FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Urmiyada 1918-ci ildə azərbaycanlıların soyqırımı
22-07-2015, 11:40 | TƏDQİQATLAR-ANALITIKA
Urmiyada 1918-ci ildə azərbaycanlıların soyqırımı

 

Bundan əsas məqsəd isə Qərb dövlətləri tərəfindən müsəlman türklərin yaşadığı ərazilərdə və xüsusilə güclü türk dövləti olan Osmanlı dövlətinin qonşuluğunda özlərinə dayaq nöqtəsi kimi süni şəkildə erməni dövləti yaratmaq idi. Lakin ermənilər Azərbaycan torpaqlarına köçürüldükləri üçün burada dağınıq şəkildə yaşayırdılar. Onlar hər bir şəhər və məntəqədə yerli türk əhali ilə müqayisədə əhalinin çox az hissəsini təşkil edirdilər. Ona görə də erməni dövləti yaratmaq üçün Şimali Azərbaycan və Şərqi Anadoluda olduğu kimi, Cənubi Azərbaycanın qərb bölgəsində də əhalinin əksəriyyətini soyqırıma məruz qoyub, demoqrafik dəyişikliklə buna nail olmaq məcburiyyətində idilər. Məhz buna görə, türklərin yaşadığı bütün bölgələrdə (Şərqi Anadolu, Şimali və Cənubi Azərbaycan) eyni taktika ilə soyqırım tətbiq edilib. Yəni yerli türk  əhalini soyqırıma məruz qoyub, dənizdən dənizə “Böyük Ermənistan” dövlətinin yaradılmasına şərait yaratmaq istiqamətində işlər aparılmışdır.

1918-ci ildə Cənubi Azərbaycanda ermənilərin soyqırıma məruz qoyduğu ən böyük şəhər isə Urmiya şəhəri olmuşdur. Bu məqsədlə ermənilər Cənubi Azərbaycanın qərb bölgəsində aysorları da özlərinə birləşdirərək 1917-ci ilin sonu, 1918-ci ilin əvvəlində silahlı dəstə yaratdılar. (1, s. 331) Urmiyada birləşmiş erməni-aysorlardan ibarət silahlı dəstə yaradıldıqdan sonra 1918-ci il yanvar ayının ortalarından “Urmiya camaatı gördü ki, silahlı qüvvələr tərəfindən bazarın müxtəlif yerlərində aysorlar və cilolardan (Osmanlı ərazisindən gəlmiş aysorlar H.S.) təşkil olunmuş sabit və səyyar polis postları qurulub. Bu məmurlar qollarına ağ parça bağlamışdılar. Parçaların üstündə aysor hərfləri ilə yazılmış “polis” sözü gözə dəyirdi. Bəzən şəhərin müxtəlif yerlərində də bu  məmurları görmək mümkün idi” (2, s.122). Yanvar ayının 27-28-də “isə cilo polisi ilə müsəlmanlar arasında toqquşma baş verdi. Bu toqquşma dərhal sakitləşdi” (2, s.112).

