Bu postulatı postulat kimi qəbul etməmək çətindir. Lakin məsələyə diqqətlə yanaşanda bu fikri bəzi elm sahələrinə aid etmək də olmur. Xüsusilə humanitar elmləri və xüsusilə humanitar elmlərə daxil olan tarix elmini vətənsiz təsəvvür etmək müşkül məsələdir.
Dünyanın qloballaşma prosesi keçirdiyi indiki vaxtda ayrı-ayrı ölkələrin tarixçiləri bu sahədə apardıqları tədqiqatlarda çox vaxt ideoloji istiqamətdən çıxış edərək tarixi özlərinə sərf edən istiqamətdən araşdırmağa başlamışlar. Əlbəttə, bu, saxta “tarixçilikdir”. Tarixi faktı saxtalaşdırmaq heç bir ölkənin heç bir aliminə şərəf gətirməz. Lakin tarixi faktların interpretasiyası bir çox hallarda, həqiqətən də, araşdırmaçıdan Vətən sevgisi, millət, xalq təəssübkeşliyi tələb edir. Azərbaycanın bir əsrdən çox müddətdə üzləşdiyi Qarabağ problemi Sovet ideoloji kanonlarının tələbləri ucbatından araşdırmaçıların nəinki Vətən sevgisinə, heç obyektiv yanaşma prinsiplərinə də imkan verməmişdir. Azərbaycanın müstəqillik uğrunda mübarizəsi məqamında qorbaçovların əlinə düşən girəvə Qarabağda düşmənçilik fəsadları yaratdı. Dağılmaqda və sarsılmaqda olan imperiya Sovet cəmiyyətinin tələblərini yayındırmaq üçün hələ uzun müddət əvvəl hazırlanıb KQB anbarında qorunan Qarabağ məsələsini ortaya atdı, Azərbaycan üçün bu gün də davam edən ciddi bir siyasi problem yaratdı. Qarabağ hadisələri başlanandan bu yana Azərbaycanın görkəmli elm adamları problemlərdən çıxış yollarını aramaqdadır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə problemin həllinə aparan yollar müəyyən edildi. Bu yollar sırasında Azərbaycanın haqq səsinin beynəlxalq aləmə çatdırılması, Qarabağ ətrafında erməni yalanlarının ifşa edilməsi kimi vacib məsələlər aparıcı yer tutur. İndi bununla bağlı hər kəs bacardığı xidməti göstərməkdədir. Xüsusilə elm xadimlərimiz bu sahədə çox maraqlı əsərlər ortaya qoymuş və qoymaqdadır. Bu sırada gənc alim, siyasi və tarix üzrə araşdırmaları ilə Qarabağ həqiqətlərini özünə elmi kredo kimi qəbul etmiş Elçin Əhmədovun adını fəxrlə çəkmək lazım gəlir. Elçin Əhmədovu bir tədqiqatçı alim kimi Qarabağ həqiqətlərini araşdırmaya sövq edən onun təkcə siyasi elmlərə olan marağı deyil, həm də uşaqlıq illərini keçirdiyi, itirilmə ağrısını hər an yaşadığı Şuşada doğulması ilə bağlıdır. Bu mənada onun apardığı elmi tədqiqatların uğurunu təmin edən əsas faktorlardan biri və bəlkə də birincisi alimin içindəki Vətən sevgisidir.
