SİYASƏT
A- A A+

ADA Universitetində “Azərbaycan - dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfrans keçirilib

2015-10-24 09:10:19

Konfrans BMT-nin yaranmasının 70 illik yubileyinə həsr olunub

Oktyabrın 23-də ADA Universitetində BMT-nin yaranmasının 70 illik yubileyinə həsr olunan “Azərbaycan - dayanıqlı inkişaf məqsədləri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans BMT-nin Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, nümayəndəliyin digər tərəfdaşları ilə birgə təşkil olunub.

Konfransı açan ADA Universitetinin rektoru Hafiz Paşayev BMT-nin fəaliyyətindən, Azərbaycanın bu təşkilatla əməkdaşlığından danışıb. O, müstəqil Azərbaycanın 1992-ci ildə BMT-yə üzv qəbul olunduğunu xatırladıb.

BMT-nin nümayəndəliyinin Azərbaycanda fəaliyyətə başlamasının 20 illiyinin 2012-ci ildə ADA Universitetində qeyd olunduğunu bildirən Hafiz Paşayev Universitetin fəaliyyət göstərdiyi ilk günlərdən BMT-nin müxtəlif qurumları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayıb. Rektor 2014-cü ildə BMT-nin İnkişaf Proqramının baş inzibatçısının ADA Universitetində mühazirələr oxuduğunu, bu il isə təşkilatın Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi ilə Anlaşma Memorandumu imzalandığını diqqətə çatdırıb. O, yaxın vaxtlarda BMT-nin Əhali Fondu ilə anlaşma memorandumunun imzalanacağını da qeyd edib.

Xarici işlər naziri Elmar Məmmədyarov konfransda çıxış edərək BMT-nin ideallarının Azərbaycan xalqı və Hökuməti tərəfindən geniş dəstəkləndiyini və paylaşıldığını deyib. O bildirib ki, ötən 70 il ərzində BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığa nail olunması kimi nəcib məqsəd uğrunda fəaliyyət göstərən universal təşkilat olaraq özünü qətiyyətlə formalaşdırıb. Lakin bu 70 il ərzində beynəlxalq təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Təhdidlər daha mürəkkəb və bir-biri ilə əlaqəli olub. Beynəlxalq münasibətlərdə qüvvələr balansı da dəyişib. Dünya beynəlxalq təhlükəsizlik vəziyyətinin pisləşməsi və insan faciəsinin artması ilə üzləşməkdə davam edir və bu problemlərin həlli BMT-dən böyük resurslar tələb edir. Bu, həmçinin üzv dövlətlər tərəfindən BMT-nin məqsəd və prinsiplərinin sədaqətlə həyata keçirilməsinə ehtiyac olduğunu göstərir.

Nazir bildirib ki, Azərbaycan BMT-nin Nizamnaməsinə qəti öhdəliyini davamlı şəkildə nümayiş etdirib. Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanmasında səylərin artırılması məqsədilə dünyanın müxtəlif hissələrində BMT-nin sülhməramlı əməliyyatlarına öz hərbi heyəti ilə töhfə verib. 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü dövründə Azərbaycan beynəlxalq hüququn məcburiliyini müdafiə edib və Şuranın fəaliyyətində aktiv iştirak edib.

BMT çərçivəsində müəyyən olunmuş inkişaf məqsədlərinə sadiq dövlət kimi Azərbaycan onları özünün milli məqsədlərinə daxil edib və inkişaf sahəsində, xüsusilə sürətli və davamlı inkişafın, həmçinin universal orta təhsilin təmin olunması, kəskin yoxsulluq və aclığın aradan qaldırılması və gender bərabərliyinin təşviq edilməsində əhəmiyyətli nəticələr qazanıb. Azərbaycan Minilliyin İnkişaf Proqramının həyata keçirilməsində müstəsna nailiyyətlərinə görə 2015-ci il üzrə beynəlxalq “Cənub-Cənub” mükafatına layiq görülüb.

