CƏMİYYƏT
A- A A+

Ömür bahar deyil bir də qayıda

2018-04-30 10:00:15

Nağılla gerçək arasında

“Biri varmış, biri yoxmuş”la başlayan nağıllarımız, görünür elə uşaqlıqdan qulağımıza gizli-gizli pıçıldayırmış ki, həyat budur-biri olanda, biri olmayacaq. İstəsən də belədir, istəməsən də... Amma hələ bunu bilməyimizə çox var. Hələ ki, uşağıq, dünyanın kələyindən, küləyindən xəbərsizik. Xoşbəxtlik, qayğısızlıq dənizində üzürük. Hərdən böyüklər əlimizdən tutub elə dünyamız kimi ağ rəngdə olan bu binaya gətirirlər-nağıla baxmağa. Hələ bilmirik teatr nədir, səhnə nədir, aktyor kimdir. Nağılçı danışır, biz də şirin-şirin qulaq asırıq. Nağılçının ağzından çıxan hər kəlməni dünyanın ən böyük gerçəyi bilirik.

Heç xəbərimiz yoxdur ki, bu məxmər pərdələrin o üzündə o nağılçı da öz nağıl ömrünü yaşayır. Nağılın biri qurtarır, o biri başlayır. Yenə, yenə...Və bir də baxıb görür ki, ömrün nağıl fəsli çoxdan bitib, amma hələ də o nağıllardan ayrıla, qopa bilmir. İlk dəfə bu teatrın qapısına ayaq basanda heç kəsin tanımadığı 16 yaşlı uşaq idi, indi hamının tanıdığı Rəhman Rəhmanovdu. Ömrün 61-ci pilləsinə yaxınlaşıb. Nə yaş həmin yaşdır, nə həyat həminkidir, nə də səhhət. Amma içində elə həmin uşaqdı, dünyaya da həmin nağılların içindən baxır.

Uşaqlıqda sevgi aclığı çəkən insanlar olur. O yer sonradan sevgiylə dolmasa, ora başqa şeylər yol tapa bilər-qəzəb,kin, nifrət, paxıllıq...Yaxşı ki, teatr var idi. Yaxşı ki, bu uşağın həyatındakı o boşluğu teatr doldurdu. Yolu üstündə işıq yandırdı. Sonra ömrün nağıllı illəri başladı.

Hə, əziz nağılçı, gəl indi pərdənin o üzünə keç. Gəl bu pərdə arxasındakı gerçək həyatı yaşa. Gəl indi səhnədə uşaqları inandırdığın nağıla özünü də inandır. İnandır ki, dünya gözəldir, hər şeyin sonu yaxşı olacaq, yaxşı pisə qalıb gələcək, haqlı haqsızı yenəcək. Bəli, əziz aktyor, indi səni bu məmləkətdə tanımayan yoxdur. Bəs sən necə, tanıyırsanmı? Bu həyat səhnəsinə çıxıb oynayanları, alıb-aldadanları tanıya bilirsənmi? Həyatda oynayanı səhnədə oynayanından çox olan bu dünyada aktyor olmağın zövqü çoxdur, ya əzabı? Aktyorluq, ümumiyyətlə, başıbəlalı sənətdir. Bir əsr əvvəl Mirzə Cəlil yana-yana deyirdi ki, qadınlar bir yana, Allahın kişiləri də teatrdan, oynamaqdan qaçırlar. İndi isə az qalmışıq biz tamaşaçılar qaçaq səhnəni, ekranı tutan istedadsızlar yığınının əlindən. Amma söhbətimiz bu deyil. Həqiqi sənət adamından, səhnəni qiblə bilən sənətkardan danışırıq. Sənətkar adından ehtiyat edən, təvazökar, iddiasız, dilindən heç vaxt giley-güzar eşidilməyən, heç kəsə pis deməyən, umu-küsüsünü içində saxlayan, əzəmətli vücudunda ipək kimi urək gəzdirən, bir cüt gözünün dərinliyindən dünya boyda kədər boylanan sənətkar...

Uşaq olanda elə bilirdim ki, aktyorlar dünyanın ən xoşbəxt adamlarıdır. Elə bilirdim dünyanın istisi-soyuğu onlardan yan keçir. Səhnənin sehrli işıqları adamı necə də xoşbəxt göstərə bilərmiş... Hardan bilək ki, bu biçarə aktyorlar hərdən xoşbəxtliyi də oynamaqa məcburdurlar. Aktyorun yükü düşündüyümüzdən də ağırdır-səhnədə də, həyatda da. Özün gülə bilmirsən, amma güldürməlisən, özün ürək dolusu sevinə bilmirsən, amma sevindirməlisən.

Həyatda elə şeylər var ki, onları çalışıb-vuruşub əldə etmək olar,elə zirvələr var ki, istedad gücünə qalxmaq olar, elə qapılar var ki, nəyəsə, kiməsə arxalanıb açmaq olar. Amma elə yollar var ki, sevgisiz bir addım da atmaq olmaz. Teatr sonsuz bir eşq yoludur. Sevməsən, işləyə bilməzsən. 45 il nədir, heç 45 gün də davam gətirməzsən. İstedad, zəhmət, peşəkarlıq öz yerində. Amma bunların hamısının önündə sevgi gəlir. Uşaq sevgisi kimi saf, nağılvari sevgi. 45 il insanı bir yerə, bir ünvana bağlayan yalnız bu hiss ola bilər. Bu sevgi, bu sadiqlik olmasaydı, biz bu aktyorumuzu başqa teatrların səhnəsində də görə bilərdik, çəkildiyi filmlərin sayı bəlkə daha çox olardı. Amma o, bu teatra dönüklük edə bilmədi. Bura elə bir səhnədir ki, enerjini dörd bir yana paylamalısan, əvvəlcə cansız əşyaların-kukların dilini tapmalısan, əlinə, səsinə öyrəşdirməlisən. Sonra o təması səni canlı-canlı izləyən tamaşaçıya ötürməlisən. Bunların hamısı xüsusi hazırlıq, həm də böyük istək, bağlılıq tələb edən işlərdir. Kukla teatrı aktyoru universaldır, bütün səhnələrdə-dram səhnəsində də, komediyada da oynaya bilər, filmə çəkilə bilər. Amma məsələn, hansısa bir dram aktyoru gəlib birdən-birə kukla oynada bilməz.

İndi çox şey arxada qalıb-yaşamadığın uşaqlıq, doymadığın gənclik, özünlə-özgəylə savaşan vaxtlar...Şair demiş, ömür bahar deyil bir də qayıda. Yaşın bu çağında adamın ən yaxşı həmsöhbəti bir özüdü, bir də nağıllar. Ömrün bundan sonrakı illərinə, aylarına da tanrı nağıl şirinliyi qatsın!

Xuraman Həsənova


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 429

QHT və MEDİA

2018-08-20 07:45:01

QHT və MEDİA
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...
Polşanın “Ambasador” jurnalı Azərbaycan ...

Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan Xalq Cümh...

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

CƏMİYYƏT

2018-08-19 19:10:24

CƏMİYYƏT
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...
“Jewish Journal”: Nə Koçaryan, nə də Sar...

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarla...

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...