FACT-INFO.AZ » MÜSAHİBƏ » İtaliya mətbuatında Azərbaycan səfirinin saxta erməni təbliğatı ifşa edən müsahibəsi dərc olunub
15-12-2021, 10:50 | MÜSAHİBƏ
İtaliya mətbuatında Azərbaycan səfirinin saxta erməni təbliğatı ifşa edən müsahibəsi dərc olunub

Səfir müsahibəsində erməni tərəfinin beynəlxalq ictimaiyyəti aldatmağa və ictimai rəy üzərində manipulyasiya etməyə yönələn dezinformasiya xarakterli, saxtakarlıqlara əsaslanan propaqandasını ifşa edərək bölgədəki son vəziyyətlə bağlı həqiqətlər barədə italiyalı oxuculara geniş məlumat verib. Fact-info.az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir.

- Cənab səfir, münaqişə bitib və fəal sülh danışıqları davam etməkdədir. Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşma regionun hamı tərəfindən qəbul edilən yeni düzəninə gətirib çıxarıb. Bununla belə, mübahisələr səngimək bilmir. Buna səbəb nədir?

- Əvvəla bildirmək istərdim ki, Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın müddət ərzində işğal altında saxlamış, bir milyondan çox azərbaycanlını öz yurd-yuvasından didərgin salaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur etmiş, azərbaycanlılara qarşı etnik təmizləmə törətmiş, işğal zamanı Azərbaycan ərazilərini tamamilə dağıtmış və talan etmiş Ermənistan kimi bir ölkənin hələ də beynəlxalq ictimaiyyəti aldatmağa cəsarət etməsi inanılmazdır. Erməni tərəfi bunu Azərbaycanın möhkəm dostluq və strateji tərəfdaşlıq əlaqələrinə sahib, siyasi, iqtisadi və mədəni sahələrdə mükəmməl əməkdaşlığa malik olduğu İtaliya kimi ölkədə də etməyə çalışır. Qeyd edək ki, bəzi hallarda Ermənistanın, xüsusən də erməni revanşist ekstremist qüvvələrin Azərbaycanla və bölgədəki mövcud vəziyyətlə bağlı yaydığı dezinformasiya və saxtakarlıqlara inananlara rast gəlinir. Bu ekstremist qüvvələr erməni xalqının gələcəyini və maraqlarını düşünmək iqtidarında deyillər. Məhz bu qüvvələr 1980-ci illərin sonlarında Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək Ermənistanı müharibəyə sürüklədilər. Bu müharibə Ermənistana və bütün regiona faciədən başqa heç nə gətirmədi. Qonşularına qarşı apardığı siyasətə görə regional inkişaf proseslərindən kənarda qalan Ermənistan dünyanın ən yoxsul və geridə qalmış ölkələrindən birinə çevrildi. Bu ekstremist qüvvələr ötən il Azərbaycanın yeni ərazilərini zəbt etmək üçün Ermənistanı yeni müharibəyə sövq etdilər və bu müharibə 30 ilə yaxın işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi ilə başa çatdı.

- Amma bu, keçmişdə qalan məsələlərdir. İndi nə etmək niyyətindəsiniz?

- Münaqişə bitib və biz gələcəyə baxmalıyıq. Bu yeni reallıqların yaratdığı imkanlar Ermənistanı inkişaf yoluna çıxara bilər. Təəssüflər olsun ki, indiki vəziyyətdə belə erməni ekstremist qüvvələr Ermənistanı yeni faciələrə sürükləməyə çalışırlar.

- Dezinformasiyadan danışdınız. Sizcə mübaliğə etmirsiniz?

- Qətiyyən yox - müxtəlif ölkələrdə, o cümlədən İtaliyada səslənən bəzi fikirlərin erməni propaqandasının təsiri altında olması aşkardır. Lakin həmin fikirləri səsləndirənlərin regionumuzda baş verən proseslərdən nə qədər xəbərsiz olduqları təəccüb doğurur. İnformasiya mənbələrinə geniş çıxışın olduğu bir dövrdə həqiqəti dərk etmək üçün çox səy göstərməyə ehtiyac yoxdur. Obyektiv və qərəzsiz olmaq üçün regionumuzda baş verən son hadisələrdən, eləcə də Ermənistan rəhbərliyinin də qatıldığı son görüşlərdən asanlıqla xəbərdar olmaq mümkündür. Lakin başqa bir sual doğrudan da həqiqəti öyrənmək istəyinin olub-olmamasıdır.

