FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Böyük Zəfər Prezident İlham Əliyevin hərbi sərkərdə və informasiya savaşında strateq fenomenini aşkara çıxardı
14-11-2022, 09:45 | TƏDQİQATLAR-ANALITIKA
Böyük Zəfər Prezident İlham Əliyevin hərbi sərkərdə və informasiya savaşında strateq fenomenini aşkara çıxardı

Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın və Ordumuzun gücü ilə Vətən müharibəsi Zəfərlə sona çatdı. Son iki əsrlik tarixin heç bir dönəmində, dünyanın heç bir ölkəsində görünməyən nadir bir hadisə - işğal edilmiş torpaqların hərb yolu ilə geri qaytarılması baş verdi. Dövlətçilik tariximizin Müstəqilliyin Bərpası, Dövlət Bayrağı və Milli Dirçəliş günləri kimi şərəf salnamələri sırasına ən möhtəşəmi, hər xalqa nəsib olmayan yeni əlamətdar tarixi gün - Zəfər Günü yazıldı.

2020-ci il noyabrın 10-da qazanılan tarixi Qələbə həm də Prezident İlham Əliyevin dünya və xalqımız üçün siyasi və milli liderlik keyfiyyətlərinin tamamilə yeni zirvələrini aşkara çıxardı. Xalqımızın təsəvvüründə liderlik fenomeni tariximizdə son əsrlərdə rast gəlmədiyimiz yeni nümunəsi, örnəyi ilə tamamlanaraq bütövləşdi. Müstəqillik illərimizdə ictimai şüurda liderlik örnəyi siyasi lider, milli lider, lider-şəxsiyyət amilləri ilə assosiasiya olunurdusa, Vətən müharibəsi Prezident İlham Əliyev şəxsiyyətinin dünya liderlik fenomenində ən nadir nəsib olan keyfiyyətlərini kəşf etdi. Bunlardan birincisi, hərbi lider, sərkərdə, fateh, ikincisi isə müasir dövrün ən mürəkkəb müharibə formalarından olan informasiya savaşının strateqi kimi keyfiyyətləri oldu. Torpaqlarımızı işğaldan azad edən, Azərbaycanı bütövləşdirən Prezidentimiz Lider şəxsiyyət etalonunu da bütün keyfiyyətlər üzrə tamamladı və bir simada - özünün liderlik timsalında birləşdirdi.

Vətən müharibəsi Prezident İlham Əliyevin siyasi lider şəxsiyyətinin yeni, nadir keyfiyyətini - hərbi sərkərdəlik fenomenini da aşkara çıxardı.

Prezident İlham Əliyev Zəfər paradında nitqində söylədi: “Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”.

Azərbaycan xalqı Zəfərimizin ikinci ildönümünü bayram edir. Vətən müharibəsində Qələbənin milli dövlətçiliyimizin taleyində tarixi-siyasi, ideoloji dəyəri, lokal, regional və qlobal müstəvilərdə, beynəlxalq əhəmiyyəti, Azərbaycanın əldə etdiyi yeni hərbi-geosiyasi üstünlük və statusu, analitiklərin “Azərbaycanın müharibə modeli”, “Qələbə formulu” kimi adlandırdığı yeni hadisə hələ uzun zaman tədqiqat və müzakirələrin mövzusu olacaq.

İki il əvvəl Azərbaycan siyasi liderinin milli maraqlara və qətiyyətli siyasi iradəsinə əsaslanan qərarları sayəsində müstəqil dövlətçilyimizin tarixində şanlı Zəfər səhifələri yazıldı. Dünya və Azərbaycan Şuşanın işğal rəmzi olan 8 rəqəmini (1992-ci ilin 8 mayı) - 8 noyabra - Şuşanın, Qarabağın azadlıq bayramına - Zəfər Gününə, azad Qarabağ, Qalib xalq, milli qürur simvoluna çevirən hərbi sərkərdəni tanıdı.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladığı həmin gündə dövlətimizin başçısı xalqa ilk müraciətini bu sözlərlə bitirdi: “Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq!”.

