FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Azərbaycanın beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri
17-10-2016, 08:45 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycanın beynəlxalq siyasəti və təhlükəsizlik məsələləri

 

Bu müstəqil dövlətlərdən biri də Azərbaycan Respublikasıdır.

1991-ci il oktyabrın 18-də Müstəqillik haqqında Konstitusiya Aktı ilə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası 23 ay hakimiyyətdə olmuş (1918-ci il 28 may – 1920-ci il 28 aprel) Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Respublikası bu il müstəqilliyinin bərpasının 25 illik yubileyini qeyd edir. Bu 25 il ərzində ölkəmiz böyük, şərəfli və eyni zamanda, mürəkkəb  inkişaf yolu keçmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra işğal rejimindən miras qalmış çoxsaylı problemlərlə üzləşməli oldu. Siyasi, iqtisadi və sosialyönümlü mürəkkəb problemlərin həlli axtarışında olan Azərbaycan dövləti daha bir imtahanla da sınağa çəkildi. Bu, Ermənistanın Azərbaycan ərazisinə genişlənməkdə olan təcavüzü və etnik təmizləmə siyasəti ilə bağlı idi.

Bundan savayı, hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.

Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin üsyan etməsi həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyirdi. Əslində, respublikamız real vətəndaş müharibəsi astanasında idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü.

Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə tarixi qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər tədricən  olsa da, öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz xilaskar missiyasını yerinə yetirdi.

Burada bir haşiyəyə çıxmaq istəyirik. Məlum olduğu kimi, 1997-ci ildə Prezident Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı ona bu dövlətin ən məşhur 4 prezidentindən biri olan (C.Vaşinqton, T.Cefferson F.D. Ruzveltlə birlikdə) Avraam Linkolnun büstü bağışlanmışdı. Bu, təsadüfi olmayıb, rəmzi mənası olan bir hadisə idi. Prezident A.Linkoln ABŞ-ın bütövlüyünün qorunması naminə separatçı Cənub ştatları ilə mübarizə aparmalı olmuş və nəticədə ölkə miqyasında 600 mindən artıq itkilərin verilməsinə baxmayaraq, dövlətçiliyin məhvinin qarşısını ala bilmişdi. Amerikalılar indiyədək seçdikləri bütün prezidentlər içərisində yalnız 4-nə heykəl qoyublar. Həmin prezidentlərdən biri də məhz A.Linkolndur. Zənnimizcə, amerikalıların Heydər Əliyevlə Avraam Linkoln arasında paralel aparmalarının motivi gün kimi aydındır.

Yuxarıda sadalanan mürəkkəb problemlərin həlli məqsədilə Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı və tamamlanması olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Bu yazıda balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan həmin siyasətin prioritet istiqamətləri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri və enerji təhlükəsizliyi haqqında elmi təhlil, ümumiləşdirmə və qənaətlərimizi qədirbilən oxucularımızla paylaşmağa çalışacağıq.

Bu, bir həqiqətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin memarı olduğu xarici siyasət kursunda başlıca yer tuturdu. Bu məqsədlə ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin həllinə nail olmaq üçün ikitərəfli formatda keçirdiyi çoxsaylı görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə tədbirlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun törətdiyi nəticələr haqqında təkzibedilməz faktları və arqumentləri ortaya qoymuş, münaqişənin əzəli və tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağı ilhaq edib özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yarandığını bəyan etmişdi. Həmin dövrdə keçmiş Sovet İttifaqının rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi nəticəsində münaqişə dərinləşərək müharibəyə çevrildi. Aqressiv siyasətinə münasibətdə cəzasızlıq mühitindən şirniklənən və beynəlxalq ictimaiyyətin seyrçi mövqeyindən ruhlanan erməni silahlı birləşmələri ən müasir silahlardan istifadə edərək, 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 613 nəfərin qətli ilə nəticələnən Xocalı soyqırımını həyata keçirdi. 1992-ci ilin mayında isə bu hücumlar Şuşanın, sonra da Laçının işğalı ilə nəticələndi. Nəticə etibarilə erməni silahlı qüvvələri təkcə Dağlıq Qarabağı deyil, ətrafındakı rayonları da işğal etməyə başladı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, bu sahədə beynəlxalq ictimaiyyətin səylərinə və çağırışlarına məhəl qoymayan erməni silahlı birləşmələri Azərbaycan rayonlarını işğal etməkdə davam etdi. 1993-cü ilin aprelindən başlayaraq bir neçə ay ərzində Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan işğal olundu. Onu da xüsusi olaraq qeyd edək ki, işğal prosesi dövründə Ermənistan faktiki olaraq heç bir dövlət tərəfindən təcavüzkar kimi tanınmadı. Yalnız 1993-cü ilin aprel ayında Pakistanın Kəraçi şəhərində İslam Konfransı Təşkilatının 21-ci konfransında Ermənistanın təcavüzkar dövlət olduğu bəyan edildi.

