MÜSAHİBƏ
A- A A+

Professor Məhəmməd Kərimov: “Yalnız mütaliə yüksəldikcə tibbi, ekoloji və digər sahələr üzrə maarifçilik işi effektli olar”

2019-02-26 11:55:02

Fact-info.az saytının suallarını ATU-nun Tədris Cərrahiyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin rəhbəri, Dünya və Avropa Damar Cərrahları Assosiasiyasının üzvü professor Məhəmməd Kərimov cavablandırır:

- Professor, bu gün dünyada, həmçinin Azərbaycanda tibb sahəsində böyük inkişaf olmasına baxmayaraq, bir sıra xəstəliklər artmaqdadır. Bunun səbəbi nədir?

-Bu gün həqiqətən tibb elmində ciddi inkişaf prosesi davam etsə də xəstəliklər artmaqda davam edir. Xəstəliklərin səbəblərini araşdırsaq görərik ki, onların artmasında genetik faktorlar böyük rol oynayır. Həmçinin ətraf mühitdə fiziki, bioloji dəyişikliklər, stress, ekoloji və digər faktorlar xəstəliklərin artmasına birbaşa təsir edir. Havanın, su hövzələrinin çirklənməsi bu prosesə, yəni xəstəliklərin artması da öz mənfi təsirini göstərir. Təmiz su qaynaqlarının azalması, hətta bəzi qitələrdə tükənməsi, geni dəyişdirilmiş məhsulların istehsalının çoxalması da xəstəliklərin artmasına təsir edir. Stress faktoru bir çox xəstəliklərin əsasında durur. Stress insan orqanizmində gedən bütün proseslərə bu və digər formada mənfi təsirini göstərir. Bundan əlavə kompleks təsirlər var. Mənzil, iş şəraiti, sosial problemlər xəstəlikləri yayımasına təkan verir. Bütün bu faktorlar damar xəstəliklərinin, o cümlədən varikoz xəstəliyinin yaranmasına öz təsirini göstərir və varikoz dünyada geniş yayılan xəstəliklərdən biri sayılır.

-Professor, sizin bu sahə üzrə mütəxəssis olduğunuz hamıya bəllidir. Soruşmaq istəyirik bu gün varikoz xəstəliyinin Azərbaycanda müalicəsi necə aparılır?

-Ümumiyyətlə, varikoz xəstəliyi bu gün dünyada böyük tibbi, sosial problemdir. Öz yayılma göstəricilərinə görə, bütün xəstəliklər arasında ilk beşliyə, bəzən hətta ilk üçlüyə daxil edilir. Müxtəlif ölkələrdə xəstəliyin yayılma tezliyində bu və ya digər dərəcədə fərqlər var. Ölkələr üzrə götürdükdə bəzilərində, hətta 70-80 faizə qədər yayıldığı müşahidə edilir. Burada müəyyən nüanslar var. Xəstəliyin başlanğıc formaları var ki, onlara teleangioektaziyalar, retikulyar venalar deyilir. Bunları da nəzərə aldıqda, həm Azərbaycanda, həm də bütün dünyada əhalinin xeyli hissəsinin bu xəstəlikdən əziyyət çəkdiyini görərik. Bir qayda olaraq qadınlarda bu xəstəlik daha çox rast gəlinir və hətta qadın cinsininə mənsubiyyətin özü bir risk amili sayılır. Hamiləlik, artıq çəki, maddələr mübadiləsinin pozulması, qarında köp, bağırsaqların fəaliyyətinin zəifləməsi, uzun müddət ayaq üstdə dayanmaq, uzun müddət oturaq vəziyyətdə olmaq, hormonal problemlər ümumi risk amilləridir. Sadaladıqlarımın çoxu da qadınlarda olduğuna görə bu fərq əmələ gəlir. Amma buna baxmayaraq, dünya fleboloji konqreslərinin birində verilən epidemoloji məlumatlarda göstərilirdi ki, varikoz xəstəliyinin yayılmasında qadın-kişi fərqi yoxdur. Burada bir nüans da var: bu xəstəliyə düçar olan qadınlar həkimə daha tez müraciət edirlər. Kişilər isə buna o qədər də fikir vermir.

-Professor, problemin aradan qaldırılması üçün təklif olunan üsullar nədən ibarətdir?