Hər günündə Zəfər tarixi yazılan 44 günlük müharibədə xalqımızın torpaqlarımızın işğaldan edilməsi ilə bağlı son onilliklərlə bəslədiyi inamı özünü doğrultdu. Ölkəmiz və dünya Prezident İlham Əliyevin fəaliyyətində parlaq şəkildə üzə çıxan yeni şəxsi keyfiyyətə - Müzəffər Ali Baş Komandan-hərbi sərkərdəlik fenomeninə şahidlik etdi.

Bir-birinin ardınca işğaldan azad edilən Qarabağ torpaqları regional geosiyasi transformasiyalara, qlobal əhəmiyyətli hadisələrə vəsilə oldu. Azərbaycanın Vətən müharibəsi beynəlxalq hərbi və geosiyasi gündəmdə “zəlzələ effekti” yaratdı. Qarabağda ən müasir hərbi-texnoloji inqilab nəticələrinin tətbiq edildiyi hərbi əməliyyatlar qlobal ekspert cəmiyyətləri tərəfindən “5-ci nəsil müharibə”, “XXI əsrin müharibəsi” kimi səciyyələndirildi. Həmçinin dünya mediasında qaynar xəbər başlıqlarının episentrini, hərbi analitiklərin qızğın müzakirələrinin mövzusunu təşkil etdi.

Dövlətlərin tarixində siyasi lider şəxsiyyəti və hərbi sərkərdəlik fenomeni kimi məlum olan keyfiyyətlərin bir simada cəmlənməsinə nadir hallarda rast gəlinir. Prezident İlham Əliyevin Ali Baş Komandanlıq fəaliyyəti, XXI əsrin 44 gün davam edən ən müasir, hərbi-texnoloji müharibəsində çətin və şərəfli sınaqdan qalibiyyətlə çıxdı, yaşadığımız yüzilliyin hərb tarixinə yazıldı. Müstəqilliyimizin bərpası ilə eyni vaxtda başlayan 30 illik işğalçılığa məruz qalan tariximizi böyük Qələbə və Zəfərlə yazılan yeni tarixi mərhələ əvəzlədi.

2020-ci ilin sonlarında ayyarım ərzində Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbə gerçəklikdə, epoxal prizmadan çox qısa bir zaman hesab edilən son 17 ildə İlham Əliyevin rəhbərliyi ilə gecə-gündüz fədakarlıqla aparılan dövlətçiliyə və xalqa xidmət missiyasının möhtəşəm yekunu oldu. 10 noyabr tarixi Prezidentin Azərbaycanda siyasi, iqtisadi və hərbi gücün fasiləsiz konsentrasiyasını təmin etməklə onu inkişafın avanqardına, milli güc ünvanına çevirmək üçün apardığı siyasətin real sübutu oldu. Müasir dövlətçilik tariximizin hərbi-siyasi təqviminə, hər bir xalqa nəsib olmayan rəşadətli Qələbənin “Vətən müharibəsi, Qələbə, Zəfər günləri” adlanan səhifələri əbədi həkk edildi.

Azərbaycan xalqının dövlətimizin başçısına göstərdiyi etimadının əsasını Qarabağın azadlığını, ərazi bütövlüyünü, münaqişənin hərbi yolla həllini təmin edəcək lider şəxsiyyətinə sarsılmaz inamının təşkil etməsidir.

XXI əsrin qalib Milli Ordusunu formalaşdıran hərbi sərkərdə

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə əldə edilən Zəfər Ümummilli Liderin ilk dəfə qurmasına başladığı milli və güclü ordu vəsiyyətini, tarixin sınağından çıxmış “Ordum varsa, yurdum var!” imperativini nə qədər ciddi hesab etməsinin sübutudur. Məhz bu siyasətin nəticəsində qlobal indekslərdə regionun ən güclü ordusu kimi yer alan Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə Zəfər Ordusuna XXI əsr 5-ci nəsil müharibəsindən qalib çıxan rəşadətli Orduya çevrildi. Sitat: “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs “Qurani-Kərim”ə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyəm. Böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.

