FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ana dili: millətin varlığı və mənəvi sərvəti
21-02-2017, 09:20 | TƏDQİQATLAR-ANALITIKA
Ana dili: millətin varlığı və mənəvi sərvəti

Məhz bu mühüm və əhəmiyyətli amili nəzərə alan nüfuzlu UNESCO təşkilatı 1999-cu ilin noyabr ayında 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması haqqında qərar qəbul etmişdir. Beynəlxalq qurumun bu tarixi qərarından sonra 2000-ci ildən başlayaraq, 21 fevral bütün dünyada Ana dilinin təntənəsi və bayramı günü kimi qeyd olunur.

Müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili istər qədimliyi, istərsə də özümlüyü və zənginliyi, ahəngdarlığı və rəngarəngliyi baxımından dünyanın seçkin dillərindən biri sayılır. Xalqımızın bənzərsiz söz sənəti: çeşidli ağız ədəbiyyatı nümunələri, dünya folklorunun nadir incilərindən olan "Kitabi-Dədə Qorqud" dastanları,üsyankar Nəsiminin, qəlb şairi Füzulinin qüdrətli qələmindən çıxan əsərləri bu dildə yaranmış və ona böyük şöhrət və əbədiyaşarlıq qazandırmışdır. Tarixin müxtəlif dönəmlərində amansız və sərt sınaqlarla üzləşən, bu sınaqlardan üzüağ və şərəflə çıxan dilimiz zaman-zaman cilalanaraq daha da saflaşmış, zənginləşmiş və uzun bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının ümummilli lideri, doğma ana dilinin gözəl bilicisi və hamisi Heydər Əliyev dilimizin bu keyfiyyəti haqqında müdrikcəsinə demişdir: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir". Ulu öndərin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab Əliyevin dilimiz haqqındakı bu sözləri də yuxarıdakı fikrin məntiqi davamı kimi səslənir: "Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir". Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını və dözümlüyünü qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. Cəsarətlə demək olar ki, Azərbaycan dili hazırkı qloballaşma dövründə - elmin, texnikanın görünməmiş sürətlə irəli getdiyi çağımızda bütün elm sahələri üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin və seçkin dünya  dillərindən biridir.

Məlum olduğu kimi, hər hansı bir dilin güclü inkişafı və zənginləşməsində xüsusilə də dövlət dili statusu qazanmasında onu təmsil edən xalqın, millətin müstəqil dövlətinin mövcudluğu həlledici rol oynayır. Bu mənada müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə (1918) Azərbaycan-türk dilinin daha geniş şəkildə tətbiq olunması üçün böyük imkanlar və münbit şərait yarandı. Xalq Cümhuriyyətinin hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilini bütün ölkə ərazisində rəsmi dövlət dili elan etdi, onun inkişafı üçün müəyyən əməli tədbirlər həyata keçirməyə başladı, bu yöndə bir sıra müsbət addımlar atdı. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) ölkədə yüksək səviyyəli elmi kadrların kifayət qədər olmaması və gənc respublikanın çox qısa bir zaman müddətində mövcudluğu Azərbaycan-türk dilinin həmin dönəmdə dövlət dili kimi  istənilən səviyyədə və geniş fəaliyyətinə imkan vermədi.

Ölkəmiz keçmiş Sovetlər Birliyinin tərkibində olduğu ilk dövrlərdə isə  Sovet hakimiyyətinin məlum ideologiyasının tələblərinə və mövcud ictimai-siyasi quruluşa görə Azərbaycan dilinin dövlət dili səviyyəsində fəaliyyət göstərməsi üçün lazımi şərait və imkanlar yaradılmamışdı. Bununla belə, həmin dövrdə Azərbaycanda milli ədəbi dilimizin və dilçilik elminin inkişafı ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirilməsini də danmaq ən azından ədalətsizlik olardı.

1956-cı ildə Azərbaycan dili ölkəmizdə rəsmən kağız üzərində - Konstitusiyada ölkənin dövlət dili kimi qəbul olunmuş, lakin bu qərar formal xarakter daşımış və yuxarı dairələrdə, o cümlədən dövlət idarələrində hakim millətin dilinə - rus dilinə daha çox üstünlük verilmişdir.

Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan isə ana dilinə böyük qayğı və diqqət göstərmişdir. Məlum olduğu kimi, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara böyük dəstək verdi, ruh yüksəkliyi bəxş etdi, necə deyərlər, qol-qanad açmağa imkan verdi. Yenə həmin dövrdə Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ulu öndər bununla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi. Həmin tədbirlər sırasında ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması  haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi.