Ölkəmizin və bir sıra xarici qurumların çeşidli ödüllərini qazanmış Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədovun bu yaxınlarda oxuculara təqdim etdiyi kitabları öz mahiyyəti və əhəmiyyəti baxımından təkcə xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər üçün deyil, bütövlükdə içində Vətən sevgisi, Qarabağ ağrısı daşıyan hər kəs üçün çox maraqlı əsərlərdir. Mən bu əsərlərə bələdəm və onların hər biri erməni yalanlarının ifşasından tutmuş, böyük dövlətlərin, müvafiq xarici qurumların Qarabağ probleminə münasibətini əks etdirən yüzlərlə-bəlkə minlərlə elmi, ictimai, rəsmi dövlət sənədlərini bir yerə topladığı və Vətən sevgisi kontekstində interpretasiya etdiyi əsərlər kimi qiymətləndirə bilərəm. Və birdən mən mətbuatda bu əsərlərin ən sanballısının - “Ermənistanın Azərbaycana təcavüzü:Təhlili xronika (1987-2011)” monoqrafiyasının dövlət mükafatına təqdim olunduğunu görüncə çox böyük sevinc hissi keçirdim. Çünki bu kitab birbaşa Qarabağ həqiqətlərini özündə əks etdirir.
Mən Elçin Əhmədovun Dövlət mükafatına təqdim olunmuş “Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika (1987-2011)” adlı həmin bircildlik kitabını böyük maraqla oxumuşam. Bu kitab Qarabağ hadisələrinə dair 1987-2011-ci illəri əhatə edən sənədlərin təhlili xronikasını təqdim edir. Təxminən 57 çap vərəqi həcmində olan bu monoqrafiyada ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və bununla bağlı apardığı işğalçılıq siyasətinin hələ də davam edən prosesinin təhlili xronikası öz əksini tapıb. Əsərin annotasiyasında da deyildiyi kimi, “son 25 il ərzində (1987-2011) Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, eyni zamanda dünya birliyinin də bu işğalla bağlı mövqeyi və beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlər də kitabda təhlil edilir”. Müəllifin monoqrafiyada qarşıya qoyduğu bu ciddi və vacib problemin araşdırılması, əlbəttə, çox böyük zəhmət tələb edir. Lakin əvvəlcədən demək istərdim ki, tədqiqatçı titanik zəhmət tələb edən bu vəzifənin öhdəsindən bacarıqla gəlmişdir.
Müəllif monoqrafiyanın ilk səhifəsindən oxucuya erməni təcavüzü ilə bağlı tarixi faktları ardıcıl izləyəcəyini vəd edir. Araşdırma Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi köklərinə qısa ekskursla başlayır və XX əsrin 80-ci illərinin ikinci yarısından bəzi güc dövlətlərinin dəstəyi ilə Ermənistanın bu iddiaları hərbi yolla genişləndirmək məqsədlərinin mərhələlərini təhlil edir. Bu təhlillər yaxın keçmişin sənədləri əsasında aparılır. Bu sənədlər və materiallar, əsasən, üç istiqaməti - Ermənistanın etnik təmizləmə, soyqırım və işgalçılıq siyasətinə bağlı, böyük dövlətlərin və beynəlxalq təşkilatların qəbul etdiyi qərar və bəyanatlar, ayrı-ayrı dövlət və beynəlxalq təşkilatların rəsmi şəxslərinin mətbuatda dərc edilən fikirləri və s. əhatə edir. Bu sənədlərin toplanması üçün müəllif 1200-dən çox etibarlı mənbəyə müraciət etmişdir. Bu mənbələr əsasında müəllif ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, bu prosesin nəticəsində xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasəti, Sovet dövründə bu hesaba Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması və süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, XX əsrin sonunda Azərbaycana qarşı yenə də ərazi iddiaları, hərbi təcavüz və işğalçılıq siyasəti kimi fundamental tədqiqat prosesi tələb edən bir araşdırma ortaya çıxmışdır.
