FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Xocalı faciəsi: Kədərə boyanmış rənglər
20-02-2023, 08:40 | TƏDQİQATLAR-ANALITIKA
Xocalı faciəsi: Kədərə boyanmış rənglər

Bütün bəşəriyyət üçün təhlükə mənbəyi olan erməni faşizminin qəddarlıqla azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının tanıdılmasında, gələcək nəsillərə çatdırılmasında qələm adamlarımız, fırça ustalarımız da çox iş görüb. Bu illər ərzində qəlbləri ağrıdan, taleləri yarımçıq qoyan bu faciəyə neçə-neçə rəsm əsəri həsr edilib. Bu baxımdan Azərbaycan, ümumən bəşəriyyət üçün ən dəhşətli soyqırımı aktlarından olan Xocalı faciəsinin rəssamlarımızın yaratdığı əsərlərdə əksini tapması çox ciddi milli-mənəvi vəzifə və zəruri mənəvi ehtiyac idi. Bu əsərlər həm də milli yaddaşdır.

Fact-info.az faciənin 31-ci ildönümü ərəfəsində Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “Xocalı faciəsi: Kədərə boyanmış rənglər” sərlövhəli yazısını təqdim edir.

Zamanında hər bir xalqın tuş gəldiyi hadisələrə onun sənətkarları tərəfindən tutulan “bədii güzgü”nün gələcək nəsillər üçün bütün mənalarda əhəmiyyət kəsb etməsi danılmazdır. Hələ ötən əsrin əvvəllərində Azərbaycan təsviri sənətinin inkişafında müstəsna rolu olan Bəhruz bəy Kəngərlinin (1892-1922) yaratdığı və erməni təcavüzkarlığını ifşa edən bədii-tarixli əhəmiyyətli “Qaçqınlar” qrafik silsiləsinin bu gün də müasir görünməsi də dediklərimizi təsdiqləyir. O vaxt İrəvan xanlığındakı dədə-baba torpaqlarından didərgin salınmış soydaşlarımızın Naxçıvana pənah aparmalarına görkəmli fırça ustasının özü şahidlik etmişdi. Onlara imkanı çərçivəsində maddi qayğı göstərən gənc rəssam baş verənlərin tarixi-bədii sənədə çevrilməsi istiqamətində əvəzsiz bir iş görmüş, ağır vəziyyətdə olmuş insanların taleyinə həsr olunmuş çoxsaylı əsərləri ilə erməni vəhşiliyinin danılmazlığını tarixi həqiqət kimi qəbulunu şərtləndirmişdir.


Bəzən tarixi hadisələrin mahiyyətini isti-isti bədii-estetik süzgəcdən keçirib yaddaqalan əsər yaratmaq çətin olsa da, bu gün də Qarabağ probleminin çözülmədiyi bir şəraitdə Azərbaycanın təsviri sənət ustaları xalqının tuş gəldiyi bu müharibəyə və onun yaddaqalan hadisələrinə öz münasibətlərini bildirmələri, ilk növbədə, onların yaşadıqları dövrə yaddaqalan-ittihamedici “bədii güzgü” tutduqlarının göstəricisidir. Bu mənada onların həm də sənətkar-vətəndaş mövqeyini əks etdirən Xocalı faciəsinə həsr olunmuş əsərlərinin tarixi tutumuna görə əhəmiyyəti ölçüyəgəlməzdir. Azərbaycanın rəssam və heykəltaraşlarının tariximizin heç vaxt unudulmayacaq “Xocalı səhifəsi”nə bədii münasibətləri əslində onların Bəhruz bəy Kəngərli ənənəsini davam etdirmələrinin əyani görüntüsüdür...