- Bununla belə, çoxları hesab edir ki, Dağlıq Qarabağda və Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminə əməl olunmaması və Azərbaycan qoşunlarının Ermənistan ərazisinə daxil olması səbəbindən gərginlik yüksək olaraq qalır...

- Əvvəla, vurğulamaq istərdim ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycan Prezidentinin cari il 7 iyul tarixli Sərəncamı ilə keçmiş işğal olunmuş ərazilərdə iki iqtisadi rayon yaradılıb: Qarabağ və Şərqi Zəngəzur. Ona görə də vacibdir ki, beynəlxalq ictimaiyyət hüquqi cəhətdən mövcud olmayan və manipulyasiya xarakterli terminlərdən istifadə edərək ərazilərimizə istinad etməsin. Qarabağ iqtisadi rayonunun erməni əsilli Azərbaycan vətəndaşlarının yaşadığı hissəsində 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Həmin Bəyanatda Ermənistan silahlı qüvvələrinin oradan çıxarılması ilə paralel olaraq Rusiya Federasiyasının sülhməramlı kontingentinin həmin ərazilərə yerləşdiriləcəyi də nəzərdə tutulur. Lakin Ermənistanın bu şərtə əməl etməməsi və erməni qüvvələrinin hələ də qanunsuz olaraq həmin ərazilərdə qalması gərginliyin əsas səbəblərindən biridir.

- Son toqquşmalar isə hamının gözləri önündə baş verib...

- Bölgədəki son toqquşmalara gəlincə, qeyd etmək istərdim ki, noyabrın 8-dən başlayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi revanşizm hisslərinə qapılaraq mütəmadi şəkildə Azərbaycan Ordusunun hissələrinə qarşı təxribatlar həyata keçirməyə başladı. Artıq vəzifəsindən uzaqlaşdırılan Ermənistanın müdafiə naziri noyabrın 6-7-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etdi və orada hərbi görüşlər keçirdi. Noyabrın 9-da Ermənistan silahlı qüvvələri Azərbaycanın Kəlbəcər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mühəndis texnikasını atəşə tutdu. Həmin gün Ermənistan tərəfi Azərbaycanın Laçın rayonunun Qaragöl gölü ətrafında Azərbaycan Ordusunun mövqelərinə gedən yola 60 nəfərlik hərbi qulluqçu yerləşdirməyə cəhd etdi. Noyabrın 13-də səhər saatlarında erməni terrorçuları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yaxınlığındakı Azərbaycan hərbi postuna qumbara ataraq növbəti terror aktı həyata keçirdilər və nəticədə 3 Azərbaycan əsgəri yaralandı. Həmin gün Ermənistan silahlı qüvvələri Şuşa ətrafında yerləşən mövqelərimizi atəşə tutdu. Noyabrın 16-da Ermənistan silahlı qüvvələri strateji yüksəklikləri ələ keçirmək məqsədilə dövlət sərhədi boyunca yerləşən Azərbaycanın Kəlbəcər və Laçın rayonları istiqamətində irimiqyaslı hücuma cəhd etdilər. Bu hücum Azərbaycanın həyata keçirdiyi tədbirlər nəticəsində tam şəkildə əməliyyat və taktiki uğursuzluğa düçar oldu. Ermənistanın silahlı təxribatlarını dəf edərkən Azərbaycanın 7 əsgəri şəhid oldu, daha 10 əsgərimiz yaralandı. Bütün bunlar göstərir ki, insan tələfatı ilə nəticələnmiş bu hərbi qarşıdurmaya görə məsuliyyət tamamilə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdür, eləcə də Azərbaycanın Ermənistanın suveren ərazilərini pozmaqda ittiham edilməsi tamamilə əsassızdır, erməni tərəfinin böhtan və uydurmalarından başqa bir şey deyildir. Azərbaycan bu kimi saxta ittihamların qarşısını almaq üçün iki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı danışıqların tez bir zamanda başlanmasının tərəfdarıdır.

- Son gərginliklərin ardınca noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Nəticədə Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi və gücləndirilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların bütün müddəalarının daha da ardıcıl şəkildə həyata keçirilməsi və onlara ciddi riayət edilməsi öhdəliyini bir daha təsdiqləyən, hər iki bəyanatdan irəli gələn həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə birgə Bəyanat verilib. Bu gün vəziyyət necədir?