Monoqrafiyanın əsas təhlil obyektini Ermənistanın Azərbaycana təcavüzünün ən yaxın tarixdəki (1987-2011) faktlar təşkil edir. Müəllif, çox haqlı olaraq, bu təcavüzün yeni dönəmdəki faktını bədnam erməni “yazıçısı” Zori Balayanın 1984-cü ildə nəşr etdirdiyi “Oçaq” (“Yurd”) kitabının Ermənistanda türk dünyasına, o cümlədən, Azərbaycana qarşı düşmənçilik təbliğatının güclənməsi ilə başlayır. Başlanğıcını bu tarixdən alan hadisələrin təhlilləri 2011-ci ilin dekabrına qədər davam edir və tədqiqata cəlb edilən və təxminən 27 ilin ağrılı proseslərini əks etdirən yüzlərlə sənəd öz izahını və ən azı, konstatasiyasını tapır. Və həm də bütün bu faktlar fonunda müəllif öz təhlillərində Ermənistanın xalqımıza qarşı törətdiyi fəsadların miqyasını göstərir. Hətta bu məqamda həmin fəsadların ilk baxışda xırda görünən detallarını belə qeydə almağı unutmur. Məsələn, ermənilərin ayrı-ayrı kəndlərə, şəhərlərə hücumlarında qətlə yetirilən azərbaycanlıların birər-birər qeyd olunması diqqətdən yayınmır. Bütün bunlarla bərabər tədqiqatçı Elçin Əhmədov faktlara tamamilə obyektiv mövqedən yanaşaraq, 1993-cü ilə qədərki Azərbaycan rəhbərliyinin səbatsızlığını, Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Ermənistanın müharibədən çəkinməsinin motivasiyalarını qələmə almışdır.
Bu monoqrafiyanın hətta ayrıca əlavələri də oxucuya yeni və sanballı informasiyalar verir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş rayonları, kəndləri, təbii-coğrafi mövqeyi, tarixi abidələri və maddi-mədəniyyət nümunələri, digər faktlar kitabda öz təhlilini tapmışdır. Həm də bu faktlar və təhlillər çox maraqlı foto-şəkillərlə təqdim olunur.
Kitabın maraqlı tərtibat formatı var, çoxçalarlı bu formatda nəşrin supercildinin içəri qatında rus, gürcü, hətta erməni müəlliflərinin ermənilərin bir millət kimi pisniyyətli xarakterini açan, onların Qarabağa və bütövlükdə bugünkü Ermənistana gəlmə olduqlarını dilə gətirən sitatlar bir daha oxucunun yaddaşına köçürülür və Azərbaycanın haqlı mövqeyi beynəlxalq miqyasda təsdiq edilmiş olur. Tarixi əsərlərindən sitatlar gətirilən və ermənilərin iç üzünü cəsarətlə açan B.B.Veliçko, N.N.Şavrov, A.S.Qriboyedov, Z.Korkodyan, A.Samuel, İ.Çavçavadze və başqalarının fikirləri əsərin ümumi ruhunu tamamlayır.
“Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika (1987-2011)” adlı monoqrafiya avantitul səhifəsində Heydər Əliyevdən təqdim edilən bir tarixi tezisin mahiyyətini özündə əks etdirir: “Qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır”. Məncə, monoqrafiya Ulu Öndərin bu tövsiyəsinə xidmət edən bir fakt kimi də qiymətləndirilə bilər. Və buna görə də Azərbaycan təhsil sistemində şərəfli yeri olan Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının bu əsəri dövlət mükafatına təqdim etməsi faktı geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Tədqiqatçı E.Əhmədov haqqında bəhs etdiyimiz monoqrafiyanı daha da genişləndirərək bu dəfə üç kitabda oxuculara təqdim edib. Mən bu məqamda həmin kitablar haqqında da söz demək istərdim.
