2021-05-20 07:50:00 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycan tarixində xüsusi yer tutan görkəmli ictimai-siyasi xadim

İctimai-siyasi xadim Ceyhun Hacıbəylinin bu il 130 yaşı tamam olur.

Ölkəsinin müstəqil dövlət kimi tanıdılmasında mühüm xidmətləri olan bu böyük şəxsiyyətin yubileyinin layiqincə qeyd edilməsi vacib addımlardandır. Onun yazıçı, jurnalist, tərcüməçi, etnoqraf, redaktor kimi vətən və millət qarşısında gördüyü işlərə görə daima ehtiramla xatırlanmağa haqqı çatır. Hər şeydən əvvəl, milli mətbuat tariximizdə öz silinməz izlərini qoymuş Ceyhun Hacıbəylinin bir çox fikir və mülahizələri bu gün də dəyərini, aktuallığını saxlayır.

1891-ci ildə fevral ayının 3-də Şuşada anadan olmuş C.Hacıbəyli ilk təhsilini də elə Şuşada, Haşım bəy Vəzirovun müdir olduğu məktəbdə alıb. Sonra təhsilini Bakıda real məktəbində davam etdirib. Orta təhsilin ardınca 1908-ci ildə xeyriyyəçi Murtuza Muxtarovun maddi dəstəyi ilə Peterburqda universitetin hüquq fakültəsinə qəbul olunub. Daha sonra o, Fransaya gedib, Sorbonna universitetində və Ali Politexnik Elmlər Məktəbində yüksək təhsilini davam etdirib.

Ceyhun bəy ədəbi-publisistik yaradıcılığına Peterburqa getməmişdən əvvəl, 1905-ci ildən başlamışdı. Həmin dövrdəki məqalələri, mətbu hekayələri, felyetonları yetərincə tədqiq olunmadığından, toplanmadığından pərakəndə haldadır. 1907-ci ildə "Proqres" qəzetində dərc edilən "Pristav Ağa" felyetonu daha çox diqqət çəkir.

Az bir müddət Əli bəy Hüseynzadənin müdir olduğu "Səadət" məktəbində dərs deyib. 15 avqust 1906-cı ildə Bakıda təşkil olunan Müəllimlərin birinci qurultayının keçirilməsində fəal iştirak edib. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin qardaşı olan Ceyhun bəy Şərqdə ilk operanın yaranış günü - 1908-ci il yanvarın 12-də Hacı Zeynalabdin Tağıyevin teatrında "Leyli və Məcnun" operasının səhnəyə qoyulmasında da qiymətli əmək sərf edərək, bu tarixi işə yaxından yardımçı olub. O, həmin tamaşada İbn Səlam və Nofəl rollarını oynamış, əsərin uğurlu alınması üçün bütün bacarığını əsirgəməmişdi.

1909-cu ildə böyük rus yazıçısı İvan Turgenevin "Pulsuzluq" komediyasını tərcümə edərək Azərbaycan oxucusuna çatdıran C.Hacıbəyli 1910-cu ildə, "Hacı Kərim" povestini yazır və 1911-ci ildə kitab şəklində çap etdirir. Ali təhsilini bitirib Azərbaycana qayıtdıqdan sonra, Ceyhun bəy müxtəlif qəzetlərdə azərbaycanca və rusca çoxsaylı məqalələrlə çıxışlar etmişdi. Xalq Cümhuriyyəti qurulana qədər "Kaspi", "Proqres", "Baku", "İrşad" və başqa qəzetlərlə əməkdaşlıq edərək, yüzlərlə publisistik məqalə, hekayə dərc etdirmiş, həm də həmin dövrdə "İzvestiə", "İttihad" qəzetlərinin redaktoru olmuşdu.

Mətbuatdakı fəallığının nəticəsidir ki, Xalq Cümhuriyyəti qurulanda dövlətin əsas qəzeti, mətbu orqanı - "Azərbaycan" qəzetinin redaktorluğu ona etibar edildi. Azərbaycan Respublikası Dövlət Tarix Arxivi Elmi Məlumat kitabxanasında saxlanılan "Azərbaycan" qəzeti nüsxələrinin 7 oktyabr 1818-ci ildən 16 yanvar 1919-cu ilədək dövründəki saylarda Ceyhun bəyin aparıcı fəaliyyətini aşkar surətdə görmək mümkündür.

İlk sayı 15 sentyabr 1918-ci ildə Gəncədə çap olunan "Azərbaycan" qəzeti hökumət Bakıya köçürüldükdən sonra, oktyabr ayından başlayaraq daha həftədə 2 dəfə yox, ictimai-ədəbi, siyasi qəzet kimi gündəlik olaraq azərbaycanca və rus dilində nəşr edildi. Əvvəlki saylar redaksiya heyəti adından çap olunurdusa, məhz 7 oktyabr tarixindən qəzetdə ilk rəsmi redaktor kimi Ceyhun Hacıbəylinin adı yazılır. O, eyni zamanda, Şəfi bəy Rüstəmbəyov ilə birlikdə "Azərbaycan" qəzetinin rus dilində çıxan nəşrinə də redaktorluq edirdi.

