FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Qubada müsəlmanların soyqırımını kim dayandırıb?
29-03-2022, 08:55 | TƏDQİQATLAR-ANALITIKA
Qubada müsəlmanların soyqırımını kim dayandırıb?

Quba qəzasında Sovet hakimiyyətinin qurulması uğrunda ilk mübarizə 1918-ci ilin aprelində gürcü-menşevik knyazın və yerli müsəlman bolşevikin rəhbərliyi ilə erməni, bir neçə rus və yəhudi əsgərlərinin simasında “bolşevizm ideyası tərəfdarlarının” məğlubiyyəti ilə bitir. Lakin “vətəndaş müharibəsinin” bu ilk döyüşünün “siyasi” xarakterinə baxmayaraq, erməni dəstələrinin həmin döyüşlərdə iştirakı və geri çəkilərkən törətdikləri hərəkətlər artıq ona “milli” çalar verir. Belə ki, bolşeviklərin Qubadan getməsi onunla “əlamətdar” olur ki, 2 yəhudi müstəntiqdən başqa, şəhərdəki rus məmurlarının hamısı və bütün ermənilər də onlarla birlikdə şəhəri tərk edir. Gelovaninin şəhadətinə görə erməni dəstəsinin başçısı – Ağacanyan Qubanın bütün xristian əhalisini, əsasən də erməniləri guya xilas etmək məqsədilə ev-ev toplayır və onları güllə qabağında şəhərdən çıxarırdı.

Qaçqınların erməni əsgərlərdən ləzgilərə atəş atmamaq xahişinə baxmayaraq Ağacanyan atışmanı kəsmirdi. Nəticədə erməni-bolşevik dəstəsi tərəfindən zorla şəhərdən aparılan xristian əhalidən bir neçə rus, yəhudi və erməni, o cümlədən rus və erməni keşişləri öldürülür. Məhz bu “erməni qurbanlarını” bəhanə edərək Amazaspın 3 minlik erməni cəza dəstələri az sonra şəhərə girəcək. Lakin qubalıların dinc yaşamaq üçün hələ iki həftə vaxt vardı. Bəs Mir Cəfər Bağırov bu iki həftədə harada idi?

Gelovani və erməni dəstələri ilə birlikdə Qubanı tərk edən M.C.Bağırov yazır: “...biz Petrovskdan gəlmiş xalis daşnak dəstəsinin himayəsi altında dəmir yolu xəttinə tərəf geri çəkildik... Biz Dərbəndə geri çəkilməyi qərara aldıq. Biz oraya çatdıqda yoldaş Naneyşvilinin Şimali Qafqazdan qayıdan eşelonları ilə qarşılaşdıq. Məşvərətdən sonra dağıdılmış dəstələrin yenidən təşkil edilməsi və Qubaya yeni hücumu hazırlamaq üçün Bakıya doğru hərəkət etmək qərarına gəldik... Çox çətinliklə Dəvəçiyə çata bildik.

Bu zaman Bakı tərəfdən Daşnaksütunun liderlərindən biri olan Amazaspın məşhur dəstəsinin olduğu 4 eşelon göründü və Amazasp bəyan etdi ki, Mərkəzin, şəxsən yoldaş Şaumyanın əmri ilə Qubanı yer üzündən silmək üçün şəhərə tərəf hərəkət edirlər. Amma onlar yoldaş Naneyşvilidən bu işdə bizim partiyanın nümayəndəsinin də iştirakını təmin etməyi xahiş etdilər. Hərçənd Amazaspın yanında fövqəladə komissar kimi eser (əslində, qatı daşnak) Velunts var idi. Çox düşündükdən sonra yoldaş Naneyşvili mənə onlarla getməyi təklif etdi. Mən qəti şəkildə bundan imtina etdim, çünki bu dəstənin nə edə biləcəyini qabaqcadan görürdüm”.

Bu “qəti imtinaya” və hadisələri “qabaqcadan gördüyünə” baxmayaraq Bağırov hər halda Amazaspın dəstəsinə daxil olur, hərçənd özünü gələcəkdə təmizə çıxarmaq məqsədiləmi yazdığı, yaxud həqiqətən baş vermiş bir məqamı da vurğulamağı lazım bilir: “Yeri gəlmişkən, yoldaş Naneyşvili məni Amazaspın dəstəsi ilə Qubaya göndərərkən onun müavinlərindən zəmanət aldı ki, ... mən onların himayəsi altında olacağam, mən isə öz növbəmdə Viktor Naneyşvilidən söz aldım ki, o, mənim öz xoşumla getmədiyimi təsdiq edir”.