Yenicə təşkil edilən birləşmiş erməni-aysor silahlı dəstələri 1918-ci il yanvar ayının 23-dən hər gün kəndlərə və qəsəbələrə hücumlar edir, dinc azərbaycanlıları qətlə yetirirdilər. (3, s. 449) 1918-ci il fevral ayının 16-da artıq birləşmiş erməni-aysor silahlı dəstələri Urmiya küçələrində əhaliyə maneə törədir və hətta hücuma keçir (4, s. 51). 1918-ci il fevral ayının 19-da şəhərin yerli polis qüvvələri ilə birləşmiş erməni-aysor silahlıları arasında atışma baş verdi. Ciloların biri öldü və onlar qaçarkən 4 nəfər günahsız əhalini də öldürdülər. Çərşənbə günü fevral ayının 20-də Urmiya şəhərinin hakimi Əclaləlmülk birləşmiş erməni-aysor silahlı dəstələrinin başçılarını hökumət idarəsinə dəvət etdi. Fransa Xəstəxanasının rəisi müsyö Qujel və Papanın nümayəndəsi monsenyor Sontaq da həmin iclasda iştirak edirdilər. Onlar son günlərin məsələlərini və toqquşmaları müzakirə etdilər. (5, s. 715) Elə həmin gün erməni-aysor silahlı dəstələri tərəfindən müsəlman əhalidən təxminən 100 nəfəri şəhər xaricində qətlə yetirmişdi. Onların cənazəsi təhlükəli vəziyyətə görə yerdə qalmışdı. Şəhərin hakimi erməni-aysor silahlı dəstələrinin başçılarından xahiş etdi ki, onlar öz qüvvələrindən bir hissəni göndərməklə təhlükəsizlik yaratsınlar ki, müsəlmanlar öz qətlə yetirilənlərinin cənazələrini götürüb dəfn edə bilsinlər. Onlar hətta buna da razı olmadılar” (3, s. 499). Belə vəziyyətdə “qərara gəlindi ki, 1918-ci il 21 fevral cümə axşamı günü yenidən hökumət idarəsində toplanıb bölgənin sakitliyi və əhalinin təhlükəsizliyini qorumaq üçün qəti qərar verilsin” (2, s. 114). 

Cümə axşamı əvvəlcədən gəlinmiş razılığa əsasən “həmin qrup Urmiyada toplaşıb müzakirələr aparmağa başladılar. Eyni zamanda əhalinin Azərbaycan Demokrat Partiyasının Urmiya şöbəsinə müraciəti ilə həmin partiyanın yerli başçıları da erməni-aysor silahlı dəstələrinin başçıları ilə müzakirəyə başlamışdılar. Silahlı dəstənin başçıları erməni-aysor silahlı dəstələrinin 3 günədək tərksilah edilməsinə razılıq vermişdilər. Lakin onlar da öz sözlərinə əməl etmədilər. (6, s. 27)

Aparılan bütün müzakirələrə baxmayaraq, təxminən 100 nəfər qətlə yetirilən müsəlmanın cənazəsi meydanda qalmışdı. Ona görə də cümə günü fevral ayının 22-də Urmiyanın iki nəfər Qardaş və Dadaş adlı qorxmaz sakini özləri qətlə yetirilənlərin cənazələrini şəhərə gətirib dəfn etmək qərarına gəldilər. Günbatan vaxtı onlar şəhərdən çıxarkən Hezaran darvazası yaxınlığında bir neçə nəfər cilo ilə qarşılaşdılar. Tərəflər arasında münaqişə baş verdi. Güllə səsləri eşidilən kimi, şəhərin hər yerində olan birləşmiş erməni-aysor silahlı dəstələri atəş açmağa başladılar. Məlum oldu ki, onlar qabaqcadan öz aralarında qərara gəlmişdilər ki, ilk güllə səsini eşidən kimi qətliama başlayacaqlar (3, s. 52).

Müsəlmanların nə xristianlarla düşmənçiliyi var idi, nə də ki, onlarla döyüşmək fikrində idilər. Özlərinin kütləvi şəkildə soyqırıma məruz qalacağını da gözləmirdilər. Onların əllərində isə silah da yox idi. Yalnız çox az sayda əhaliyə öz ölkələrinə gedərkən bir sıra rus əsgərləri gizli şəkildə silah satmışdılar. Şəhərin əhalisi xəbərsiz və qəfil yaxalanmışdılar.