Hadisələrin bilavasitə iştirakçısı olan, torpaq uğrunda gedən ölüm-dirim mübarizəsinə şahidlik edən sənətkarların rəngə və cizgiyə, eləcə də daşa, mərmərə və tunca köçürdüklərində başqalarında baş verənlərə inam yaradacaq bədii-mənəvi güc daha etibarlı olur. Bu mənada Xalq rəssamı Xanlar Əhmədovun fəaliyyəti xüsusilə yaddaqalandır. Tanınmış heykəltəraş sonralar “Əsrin faciəsi” kimi dəyərləndiriləcək, məşhur Xatın dəhşətinə bərabər tutulacaq Xocalı qətliamına bədii münasibətini elə hadisənin ilk ildönümündə sərgilədi. O, bir il ərzində bütün digər yaradıcı işlərini kənara qoyaraq Xocalı mövzusunda bədii cəhətdən çox tutumlu sayıla biləcək əsərlər yaratdı. Müxtəlif materiallarda gerçəkləşən 25 heykəltaraşlıq kompozisiyasında faciənin çox maraqlı plastik həllini görmək mümkündür.


Xocalı faciəsinə həsr olunmuş respublika müsabiqəsində iki il dalbadal (2011 və 2012) qalib adına layiq görülmüş heykəltaraşın əsərlərində faciənin yaddaqalan obrazlı plastik ifadəsi tapılmışdır.

Zamanında rəssam Nazim Məmmədovun (1934-2004) nümayiş etdirdiyi yaradıcı mövqe də çoxlarına nümunə olmağa layiqdir. Belə ki, özünün xəstə olmasına baxmayaraq telejurnalist Çingiz Mustafayevin faciəni əks etdirən kadrlarının televiziya ekranda nümayişini görən tanınmış cizgi filmləri rəssamı Nazim Məmmədovun yuxusu ərşə çəkilmiş, onu gecə-gündüz qətliamın dəhşətlərini özündə yaşadan əsərlər yaratmağa sövq etmişdi. Sayı əlliyə çatan bu əsərlər faciənin 10 illiyi günlərində Azərbaycan Milli İncəsənət Muzeyində rəssamın “Xocalı harayı” adlanan fərdi sərgisində nümayiş etdirildi, sərgi sonu iki ildən sonra dünyasını dəyişəcək rəssam tamaşaçıların böyük marağına səbəb olan həmin işləri elə onların nümayiş olunduğu muzeyə hədiyyə etdi..


Xocalı faciəsinə həsr olunmuş təsviri sənət əsərlərindən söz açanda tanınmış rəssam Vaqif Ucatayın elə hadisənin baş verməsindən az sonra işlədiyi “Xocalı” plakatının adını xüsusi qeyd etmək lazımdır. Yaradıldığı gündən dünyanı dolaşan bu əsər bəlkə də Xocalı faciəsinin obrazını əks etdirən ən təsirli sənət nümunəsidir. Plakatın tələblərinə uyğun çox yığcam detallardan ibarət olan əsərdə sinəsinə xəncər sancılmış körpə və “Xocalı. 1992” sözləri yer almışdır. Qanına qəltan olunmuş körpə təsvirinin doğurduğu nifrəti sözlə ifadə etmək bəlkə də mümkünsüzdür. Belə sənət əsərinin qarşısında tamaşaçının da biganə qalmayacağı birmənalıdır.

Rəssam “Bax! Gör! Unutma!” adlı qrafik silsiləsini Qarabağ müharibəsinin hadisələrinə şahidlik etmiş insanların söylədikləri əsasında işləmişdir. Burada Xocalının dinc əhalisinə qarşı törədilmiş vəhşiliklərin təsirli bədii əksi də yer almışdır. Odur ki, reallığına şübhə olunmayan əsərlər həm də tarixi-bədii sənəd mahiyyəti daşıyır. Rəssam fırçasının qüdrəti ilə reallaşan bu təsvirlərdə erməni vandalizminin nəhayətsizliyi inandırıcı və çox təsirlidir...


Qarabağ müharibəsinə öz yaradıcılığında geniş yer verən rəssamların sırasında respublikanın Əməkdar rəssamı Adil Rüstəmovun adını çəkmək lazımdır. Onun 2010-cu ildə təşkil olunmuş “Qarabağ şikəstəsi” adlı sərgisində nümayiş olunan otuza qədər qrafik lövhədə mövzu həllinin cizgilərin emosionallığına köklənməsi əsərlərin təsirliliyini şərtləndirmişdir. Rənglərin kədər çalarlarına tapınan kompozisiyalar olub-keçənlərə bədii ağı kimi qəbul olunurlar...

