aran hərarətli, dağ nəfəsli yaşayış məskənlərini bir-biriylə birləşdirən yollar Xan Arazdan, Xudafərin körpülərindən, Diridən, Lələdən tutmuş ta Ağoğlana, Tumasataya, Sirik meşələrinə, Tey, Gorduba dağlarıınadək uzanırdı.“Ağyol”a, “Şiştəpə”ə, Balyand dağlarına qalxanda rayonun Arazboyu sıralanan yaşayış məskənləri bənzərsiz görüntüləri ilə adamı valeh edirdi. Yaz aylarında ucu-bucağı görünməyən Gəyən çölləri, Topcaq, Ceyran düzləri təbiətin əlləriylə toxunan al-əlvan ilməli yaşıl xalını xatırladırdı. Sayı-hesabı bilinməyən ayna bulaqların, dirilik suyuna bənzəyən kəhrizlərin əvəzi yox idi. Rayonun iri yaşayış məskənlərindən olan Böyük Mərcanlı, Soltanlı, Minbaşılı, Süleymanlı, Şahvəlli, Dağtumas, Quycaq, Hovuslu, Maraylan, Mehdili, Qaracallı... kəndlərinin adları dillər əzbəri idi. Dağların qoynuna sığınan Cəbrayıl şəhəri küçə-küçə şaxələnərək əsrarəngiz görünüşü ilə könülləri oxşayırdı. Cəbrayıllı elm-sənət adamlarının,  səhiyyə, təhsil, mədəniyyət sahələrində çalışan say-seçmə ziyalıların yaxın-uzaq ellərdən soraqları gəlirdi... 
Bədnam qonşularımız qanlı caynaqları ilə əzəli yurd yerlərimizi ələ keçirmək niyyətinə düşdükləri vaxtlarda, ərənlərimiz doğma torpaqlarımızı qorumaqnaminə  döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərdilər. O qanlı-qadalı illərdə şəhidlik zirvəsinə ucalan Şikarın, Kazımın, Vüqarın, Mirələmin, Samirin (Tiqana)... adları qəhrəmqnlıq simvoluna çevrildi. Yurdumuzun yaxın-uzaq bölgələrindən gəlib cəbrayıllı ərənlərlə birlikdə döyüşlərə atılan  igidlərin hünəri dillərdə gəzib dolaşdı. Həm qanlı döyüşlər zamanı, həm də rayonun işğala məruz qaldığı günlərdə Cəbrayılın qeyrətli ərənləri ilə birlikdəyüzlərləinsan düşmən gülləsinə tuş gəldi. Arazın qanlı sularında qərq olanların harayı ərşə qalxdı. Hacı Qaraman babanın müqəddəs ziyaratgahı, Dirili Qurbani, Aşıq Pəri, Mücrüm Kərim, Aşıq Surxay, Aşıq Humay, Aşıq Abdulla... və mərhum yazıçı Sabir Süleymanovun gor evləri sızlaya-sızlaya qaldı. Doğma el-obalarından perik düşən 60 minə yaxın həmyerlimiz müxtəlif bölgələrə səpələndilər... 
O ağrı-acılı günlərdə ev-eşiyini, həyət-bacasını məcburən tərk edənlərdən biri də mən və ailə üzvlərim idi. Otuz ilə yaxın ədəbi yaradıcılığımın nişanələrini, əlyazmalarımı, ən başlıcası isə Cəbrayıl boyda dünyamı itirəndən sonra Mingəçevirə üz tutdum. Məndən nigaran qalan dost-tanışlara, ədəbi ictimaiyyətə yerimi nişan vermək istəyi ilə qələmə aldığım “Bir şair yaşayır Mingəçevirdə” adlı bir şeirim müvəqqəti olaraq məskunlaşdığım ünvandan soraq verdi: 
...Kürü Araz bilir, Bozdağı Diri,
Qalıb Cəbrayılda qibləsi, piri. 
