
İsveçdəki Türkiyə səfirliyi qarsısında törədilən bu hərəkət, Qurani-Kərimin yandırılması faktı yalnız Türkiyəyə qarşı deyil. Ümumilikdə insanlığa, bəşəri və dini dəyərlərə qarşı yönəlmiş hərəkətdir. Bu İslam əleyhinə ən alçaq, insanlıqdan uzaq addımdır.
İsveçin paytaxtı Stokholmda müqəddəs Qurani-Kərimin yandırılmasını hansı demokratiyanın təzahürü hesab etmək olar? İsveç rəsmisi belə aksiyaları demokratiya, söz və hərəkət azadlığı kimi qeyd edib. Lənət olsun belə demokratiyaya. Demokratiyanı, söz azadlığını əlində bayraq edən sarsaqlar öz mahiyyətlərini ortaya qoyublar.
Qurani-Kərimi yandıranlar beynəlxalq hüququn, insanlığın və dini dəyərlərin düşmənidir. Əgər İsveç höküməti beynəlxalq hüquqa, dini dəyərlərə hörmət qoyursa müqəssirləri cəzalandırmalıdır. Dünyada bu qədər qütbləşmənin getdiyi məqamda belə addımlar qəbul edilməzdir.
Digər tərəfdən islami dəyərlərə, müqəddəs kitabımız olan Qurani-Kərimə qarşı belə münasibət heç bir topluma, dövlətə başucalığı gətirməz.
Əkrəm Bəydəmirli