Hər il paytaxtımızda faciəni anım mərasiminin keçirildiyi meydanda ucaldılan “Ana kədəri” abidəsində (Aslan Rüstəmov, Mahmud Rüstəmov və Teymur Rüstəmov) də heykəltaraşlar günahsız insanların ağrılı yaşantılarını ifadə etməyə nail olublar.


Müstəqillik illərində xalqın tuş gəldiyi Qarabağ müharibəsinə ayrı-ayrı rəssam və heykəltaraşların fərdi münasibətinin baş tutması ilə yanaşı, respublikada bütün yaradıcı qüvvələri bu mövzuya cəlb edəcək müsabiqə-sərgilər də təşkil olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Rəssamlar İttifaqının birgə təşkil etdikləri sənət yarışmasının Xocalı faciəsinə həsr olunması da bunun göstəricisidir. 2011-ci və 2012-ci illərdə keçirilən müsabiqə-sərgidə respublika təsviri sənət ustalarının bu mövzu ilə bağlı nümayiş etdirdikləri əsərlər göstərdi ki, fırça və tişə ustalarının “Əsrin faciəsi”nə diqqəti və şəhidlərin xatirəsinə ehtiramı ölçüyəgəlməzdir. Bu müsabiqənin əsas mükafatlarına layiq görülmüş əsərlər sırasında istedadlı fırça ustası Asif Azərellinin “Belə də haqsızlıq olar?” (2011) tablosunu erməni daşnaklarının Azərbaycan mədəniyyətinə yönəli vəhşilikləri özünün çox ifadəli əksini tapmışdır...Üfüqi kompozisiyada işğalçı erməni əsgərinin ayaqları və onun ətrafına səpələnmiş maddi-mədəniyyət nümunələrimizin, Qarabağın muğam ifaçıları ilə bağlı atributların (tar, kamança, qaval, xanəndələrin fotoları və s.) təsvirləri kifayət qədər diqqətçəkən və yağı düşmənə qarşı nifrət hissləri oyadıcıdır.


Respublikanın Əməkdar rəssamı Fərman Qulamovun (1943-2016) mükafata layiq görülmüş “Vəhşilik” (2012) tablosunda isə Xocalıda baş verən qətliam özünün obrazlı ifadəsini tapmışdır. Gənc rəssam Günay Mehdizadənin son vaxtlar yaratdığı “Xocalı” tablosunu məna-məzmun yükünə görə bu mövzuda yaradılan ən təsirli əsərlərdən saymaq olar. Belə ki, XX əsrin ən dəhşətli qətliamlarından sayılan Xocalıya – şəhid şəhərə münasibətində baiskarlara yönəlmiş münasibətində duyulası dərəcədə ittihamedicidir. Düşmən əməllərini ifşa edən üfüqi kompozisiyada faciəni real və xəyali obrazlarla ifadə edən rəssam, qənaətimizcə, Azərbaycan rəssamlığında bu mövzuya həsr olunmuş yaddaqalan tablolardan birini yaratmağa nail olub. Çoxfiqurlu əsərdə şəhidin ucalığa qaldırılması, həlak olmuş ana-bala ruhunun ittihamedici duruşu, ahıl nənə ilə əli milli bayraqlı qız uşağının qələbəyə ümidli fiqurları və digər çoxsaylı təsvirlər düşmənə nifrət aşılayan bədii-psixoloji tutumuna görə diqqətçəkən və yaddaqalandırlar...

Yeri gəlmişkən, 2011-ci və 2012-ci illərdə keçirilən müsabiqə-sərgilərdə tamaşaçı rəğbəti qazanmış əsərlər sırasında Bəyim Hacıyeva, Sirus Mirzəzadə, Nazim Məmmədov, Tural Həsənli, Nəvai Metin, Nazim Rəhmanov, Həmzə Abdullayev, Nizami Hüseynov, İlqar Əkbərov, Vidadi Əhmədov (hamısı rəngkarlıq), Mayis Əliyev, Rövşən Məmmədov, Etibar Aslanov, Arif Həsənov, Nigar Babayeva, Həşim Elçiyev (hamısı qrafika), Zakir Əhmədov, Vüqar Quliyev, İslam Abdullayev, Cəlil Qaryağdı, Fuad Cəfərov, Sahib Quliyev (hamısı heykəltaraşlıq), Adil Şıxəliyev (qobelen) və Rauf Əbdülhüseynoğlu (keçə) kimi sənətkarların yaratdıqları əsərlərini qeyd etmək olar.