- 26 noyabr Bəyanatı ilə üç lider Azərbaycan və Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı, Azərbaycan Respublikası və Ermənistan Respublikasının dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. Həmin Bəyanatda habelə 2021-ci il 11 yanvar tarixli Bəyanata uyğun olaraq, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinilərinin və Rusiya hökumətinin sədrinin müavinin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyəti yüksək qiymətləndirilib, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Bu xüsusda, dekabrın 10-da Moskvada Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində “3+3” formatında əməkdaşlıq platformasının ilk iclasının keçirildiyini vurğulamaq da faydalı olardı. Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi və regionun altı ölkəsinin (Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə, İran və Gürcüstan) cəlb olunduğu iqtisadi və nəqliyyat əlaqələrinin açılması məsələlərinə həsr edilmiş iclasın keçirilməsi regionda davamlı sülhün təmin edilməsi məqsədilə müharibənin başa çatmasından dərhal sonra Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüsdür.

- Lakin son müharibə ilə bölgədəki tarazlıq dəyişib. Rəsmi Ankaranın dəstəyi ilə güc tətbiq edərək Bakının Ermənistan Respublikasının suveren və beynəlxalq səviyyədə tanınmış ərazisi vasitəsilə iki ölkəni birləşdirən ekstraterritorial “dəhliz” yaratmaqla hədələdiyini iddia edənlər də var.

- Həm hər 3 üçtərəfli Bəyanatın şərtləri, həm də dekabrın 10-da Moskvada keçirilmiş görüş nəqliyyat dəhlizlərinin açılması ilə bağlı spekulyasiya etmək istəyənlər üçün tutarlı cavabdır. Buradan belə nəticəyə gəlmək olar ki, ya sənədləri imzalayan və danışıqlarda iştirak edən Ermənistan hakimiyyəti nəqliyyat dəhlizlərinin açılması ilə bağlı həqiqətləri öz vətəndaşları və beynəlxalq ictimaiyyətdən gizlədərək onları aldadır və ya bu dəhlizlərə ehtiyacı olan, dərin iqtisadi və sosial çətinliklər içində boğulan Ermənistandakı revanşist qüvvələr nəqliyyat dəhlizlərinin açılmasını istəmirlər. Çünki bu qüvvələr yaxşı bilirlər ki, regionda nəqliyyat dəhlizlərinin açılması Ermənistana iqtisadi səmərə gətirməklə yanaşı, regionda müharibə riskini də sıfıra endirəcək ki, bu da həmin qüvvələrin gündəliyinə və maraqlarına ziddir. Əslində bu qüvvələr ancaq ölkəni müharibə təhlükəsi altında saxlamaqla onlara ehtiyac olduğunu göstərirlər.

- Ancaq bir sual hələ də açıq qalır: müharibə əsirləri ilə bağlı...

- Azərbaycan müharibənin başa çatmasından sonra 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda razılaşdırıldığı kimi bütün müharibə əsirlərini Ermənistana qaytarıb.

- Bu həqiqətən belədir?

- Əlbəttə! Məsələ burasındadır ki, müharibə başa çatdıqdan bir ay sonra Ermənistan terror aktları törətmək məqsədilə Azərbaycan ərazisinə diversiya qrupu göndərib. Bu diversiya qrupunun üzvləri azərbaycanlı mülki şəxslərin və hərbçilərin qətlində günahkardırlar. Bu səbəbdən də onlar həbs edilərək saxlanılıblar. Yuxarıda qeyd olunanları nəzərə alaraq, onlar beynəlxalq humanitar hüquqa əsasən müharibə əsiri hesab edilmir və edilə də bilməz. Bu səbəbdən də üçtərəfli Bəyanatın şərtləri həmin saxlanılan şəxslərə şamil oluna bilməz və həmin şəxslər Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Eyni zamanda, Azərbaycan tərəfi həmişə humanizm prinsipinin aliliyinə üstünlük verib, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza müddəti başa çatmış erməni məhbuslarını Ermənistana təhvil verib. Ümumilikdə, saxlanılan 110-dan çox erməni əsgəri, o cümlədən 1700-dən çox erməni əsgərinin nəşi Azərbaycan tərəfindən Ermənistana təhvil verilib.

- Erməni məhbuslarına dair vəziyyət aydındır. Bəs azərbaycanlılarla bağlı vəziyyət nə yerdədir?