Öz xoşu iləmi, ya yox, hər halda Mir Cəfər Bağırov əks düşərgədə olsa da, öz həmyerliləri ilə birlikdə Quba faciəsini yaşamalı olur.

1918-ci ilin may ayının 1-də səhər, müsəlmanlara qarşı öz vəhşiliklərilə məşhur olan daşnaksakan Amazaspın rəhbərliyi altında yalnız ermənilərdən ibarət 3 minlik nizami dəstə Quba şəhərini mühasirəyə alaraq, onu toplardan, pulemyotlardan və tüfənglərdən atəşə tutmağa başlayır. Şəhərin alınması, müsəlman əhalisinin qırğını müxtəlif cür zorakılıqlarla müşayiət olunur. Elə birinci gün əksəriyyəti qadın və uşaqlar olan 715 müsəlman öldürülür. İkinci gün 1012 nəfər - əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirilir, müsəlmanların əmlakı talan edilir. Qətllər və talanlar sonrakı günlər də davam edir.

Amazaspın dəstələrinin hər hansı bir siyasi vəzifə - yeni hakimiyyətin qurulması - yerinə yetirmədiyi, əksinə müstəsna olaraq cəza missiyası daşıdığı heç kimdə şübhə doğurmurdu. Ermənilər küçələrdə və meydanlarda olanların hamısını öldürdükdən sonra, evlərə soxularaq, südəmər körpələrə belə rəhm etmədən, bütöv ailələri qırır, əvvəlcədən isə onların qızılını, pulunu və qiymətli əşyalarını əllərindən alaraq, qarət edirdilər. Daha sonra evləri, bazarları, dükanları, anbarları və s. yandırırdılar. Yığışdırılmamış meyitlər küçələrdə, evlərdə qalırdı. Şəhər rəisi Əli Abbas bəy Əlibəyov dəfələrlə meyitlərin dəfn edilməsi ilə bağlı müraciət etsə də, müsəlmanları bu yolla da cəzalandırmaq istəyən Amazaspdan rədd cavabı alırdı. Yalnız dördüncü gün, şəhəri üfunət iyi bürüməyə başlayanda erməni carçılar müsəlman kişiləri qollarına ağ sarğı bağlayaraq meyitləri basdırmağa çağırırlar.

Şəhərin 60-dan çox sakini bu çağırışa cavab olaraq bayıra çıxır, lakin onların heç biri geri qayıtmadığından camaat yenidən gizlənir. Basdırılmayan və yeni öldürülənlərin meyitləri ermənilər gədənə qədər, yəni hələ 6 gün də küçələrdə qalır.

Həmin günlər Quba camaatı dəfələrlə Mir Cəfər Bağırovu şəhərdə görür: gah onun mənzilində müsəlmanlar evlərinin yandırılmaması üçün erməni qoçularına haqq verirlər, gah “doqquzuncu gün müsəlmanlardan qarət edilmiş bütün əmlak Bağırovun evindən arabalara yüklənərək Ayrapetovun nəzarəti altında şəhərdən çıxarılır” və s. Yeri gəlmişkən, sonuncu epizodu Mir Cəfər Bağırov özü də, lakin başqa yozumda təsdiq edir: “Amazaspın dəstələri bir həftə bütün Quba qəzasında azğınlıq etdikdən sonra qarət etdikləri bütün qiymətli əşyaları götürərək Bakıya tərəf hərəkət etdilər. Mən az qala diz üstə çökərək ondan yandırılmış evlərin sahibləri üçün ev əşyalarından nə isə qoparmağa nail oldum. Alınan şeylər paylanmaq üçün anbara yığıldı”.

Qubanın ictimai xadimlərinin apardığı hesablamalara görə, Amazaspın dəstələri hələ yalnız şəhərin özündə 4 milyon rubl nağd pul, 4 milyon yarım rubl dəyərində qızıl, zinyət əşyaları və qiymətli daşlar, 25 milyon rubl dəyərində müxtəlif mallar və ərzaq ehtiyatı ələ keçirmişdi. Bundan əlavə, Amazaspın dəstələri Quba şəhərində 105 ev və tikili, həmçinin müsəlman idarələrinin yerləşdiyi binaları yandırmışdılar. Yanğınlar nəticəsində zərərçəkənlərə 100 milyon rubl həcmində ziyan vurulmuşdu.

