TƏDQİQATLAR
A- A A+

Elman Nəsirov: Siyasi qətlin diaqnozu-terror!

2018-07-18 07:25:48

.

Azərbaycan Prezidenti İlham Əliyev 3 iyul və 10 iyul tarixlərində Gəncədə törədilmiş mütəşəkkil cinayət əməllərini məhz terror aktları kimi qiymətləndirib, hədəfində dövlətçiliyimizin dayandığını vurğulayıb. Heç şübhəsiz, Prezidentin Gəncə iğtişaşına və onun nəticələrinə verdiyi obyektiv qiymət terror fenomeni ilə bağlı elmi mülahizə və müzakirələrin aktuallığını daha da artırıb.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov AZƏRTAC-a açıqlamasında terror cinayəti ilə bağlı fikirlərini bölüşüb. Deputat deyib: “Bir qrup ekspert hesab edir ki, terrorçular qətllər törətdiyinə, adamları girov götürdüyünə, təyyarələri qaçırdığına və digər qanunazidd əməllərə imza atdıqlarına görə onları daxili və beynəlxalq hüquq prinsiplərinə əsasən adi cinayətkar hesab etmək və haqlarında həbs qətimkan tədbiri seçmək olar. Digər qrup ekspert isə terrorizmi hərbi əməliyyat, müharibənin bir forması kimi dəyərləndirir və ya onunla milli azadlıq hərəkatı arasında bərabərlik işarəsi qoyur. Şübhəsiz ki, terror aktı prosesi adi cinayət əməli ilə də müşayiət oluna bilər. Eyni zamanda, cinayətkar elementlər terror taktikasından da istifadə edə bilərlər. Burada bir nüansı nəzərdən qaçırmaq olmaz. Cinayətkarlıq şəxsi maraqların təminatına xidmət edir. Bu halda terror taktiki vasitə kimi ikinci dərəcəli rol oynayır və əsas məqsədin reallaşmasına - zənginləşməyə, varlanmağa xidmət edir. Terrorçular isə, hər şeydən əvvəl, siyasi məqsədlərinə çatmaq üçün, məsələn, bu və ya digər təşkilata mənsub olan məhbusların azad olunmasında, bu və ya digər məsələdə mövqelərini dəyişmək üçün hakimiyyətə təzyiq göstərilməsində və s. zorakılıqdan istifadə edirlər. Onu da qeyd edək ki, adi cinayətkarlardan fərqli olaraq, terrorçular əksər hallarda cinayətlərini gizlətmir və törətdikləri qanunazidd əməllərə görə məsuliyyəti öz üzərlərinə götürərək daha geniş ictimai rezonansa nail olurlar.

Eyni fikirləri terrorizm ilə müharibə və ya terrorçuluq ilə milli azadlıq hərəkatı arasında bərabərlik işarəsi qoyulması ilə bağlı cəhdlər haqqında da söyləmək olar. Onları birləşdirən ümumi cəhət hər birinin siyasi zorakılığın müxtəlif formaları olmasıdır. Ayıran fərqli cəhət isə ondadır ki, istənilən hərbi münaqişədə tərəflərin mübarizəsi, hər şeydən əvvəl, mülki əhaliyə qarşı deyil, hərbi birləşmələrə qarşı aparılır. Terrorçular üçün isə əsas hədəf məhz mülki əhalidir.

Milli azadlıq hərəkatına gəldikdə, qeyd olunmalıdır ki, o, əhali tərəfindən daha geniş müdafiəsi və kütlələrin bu mübarizədə yaxından iştirakı ilə xarakterizə olunur. Terrorçular isə kütlədən kənarda fəaliyyət göstərir, onların törətdikləri qanlı terror aktları əhali tərəfindən müdafiə olunmur. İstisna olunmur ki, müharibə və ya milli azadlıq mübarizəsi gedişində terror aktları da törədilə bilər, lakin bu halda o yeridilən strategiyanın əsas həlqəsi deyil, müşayiətedici elementi qismində çıxış edəcək. Göründüyü kimi, terrorçuluq zahiri əlamətləri və təzahür formaları baxımından çox mürəkkəb fenomen olmaqla bir çox xüsusiyyətləri baxımından adi cinayətkarlığa da, müharibənin və ya milli azadlıq mübarizəsinin xüsusi formasına da bənzəyir. Lakin bu oxşarlıq zahiri və vizual məzmun daşıyır.

Terrorçuluğun mahiyyəti ilə bağlı araşdırmalar onun aşağıdakı özünəməxsus xüsusiyyətlərini göstərməyə imkan verir: Birincisi, praktiki olaraq bütün mütəxəssislər hesab edirlər ki, terrorçuluq, hər şeydən əvvəl, mütəşəkkil zorakılığın formalarından biridir. İkincisi, terrorçuluq gücün siyasi məqsədlərlə istifadəsidir, başqa sözlə, o, siyasi zorakılığın spesifik formasıdır. Üçüncüsü, terror aktları daha geniş ictimai rezonans üçün hesablanır. Nə qədər paradoksal görünsə də, bu, bir həqiqətdir ki, terror aktında əsas məqsəd konkret şəxsə və ya topluma fiziki ziyan vurmaq deyil, cəmiyyətdə qorxu və xaos aşılamaqla planlarının realizə olunması üçün maksimum əlverişli şəraiti təmin etməkdən ibarətdir.

Beləliklə, terror aktında üç müxtəlif tərəf iştirak edir: Birincisi, terror aktını törədən tərəfdir. İkincisi, bu aktın qurbanı və ya qurbanlarıdır. Üçüncüsü isə, qorxudulan və ya sonrakı davranışı zorla müəyyənləşdirən tərəfdir. Yuxarıdakı məntiqə əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, terror aktında birinci tərəfin hədəfi, əslində, üçüncü tərəfdir. Yeri gəlmişkən, sadalanan üç tərəfin konfliktdə iştirakı terrorçuluğu cinayətkarlığın digər formalarından fərqləndirən mühüm cəhətlərdən biridir. Terrorçuluğun beynəlxalq aləmə məlum olan əsas xüsusiyyətlərinin yuxarıdakı təqdimatı bir daha təsdiqləyir ki, Gəncə şəhərində məhz terror aktları törədilib.

Sonda onu da xüsusi olaraq vurğulayaq ki, müasir terrorçuluğun əsas xüsusiyyəti onun heyrət doğura biləcək səviyyədə yeni şəraitə uyğunlaşma və mutasiya qabiliyyətinə malik olmasıdır. Mahiyyəti etibarilə o, virus tipli və deməli, epidemiya xarakteri xəstəlikdir. Onun nə zaman və haradan zərbə endirəcəyi məchuldur. Deməli, qlobal təhdid və çağırışlardan ən təhlükəlisi qarşısında - terrorçuluqla mübarizədə vahid orqanizmin - sivil dünyanın immuniteti gücləndirilməlidir. Terrorçuluğa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır. Deməli, eyni məntiqlə də Gəncədə törədilmiş terror aktlarına münasibətdə beynəlxalq ictimaiyyətin susqun deyil, obyektiv və yekdil mövqeyi ortaya qoyulmalıdır. Azərbaycan ictimaiyyətinin belə bir ədalətli mövqeyi gözləməyə haqqı var”.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 169

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...