Onu da qeyd etmək yerinə düşər ki, məhz ulu öndərin həyata keçirdiyi uzaqgörən, məqsədyönlü və uğurlu dil siyasətinin nəticəsi olaraq  keçən əsrin 70-ci illərində Azərbaycan dilinin müxtəlif yönlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi-tədqiqat işləri yerinə yetirildi. Bütün bunların nəticəsi olaraq 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dörd cildlik "Müasir Azərbaycan dili" dərsliyi respublika Dövlət mükafatına layiq görüldü, bununla da ölkədə dilçiliyin daha da inkişafı üçün geniş imkanlar yarandı. Yenə həmin dövrdə Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dövlət quruculuğu strategiyasının tərkib hissəsi olan uğurlu dil siyasəti daha bir bəhrəsini verdi: Azərbaycan keçmiş Sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanındı. Belə ki, keçən yüzilliyin 70-ci illərində SSRİ Elmlər Akademiyasının türk dillərinin tədqiqi istiqamətində yeganə elmi orqanı olan "Sovetskaya Türkologiya" jurnalı Bakıda nəşr olunmağa başladı. Yeri gəlmişkən qeyd edək ki, bu jurnal hazırda yenə də Bakıda - Azərbaycan Milli Elmlər Akademiyasının  Rəyasət Heyətinin orqanı kimi "Türkologiya" adı ilə beynəlxalq dərgi statusunda öz fəaliyyətini uğurla davam etdirməkdədir.

Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu, milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi sözün həqiqi mənasında dövlət dili statusu qazandı. Məhz bu mərhələdə milli dövlətçiliyin mühüm atributu olan ana dilinin daha da inkişafı və zənginləşməsi, onun müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması üçün daha böyük imkanlar yarandı, bu yöndə geniş üfüqlər açıldı və bir sıra mühüm və sanballı işlərə ilkin imza atıldı. Bu məsələdə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, ana dilimizin gözəl bilicisi, bənzərsiz mahir natiq ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti  və misilsiz tarixi xidmətləri  mühüm və həlledici rol oynadı. Belə ki, ulu öndərin ölkəyə ikinci dəfə rəhbərliyə gəlişi zamanı müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi, dövlət dili statusu aldı.  Bu tarixi hadisədən başlayaraq Azərbaycan Respublikasında dil siyasəti birmənalı və yetkin şəkildə formalaşdı, ana dilinin dövlət dili kimi tətbiqi işi möhkəm və sabit qayda-qanunlar, əsaslı təməllər üzərində  təkmilləşdi.

Ulu öndərin apardığı dil siyasəti onun milli dövlət quruculuğu siyasəti ilə, azərbaycançılıq konsepsiyası ilə sıx bağlıdır və onun üzvi tərkib hissəsidir. Onu da qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının əsas qanununa Konstitusiyasına "Dövlət dili" adlanan ayrıca bir maddə (maddə 21) daxil edildi.

Müstəqillik illərində ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü və gələcəyə yönələn dövlət quruculuğu məsələlərində dil siyasəti həmişə aparıcı olmuşdur. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən ümummilli lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən, xalq dilindən gəlmə deyimlərdən uğurla istifadə etmiş, özünəməxsus jest və mimikaları ilə nitqinin auditoriyaya, bütövlükdə xalqa təsir gücünün artmasına nail olmuşdur. Ulu öndər ana dili ilə bağlı çoxsaylı fikirlərində dilin azərbaycançılıqda birbaşa bağlılığı məsələsini də önə çəkmiş, xüsusi olaraq vurğulamışdır:"Millətin milliliyini saxlayan onun ana dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dil olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, bu həm də azərbaycançılıq məsələsidir".

Ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü  durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlamış və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin tədbirlər sırasında "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Belə ki, fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda həmçinin müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait  yaranması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu. Fərmanda Azərbaycan dilinin tarixi ilə xalqımızın tarixi arasında sıx və qırılmaz tellər olduğu vurğulanır və dil siyasətinin azərbaycançılıqla bağlılığı qeyd olunurdu.

Ümummilli liderin əsəri olan bu tarixi fərmanda müstəqil Azərbaycan dövlətinin dil siyasətinin mərkəzində iki başlıca ideya dayanırdı. Birincisi, Azərbaycan dilinin dövlət dili kimi qorunması, ikincisi isə - bu dilin dövlət dili səviyyəsində inkişafı üçün hər cür imkan və şəraitin yaradılması.

Qeyd etmək lazımdır ki, fərmanda irəli sürülən müddəalar və ideyalar başlıca olaraq Azərbaycan dilinin bir dövlət dili kimi qorunması, müxtəlif sahələrdə geniş tətbiqi, işlənməsi və inkişaf etdirilməsi kimi qlobal məsələləri özündə ehtiva edir və onlardan irəli gələn hədəflərə, vəzifələrə çatmaq üçün konkret yolları göstərir, istiqamətləri müəyyənləşdirirdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin dövlət dili ilə bağlı aşağıdakı mühüm  sənədlərə də imza atmışdır:

- "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli fərman;

- Azərbaycan Respublikasında Dövlət dili haqqında 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikasının Qanunu

- "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2 yanvar 2003-cü il tarixli fərman.