Burada belə bir sual meydana çıxır – bolşevik, eyni zamanda müsəlman və əslən qubalı olan Mir Cəfər Bağırov bu hadisələrin gedişinə hər hansı bir təsir göstərə bilərdimi? Çox güman ki, yox. Onun özü də tərcümeyi-halında belə bir etiraf edir: “Çox təəssüf edirəm ki, mənim iradəmin əksinə olaraq mənə Qubada baş vermiş dəhşətli mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin günahsız hissəsinə daşnakların vəhşi hərəkətlərindən qorunmaq üçün heç bir köməklik göstərə bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim. Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu Mir Həşim, kürəkənimiz Hacı Heybət və digər qohumlarım süngülərlə vəhşicəsinə qətlə yetirildilər”.

Lakin Mir Cəfər Bağırovun Quba qırğınlarındakı iştirakı ilə bağlı ən maraqlı məqam bundan sonra başlayır. Az sonra bir daha Qubaya qayıdacaq və hadisələrə qatılacaq David Gelovani belə bir şəhadət edir: “Caparidze mənim keçmiş müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram almışdı. Teleqramda deyilirdi ki, qubalılar onları xilas etmək üçün mənim Qubaya gəlməyimi xahiş edirlər, çünki Amazasp sağa-sola hər tərəfi yandırır və hamını qətlə yetirirdi. Caparidze mənə Quba şəhərinə getməyi təklif etdi. Mən razılaşdım və geniş səlahiyyətlər alaraq, Qubaya gəldim”.

Mir Cəfər Bağırov öz tərcümeyi-halında D.Gelovaninin ikinci dəfə Qubaya qayıtdığından danışmır, lakin özünün Caparidzenin adına teleqram göndərdiyini qeyd edir. Beləliklə, Mir Cəfər Bağırovun “o dəhşətli mənzərənin” qarşısının alınmasında imkansız olsa da, heç olmasa dayandırılması üçün hər halda bir təşəbbüs-cəhd etdiyi və, ən başlıcası, bu cəhdin də baş tutduğu təsdiq olunur.

İkinci dəfə Qubaya gələn D.Gelovani “burada törətdiklərinə görə Amazaspı danlayır”:

“O, və dəstənin komissarı Velunts mənə cavab verdilər ki, şəhərə öz aralarında müharibəyə başlayan şiə və sünnilər od vurmuş və bir-birini qırmışlar. Mən onlara inanmadım və Amazaspa öz dəstəsi ilə birlikdə Qubadan çıxıb getməyi təklif etdim. O əvvəlcə tərəddüd etdi, lakin sonra gedəcəyini bildirdi və həqiqətən, burda olduğu müddətin doqquzuncu günü bütün dəstəsi ilə çıxıb getdi. Onun arxasınca mən də çıxıb getdim”.

Mir Cəfər Bağırov, vurduğu teleqram müqabilində yəqin ki, Amazaspın dəstələrinin törətdiklərinə qarşı özünün mövqeyinin anlaşılacağı ümidi ilə bu dəfə şəhərdə qalır. Lakin, Amazasp Qubadan çıxıb gedəndən 4 gün sonra şəhərə gələn “Alyoşa Caparidzenin fövqəladə səlahiyyətli nümayəndəsi yoldaş Levon Qoqoberidze” onu hətta dinləməyi belə lazım bilmir, əksinə, Bağırovu və onun adamlarından daha dörd nəfəri “qan tökülməsində iştirak etməkdə” günahlandıraraq həbs edir. Şəhərdə Çurayevin başçılığı ilə yenidən İnqilab Komitəsi yaradılır. Yeni Komitə bu dəfə özünün “gürcü” tərkibi ilə, Caparidze tərəfindən göndərilmiş, əsasən gürcü partiya işçiləri və zabitlərlə seçilir. Yeni İnqilab Komitəsi bu zaman Quba qəzasının Qusar bölgəsində olan Əli bəy Zizikski ilə əməkdaşlıq barədə danışıqlara başlayır, lakin rədd cavabı alır. Mir Cəfər Bağırov isə bu zaman “gələcək taleyini gözləyən müttəhim kimi... nəzarət altında oturur və şəxsən Stepan Şaumyana ətraflı məktub yazır”.