Dövlət başçısının mükəmməl hərb siyasəti nəticəsində ordumuz sarsılmaz Milli birliyin, Qarabağda hər Qələbədən sonra ucalan Bayrağımızın simvoluna, Azərbaycana beynəlxalq rəğbət və hörmətin, polietnik və çoxkonfessiyalı xalqımızın azərbaycançılıq dəyərlərinə möhtəşəm sadiqliyinin, ayrılmaz həmrəyliyinin nümayişinə çevrildi. Son iki əsrdə nəinki dövlətçilik tariximizdə, həmçinin dünya tarixində rast gəlinməyən, demək olar ki, heç bir ölkəyə nəsib olmayan qalibiyyət hadisəsi-işğal edilmiş torpaqların güc yolu ilə geri qaytarılması baş tutdu. Prezident İlham Əliyev bununla bağlı deyib: “44 günün hər günü bizim şanlı tariximizdir. Vətən müharibəsi ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi”.

Azərbaycanın qazandığı Zəfərin gələcəyimiz üçün əhəmiyyəti, xüsusilə də hələ zaman gedişində neçə-neçə yeni qələbələrə zəmin olacağı öz tədqiqini gözləyən mövzulardandır. Bununla yanaşı, İkinci Qarabağ savaşında dövlətimizin strateji, operativ-taktiki əməliyyatlar sahəsində müasir hərb siyasətinin, qalibiyyət formuluna malik yeni hərbi elitamızın, məğlubedilməz şəxsi heyətin formalaşması artıq bir tarix reallıqdır.

Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Prezident İlham Əliyev öz nitqində bir daha tarixin dəyişməz qanunu, dövlətçilik tariximizin sınaq məqamı olan zamanın fövqündə duran insan amilini - Ali Baş Komandan, Azərbaycan əsgərinin və xalqının birlik amilinin cahanşümul əhəmiyyətini vurğuladı.

Dövlətimizin başçısının Qələbə formulunun mühüm zəminləri sırasında son illərdə həyata keçirilən müstəqillik tarixində görünməmiş iqtisadi, sistemli islahatlar həyata keçirildi. Bu proseslər paralel olaraq xalqın Prezident İlham Əliyevə dəstək və etibarını da ilbəil artırdı.

Zəfərimiz- Prezidentin informasiya savaşında böyük strateq fenomenini də aşkara çıxardı

Belə bir deyim var ki, diplomatiyanı rəqəmlərlə qiymətləndirmək çətindir. Əsasən ona görə ki, bu görünməz cəbhənin döyüşçülərinin fəaliyyətinin çoxu bağlı qapılar arxasında baş verir.

Dövlətimizin başçısının pandemiyanın tüğyan etdiyi, fövqəladə mürəkkəbliyə malik geosiyasi labirintləri, qlobal və regional maraqların kəsişdiyi nöqtələri diplomatik dühası ilə hesablaya, müqəddəs Vətən müharibəsinə başlamağı məqamında bəyan edə bildi. Prezident İlham Əliyevin on illərlə davam edən münaqişəni həll etməyin məqamını, siyasi qrosmeysterə xas olan riyazi dəqiqliyi ilə hesablaması beynəlxalq ekspert təhlillərində də xüsusi vurğulanıb.

Məhz hərbi-strateji təfəkkür sayəsində, dövlətimiz formalaşmaqda olan nadir tarixi fürsəti milli Zəfərin əzəmətinə çevirməyi bacardı.