Ölkədə latın qrafikalı  Azərbaycan əlifbasına keçidin  2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının həyatında olduqca mühüm bir elmi-mədəni hadisə olduğunu nəzərə alan dövlət başçısı  9 avqust 2001-ci il tarixli fərmanı ilə hər il avqust ayının ilk gününün Azərbaycan Respublikasında  Azərbaycan əlifbası və Azərbaycan dili kimi qeyd olunmasını rəsmiləşdirdi. 
Dövlət Dili haqqında Qanun isə ilk növbədə ölkə konstitusiyasına uyğun olaraq dilimizin dövlət dili kimi hüququ statusunu nizamlamaq məqsədilə onun işlənməsi, qorunması və inkişafı istiqamətlərini müəyyənləşdirdi. Qanunun preambulasında deyildiyi kimi, "Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilmsəi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüistifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır". Burada diqqətçəkici məqamlardan birincisi Azərbaycan dilinə dövlət səviyyəsində lazımi qayğı göstərilməsidirsə, ikinci bir mühüm cəhət isə Azərbaycan dilinin dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli rolunu oynaması üçün Azərbaycan dövləti tərəfindən zəmin yaradılmasıdır. İkinci məsələ ilə bağlı onu da qeyd etmək lazımdır ki, qanunun ayrıca bir maddəsində xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə lazımi kömək göstərilməsi də nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan dili ilə bağlı verdiyi fərmanlar ədəbi dilimizin fəaliyyət meydanını daha da genişləndirmiş, onun  dövlət səviyyəsində tətbiqi işini, inkişafı məsələlərini gücləndirmişdir. Bu tarixi qərarlar bütövlükdə götürdükdə Azərbaycan dili və dil mədəniyyətimiz qarşısında yeni imkanlar və geniş üfüqlər açmışdır.

Ulu öndərin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ulu öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəsrlərin həyata keçirilməsi ilə bağlıdır. Ölkə Prezidentinin 12 yanvar 2004-cü il tarixli bu sərəncamına əsasən dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir. Bundan əlavə İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli sərəncamına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 24 avqust 2007-ci il tarixli digər bir sərəncamı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində kütləvi şəkildə nəşri də həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci ildə isə bilavasitə  Azərbaycan  dili və dilçiliyi ilə bağlı iki mühüm sənədə imza atmışdır.  Onlardan biri ölkəmizdə dilçilik elminin  ən başlıca mərkəzi sayılan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik  İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında 2012-ci il 29 may tarixli sərəncamdır. Ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət  sənədi olan bu sərəncama əsasən Azərbaycanda dilçilik elminin daha da gücləndirilməsi məqsədilə adı çəkilən quruma dövlət  büdcəsindən iki milyon manat vəsait ayrılmışdır ki, bu da birbaşa dövlət dilinə olan daimi qayğı və diqqətin göstəricisidir.

Ölkə prezidentinin  23 may 2012-ci il tarixli sərəncamı isə  "Azərbaycan dilinin qloballaşma şəraitində  zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" adlanır.Bu sərəncamla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya  Komissiyası yaradılmış və ədəbi dil normalarının gözlənilməsi, eləcə də Azərbaycan dilçilik elminin səviyyəsinin daha da yüksəldilməsini özündə ehtiva edən Dövlət Proqramının hazırlanması bir məqsəd olaraq qarşıya qoyulmuşdur. Bir müddət sonra adı çəkilən Dövlət Proqramı  hazırlanmış və ölkə Prezidentinin 9 aprel 2013-cü il tarixi  sərəncamı ilə təsdiq edilmişdir. Sərəncamda göstərildiyi kimi "hazırkı qloballaşma  dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində  aparılan işlərin yeni səviyyədə yüksəldilməsini tələb edir". Sənəddə xüsusi olaraq vurğulanır ki, "Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma  şəraitində zamanın tələblərinə  uyğun istifadəsini təmin etməkdir".

Ümumiyyətlə, Dövlət Proqramı milli dövlətçiliyimizin başlıca rəmzlərindən biri olan Azərbaycan dilinin geniş miqyasda tətbiqi, əsaslı və fundamental şəkildə tədqiqi, eləcə də ölkəmizdə dilçilik elmi sahəsində aparılan araşdırmaların səviyyəsinin yüksəldilməsi istiqamətində konkret əməli işlər görmək üçün əlverişli zəmin və geniş imkanlar yaradır. Adı çəkilən tarixi sənəd eyni zamanda dilçilik sahəsində çalışan mütəxəssislər, dilçi alimlər üzərinə böyük vəzifələr qoyur, onları bu yöndə əməli işlər görməyə səfərbər edir.