Beləliklə, 1918-ci il fevral ayının 22-də cümə günü axşam Urmiyada əhalinin ilk 3 günlük soyqırımı başladı. Birləşmiş erməni-aysor silahlı dəstələrinin rəhbəri Ağa Petrosun əmri ilə Əsgərxan məhəlləsindən silahlı dəstə müsəlmanlar yaşayan qonşu mənzillərə hücum etdilər. Belə bir sürətli və vəhşicəsinə hücumu gözləməyən müsəlmanlar qəflətən yaxalandılar. Aysorlar (birləşmiş erməni-aysor silahlı dəstələri –H.S.) evə hücum etdikdən sonra ev sahiblərini öldürür, evin əşyalarını qarət edir, sonra yandırırdılar. (2, s.117) Novgeçər, Yurtşah və başqa məhəllələrin müsəlmanlarının böyük bir qrupu ölümdən canlarını qurtararaq müsəlmanların yaşadığı məhəllələrə pənah apardılar (2, s. 117). Bir neçə saat keçmədi ki, Urmiya şəhəri hər tərəfdən birləşmiş erməni-aysor silahlı dəstələri tərəfindən mühasirə edildi və top güllələri, bombalar şəhərin hər tərəfindən dolu kimi əhalinin başına yağmağa başladı. Çarəsiz qalan əhali təslim olaraq, darvazaları açmağa məcbur oldu. Əhali təslim olmamışdan əvvəl birləşmiş erməni-aysor silahlı dəstələrinin dini lideri B.Marşimon silahlı dəstələrə əmr etmişdi ki, bir neçə saat ərzində əhalini qətliam etsinlər. Ona görə də, əhali təslim olandan sonra şəhərə daxil olan erməni-aysor birləşmələri gördükləri qadın, kişi, uşaq olmaqla hər kəsi qətlə yetirdilər (7, s. 589). Bu kifayət etmədi, onlar əhalinin evinə də hücum edib, əmlakı və nağd pullarını qarət etdikdən sonra evlərdəki insanları qəddarlıqla qətlə yetirdilər. Çox qorxunc və qanlı hadisələr baş verdi. Hər yer qətl edilən günahsızların cəsədləri ilə dolu idi və şəhər açıq qəbiristanlığı xatırladırdı (7, s. 590).  

Birləşmiş erməni-aysor silahlı dəstələrinin hücumunun ikinci günü 1918-ci il fevral ayının 23-də atışma yenidən başlandı. Müsəlmanlar çarəsiz şəkildə öz can və namusunu qorumağa çalışırdılar. Lakin birləşmiş erməni-aysor silahlı dəstələrinin müsəlman məhəllələrini top atəşinə tutması müsəlmanların müqavimət əzmini qırdı. Bunun ardınca isə Urmiya şəhərinin xaricində Nəsirəddövlə qalasında rusların nəzarəti altında olan təxminən 1000 nəfər yerli kazak qüvvəsi də şəhər əhalisinə yardım etdiyi üçün hücuma məruz qaldı. Rus zabitinin xəyanəti nəticəsində xristian dəstəsi qalanı tutdu və kazakları da qətliam etdi (3, s. 501). 

1918-ci il fevral ayının 22 və 23-də (cümə və şənbə günləri) müsəlmanlar müqavimət göstərdikləri üçün ölənlərin sayı az idi. Lakin şənbə günü axşam azərbaycanlı ağsaqqallar erməni-aysor silahlı dəstələrinin başçılarından B.Marşimonla müzakirə aparıb, onu qırğının dayandırılmasına razı saldılar. B.Marşimon müsəlmanların qətliamının dayandırılması üçün hər hansı bir iş görmək əvəzinə onları aldadıb yola saldı. Silahı olan və öz ailələrini müdafiə edən müsəlmanlara dedilər silahı yerə qoysunlar ki, barışıq üçün şərait yaransın (3, s. 502). Lakin birləşmiş erməni-aysor silahlı dəstələri anlaşmaya məhəl qoymadılar. 1918-ci il fevralın 24-də “cilolar və qaçaq ermənilər yenidən əhalini qətlə yetirib, evlərini qarət etməyə başladılar” (4, s. 58). Sonra məlum oldu ki, ABŞ-ın Urmiyadakı konsulu mister A.Şed əslində barışığı qəbul etməyib və istəyib ki, Urmiya şəhəri tam şəkildə erməni-aysor silahlı dəstəsi tərəfindən tutulsun. Ona görə müsəlmanların ermənilərin atəşinə cavab vermədiyi halda onlara atəşkəs göstərişi verilmədiyi üçün vəhşicəsinə azərbaycanlıların qətliamına davam etdilər (8, s. 209).