O zamankı Azərbaycan rəhbərliyinin antimilli siyasətindən, ölkədə baş verən hərc-mərclik və xaosdan istifadə edən Ermənistan Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda qeyri-qanuni hakimiyyət strukturlarını yaratmağa başladı. Nəticədə Dağlıq Qarabağ separatçıların və Ermənistan silahlı qüvvələrinin tam hərbi nəzarəti altına düşdü. Bu acı reallıqlar fonunda, yuxarıda qeyd etdiyimiz kimi, xalqın  tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi.

Nizami ordu quruculuğu prosesi dönməz xarakter aldı. Nəticələr özünü çox da gözlətmədi. Nizami Azərbaycan ordusunun cəbhə boyu həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar münaqişənin tənzimlənməsi prosesində Ermənistanın tutduğu ənənəvi güzəştsiz mövqeni sarsıtdı. Ermənistan cəbhədə atəşkəsin elan edilməsinə razılıq verməyə məcbur oldu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə, 1994-cü il may ayının 12-də atəşkəs haqqında tarixi razılaşma əldə olundu, münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ilkin şərait yarandı. Nəticədə 1992-ci ilin mart ayında 11 dövlətin iştirakı ilə yaradılmış və missiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik olan ATƏM-in Minsk qrupu çərçivəsində sülh danışıqları intensiv xarakter aldı. Konkret qərarlar qəbul edildi. 1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə keçirilən Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək və ATƏM-in Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırdı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində də ayrıca qərar qəbul olundu. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə, 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşü zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu.


Ümummilli lider Heydər Əliyevin münaqişənin aradan qaldırılması sayəsindəki titanik fəaliyyətinin göstəricisi olaraq bəzi faktlara istinad etmək yerinə düşərdi. Belə ki, 1993-2000-ci illər ərzində ulu öndər Heydər Əliyev ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirmişdir. Heydər Əliyev 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 dəfə görüşmüşdür. Bu görüşlərin hamısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Konkret rəqəmlərlə ifadə etsək, Heydər Əliyev ABŞ-ın Prezidenti, xarici işlər naziri ilə bu məsələni 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23, Türkiyə rəhbərləri ilə 78 dəfə müzakirə etmişdir. BMT-nin baş katibləri ilə onlarca görüş olmuşdur, NATO-nun, Müstəqil Dövlətlər Birliyinin zirvə görüşlərində, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd zirvə görüşündə, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərində hər dəfə ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini gündəliyə çıxarmışdır.