Qeyd edək ki, yuxarıda adı çəkilən məqsəd və vəzifələrin həlli məsələsi daha çox Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun  öhdəsinə düşür. Ölkəmizdə dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan bu elmi müəssisədə ölkə prezidentinin Azərbaycan dili haqqındakı 9 aprel 2013-cü il tarixli sərəncamından irəli gələn vəzifələri həyata keçirmək məqsədilə bir sıra əməli işlər görülmüşdür. Onlar sırasında ilk növbədə Dilçilik İnstitutunda bir neçə yeni şöbənin (Qədim dillər və mədəniyyətlər, Sosiolinqvistika və dil siyasəti, Kompüter dilçiliyi, Monitorinq) yaradılmasını qeyd etmək lazımdır. İnstitutda aparılmış struktur dəyişiklikləri Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin görkəmli dilçi alimlərinin beynəlxalq səviyyədə tanınmasına və nüfuz qazanmasına, eləcə də ədəbi dil tarixinin, qədim dillər və mədəniyyətlərin araşdırılmasına, ölkə ərazisində yaşayan azsaylı xalqların dillərinin öyrənilməsinə yol açır. Bu məqsədlə keçən il Dilçilik İnstitutunda ilk dəfə olaraq qədim dillər üzrə 3 nəfər ali təhsilin magistratura pilləsinə qəbul edilmişdir. Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin və Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması, həmçinin Azərbaycan dilinin yeni orfoqrafik, izahlı, frazeoloji və terminoloji lüğətlərinin hazırlanması, müxtəlif dialekt və şivələrin müasir tələblər səviyyəsində öyrənilməsi sahələrində də müəyyən işlərə artıq başlanılmışdır. Bundan əlavə dilimizə son 20-30 ildə daxil olmuş yeni sözlərin, o cümlədən, terminlərin lüğəti hazırlanmış və nəşrə təqdim olunmuşdur.

Dilçilik İnstitutunda dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması sahəsində də məqsədyönlü işlər yerinə yetirilməkdədir. İnstitut əməkdaşları bu məqsədlə vaxtaşırı yoxlamalar aparır, monitorinqlər keçirir və ən başlıcası sözügedən sahədəki nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görür. Məlum olduğu kimi, televiziya və radio kanallarında, mətbuat orqanlarında və sosial şəbəkələrdə Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarına tez-tez rast gəlmək olur. Bu sahədə pozuntuların qarşısının alınmasında ictimaiyyətin də fəal iştirakının təmin edilməsi və operativ tədbirlərin görülməsi məqsədilə Dilçilik İnstitutunda keçən il qaynar xətt öz fəaliyyətinə başlamışdır.

Azərbaycan dili xalqımızın özümlüyünü, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə yaşadan, əsrlərdən əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra dövlət atributları sırasında özünəməxsus yeri  və çəkisi olan ana dilimizə dövlət səviyyəsində daima yüksək qayğı göstərilmişdir.

Azərbaycan xalqının ümummilli  lideri Heydər Əliyevin  dövlət dilimiz olan   Azərbaycan dili haqqında dediyi aşağıdakı sözləri bu qayğının ən bariz nümunəsidir: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz  yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir". Ulu öndərin Azərbaycan dili haqqında bu sözləri hər bir Azərbaycan vətəndaşını, xüsusilə də dilçilik sahəsində çalışan mütəxəssisləri ədəbi dilimizin saflığı keşiyində dayanmağa, onun düzgün şəkildə tətbiqi və inkişafı istiqamətində düşünüb-daşınmağa səsləyir.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev də Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik  yubileyi ilə bağlı keçirilən ümumi yığıncaqda (9 noyabr 2015-ci il) söylədiyi dərin  məzmunlu nitqində  xalqımızın mənəvi sərvəti olan Azərbaycan dilinin  saflığının qorunmasının zəruriliyini ayrıca olaraq vurğulamışdır: "Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik, Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə bu gün bəzi hallarda dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda Azərbaycanda da dəstək qazanır, bu məni doğrudan da, narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdu. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik". Ölkə başçısının Azərbaycan Respublikasının dövlət dili haqqındakı qayğı dolu bu sözləri və tələbi hər bir Azərbaycan vətəndaşı üçün proqram səciyyəsi daşımalı, vəzifə borcu olmalı və sözsüz həyata keçirilməlidir. Çünki dilin qoruyucusu və daşıyıcısı bütün xalqdır. Buna görə də ana dilinin saflığını qorumaq, onun keşiyində durmaq, ədəbi dilin norma və qanunlarına əməl etmək hər bir kəsin vəzifə borcu olmalıdır.
Möhsün NAĞISOYLU 
AMEA-nın müxbir üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun

 

 




Baxış sayı: 1 903
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930