Birləşmiş erməni-aysor silahlı dəstələri kütləvi şəkildə azərbaycanlıları soyqırıma uğratdıqdan sonra, şəhər əhalisi təslim olmaq məcburiyyətində qaldı. “Şəhərin adlı-sanlı adamlarından bir qrupu  hökumət evinin həyətində toplanıb elan etdilər ki, əgər bir saata qədər bu vəziyyət davam edərsə şəhər əhalisi tamamilə qırılacaqdır. Ağ bayraqla gedərək Amerika konsulluğuna sığınmaq lazımdır” (2, s.20). Üç gün qırğın davam etdikdən sonra  “Şəhərin nüfuzlu adamları səhər tezdən  Əziməssəltənə Sərdarın evində toplaşıb oradan Amerika konsulluğuna getdilər” (2, s.24).

Əzimüssəltənə Sərdar əhalini özü ilə mister A.Şedin evinə apardı. ABŞ konsulunun evinə gedən heyət onun qulluqçusu Heydərəlini göndərdilər ki, mister A.Şedi onların gəlməsi ilə bağlı xəbərdar etsin. Qulluqçu isə hər dəfə qayıdıb deyirdi ki, mister Şed yatıb və onu oyatmaq mümkün deyil. Mister A.Şedin gündüz vaxtı özünü yuxuya vurmasının səbəbi ondan ibarət idi ki, erməni-aysor dəstələri əhalinin soyqırımını davam etdirsinlər (3, s. 503). İş o yerə çatdı ki, müsəlmanların başçıları konsulluqdan çıxıb şəhər əhalisinə müdafiə olunmaq tapşırığı vermək qərarına gəldilər. Məlum oldu ki, bütün yolları erməni – aysor dəstələri tutublar. Bu şəxslər konsulluqdan çıxsa idilər küçələrdə öldürüləcəkdilər. Vəziyyət olduqca ağır idi. Bir tərəfdən erməni-aysor dəstələri şəhərdə qırğın törədirdilər. Digər bir tərəfdən də bütün əhali gözünü yola dikib öz nümayəndələrini gözləyirdilər. Lakin nə mister A.Şed gəlirdi, nə də müsəlmanların başçıları özləri konsulluqdan çıxa bilirdilər” (2, s. 126–127).

Nəhayət, üç saat sonra mister A.Şed yuxudan qalxıb gəldi və heyətin siqaret çəkmələrini bəhanə edib təzədən yataq otağına qayıtdı. Onun gəlişi daha 45 dəqiqə gecikdi. Aparılan tədqiqata görə, həmin 45 dəqiqədə səhər tezdən qətlə yetirilən əhalidən başqa daha 1500 nəfər azərbaycanlı erməni-aysor dəstələri tərəfindən qətlə yetirildi. (3, s. 504).

Mister A.Şed gəlib nümayəndələrdən nə istədiklərini soruşdu. Söhbətdən sonra fikrini söylədi: «Təhlükəsizlik istəyirsinizsə 12 nəfər xristianlardan, 12 nəfər isə müsəlmanlardan məclis yaradıb müzakirələrə başlayaq. Nümayəndələr bildirdilər ki, məclis təşkil olunub üzvlər seçilənədək, müzakirələr planlaşdırılanadək şəhər şəhərliyindən çıxıb bir ovuc toza dönəcək. İndi sakitlik yaradın, sonra siz necə deyirsinizsə elə edək” (2, s. 128).

Mister A.Şed bir neçə dəstə atlı hazırladı, müsəlmanlardan da bir neçə nəfəri onlara qatıb günortadan beş saat sonra erməni-aysor dəstələrini şəhərdən çıxarmaq üçün məhəllələrə göndərdi. Əhali arasında olan nüfuzlu şəxslər konsulluqdan çıxmadılar və 24 nəfərlik məclisin təşkil olunmasını gözlədilər (8, s. 293).