Müəllifin istər haqqında bəhs etdiyim monoqrafiyasında, istərsə də təzəcə ərsəyə gətirdiyi həmin üçcildliyin (üç kitabın) hər birinin ilk avantitul vərəqində Ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ probleminə dair qiymətli fikirləri epiqraf şəklində təqdim olunur. Bu fikirlərin hamısı Qarabağ, Azərbaycan, Vətənin ərazi bütövlüyü, dövlət təhlükəsizliyi kimi müqəddəs sahələrlə bağlı olub kitabların ümumi məzmun kontekstinə istiqamət verir. Məsələn; müəllifin “Ermənistanın Azərbaycana təcavüzü” əsərinin 1-ci kitabında Ümummilli liderin epiqraf kimi təqdim olunan aşağıdakı fikri əsərin birbaşa araşdırma istiqamətinin fəaliyyət xətti kimi qiymətləndirilə bilər: “Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırım və təcavüz siyasətinin iki yüz ilə yaxın bir tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti yaratmaq idi. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün müntəzəm surətdə ideoloji, hərbi və təşkilati xarakterli iş aparılmış, tədbirlər həyata keçirilmiş, ən müxtəlif üsul və vasitələrdən istifadə edilmişdir. Xalqımızın tarixi kobud şəkildə saxtalaşdırılmış, maddi və mədəniyyət abidələrimiz, toponimlərimiz erməni tarixçiləri və “ideoloqlarının” təcavüzünə məruz qalmışdır”. Ümummilli liderimizin problemə belə dəqiq, elmi-siyasi yanaşması E.Əhmədovun tədqiqatları üçün yol göstəricisi rolunu oynamışdır.
Haqqında bəhs etdiyim kitablar, o cümlədən, 1-ci kitab çox maraqlı illüstrativ materialları ilə də diqqəti cəlb edir. Bu tarixi şəkillərin hamısı Ümumilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan naminə beynəlxalq təşkilatlarda, xarici ölkələrdə olan görüşlərindən fraqmentləri əks etdirir. Diqqətlə nəzərdən keçirdikdə bu çoxsaylı illüstrasiyaların əsərin ümumi kompozisiyasını necə tamamladığı adamda heyrət doğurur. Həm də bu çoxsaylı xəritələr, rəsmi fotolar (I, II kitablarda) Azərbaycanın dövlət başçısının Azərbaycan naminə xarici ölkə başçıları ilə saysız-hesabsız görüşlərinin xronoloji hesabatı təsiri bağışlayır.
E.Əhmədovun “Ermənistanın Azərbaycana təcavüzü” silsiləsindən ikinci kitabı ermənilərin bizə qarşı etnik təmizləmə, soyqırımı, terrorçuluq fəaliyyəti və işğal əməliyyatı barədə ortada olan sənədlər və bu sənədlərə müəllifin interpretasiyalarını təqdim edir. Kitabın annotasiyasında da deyildiyi kimi, əsərdə “XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin təhlili xronikası verilmişdir”.
Kitab Ermənistanın etnik təmizləmə, soyqırım, işğalçılıq siyasətinin Qarabağdakı fəsadlarını həm sənədlərlə, həm də əyani təsəvvür yaradan fotoşəkillərlə oxucuya çatdırılır. Kitabın maraqlı cəhətlərindən biri müəllifin giriş sözündə tarixi faktlara münasibəti və bu elmi münasibətin Ermənistanın murdar siyasətinin iç üzünü açmağa nail olmasıdır. Digər tərəfdən, Azərbaycan Prezidentinin Ermənistanın işğalçılıq siyasətinin ifşası ilə bağlı gördüyü tədbirlər, bu tədbirlərdəki fikirləri ətrafında müəllifin təhlil və qeydləri də problemin başlanğıcdan bu günədək olan gedişini dərk etməyə və nəticə çıxarmağa fakt verir. Kitabda erməni təcavüzünün xronikası, erməni terrorizminin fəsadları, Ermənistan tərəfindən işğal edilmiş rayonlar və onların etnoqrafik informasiyaları vacib faktlar kimi bizi mübarizəyə çağırır.