- Müalicə üsulları xəstəliyin inkişaf dərəcəsindən asılı olur. Bu gün varikoz deyildikdə, sadəcə damar genişlənməsi nəzərdə tutulmur. Varikoz dedikdə, venoz damarların qapaqlarının dağılması, qapaq çatışmazlığı sindromu nəzərdə tutulur. Bunun nəticəsində refluksun əmələ gəlməsi baş verir. Əgər refluks varsa, buna varikoz deyirik. Ona görə də xəstəyə kompleks müalicə təyin olunur: cərrahi müalicə, konservativ müalicə və reabilitasiya müddətində bu və ya digər görülmüş tədbirlər. Cərrahi müalicə əsasdır. O yerdəki qapaq dağılıb, damar işləmir, qan ürəyə getmək əvəzinə geriyə qayıdır, bu zaman ya qapağı bərpa etməliyik, ya da cərrahi müdaxilə ilə problem aradan qaldırmalıyıq. Qapağın bərpası əməliyyatları dünyada hələlik kiçik tədqiqatlar formatından kənara çıxmır, yəni geniş arenaya çıxmayıb və birmənalı qəbul olunmayıb. Ona görə də, əsasən cərrahi müalicədən istifadə olunur. Cərrahi müalicənin təxminən 150-160 illik tarixi var. Onun 21-ci əsrdəki dövrünü yeni dövr adlandırmaq olar. Çünki, bu dövrdə xəstəliyin cərrahi müalicəsində inqilabi addımlar atıldı. Dünyada yeni müalicə üsulları meydana gəldi. Əvvəlki klassik müalicədə kəsiklər edilməklə damarın xaric edilməsi həyata keçirilirdi. Hazırda isə dünya qeyri-invaziv, ağrısız, kəsiksiz, çapıqsız, qansız müalicə üsullarına keçib. Bu XXI əsrin ən böyük nailiyyətidir. Bu gün ən çox istifadə olunan lazer müalicəsi varikozun müalicəsində qızıl standart sayılır. Sevindiricidir ki, bu gün həmin müalicə üsulu Azərbaycanda da var. Bizim Azərbaycanda ilk tətbiq etməyə başladığımız bu üsul, hazırda bir çox klinikalarda, həmçinin Tibb Universitetinin Cərrahiyə Klinikasında uğurla istifadə olunmaqdadır, tələbələrimiz yetişməkdədirir. Biz artıq 8 ildir lazer üsulu ilə əməliyyatlar həyata keçiriririk. İlk dəfə 8 il öncə - 2011-ci il 23 fevralda Ağdamdan məcburi köçkün olan 83 yaşlı qadının üzərində belə lazer əməliyyatı həyata keçirdik. Allaha şükür ki, bu günə qədər həyata keçirdiyimiz yüzlərlə əməliyyatlar çox uğurlu keçmiş və ümidvaram ki belə də, davam edəcək. Əməliyyat özü isə çox sadədir. Prosedura zamanı ultrason aparatının nəzarəti altında bir nöqtədən damarın içərisinə düşülür. Venanın daxilinə yeridilmiş lazer işıq ötürücüsü lazımi yerə çatdırılır. Xüsusi anesteziya-ağrısızlaşdırma aparıldıqdan sonra (narkoz vermədən) lazerin müvafiq rejimi seçilərək damarın içərisində lazer ablasiyası icra edilir.İlk baxışda böyük görünən bir problem bu qədər sadə yolla aradan qaldırılır.

-Professor Azərbaycanda tibb təhsili haqqında nə deyə bilərsiniz? Ümumilikdə tibb təhsilini qənaətbəxş hesab edərdinizmi?

- Mən Azərbaycan Tibb Universitetinin professoruyam. Tibbi təhsilə bağlı olan, uzun illər onunla birbaşa məşğul olan adamam. Son illər Azərbaycanda Tibb təhsili xeyli inkişaf edib, bəlkə də başqa sahələrdən daha sürətli bir şəkildə irəliyə gedib. Tibb elmi beynəlxalq elm olduğundan inteqrasiyasız inkişaf edə bilməz. Bu baxımdan dünyada tibb sahəsində olan yeniliklərin Azərbaycanda vaxtında tətbiqi hər zaman zəruri olub, xüsusilə də indiki rəqabət dünyasında. Bu rakursda Azərbaycanda rezidentura təhsil sisteminə keçidi çox müsbət hal hesab edirəm, bu Qərb təhsil sisteminə inteqrasiyanın əsasında duran bir amildir. Bundan əlavə təhsilin keyfiyyətini qaldırmaq üçün tibbi təhsil ocaqlarının və müalicə müəssisələrinin texniki-təhcizatının zənginləşdirilməsi istiqamətində ciddi işlər görülüb. Bu mənada Tibb Universitetinin də maddi - texniki bazası xeyli zənginləşib, kafedralar müasir avadanlıqlar, yeni tədris vəsaitləri ilə təmin olunurlar. Bunlarla yanaşı Azərbaycan prezidenti cənab İlham Əliyevin böyük dəstəyi ilə Tibb Universitetinin iki tədris klinikası tikilərək istifadəyə verilib. Bütün bunlar tibb təhsilinin inkişafına təkan verən, onu şərtləndirən amillərdir.Ona görə də bu gün ATU-da tədrisin təşkilində son metodikalar, elmi-texniki nailiyyətlər, informasiya texnologiyalar və s. geniş istifadə və tətbiq edilməkdədir.Başqa cür də ola bilməz.Bununla bərəbər görüləsi işlər hələ çoxdur.Bundan əlavə dünyada tanınan elm ocaqlarının, universitetlərin təcrübəsindən həm bəhrələnmək, həm əldə etdiyimiz nailiyyətləri, elmi nəticələri onlarla bölüşmək lazımdır. Doğrudan da Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra elmi əlaqələrimiz xeyli genişlənib və güclənib. Mən deyərdim ATU-nun alimləri beynəlxalq aləmə inteqrasiya prosesində artıq öz sözlərini deyiblər. Bu cür əməkdaşlıq Azərbaycanın tibb təhsilinə yalnız fayda verir