Heyət üzvləri azərbaycanlıların artıq təslim olduğunu və qırğının davam etməsinin heç bir qayda-qanuna sığmadığını bildirdilər. Bundan sonra yığıncaq təşkil edildi. Həmin yığıncaqda İran dövlətinin Urmiyadakı nümayəndəsi R.Mötəmidəlvüzarə də iştirak etdi. Həmin iclasda erməni və aysorlardan ibarət xristianların dəstə başçıları azərbaycanlılara ultimatum verdilər. Ultimatumda azərbaycanlılardan xristianların olduqca ağır şərtlərini yerinə yetirmələri tələb edilirdi. Ağır şərtlərə malik olan ultimatuma 24 nəfərdən ibarət təyin edilən məclisin 12 nəfər müsəlman nümayəndələri də məcburən qol çəkdilər (9, s. 25).

Təkcə 1918-ci il fevral ayının 24-də (bazar günü) 10000 nəfərə qədər günahsız azərbaycanlı Urmiyada soyqırıma məruz qaldı. Ümumilikdə 1918-ci il fevral ayının 22-də 3 gün müddətinə başlanan soyqırımda Urmiyada 10-15 min günahsız azərbaycanlı soyqırıma məruz qaldı. (6, s. 6)

İranın Urmiyadakı nümayəndəsi R.Mötəmidəlvüzarə yazır ki, həmin gecə qətl-qarət daha kəskin şəkildə davam etdi. “Səhərə kimi atışma davam etdi. Səhər hökumət idarəsinə gəldim və raportlar əsasında çox faciəli hadisələrin baş verdiyinin şahidi oldum. Cilolar və s. (erməni və qaçaq ermənilər) məhəllələrə hücum edir, evlərə daxil olur və əhalinin var-dövlətini talayırdılar. Onlar müsəlmanların 500-ə yaxın evini yandırmış, qadın, kişi, uşaq və yaşlıları öldürmüşdülər. Belə bir qəddarlıq heç bir dövrdə müşahidə edilməmişdi” (3, s. 502).

Təslim olan əhaliyə qarşı ultimatumdan sonra “25 fevral 1918-ci ildən başlayaraq müsəlmanlar tərki-silah edilməyə başlandılar. 48 saat ərzində müsəlmanlara aid bütün silahlar yığıldı. Lakin xristianların nümayəndələri bunu qəbul etməyərək deyirdilər ki, müsəlmanlar silahları gizlədiblər və vermirlər. Onlar silah toplamaq bəhanəsi ilə əhaliyə qarşı güc tətbiq edirlər. Müzakirələrdən sonra papanın nümayəndəsinin vasitəsilə müddət artırıldı. Lakin xristianlar silah axtarmaq üçün azərbaycanlıların evinə daxil olur, qarşılarına çıxanı öldürür və evi talayırdılar. Həmin vəziyyət Osmanlı ordusunun Urmiyaya gəlməsinə qədər davam etdi. (8, s. 299)

Erməni və aysorların məqsədinin soyqırım yolu ilə Azərbaycanda demoqrafik dəyişikliyə nail olub, erməni dövlət yaratmaq olduğu üçün, Urmiya şəhərində azərbaycanlıların tam təslim olmasından sonra əhalinin soyqırımı prosesi yenə davam etdi. Şəhəri tutan erməni-aysorlardan ibarət xristian silahlı dəstəsi qətl-qarətdən əl çəkmədi. Onlar “camaatın evinə tökülüşürdülər, ev sahibinin malını talan edirdilər. Ev sahibi isə canının qorxusundan qaçıb gedirdi. Soyğunçular rahatca daşınması mümkün olan qiymətli hər bir şeyi yığışdırıb aparırdılar” (2, s. 131).

Əhali birləşmiş erməni-aysor silahlı dəstələrinin qorxusundan gecələri damda kürsü düzəldib yatırdılar. Çünki onlar əhalinin evinə hücum edirdilər. Evlərə daxil olan birləşmiş erməni-aysor silahlı dəstələri evi talamaq üçün əhalini qətliam etdikləri üçün, çarəsiz qalan əhali damlarda yaşayıb, hücum zamanı da canlarını qurtarmaq üçün əmlakını qoyub başqa damlara qaçırdılar (10, s. 184).