Həbsdə olan Mir Cəfər Bağırov həmin məktubun məzmununu açıqlamır, lakin guya “Quba üzərinə hazırlanan yeni basqın haqqında məlumat alaraq”, Əli bəy Zizikskinin əlinə düşməmək üçün gizlicə Qubadan qaçmağa müvəffəq olur və Bakıya gəlir. Bundan sonra, 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulanadək Qubaya qayıtmır.

Burada yəqin ki, Mir Cəfər Bağırovun bioqrafiyasının bilavasitə 1918-ci il Quba qırğınları ilə bağlı səhifələrini çevirmək olardı. Lakin bu hadisələrdə adları çəkilən daha iki şəxsin sonrakı taleyi və Bağırovun düz 30 ildən sonra özünün bu mövzuya qayıtması söhbətin davamını zəruri edir.

Qubanın sovetləşdirilməsinə yönəlik fəaliyyətində David Gelovani ilə kifayət qədər sıx əməkdaşlığına və hətta Amazaspın törətdiyi qırğınların qarşısını almaq üçün Bakıya, Caparidzeyə göndərdiyi teleqramda məhz bu şəxsin Qubaya qayıtması və qırğınlara son qoyması xahişinə baxmayaraq Mir Cəfər Bağırov öz tərcümeyi-halında Gelovani haqqında “sonradan təxribatçı çıxdı” yazır, lakin bu ciddi ittihamın səbəblərini açıqlamır.

Mümkündür ki, bu ittiham Gelovaninin ölkə ərazisində müsəlmanlara qarşı kütləvi qırğınların miqyasının və dəymiş ziyanın miqdarının araşdırılması, günahkarların cəzalandırılması məqsədilə Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci ilin 15 iyulunda yaradılmış Fövqəladə Təhqiqat Komissiyası ilə əməkdaşlıq etməsi ilə əlaqədar idi. Təsadüfi deyil ki, Bakı alındıqdan sonra şəhərdən qaçmamış Gelovaninin bir qədər dolaşıq və ziddiyyətli olsa da əks tərəfin nümayəndəsi kimi verdiyi ifadələrin istintaq üçün əhəmiyyətini, eləcə də hərəkətlərində şəxsi düşmənçiliyin və qərəzliyin olmadığını nəzərə alan FTK müstəntiqləri onu “şahid” qismində dindirir və məsuliyyətə cəlb etmir. Gelovani 1919-cu ilin oktyabrına qədər Cümhuriyyət hökumətinin Əmək müfəttişliyində çalışır, lakin az sonra Sabunçu vağzalı yaxınlığında iki güllə ilə öldürülür. Qatil - erməni Sərkis Terunts, tapançasını tullayaraq hadisə yerindən qaçmağa cəhd edərkən yaxınlıqda olan bir azərbaycanlı əsgər tərəfindən yaxalanır. Kifayət sayda şahidlərin, o cümlədən iki qorodovoy və iki jandarmın olduğuna, “barıt qazlarının təzə qoxusu olan mauzer” tapançasının varlığına baxmayaraq S.Terunts sona qədər özünü müqəssir bilmir və bu səbəbdən də, cinayətin əsl səbəblərini açmaq mümkün olmur.

İstintaqın Gelovaninin “Daşnaksütun” partiyası ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırdığı, S.Teruntsun işinin isə Azərbaycan Hərbi Məhkəməsinin Hərbi Prokurorluğuna verildiyi nəzərə alınarsa, ehtimal etmək olar ki, D.Gelovaninin qətli məhz siyasi motivlərə görə törədilmişdi. Görünür ki, erməni-daşnak tərəfi FTK ilə əməkdaşlığı ona bağışlamır.

Quba hadisələrində dəfələrlə adı çəkilən Əli bəy Zizikskinin sonrakı taleyində isə M.C.Bağırov birbaşa mühüm rol oynayır. Quba ictimaiyyətinin ən görkəmli xadimlərindən biri, Azərbaycanda milli-azadlıq hərəkatının fəal iştirakçısı, “İttihad” partiyasından Cümhuriyyət Parlamentinin üzvü Əli bəy Zizikski Azərbaycan sovetləşdirildikdən sonra İran Azərbaycanına, Ərdəbil şəhərinə köçmüşdü. Lakin, ilk himayəçisinin yaxşılıqlarını unutmadığındanmı, yaxud özünün Quba hadisələrindəki günahlarını hər halda yumaq, ya “yumşaltmaq” niyyəti iləmi, hər halda 1923-cü ildə M.C.Bağırov Əli bəy Zizikskiyə təminat-dəvətlə Vətənə qayıtmaq təklifi göndərir. Burada diqqətəlayiqdir ki, Əli bəy Zizikski öz həmyerlisinə inanaraq bu təklifi qəbul edir!