Məzmun və mahiyyət etibarı ilə bir-birini tamamlayan kitab dəstinin üçüncüsü Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq təşkilatların və böyük dövlətlərin siyasi xəttini nümayiş etdirən sənədlər toplusudur. Lakin bu, sadəcə sənədlər toplusu olaraq qalmır. Müəllif bu siyasətin xronikasını və mahiyyətini açan çox maraqlı təhlillər də aparmaqdadır. Müəllifin təhlilləri Azərbaycan Prezidenti İlham Əliyevin bu kitabın da avantitul vərəqində epiqraf kimi yer alan aşağıdakı tezislərindən qaynaqlanır: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir, Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulmuşdur. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Biz heç vaxt imkan verə bilmərik ki, doğma torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın”. Oxucudan çox xahiş edərdim ki, müəllifin birinci kitabda Heydər Əliyevdən epiqraf kimi gətirdiyi və mənim də bu yazıda sitat kimi verdiyim fikirləri ilə İlham Əliyevin üçüncü kitaba epiqraf kimi daxil edilən fikirlərini bir-biri ilə müqayisə etsin. Onda bir daha əmin olacayıq ki, Ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu çox uğurla davam etdirən bugünkü dövlət başçısı İlham Əliyev Azərbaycan uğrunda, Qarabağ torpaqları uğrunda mübarizə ilə əlaqədar fikirlərində bir-birini necə tamamlayır. Seçilən və təqdim olunan bu sitatların dəyəri həm də bununla ölçülür. Və deməli, bir daha təkrar etməli oluruq ki, E.Əhmədovun araşdırma idealları öz mənbəyini ölkəyə rəhbərlik edən iki liderdən almaqdadır.
Bu əsərlər böyük və gərgin zəhmətin bahasına ərsəyə gəlib. Təkcə üçüncü kitabda müəllif 1245 mənbəyə müraciət edib. Əsərin sonunda ingilis və rus dillərində təqdim olunan xülasələr bu kitabları xaricilər üçün də xeyli əlçatan edir.
Əlbəttə, yəqin ki, bu gün ictimai elmlərin tematikasında Qarabağ qədər ikinci bir vacib mövzu yoxdur. Qarabağ bir millətin taleyi, bir ölkənin milli ləyaqət məsələsidir. Bu mövzuya qatılan hər kəs məhz bu postulatdan çıxış etməlidir. Elçin Əhmədov bir tədqiqatçı və bir vətəndaş ruhlu alim kimi Qarabağ mövzusunu özünə həyat kredosu seçib. Bu böyük və vacib sahəni hərtərəfli, obyektiv və eyni zamanda Vətən sevgisi ilə araşdırmaq işində ona dəstək olan ölkənin sayılıb-seçilən alimləri var. Bu gün oxucuya təqdim olunan “Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika...” kitabının da, sonrakı üçcildliyin də elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur. Bu ciddi və məhsuldar alimin, ictimai və dövlət xadiminin Azərbaycanın geosiyasəti, xarici dövlətlərlə münasibətləri, milli təhlükəsizlik siyasəti və s. kimi onlarca məsələni özündə əks etdirən 20-dən çox kitabı bütün hallarda həm də Qarabağ probleminin araşdırılmasına xidmət etmişdir. Belə bir alimin və dövlət adamının haqqında bəhs etdiyimiz kitablara elmi redaktorluğu həmin əsərlərə oxucu inamını bir daha təmin edir. Digər tərəfdən, bu kitablara tarix elmləri doktoru, professor, elmi mühitdə özünü çoxdan təsdiq etmiş Musa Qasımlı və siyasi elmlər doktoru, professor, xarici siyasət məsələləri üzrə tədqiqatçı və media eksperti Elman Nəsirov rəy vermişlər. “Ermənistanın Azərbaycana təcavüzü...” kitabları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində nəşr edilmişdir. “Litterpress” nəşriyyat evi kitabın ən müasir poliqrafik üslubda çap edilməsinə xüsusi səy göstərmişdir. Elçin Əhmədovun haqqında bəhs etdiyimiz monoqrafiyası və üç kitabdan ibarət yeni nəşrləri Qarabağ problemi ətrafında son vaxtlar yaranan ən maraqlı tədqiqatlar sırasındadır.
Cahangir MƏMMƏDLİ
Baxış sayı: 1 908