Rafael Muradovun “Qaçqınlar”, Nadır Bayrışovun “Şəhid” və “Məcburi köç”, Kərim Cəlalın “Zamanın izi”, İsmayıl İsmayılovun “Mübariz”, Natiq Fərəcullazadənin “Şəhid önündə” və “Ruhların gəzintisi”, Namiq Məmmədovun “Faciə”, Fikrət İbrahimovun “Gələcək naminə”, Kamal Əhmədin “Şərqin faciəsi” və Natiq İsmayılovun “Xocalı faciəsi” rəngkarlıq tablolarında, Sabir Çopuroğlunun “Xocalı harayı”, Arif Hüseynovun “Qarabağnamə” silsiləsində, Bayram Qasımxanlının “Faciələrimiz” və “Təcavüz”, Şamxəlil Məmmədovun “Xocalı qaçqını”, Səbuhi Məmmədovun “Yaralı ana” və “Ayrılıq”, Arif Həsənovun “Qalx, ana torpaq” və “Qanlı gecə” qrafik lövhələrində Emin Aslanovun “Xocalı” adlı silsilə plakatlarında, Fəxrəddin Əliyevin “Xocalı qaçqınları”, Tarverdi Quliyevin “Qarabağ motivi”, Natiq Əliyevin “Yaralı”, Məmməd Rəşidovun “Daşın göz yaşları” heykəltaraşlıq kompozisiyalarında artıq yaşanılmış ağrılara, duyulası itkilərə yaddaqalan “bədii güzgü” tutulduğundan rəngə, cizgiyə və bərk materiallara hopmuş tarixi həqiqətlər çox inandırıcı qəbul olunurlar...

Xalq rəssamı Arif Hüseynovun yaddaqalan son işlərindən sayılan “Qarabağnamə” silsiləsində Xocalı faciəsinə həsr olunmuş triptixdə yer alıb. Mərkəzi hissədə törədilmiş qətliam haqqında informasiya və dünyaya yayılmaqda olan insan harayını şəhidlərin və onlara ağı deyənlərin təsviri ilə əhatələyən müəllif ağ-qara cizgilərlə işlənmiş kompozisiyanı təsirli-ittihamedici bədii-tarixi qaynağa çevirə bilmişdir.

 

Yaxşı haldır ki, Qarabağ probleminin Azərbaycan sərhədlərini aşdığı bir şəraitdə onun beynəlxalq aləmdə tanınmasına xarici ölkələrdə yaşayan rəssamlarımız da öz töhfələrini verməkdədirlər. Bu mənada qardaş Türkiyədə yaşayan yaradıcı soydaşlarımızın fəaliyyətini xüsusi vurğulamaq istərdik. 2008-ci ildə İstanbulda təşkil olunan “Yaralı Qarabağ” sərgisində nümayiş olunan çoxsaylı əsərlərdə Qarabağ müharibəsinə tutulan “bədii güzgü” kifayət qədər təsirli və ittihamedici idi. Heykəltaraş Səid Rüstəmin “Xocalı” kompozisiyasında, Ədalət Qaranın “Qarabağın maralı”, “Xocalı faciəsi” və “Qarabağ şikəstəsi”, Səmədağa Cəfərovun “Xəyanət”, Məhəmməd Əliyevin Şəhid”, Sabir Mehdiyevin “Qarabağ atları”, Əbülfəz Fərəcoğlunun “Təcavüz”, Əli Verdiyevin “Xocalı soyqırımı”, Məhəmməd Əliyevin “Xocalı” və “Əsir əsgər”, Məhər Bayramoğlunun “Ana Vətən sevgisi”, Əli Herisçinin “Savaş sfinksləri” triptixini, Vahid Talıbın “Labirint” və Teymur Rzayevin “Qayıdış” əsərlərində erməni təcavüzünü pisləyən, hər kəsi torpaq uğrunda müqəddəs döyüşə səsləyən bədii-mənəvi məqamlar kifayət qədər görünən idi.