Məlum olduğu kimi, ATƏT-in Lissabon Zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri dünyanın üç böyük dövləti – Rusiya, ABŞ, Fransa oldu. Məhz bu dövlətlər həmsədrlər olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair geniş ictimaiyyətə açıq olan üç təkliflə çıxış etmişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin paket həllini, 1997-ci ilin oktyabrında verdikləri ikinci təklif isə mərhələli həllini nəzərdə tuturdu. Əgər əvvəlcə erməni tərəfi münaqişənin paket həlli variantı ilə razılaşmırdısa, sonradan Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan mərhələli nizamlama planı əsasında münaqişənin həll edilməsi barədə təklifi qəbul etdi. Lakin erməni fitnəsi bu planın gerçəkləşdirilməsinə imkan vermədi, qısa zaman ərzində L.Ter-Petrosyan istefa ərizəsi yazmağa məcbur edildi. 1998-ci ilin noyabrında həmsədrlər yeni, üçüncü təklif – "ümumi dövlət" təklifini verdilər.

Nəhayət, 1999-cu ilin aprelindən başlayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yeni bir format yarandı və o, öz fəaliyyəti ilə, əslində, ATƏT-in Minsk qrupunun işini tamamlayır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqudur. Ulu öndər Heydər Əliyevin Ermənistan prezidenti Robert Koçaryan ilə Cenevrədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, Soçidə, habelə, respublikamızın sərhədində çoxsaylı görüşləri olmuşdur. Obyektivlik naminə onu da qeyd edək ki, 1999-cu ilin axırlarında prezidentlər kompromis əldə edilməsinə heç zaman olmadığı səviyyədə yaxın idilər. Lakin rəsmi İrəvanın növbəti təxribatçı hərəkətləri sülh razılaşması üçün yaranmış kövrək imkanların qarşısına sədd çəkdi. Beləliklə, münaqişənin həlli ilə bağlı prosesdə fasilə yaranmış oldu. Həmim pauzaya Azərbaycan Respublikası strateji məzmun verdi. Dövlətimiz bütün parametrlər üzrə, o cümlədən, hərbi baxımdan daha da möhkəmləndi. Bu missiyanı Prezident İlham Əliyev uğurla reallaşdırdı.

Bu, bir həqiqətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təbirincə desək, Prezident İlham Əliyev dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin – Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu, sırf zaman məsələsidir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Bu yanaşma tərzi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesinə münasibətdə də istisna təşkil etmir.

Bu gün dünyada “güclü haqlıdır” məntiqinin işlədiyini nəzərə alaraq, Prezident İlham Əliyev davamlı şəkildə güclənmək xəttini daha da möhkəmləndirmişdir. Yalnız bu halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun ədalətin bərpasına yönəlik siyasətinin formalaşmasına ümid bəsləmək olar. Hazırda  bu qurumun fəaliyyəti sanki münaqişəni həll etməyə deyil, onun müharibəyə çevrilməsinin qarşısını almağa yönəlmişdir. Elə Minsk qrupu bu fəaliyyəti ilə də məlum “aprel döyüşləri”nədək öyünürdü. “Aprel döyüşləri” bu illüziyanı alt-üst etdi. Məlum olduğu kimi, Azərbaycan Ordusu cari ilin 2-5 aprel tarixlərində Ermənistan silahlı qüvvələrinin növbəti hərbi avantürasının qarşısını əks-həmlə ilə aldı və düşmənə sarsıdıcı zərbələr endirdi. 4 günlük hərbi əməliyyatlarda qoşunlarımız mövqe üstünlüyünü təmin etmiş oldu.

Prezident İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasınadır. Güclənən Azərbaycan və qüdrətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan əsgəri onlar üçün daim qorxu mənbəyidir və bu qorxunu aradan qaldırmaq üçün, sadəcə olaraq, Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır”. Ermənistan tərəfi bu fikirlərə uzun müddət ərzində bir təbliğat kampaniyasının tərkib hissəsi kimi yanaşırdı. Elə bu məntiqlə də aprelin 1-dən 2-nə keçən gecə növbəti hərbi avantüraya əl atdı və layiqli cavabını aldı.