Ayyarım davam edən Vətən müharibəsində Prezidentin qlobal media gündəmini silkələyən, çoxsaylı xarici informasiya agentliklərinə verdiyi müsahibələri onun intellektual və diplomatik qüdrətinin bariz nümunəsi olmaqla yanaşı, informasiya müharibəsi cəbhəsində dünya erməni və anti-Azərbaycan şəbəkəsinin bütün səylərinin üzərindən xətt çəkdi. Dövlətimizin başçısının parlaq şəxsi keyfiyyətləri ilə baş tutan ardıcıl müsahibələr “informasiya bombası” effekti yaratdı, düşməni bu sahədə tərksilah etdi. Müsahibələr informasiya cəbhəsində həm məğlubiyyətə uğrayan Ermənistanın, həm də onu himayə etməyə çalışanların saxta xəbərlərini anındaca dəf etdi. Döyüşlərin ilk günlərindən Prezident İlham Əliyevə xarici mənbələrdən edilən fövqəladə və aqressiv xarici mesaj və təzyiqlərin mənasızlığını bütün dünyaya bəyan etdi.

Dövlətimizin başçısının ali siyasi rəhbərlik illəri dövründə Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasında dövlətimizin “informasiya blokadasından-informasiya hücumuna” qədər qət etdiyi yol göz önündədir. Xalqımız illərlə qəbul edilən onlarla ədalətsiz qətnamələrə şahidlik edib. Dünyaya münaqişənin həll edən tərəf kimi təqdim edilən Minsk qrupuna üzv ölkələrin Vətən müharibəsində ortaya qoyduğu qərəzli mövqe, siyasi əxlaq və beynəlxalq hüququn bütün çərçivələrini aşdı.

Müharibə müddətində xarici jurnalistlərə verilən müsahibələrlə Prezident İlham Əliyev bütün dünyaya: diplomatiya, siyasi liderlik, tarix, natiqlik, ideologiya, informasiya müharibəsi, beynəlxalq hüquq, ədalət dərslərini keçdi.

Dövlətimizin başçısının diplomatik və hərbi strateq dühasının təntənəsi noyabrın 10-da sülh razılaşması ilə bağlı bəyanat və Ermənistanın təslimçiliyi, Ağdam, Laçın və Kəlbəcər rayonlarının bir güllə atılmadan alınması oldu. Bu sahədə dünyada ilk mənbə hesab edilən Sun Tszının “Hərb məharəti”( Sun Tzu, The Art of War) əsərindəki 36 hərbi stratagemadan ən məşhuru - “Düşməni döyüşsüz məğlub etmək”, noyabrın 10-dan sonra baş verdi.

Xarici siyasətdə etibarlı tərəfdaş olan Azərbaycan üçün Vətən müharibəsi beynəlxalq münasibətlərdə ədalətli və qərəzli ölkələrin sınaqdan çıxdığı həqiqət anı oldu. Dövlətimizin dostları və bədxahlarının kimliyi ictimai rəydə aşkar şəkildə tanındı.

Qalibiyyət Azərbaycanın etibarlı strateji tərəfdaş statusunu və beynəlxalq nüfuzunu görünməmiş səviyyəyə qaldırdı. Prezident İlham Əliyevin diplomatiya modeli nəinki regionun simasını, bütövlükdə qlobal geosiyasi konfiqurasiyanın qüvvələr balansını dəyişməsi proseslərinə təkan verdi. Beləliklə, ikiqütblü dünyanın çökməsinə gətirib çıxaran Birinci Qarabağ müharibəsindən sonra sentyabrın 27-də başlayan 44 günlük savaş da köklü geosiyasi transformasiyanın başlanğıcı, təlatümlərin tətiyi kimi çıxış edəcək. Azərbaycan formalaşacaq yeni geosiyasi konfiqurasiyanın episentridir.