Əlavə etmək lazımdır ki, Qarabağ mövzusu Rusiya Federasiyasında yaşayan Qüdrət Qurbanov, Rəhman Şıxəliyev və Əsgər Məmmədovun, təhsil sonrası taleyini Belarus Respublikası ilə bağlayan Kamil Kamalın, Almaniyada çalışan Əşrəf Heybətovun və başqalarının da son illər yaradıcılığında davamlı yer tutmaqdadır...

Azərbaycan təsviri sənətinin müasir mərhələsinin inkişafına öz əsərləri ilə xidmət edən sənətkarlarımızın müxtəlif nəsillərinin üzərinə əlavə yaradıcı və mənəvi bir yük düşüb. Bu da onların yaşadıqları zamanın, tuş gəldikləri hadisələrin bədii salnaməsini yaratmaqla, onu bədii-tarixi sənədə çevirib gələcək nəsillərə ötürməkdir. Yuxarıda haqqında qısa söz açdığımız əsərlərin timsalında demək olar ki, bu istiqamətdə yadda qalacaq işlər görülməkdədir...





Baxış sayı: 291
Yuxusuz qalmağın fəsadları Bu gün, 10:00 Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb Bu gün, 09:00 Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun övladı ilə bağlı nəşr Bu gün, 08:00 ABŞ-da azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirilib Bu gün, 07:00 İran MAQATE müfəttişlərinin nüvə obyektlərinə girişinin müzakirəsi şərtini açıqlayıb Dünən, 21:00 XİN: Fransanın regionla bağlı köhnəlmiş və birtərəfli yanaşması etibarlı tərəfdaş imicinə zərbə vurur Dünən, 19:00 Baku hosts official opening ceremony of OIC Parliamentary Union Conference Dünən, 16:30 Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş biblioqrafik göstərici Dünən, 16:00 Türk coğrafiyasının genişlənməsi strateji hədəfə çevrilməlidir Dünən, 11:30 Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib Dünən, 11:30 Prezident Beynəlxalq Konfrans İştirakçılarına müraciət ünvanlayıb Dünən, 11:00 Yüksək qan təzyiqinin gizli təhlükəsi haqqında Dünən, 09:30 COP29 irsi, COP30 gündəliyi və COP31 hədəfləri Londonda müzakirə olunub Dünən, 08:30 İrəvan Teatrında “Stalin – İzm” tamaşasına ictimai baxış olub Dünən, 08:30 NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik Dünən, 07:30 Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarının qrafiki açıqlanıb 23-06-2026, 19:30 Transxəzər fiber-optik layihəsi üçün kabel "Azərbaycan" gəmisi ilə Bakıya çatdırılıb 23-06-2026, 16:30 Президенту Туркменистана преподнесен в дар карабахский скакун 23-06-2026, 15:30 Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə diqqət yetiriblər 23-06-2026, 15:00 Presidents Ilham Aliyev and Serdar Berdimuhamedov viewed bullet-riddled busts of Azerbaijan’s prominent figures in Shusha 23-06-2026, 14:30 Qarabağda aparılan yenidənqurma işləri beynəlxalq platformada 23-06-2026, 11:30 XİN: Ölkəmizin inkişafında dövlət qulluqçularının rolu əvəzsizdir 23-06-2026, 11:00 Qarabağ və Şərqi Zəngəzurdakı bərpa işlərinə Türkmənistanın dəstəyi yüksək qiymətləndirilib 23-06-2026, 09:00 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır 23-06-2026, 09:00 Qazaxıstan Orta Dəhlizin inkişafı üçün razılaşmalar əldə edib 23-06-2026, 09:00 Qalibaf: İran Hörmüz boğazını beynəlxalq qaydalara uyğun idarə edəcək 23-06-2026, 08:30 Nazirlər Kabineti QHT-lərin maliyyələşdirilməsi ilə bağlı “bir pəncərə” sisteminin tətbiqinə dair qaydaları təsdiq edib 22-06-2026, 17:30 Sərdar Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir 22-06-2026, 17:00 Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 22-06-2026, 16:30 Vətəndaş İctimai Nəzarət Platformasının Təşəbbüs Qrupu yaradılıb 22-06-2026, 15:00
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930