Azərbaycan ərazisində erməni-xristian dövləti yaratmaq üçün bölgədə yaşayan digər etnosların da gücündən yararlanmaq məqsədilə ermənilər və onlara himayədarlıq edən Qərb dövlətlərinin nümayəndələri şəkkak kürd tayfasının başçısı İsmayılağa Simitqonu da ermənilərə birləşdirməyi qərara aldılar. Bu məqsədlə birləşmiş erməni-aysor silahlı dəstələrinin dini lideri B.Marşimonun İ.Simitqo ilə görüşməsi qərara alındı. Soyqırım yolu ilə Urmiyanı işğal edəndən sonra B.Marşimon  1918-ci mart ayının 16-da şənbə günü Salmasın yaxınlığında Köhnəşəhərdə İ.Simitqo ilə görüşdü. Görüşdən sonra İ.Simitqo erməni və aysorların niyyətini anladığı üçün B.Marşimonu qətlə yetirdi. (11, s. 269) B.Marşimonun şəkkak kürd tayfasının başçısı İ.Simitqo tərəfindən qətlə yetirilməsinə baxmayaraq birləşmiş erməni-aysor silahlı dəstələri bu məsələni bəhanə edib yenidən kütləvi şəkildə azərbaycanlıları qətliam etməyə başladılar. B.Marşimonun qətlə yetirilməsi xəbəri, mart ayının 18-də Urmiyaya çatdı. Çərşənbə axşamı, yəni əslində ilaxır çərşənbə günündə aysor, cilo və qaçaq erməni dəstələri şəhərin küçələrini dolaşmağa başladılar. Ürəkləri istəyən evə soxulub insanları öldürür və evləri qarət edirdilər. Şəhərdə qətl-qarət baş alıb gedirdi. Hər bir küçədən cilo dəstələrinin hərəkəti, əhalinin ağlaşması və hay-küy eşidilirdi (3, s. 514). Urmiyada erməni və aysorların törətdiyi ilk soyqırımdan 33 gün sonra şəhər əhalisi min müsibətlə təhlükəli vəziyyətdə ac şəkildə evlərin küncünə sığınmışdılar və heç yerdən xəbərləri yox idi. Lakin qəflətən çərşənbə günü səhər tezdən liderlərinin ölümündən qəzəblənən cilolarla birlikdə erməni və aysorlar bəhanə edib əhalinin qapı, pəncərəsini sındırıb və gördükləri bütün əhalini – uşaq, qoca, gənc, qadın və kişiləri fərq qoymadan qətliam etdilər (8, s. 303).

1918-ci il təkcə ilaxır çərşənbədə (mart ayının 20-də) Urmiyada İ.Smitqonun Marşimonu qətlə yetirməsi bəhanəsi ilə “ABŞ konsulu Şedin, Rus konsulu Nikitinin və Fransa, İngiltərə, eləcə də başqa ölkələrdən olan missionerlərin gözləri önündə ermənilər Urmiyada 10 minə yaxın dinc sakini qətlə yetirdilər (12, s. 62). Hadisələrə canlı şahid olan Qulamxan Hişmət həmin qətliamda Urmiyada 10 – 12 min nəfərin soyqırıma məruz qaldığını qeyd edib. (6, s. 63) Azərbaycanlıların həmin gün verdiyi tələfatın sayını bəzi mənbələr 10 min göstərib, digər mənbələr isə “Urmiyada qətlə yetirilən azərbaycanlıların sayını 15 min” göstərməkdədir (13, s. 162).