Vətən müharibəsində Qələbəyə aparan xarici siyasətimizin beynəlxalq geosiyasi əhəmiyyəti hələ dərindən dərk edilməyib. Dövlətimizin başçısı Azərbaycanın haqq işini döyüş meydanında müdafiə edərək BMT qətnamələrini, beynəlxalq ədaləti bərpa etdi. Qarabağ Zəfəri dünyada davam edən həll edilməmiş münaqişələrdən çıxış yolu, örnək oldu. Prezident İlham Əliyevin xarici siyasəti, diplomatiyası, yaşadığımız strateji qeyri-sabitlik əsrində yeni ədalətli dünya nizamını qurmağa doğru atılan ilk addım kimi tarixə düşdü. Bu yeni dünya nizamında: işğalçı siyasətə, ikili standartlara yer olmamalıdır. Əks təqdirdə, haqq və ədaləti, siyasi lider və xalqın iradəsi, ən müasir hərbi texnoloji inqilabla silahlanan Ordu öz sözünü deməli olur. Azərbaycanın Qələbə modelinin xarici siyasi əhəmiyyətı bunu sübuta yetirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qarabağ Zəfəri İkinci Dünya müharibəsindən sonra baş verən qlobal-epoxal xarakterli bu gün şahidi olduğumuz proseslərin gedişatını dəyişən tendensiyalara yol açdı. Vətən müharibənin geosiyasi sədası regional çərçivələri aşıb. Dünya artıq nəinki XXI əsrin, o cümlədən yeni minilliyin müharibə və geosiyasət mərhələsi ilə üz-üzə durdu.

Zəfərə gətirən amillər sırasında Lider-Xalq birliyi, hərbi Sərkərdə amili

Vətən müharibəsi gedişində müstəqilliyimizin banisi Heydər Əliyevin dövlətimizin başçısı haqda dediyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm'' sözləri cəmiyyətimizdə ən çox xatırlanan ifadələrdən oldu. İllər əvvəl Ulu Öndərin əminliyi bu gün milyonlarla azərbaycanlının sarsılmaz inamına çevrildi. Bununla yanaşı, ata vəsiyyətini yerinə yetirməyə qadir olan hərbi sərkərdə fatehlik, davamlı informasiya savaşında ilk sırada durmaq kimi ilk dəfə aşkara çıxan parlaq keyfiyyəti ilə “xarizmatik lider” səviyyəsinə ucaldı. Milli lideri olan Azərbaycan həm də, hərbi sərkərdə lideri olan ölkə kimi tanındı.

Məlumdur ki, alman sosioloq alimi Maks Veber 1922-ci ildə “lider ideal-tipləri” nəzəriyyəsində xarizmatik lideri "müstəsna keyfiyyət və xidmətləri ilə xarizma, qəhrəmanlıq, şəxsi nümunəsi ilə özü yeni dahilik standartları yaradan bir liderin şəxsi nümunəsi" kimi xarakterizə edib. M.Veber xarizmanı "lider şəxsiyyətə xas olan özəl xüsusiyyəti, onu adi insanlardan fərqli edən, müstəsna güc və keyfiyyətlərə sahib fövqəlinsan edən bir fəzilət" kimi müəyyənləşdirib.

Dövlətimizin başçısının rəhbərliyi ilə Qarabağ Zəfərinin qazanılması, Azərbaycanın müharibə və qələbə modelinin dünyaya təqdim edilməsi Ulu Öndər inamının ümumxalq inamına transformasiyası, dövlətimizin lider şəxsiyyətini yeni keyfiyyətlərlə zənginləşdirib.

Azərbaycanın ən yeni tarixində şanlı müstəqillik salnaməsinin və rəşadətli Zəfər tarixinin yazılmasında iki liderin - ümummilli lider Heydər Əliyev və Müzəffər Sərkərdə Ali Baş Komandan İlham Əliyevin alternativi olmayan xidmətləri tarixi reallıqdır. Azərbaycan dövlətinin müstəqil varlığı ulu öndər Heydər Əliyev sayəsində mümkün olubsa, son 200 ildə itirilən torpaqlarımızın qaytarılması, ərazi bütövlüyünün təmin edilməsində qazandığımız Zəfər qalibiyyəti ilə regional və qlobal proseslərin gedişatının dəyişməsi Ali Baş Komandan İlham Əliyevə olan xalq inamının fədakarlıqla doğrultması sayəsində gerçəkliyə çevrilib.

İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın hərbi-strateji rəhbərliyi ilə XX əsrin “Beşinci nəsil” müharibəsində Qələbə qazanan Azərbaycan nəinki regionda, eləcə də dünyada ərazi bütövlüyünü təmin edən yeganə dövlət oldu.

Ölkəmiz dövlətçilik tarixində olmadığı qədər güclənərək regional və beynəlxalq mövqelərini möhkəmləndirməyə, hərbi-siyasi nüfuzunu yüksəltməyə nail olmaqla yeni qlobal geosiyasi aktor statusunu əldə etdi. Qarabağ Zəfəri bölgədə və dünyada davam edən həll edilməmiş münaqişələrin bürüdüyü ölkələr üçün çıxış yolunu göstərən bir presedent oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasəti, diplomatik təfəkkürü, beynəlxalq aləmdə qurduğu strateji tərəfdaşlıq münasibətləri son yüz ildə ilk dəfə torpaqların hərbi yolla işğaldan azad edilməsi, ədalətli dünya nizamının qurulmasına doğru atılan ilk addım kimi tarixə düşdü.

Xüsusilə də regionda müxtəlif, hətta bir-birinə əks hərbi-siyasi bloklara üzv olan türkdilli dövlətlərin Azərbaycan liderinə birmənalı dəstək ifadə etməsi son illərin “Türk birliyi” layihəsinin reallaşmasını gerçək reallığa çevirdi. Türkiyə Cümhuriyyətinin hərbi və diplomatik cəbhələrdə mənəvi-siyasi dəstəyi də iki qardaş ölkə tarixində indiyə qədər görünməmiş səviyyəyə yüksəldi. Dövlətçiliyimiz tarixində Azərbaycanın beynəlxalq nüfuzunu dəfələrlə yüksəldən bu uğurların əldə edilməsi Prezident İlham Əliyevin müstəsna fədakarlığı, hərbi sərkərdəlik keyfiyyətləri və tarixi xidmətləri sayəsində mümkün oldu. Bu yeni siyasi liderlik keyfiyyətləri dövlətimizin başçısını həm də Türk dünyasının liderlərindən birinə çevirdi. Sözü gedən proseslərin yekunu olaraq, Azərbaycanın hərbi strategiya və taktikasının dünya ölkələri tərəfindən dərindən öyrənilməsi beynəlxalq münasibətlər sistemində böyük nüfuz və üstünlük qazanmasını şərtləndirdi.

Diplomatiya və informasiya müharibəsində üstünlük Azərbaycanın regionun güclü dövləti kimi nüfuzunu daha da artırdı. Ən müasir hərbi texnologiya ilə silahlanan Ordumuzun rəşadəti, “Azərbaycanın müharibə və qələbə modeli” mövzusu bu gün də dünya miqyasında, hərbi və siyasi analitiklər tərəfindən hərtərəfli müzakirə edilir və bundan sonra da ediləcək.

Vətən müharibəsində Prezidentin fəaliyyətinə ictimai rəyin inamı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tarixi Qələbə münasibətilə xalqa ünvanlandığı təbrikdə düzgün ifadə edilib: “Prezidentimizin güc mənbəyi olan Azərbaycan xalqının hörməti, sevgisi, etimadı, inamı və dəstəyi ona Avrasiya məkanında ən uzunmüddətli münaqişələrdən biri olan keçmiş Qarabağ münaqişəsini başa çatdırmağa kömək etdi. Onun rəhbərliyi ilə biz xalqımızın özünə inamını qaytaran Qələbəni qazandıq! Bu Qələbənin möhtəşəmliyi Azərbaycan dövlətinin tarixində əbədi qalacaq!”.


Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin üzvü, 

Daxili Siyasətin Təhlili Departamentinin müdiri professor

 Tahirə Allahyarova




Baxış sayı: 410
Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930