- Təəssüf ki, Ermənistan tərəfi Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusu tərəfindən əsir götürülmüş, əksəriyyəti mülki şəxslər olan 4000-ə yaxın azərbaycanlı haqqında məlumat vermir. Bundan əlavə, qeyd etmək istərdim ki, regionda sülhə əsas təhlükə işğal zamanı Ermənistan tərəfindən Azərbaycan ərazilərində bir milyondan çox mina yerləşdirilməsidir. Böyük təəssüflə qeyd edirəm ki, 2020-ci il noyabrın 10-da müharibə başa çatdıqdan sonra Ermənistan tərəfindən yerləşdirilmiş minalar işğaldan azad edilmiş ərazilərdə 190-dan çox azərbaycanlının (mülki və hərbçilərin) ölümünə səbəb olub. Bütün bunları söyləyərək, biz hər kəsdən, o cümlədən Ermənistan tərəfini dəstəkləyənlərdən Azərbaycanın humanist addımlarını qiymətləndirmələrini, habelə 4000-dək itkin düşmüş azərbaycanlı haqqında məlumatların, eləcə də minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təqdim edilməsi üçün İrəvana təzyiq göstərmələrini gözləyirik.

- Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanı müharibə əsirlərinin hüquqlarını təmin etməyə, erməni əhalisinə qarşı irqi nifrətin qızışdırılmasının qarşısını almağa, erməni tarixi və mədəni irsinə vandalizmi pisləməyə çağıran qərar çıxarıb. Güclü ittihamdır...

- Erməni tərəfi bu məsələdə də ictimai rəy üzərində manipulyasiya edərək ictimaiyyəti aldadır. Həqiqət ondan ibarətdir ki, 2021-ci il dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan ərazisində fəaliyyət göstərən, o cümlədən azərbaycanlıları hədəfə alan şəxslər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq edilməsini qadağan edən müvəqqəti tədbirlər görülməsi barədə Azərbaycanın müraciətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistanı azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Azərbaycan ölkəmizin iddiaları ilə bağlı mahiyyəti üzrə qərar verilənə qədər Azərbaycanın hüquqlarına və azərbaycanlıların insan hüquqlarına bərpası mümkün olmayan zərər vurulmasının qarşısını almaq üçün vacib olan məhkəmə qərarını alqışlayıb. Biz Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinin qərarını dərhal yerinə yetirməyə çağırırıq. Məhkəmənin Ermənistan tərəfindən tələb edilən müvəqqəti tədbirlərlə bağlı tələbinə gəldikdə qeyd olunur ki, Ermənistan tərəfinin bir sıra iddiaları, o cümlədən erməni əsilli şəxslərin azadlığa buraxılması ilə bağlı iddiaları Məhkəmə tərəfindən haqlı olaraq rədd edilib. Eyni zamanda, Azərbaycan beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərinə sadiq olduğunu, Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərinə əməl edəcəyini, habelə beynəlxalq hüquq normaları çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüququn pozulmasına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcəyini bəyan edib.

- Azərbaycanın geri qaytardığı ərazilərdə xristian və erməni irsinə dair qiymətli tarixi və mədəni nümunələr mövcuddur. Bunlarla nə etmək niyyətindəsiniz?

- İlk növbədə, qeyd etmək istərdim ki, bu ərazilər Ermənistan tərəfindən işğal olunsa da, həmişə Azərbaycanın tərkib hissəsi olub. Azərbaycan ötənilki Vətən müharibəsi zamanı həmin əraziləri işğaldan azad edərək öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Monoetnik ölkə olan Ermənistandan fərqli olaraq Azərbaycanda bütün dinlərlə məxsus abidələr, çoxsaylı məscidlər, pravoslav, evangelist və katolik kilsələri, sinaqoqlar fəaliyyət göstərir. Hətta paytaxtın tam mərkəzində erməni kilsəsi yerləşir. Qafqazın ən qədim kilsələri Azərbaycan ərazisindədir. Bütün bu abidələr zəngin multikultural ənənələrə malik Azərbaycanın mədəni irsi sayılır, dövlət tərəfindən mühafizə və bərpa olunur. İşğaldan azad edilmiş ərazilərdəki xristian abidələrinin əksəriyyəti Qafqaz Albaniyası irsinə məxsusdur və işğal zamanı erməniləşdirilməyə məruz qalıb. Bu kilsələr uzun müddət, hətta minilliklər boyu orada qorunub saxlanılıb. Əgər bu dini abidələr Ermənistanın bu torpaqları işğal etməsindən əvvəl, yəni 30 il əvvəl mövcud olubsa, bu faktın özü də Azərbaycanın bu abidələrə münasibətinin göstəricisidir.