Həm azərbaycanca, həm də rus dilində dərc edilən yetmişədək qəzet sayının işıq üzü görməsində göstərdiyi əvəzedilməz xidmət Ceyhun bəyə mətbuat tariximizdə əbədi yer qazandırıb.

1919-cu ilin yanvarında isə ona Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransında iştirak etmək vəzifəsi tapşırıldı. Məqsəd istiqlalımızı dünyada söz sahibləri olan ölkələrin nümayəndələrinə tanıtmaq və müstəqilliyimizi onlara qəbul etdirmək idi. Aylarla çəkən görüşlərin, müzakirələrin səmərəsi oldu, Cümhuriyyətin varlığı de-fakto tanındı. Təəssüflər olsun ki, bolşevik örtüyünə bürünən Rusiya müstəqilliyimizin möhkəmlənməsinə, de-yure tanınmasına imkan vermədi. 1920-ci ilin aprelində Rusiyanın işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ceyhun Hacıbəylinin həyatının mühacirət dövrü başlandı. O, Parisdə fransız mətbuatı ilə əməkdaşlıq edir. Bu nəşrlərdə əsasən Sovet hökumətinin işğalçı siyasəti ilə bağlı məqalələr dərc etdirir. "İlk müsəlman Respublikası Azərbaycan", "Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)", "Azərbaycan mətbuat tarixi", "İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları" adlı elmi əsərlərini yazır. Parisdə fransız dilində nəşr olunan "Qafqaz", Münxendə azərbaycanca və rusca çıxan "Azərbaycan" jurnallarının redaktoru kimi fəaliyyət göstərir. Mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəyli bütün ömrünü Azərbaycan həqiqətlərinin yayılmasına sərf edir. "Azadlıq" radiostansiyasının Azərbaycan redaksiyasının yaradıcılarından sayılan Ceyhun bəy Münxendəki "SSRİ-ni Öyrənən Universitet"in müxbir üzvü də seçilmişdi.

Tarixdə bu gün: 2 fevral

Onun mühacirətdə qələmə aldığı publisistika nümunələrində də bədii əsərlərində olduğu kimi, Sovet ideologiyası və rejimi, kolxoz-sovxoz həyatı, ateist tərbiyəsi, din siyasəti və sair problemləri konkret, tutarlı faktlarla kəskin tərzdə, eyni zamanda, yüksək sənətkarlıqla tənqid edirdi. Əsərləri arasında xüsusi əhəmiyyət kəsb edənlərdən biri də "İslam əleyhinə kampaniya və onun Azərbaycanda metodları" adlı irihəcmli tədqiqat əsəridir.

Adını Azərbaycanın azadlıq tarixinə qürurla yazdıran Ceyhun Hacıbəyli mühacirətdə yaşadığı ömrünün son gününədək əqidə və amalından dönməmiş, Sovet imperiyası ilə ideoloji mübarizə aparmış, ölkəsinin müstəqilliyi uğrunda bacarığını əsirgəməmişdi. Azərbaycanın istiqlalı naminə daima mühacirləri bir bayraq altında toplaşmağa, birləşməyə səsləmiş, hər cür qruplaşmaya qarşı olduğunu bildirmişdi.

Ceyhun Hacıbəyli 22 oktyabr 1962-ci ildə Parisdə vəfat edib və burada Sen-Klu məzarlığında dəfn olunub. O, nə vaxtsa Azərbaycanın yenidən istiqlala qovuşacağına inanırdı. Xalqımız müstəqilliyi əldə edən kimi bu yolda ömürlərini fəda etmiş bir çox oğulları kimi, onun da xatirəsini əbədiləşdirmək üçün paytaxtın mərkəzi hissəsinin küçələrindən birinə Ceyhun Hacıbəylinin adı verilib. Haqqında sənədli film çəkilib. Amma onun rus və fransız dillərində xeyli məqalələri, əsərləri var ki, araşdırılması, tərcüməsi, çap edilməsi üçün hələ də öz fədakar tədqiqatçısını, naşirini gözləməkdədir. İnanırıq ki, böyük ziyalımızın işıqlı xatirəsi daima uca tutulduğu kimi, ədəbi irsi də qədirbilənlərimiz tərəfindən daim qorunacaq, xatırlanacaq və gələcək nəsillərə layiqli səviyyədə ötürüləcək.

Rövşən HƏSƏNLİ Dövlət Tarix Arxivinin şöbə müdiri

Baxış sayı : 278
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11