Sızlaya-sızlaya nə vaxtdan bəri 
Bir şair yaşayır Mingəçevirdə...   
Bizim Cəbrayıl camaatı mərd, əməksevər, istiqanlı və etibarlı-sədaqətli olduqlarından  doğma yurddan perik düşdükləri son iyirmi iki il ərzində də öz halal zəhmətərinə güvənməklə ləyaqətlərini, abır-həyalarını qoruyub saxladılar. İllər uzunu yaxın-uzaq ellərdə namuslu-qeyrətli, duz-çörəkli, sadə-səmimi insanlar kimi tanınan həmyerlilərim vətənə gərəkli övladlar böyütdülər, oğul-qız toyu etdilər, təzə dost-tanış tapdılar özlərinə. Savadlı-qabiliyyətli cavanlarımız elm-sənət aləminə ayaq açdılar, idman yarışlarında hünər göstərdilər, üçrəngli bayrağımızı and-aman yeri bildilər. Ancaq bununla belə dünyadan yurd həsrəti ilə köçən doğmalarımız bir-birlərindən nigaran getdilər. Bəzi hallarda dostun-dosta, qohumun-qohuma əlləri çatmadı. Son nəfəslərində belə doğma yurd yerlərinin adlarını dillərinə gətirən minlərlə həmyerlirimiz qərib məzarlarda zülmətə qərq oldular... 
İyirmi iki illik ayrılıqdan sonra belə bizim qəlbimizdəki yurd həsrətimiz elə əvvəllər olduğu qədər təzə-tərdir. Ağzı dualı ağsaqqal-ağbirçəklərimiz də, dünyaya qərib ellərdə göz açan övladlarımız da, “cəbrayıllıyam” deyibən qürur hissi keçirir, o ulu məkana qayıdacaqları günü intizarla gözləyirlər... 
Məni yaxından-uzaqdan tanıyanlar bilirlər ki, Cəbrayıl eli, doğulduğum Böyük Mərcanlı oymagı, qibləm-səcdəgahımdır. İyirmi iki ildir ki, suya söylədiyim yuxularımın sonunda ulu Tanrıdan yurd vüsalı diləyirəm. Kürü Araza,  Bozdağı Diriyə bənzətməklə özümə təsəlli verir, xan çinarlı Cəbrayılımıza yenidən qovuşmaq ümidiylə günləri-günlərə calayır, qələmə aldığım şeirlərimdə onun adını dönə-dönə əzizləyirəm. İllər öncəsi qələmə aldığım və sonralar  mərhum bəstəkar elqızımız Məlahət Həmidqızının mahnıya çevirdiyi, tanınmış cavan müğənniz Vüsal Zamanovun ilk dəfə ifa etdiyi bir şeirimdə dediyim kimi “Cəbrayılda qalan dünyam” yollarımıza göz dikib. İyirmi iki il əvvəl itirdiyimiz bu əsrarəngiz dünyaya qovuşmağa can atır, xəyallarımızda o cənnət timsallı məkana dönə-dönə baş çəkirik.  İndiki günlərimizdə hər birimizin qəlbində dil açan “Cəbrayılda qalan dünya”mıza qovuşmaq arzumuz bizim közərən ümidlərimiz, yurd sevgimizdir. Bu müqəddəs istək mənim də varlığımın dan yerinə, qələmə aldığım misralarımın poetik işartısına çevrilib: 
...Səni ovundurum qoy hələ sözlə, 
Karvan geri dönər əzəlki izlə. 
İsmayıl deyir ki, yolumu gözlə,
Qayıdıb qoynunda dinəsiyəm mən... 
Ulu Tanrı cəmi şəhidlərimizə rəhmət eləsin! Cəbrayıla qayıtmaq istəyi ilə yurd-ağrı-acılarına sinə gərən həmyerlilərimə ən xoş arzularımla:
İsmayıl İmanzadə 
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, 
şair-publisist    

 



Baxış sayı: 2 662
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30