Ermənistanın Azərbaycanla dövlət sərhəddində və qoşunların təmas xəttində törətdiyi növbəti hərbi insident Azərbaycan Ordusunun qüdrətini və sarsılmaz döyüş ruhunu, erməni ordusunun isə acizliyini və zəifliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika və silahlarla təhciz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik ordumuzun 4 gün ərzində düşməni əks-hücum ilə darmadağın etməsi cənab Prezidentin yuxarıda qeyd olunan fikirlərinin tam həqiqəti əks etdirdiyini bir daha təsdiqlədi. Əslində, müharibə davam etməkdə idi, sadəcə onun aktiv hərbi fazasında atəşkəs mövcud idi. Ermənistanın silahlı qüvvələrinin cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozması, aprel ayının əvvəlində geniş hərbi insident törətməsi müharibənin istənilən anda başlanmasının mümkünlüyünün göstəricisidir.

Münaqişənin tənzimlənməsində maraqlı olduğunun görüntüsünü yaratmaq və növbəti dəfə beynəlxalq ictimai fikri aldatmaq məqsədi ilə Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə 2008-ci ilin iyun ayında Sankt-Peterburqda, noyabrda Moskvada, 2009-cu ilin yanvarda Sürixdə, mayda Praqada, iyunda Sankt-Peterburqda, iyulda Moskvada, oktyabrda Kişinyovda, noyabrda Münhendə, 2010-cu ilin yanvarda Soçidə, iyunda Sankt-Peterburqda, oktyabrda Həştərxanda və 2011-ci ilin mart və 2012-ci ilin yanvar aylarında yenidən Soçidə, 2013-cü ilin noyabr ayında Vyanada və 2014-cü ilin avqust ayında Soçidə və sentyabrda Nyuportda, oktyabrda Parisdə, 2015-ci ilin dekabr ayında Berndə, 2016-cı ilin may ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda görüşsə də, məhz onun tutduğu ənənəvi qeyri-konstruktiv mövqe ucbatından problemin həllində real nəticə hasil olmamışdır.

Regionda baş verən proseslərin mənfi inkişaf tendensiyasına baxmayaraq, Azərbaycan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun 2004-cü ildə start verdiyi “Praqa prosesinə” sadiqdir. Bu proses çərçivəsində münaqişənin “mərhələli həll” yolu ilə tənzimlənməsi nəzərdə tutulmuşdur. Bu prosesin davamı olaraq, 2007-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı “Madrid prinsipləri”ni irəli sürmüşdür. Azərbaycan və Ermənistan tərəfləri bir neçə dəfə bu prinsiplərlə bağlı təkliflərini irəli sürmüş və son nəticədə sənədin yeni variantı 2009-cu ilin dekabr ayında hazırlanaraq münaqişə tərəflərinə təqdim olunmuşdur. Sənədə əsasən, münaqişənin tənzimlənməsi prosesinin birinci mərhələsində Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən və işğal altında olan 7 Azərbaycan rayonunun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın) azad olunması, məcburi köçkünlərin öz yurd-yuvasına qaytarılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik şəraitində yaşamasını təmin edən digər addımların atılması nəzərdə tutulmuşdur. Yalnız növbəti mərhələdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsinə baxılacağı sənəddə əks olunmuşdur. Konfidensial xarakterli “Madrid prinsipləri”ndən geniş ictimaiyyət üçün məlum olan müddəlar bunlardan ibarətdir.

Azərbaycan tərəfinin münaqişənin həlli yolları ilə bağlı mövqeyi dəyişməzdir. Həmin mövqe Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilibdir. Həmin mövqeyə görə, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağ ermənilərinə respublikamızın hüdüdları daxilində ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir. Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı bir həll yolu qəbuledilməzdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 9 aprel 2016-cı il tarixli iclasında bu məsələyə bir daha xüsusi diqqət ayıraraq vurğuladı ki, “məsələnin həlli çox sadədir – erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalıdır, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar, ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir.

Elman Nəsirov,

Milli Məclisin deputatı,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının

Siyasi Araşdırmalar İnstitutunun direktoru,

siyasi elmlər doktoru, professor




Baxış sayı: 1 777
Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Dünən, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Dünən, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Dünən, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Dünən, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Dünən, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Dünən, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Dünən, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Dünən, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930