Urmiyada 1918-ci il fevral ayının 22-də başlanan azərbaycanlıların soyqırımı həmin il avqust ayınadək davam etmişdir. Osmanlı qoşununun avqust ayında Urmiyaya daxil olması ilə birləşmiş erməni-aysor silahlı dəstələri Cənubi Azərbaycanın qərb bölgəsini tərk edib ingilislərin yardımı ilə İraqa getdilər. Lakin onlar hətta Urmiyanı tərk edərkən də dinc Azərbaycan əhalisini qətliam etməkdən çəkinmirdilər. Belə ki, 1918-ci ildə avqust ayının 2-də birləşmiş erməni-aysor silahlı dəstələri Urmiyadan çıxarkən 2000 azərbaycanlını soyqırıma məruz qoydular. Urmiyadan əlavə Urmiya məntəqəsinin ətraf bütün qəsəbə və kəndləri də amansızcasına soyqırıma məruz qalmışdı. Bu hadisələrdə təkcə Urmiya məntəqəsində 880 kənd (4, s. 11) dağıdıldı, əhalisinə vəhşicəsinə divan tutuldu. Urmiyada və Cənubi Azərbaycanın qərb bölgəsinin digər şəhər, qəsəbə və kəndlərində baş verən soyqırım Osmanlı qoşununun əraziyə daxil olması ilə sona çatdı. Ümumilikdə bu soyqırımı nəticəsində Cənubi Azərbaycanın qərb bölgəsində 1918-ci ildə İran dövlətinin yaratdığı komissiyasının hesabatına görə 200 minə (14, s. 230) qədər günahsız azərbaycanlı məhv edilmişdir.

 

İstifadə olunmuş ədəbiyyat

توحید ملیکزاده، تاریخ ده هزار ساله سلماس، و غرب آذربایجان، تبریز، 1384، انتشارات الدار تبریز، 700ص. 

Məlikzadə Dilməqani T. Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində – - soyqırım,. Ttərcümə: C.Mirzəyeva, Bakı, 2010 Bakı, Çap edvi, 259 s.

علی دهقان، سرزمین زرتشت رضائیه، انتشارات ابن سینا، تهران، چاپ اول 1348، 1017 ص.

مجتبی آزادی، تاریخ قتل عام مسلمانان آذربایجان توسط جلوها، ارومیه، 1369، انتشارات حسام الدین چلبی، ص. 76، 254 ص.

سيد احمد كسروي «تاريخ 18 ساله آذربايجان » چاپ 5، نشر امیرکبیر ، تهران 1350،  919 ص.

غلام خان حشمت، مویه های شهر غریب، انتشارات یاز، اورمیه، 1387، ص. 232

تحولات غرب آذربایجان به روایت اسناد مجلس شورای اسلامی، دوره های سوم تا پنجم، به کوشش علی ططری، رحیم نیکبخت، تهران، 1390، کتابخانه موزه و مرکز اسناد مجلس شورای اسلامی، ص. 585، 735 ص.

احمد کاویانپور، تاریخ ارومیه، چاپ اول، تهران 1378،  553 ص.

رحمت الله توفیق، تاریخچه ارومیه، یادداشتهایی از سالهای جنگ اول جهانی و آشوب بعد از آن، انتشارات شیرازه، چاپ اول 1382، 162 ص.

محمد تمدن، اوضاع ایران در جنگ اول یا تاریخ رضائیه، تهران، 1350، موسسه مطبوعاتی تمدن، ، 444 ص.

محمد امین ریاحی، تاریخ خوی (سیر تحولات اجتماعی و فرهنگی شهرهای ایران طی قرون)، تهران، 1378، انتشارات طرح نو، 602 ص.

Преступления армянских террористически и бандитских формирований против человечества (XIX-XXI вв.), Баку - Элм – 2002, 395 c.

احمد سلیمی فرد، نگاهی به تاریخ و جغرافیای شبستر، تسوج و صوفیان، انتشارات سیب سرخ، تهران، 1382،  ص. 165، 618 ص.

 

رحمت الله خان معتمدالوزاره، ارومیه در محاربه عالم سوز، به کوشش کاوه بیات، نشر پژوه شیرازه، تهران 1379، 585 ص.

 
 



Baxış sayı: 4 219
Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00 Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib 22-11-2024, 08:00 Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil 21-11-2024, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930