Həmin dövr artıq Azərbaycan Fövqəladə Komitəsinin sədri vəzifəsinə qədər yüksəlmiş Mir Cəfər Bağırov keçmiş rəisini və əslində siyasi rəqibini öz iş kabinetində, olduqca hörmətlə - Əli bəy Zizikskini kövrəltmək həddinə qədər – qarşılayır, ona leqallaşmaqda - üzə çıxmaqda və iş tapmaqda həqiqətən kömək edir. Zizikski Qubaya qayıtmayaraq Bakıda məskunlaşır. Bununla belə, onun nəzarətdə saxlanılmasına və bəzən açıq təqib edilməsinə son qoyulmur. Bağırovun himayəsinə baxmayaraq, 1926-cı ilin dekabrında Mərkəzi hakimiyyətin “köhnələrə” qarşı növbəti kampaniyanın gedişində Zizikski həbs edilir.

İstintaq orqanları onu bir sıra “yeni cinayətlərdə”: müsavatçıların xeyrinə gizli fəaliyyət, fəhlə sinfinə qarşı mübarizə, xaricdəki əksinqilabi və saxta pul kəsən təşkilatlarla əlaqələrdə ittiham etsələr də görünür ki, kifayət qədər sübutlar tapmırlar və il yarımdan sonra Zizikskinin 1918-ci il hadisələri zamanı fəaliyyəti də cinayət işinə əlavə edilir. Əli bəy ona qarşı irəli sürülən çoxsaylı ittihamların heç birində özünü müqəssir saymır, 1918-ci ilin mart-may hadisələri haqqında danışmaqdan ümumiyyətlə imtina edir, hətta üzləşdirmələr zamanı özünü çox ləyaqətlə aparır.

1928-ci il avqustun 2-də Ə.b.Zizikski “siyasi quldur” kimi ittiham olunur və “sosial müdafiənin ən yüksək cəzasına – güllələnməyə” məhkum edilir. Az.SSR təhlükəsizlik orqanları Oktyabr İnqilabının 10 illiyi münasibətilə hökumət tərəfindən verilmiş amnistiyanın Zizikskiyə şamil edilməməsi haqqında vəsatət qaldırırlar. Bu vəsatətin Azərbaycan, Zaqafqaziya Federasiyası və Sovet İttifaqının dövlət strukturları tərəfindən təsdiqi bir ildən çox çəkir. Həmin vəsatət təsdiq edildikdən dərhal sonra Əli bəy Zizikski haqqında ölüm hökmü 1929-cu il sentyabrında yerinə yetirilir.

Qeyd olunmalıdır ki, Mir Cəfər Bağırov bu vaxt artıq Azərbaycanda deyildi, 1927–1928-ci illərdə Tiflisdə Zaqafqaziya su təsərrüfatı idarəsinin, 1928–1929-cu illərdə isə Zaqafqaziya kənd təsərrüfatı idarəsinin sədri vəzifəsində çalışırdı. Ehtimal etmək olar ki, Azərbaycanda olsaydı belə Sovet hökumətinin cəza maşınının artıq güc topladığı bir şəraitdə artıq Əli bəy Zizikskini xilas etmək iqtidarında olmayacaqdı...

Amma 1940-cı illərin sonlarında bütün bu hadisələr artıq tamamilə başqa bir müstəvidə, həm də Mir Cəfər Bağırovun özü tərəfindən gündəmə gələcək və onun 1918-ci il hadisələri də daxil olmaqla erməni fitnələrinə münasibətini artıq tam açıq şəkildə açıqlamasını şərtləndirəcək...

Solmaz Rüstəmova-Tohidi

Bu yazı Solmaz xanım Rüstəmova-Tohidiinin facebook səhifəsindən götürülüb




Baxış sayı: 742
Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00 Müdafiə xərclərinin artması dövlətimizin təhlükəsizliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək - Cəlil Xəlilov 22-11-2024, 10:30 Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb 22-11-2024, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930