-Bu gün telekanallarda tibbi maarifçilik adı ilə xeyli verilişlər yayımlanır. Təəssüf ki, maarifçilik baxımından bunun o qədər effekti olmur. Necə düşünürsünüz tibbi maarifləndirməni genişləndirmək üçün bu gün nəyi etmək zəruridir?

-Həqiqətən telekanallardakı tibblə bağlı yayımlanan verilişlər bir çox hallarda effektli olmur. Bəzən elə şəxslər TV-yə dəvət olunur ki, onun yetərincə tibbi biliyi, təcrübəsi və nüfuzu yoxdur. Çıxıb ekrana qeyri səmimi olaraq əhaliyə doğru olmayan fikirlər çatdırırlar. Bu da tamaşaçıda çaşqınlıq yaradır. Mənim qənaətimcə, birinci növbədə öz sahəsi üzrə peşəkar, tibb sahəsində müəyyən nailiyyəti oan, öz sözünü deyən şəxslər telekanallara dəvət olunmalıdır. Bu daha faydalı olardı.Bütün hallarda tibbi maarifçilik işləri genişlənməlidir. Bu işdə telekanallar, intenet saytları ümumilikdə media səyləri artırmalıdır.

-Bəs tibbi maarifçilik işinin belə zəif olması nədən qaynaqlanır?

-Mütaliənin zəif olmasından. İnsanlar kitab oxumaq, mütaliə etmək istəmirlər. Bu çox ciddi problemdir. Mən hər zaman bir çox sahələr üzrə mütaliəyə önəm vermişəm. İndi tələbələrimdən də kitab oxumalarını soruşuram, tələb edirəm. Onlarda kitaba, mütaliəyə bir sevgi yaratmaq istəyirəm. Yalnız mütaliə yüksəldikcə tibbi, ekoloji və digər sahələr üzrə maarifçilik işi effektli olar.

-Dərmanların keyfiyyətsizliyi haqqında müəyyən narahatlıq var. Bu barədə fikirlərinizi öyrənmək istərdik. Ümumiyyətlə, Azərbaycanda əczaçılıq sisteminin formalaşması bu problemlərin aradan qaldırılmasına təkan verə bilərmi?

-Bu da çox ciddi məsələdir. Həkim xəstəyə müalicə məqsədilə müəyyən dərman preparatlarını yazır. Bəzən xəstələr həmin dərmandan istifadə etsə də faydası olmur. Müalicə alan şəxs və yaxud onun qohumları düşünür ki, həkim düzgün müalicə yazmayıb. Ona görə də burada söhbət tək xəstənin sağlamlıq durumundan yox, həmçinin həkimin nüfuzundan, ona inamdan gedir. Ancaq araşdıranda görünür həkim düzgün resept yazıb.Deməli, dərmanda problem var. Müxtəlif vasitələrlə, qeyri-qanuni yollarla dərman idxal etmək istəyən şəxslər olur. Bildiyiniz kimi son vaxtlar bu cür qanuna zidd hallarla mübarəzə başlanılmış və artıq bunlar öz effektini göstərir, dərman bazarında bir stabillik, inam formalaşmaqdadır.Bu çox ciddi məsələdir. Onu qeyd etmək istəyirəm ki, Səhiyyə nazirliyinin dərman idaxalı prosesini tənzimləməsi müsbət haldır. Digər tərəfdən bu cür problemlərin tam aradan qaldırılmasına nail olmaq üçün ölkəmizdə dərman vasitələrinin istehsalı genişlənməlidir. Milli əczaçılıq sisteminin yaradılması, müxtəlif çeşidli dərman preparatlarının məhz ölkəmizdə istesalı müsbət hal olar. Azərbaycanda müxtəlif sənaye parkları yaradılır. Arzu edərdik ki, dərman istehsalı ilə məşğul olan zavodlar tikilsin, müasir tələblərə cavab verən milli əczaçılıq sənayemiz formalaşsın.

Müsahibəyə görə təşəkkür edirik.

Sağ olun.

Toğrul

Fact-info.az

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 2652

QHT və MEDİA

2019-07-18 14:25:20

QHT və MEDİA
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəst...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2019-07-18 11:05:04

QHT və MEDİA
“Gənclik İlləri” adlı kitab təqdim olund...
“Gənclik İlləri” adlı kitab təqdim olund...

Tədbiri giriş sözü ilə acan Xurşudbanu Natavan adına kitabxananın müdiri Tura...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...