- Bəs bu məsələdə İrəvanla da danışmalı deyilsiniz?

- Ermənistanın dini abidələrin qorunmasından danışmağa haqqı yoxdur. Bu ölkə Azərbaycan xalqının Ermənistan ərazisində vaxtilə mövcud olmuş bütün tarixi və mədəni abidələrini dağıdıb. Bundan başqa, Ermənistan işğal zamanı Azərbaycan ərazilərini də yerlə-yeksan edib. Həmin ərazilərdə mövcud olan bütün şəhər və kəndlər, Azərbaycanın tarixi, dini və mədəni irsi sistemli şəkildə dağıdılıb, talan edilib. 67 məsciddən 65-i tamamilə dağıdılıb, digər ikisi isə heyvanlar üçün tövlə kimi istifadə edilib. İşğal zamanı Ermənistan həmin ərazilərdəki qeyri-erməni xristian məbədlərinə belə amansız yanaşıb. Belə ki, oradakı rus pravoslav kilsələri və Qafqaz Albaniyasına məxsus kilsələr dağıdılıb və ya erməniləşdirilib.

- İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri nə dərəcədə intensivdir?

- Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra beynəlxalq tərəfdaşları, o cümlədən İtaliya şirkətlərini cəlb etməklə bu ərazilərin qısa zamanda Qafqazın ən gözəl bölgələrindən birinə çevrilməsi məqsədilə burada genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başladı. Bu ərazilərdə bir sıra mühüm infrastruktur işləri, o cümlədən cəmi 8 ay ərzində inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı da daxil olmaqla artıq başa çatdırılıb. Lakin təəssüf ki, minalar problemi bərpa və yenidənqurma işlərinin gedişinə maneə törədir. Məqsədimizin 30 il əvvəl öz torpaqlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlının tezliklə öz ərazilərinə qayıtmasını təmin etmək olduğu üçün bu bərpa və yenidənqurma işlərinin tezliklə başa çatdırılması prioritet məsələdir. Həm də Rusiya sülh kontingentinin yerləşdiyi ərazilərimizdə yaşayan erməni əsilli vətəndaşlarımızın ölkənin siyasi, iqtisadi, mədəni və sosial həyatına reinteqrasiya etmək də məqsədimizdir.

- Bəs iki ölkə arasında birgəyaşayış heç vaxt mümkün olmayacaqmı?

- Azərbaycan və Ermənistan eyni regionda yerləşən ölkələrdir. Məlum olduğu kimi, 30 ildən artıqdır ki, biz hər iki tərəfə böyük faciələr gətirən çox çətin bir dövrü gördük və yaşadıq. Uzun müddətdən sonra iki ölkənin çətinliklə də olsa, dinc, yanaşı yaşaması üçün imkanlar yaranıb. Özünü erməni tərəfinə həqiqətən yaxın hiss edən və erməni xalqının gələcəyindən narahat olan şəxslərə yalnız bir tərəfi dinləməyi deyil, hər iki tərəfi dinləməyə başlamağı, Ermənistanı regionda çoxdan gözlənilən davamlı sülhü təmin etməyin yeganə yolu olan qonşuları ilə normal münasibətlər qurmağa təşviq etməyi tövsiyə edirəm. Bu kontekstdən kənar istənilən hərəkət sülh prosesinə zərər verə bilər. Azərbaycanın bu gün təklif etdiyi, yəni ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh müqaviləsinin imzalanması, bütün regionda bütün kommunikasiya arteriyalarının açılması, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı işlərə mümkün qədər tez başlanması Ermənistan tərəfinin də xeyrinədir. Əgər Ermənistan həqiqətən də regionda sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşması üçün real addımlar atmalı və təxribatlara son qoymalı, bölgədə məqsədyönlü gərginlik yaratmaqla sülhün bərqərar olmasına mane olmaq cəhdlərindən çəkinməli, üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq üçtərəfli bəyanatları tam şəkildə icra etməlidir. Yalnız bu yolla biz həqiqətən də sülh içində yaşaya bilərik.

Qeyd edək ki, Azərbaycan səfirinin “Insideover” portalına müsahibəsi İtaliyanın bir sıra digər kütləvi informasiya vasitələrinin də marağına səbəb olub. Belə ki, “Askanews”, “Agenzia Nova”, “Giornale Diplomatico” kimi mətbuat orqanları həmin müsahibəni tam və ya hissəli şəkildə yayıblar.




Baxış sayı: 1 152
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930