Diqqətə çatdırılıb ki, BMT agentlikləri ilə əməkdaşlıq şəraitində inkişafa hədəflənmiş proqramların hazırlanması və həyata keçirilməsi Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin müvəffəqiyyətlə həyata keçirilməsini asanlaşdıran vacib amillərdən biri olub. “Biz BMT ölkələr qrupunun indiyə qədər Azərbaycana verdiyi töhfəni yüksək qiymətləndiririk və BMT sistemi, xüsusilə Minilliyin İnkişaf Məqsədlərindən başlayaraq Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinədək uğurları qoruyub saxlamaqda kömək edən BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda davamlı fəaliyyətini və Azərbaycana dəstəyini səbirsizliklə gözləyirik. Biz o fikirdəyik ki, BMT inkişaf agentlikləri, xüsusilə İnkişaf Proqramı ən yaxşı praktiki və innovativ ideyaları paylaşmaq üçün üzv dövlətlərdə fəaliyyətini və mövcudluğunu artırmalıdır. Bu baxımdan inanırıq ki, uğurla müzakirə olunmuş 2016-2020-ci illər üçün nəzərdə tutulan BMT-Azərbaycan Əməkdaşlıq Çərçivəsi sənədi Azərbaycan və BMT ölkələr qrupu arasında əsas milli inkişaf prioritetlərinin, eləcə də davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində gələcək əməkdaşlıq üçün yeni bələdçi rolunu oynayacaq”, deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.

Nazir əlavə edib ki, bütün nailiyyətlər BMT Nizamnaməsinin və bütövlükdə təşkilatın məqsəd və prinsiplərinə ciddi zərbə vuran Ermənistanın hazırda davam edən hərbi təcavüzü və işğalının ağır nəticələrinə baxmayaraq əldə edilib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə cavab olaraq BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası bu işğal faktını pisləyən və Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti təsdiq edən qətnamələr qəbul edib. Bu qətnamələrin kağız üzərində qalması BMT-nin etimadlılığına xidmət etmir.

Azərbaycan BMT Nizamnaməsi, xüsusilə onun 51-ci maddəsi çərçivəsində təsbit olunmuş hüquqlarına zərər gəlmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Ermənistan hökuməti dərk etməlidir ki, başqa bir dövlətin ərazilərinin hərbi işğalı həll yolu deyil və onun mövcud status-kvoya arxalanması səhv, əks effektli və təhlükəlidir. Azərbaycan heç vaxt özünün ərazi bütövlüyünü, vətəndaşlarının təcavüz nəticəsində pozulmuş hüquq və azadlıqlarını güzəştə getməyəcək. Bütün bu problem və çətinliklərə baxmayaraq, Azərbaycan nikbindir və BMT-nin məqsəd və prinsiplərinə sadiq qalır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk dünyanın 70 il əvvəl doğru yol seçməsinin yeganə universal təşkilat olan Birləşmiş Millətlər Təşkilatın formalaşması ilə nəticələndiyini söyləyib. O bildirib ki, BMT-nin bir çox tərəfdaşlarla birgə müstəmləkəçiliyin ləğv edilməsi, ölümcül xəstəliklərə qalib gəlməsi, aparteid üzərində qələbə, beynəlxalq hüququn təkmilləşdirilməsi, münaqişəli yerlərdə sülhün saxlanılması və hər bir insanın doğma hüququ olan azadlıq, bərabərlik və ləyaqət hüququnu qorumaq üçün beynəlxalq müqavilələrin formalaşdırılmasında böyük nailiyyətləri var. BMT öz işlərini insan hüquqları, qlobal irəliləyiş, davamlı sülh məsələləri üzərində cəmləşdirib, geniş gündəmini məhz bu prinsiplər əsasında qurub ki, onlar da BMT-nin Nizamnaməsində öz əksini tapır. Bu Nizamnamə BMT-nin fəaliyyətində hər zaman mərkəzi rol oynayır. Hazırda BMT, onun qurumları və ümumiyyətlə beynəlxalq ictimaiyyət bir sıra böhranlarla üzləşir. BMT hər zaman çalışır ki, daim dəyişən qlobal mənzərəyə uyğunlaşsın.

Antonius Bruk Azərbaycanda BMT-nin 70 illik yubileyinin keçirilməsinin əməkdaşlığın daha da möhkəmləndirilməsinə imkan yaradacağını söyləyib. Ölkəmizin BMT-nin prinsiplərinə sadiq olduğunu qeyd edən diplomat deyib ki, Azərbaycan gender bərabərliyi sahəsində BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin bütün formasının aradan qaldırılması konvensiyasına qoşulub.

BMT-nin Azərbaycan nümayəndəliyinin əsas fəaliyyət istiqamətinin iqtisadi layihələr, yaşayış standartlarının yüksəldilməsi, səhiyyə və təhsil sahəsində islahatlar aparılması olduğunu söyləyən Antonius Bruk qeyd edib ki, Azərbaycan dünyada bir sıra problemlərin həllinə dəstək verir. O vurğulayıb ki, Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bu ölkənin diplomatiyasında mühüm hadisə idi. Bu, Azərbaycanın imkanlarını genişləndirdi, ölkə beynəlxalq təhlükəsizlik və sülhə öz töhfəsini verdi.

Bildirilib ki, BMT-nin yaradılmasının 70-ci ildönümünün qlobal şəkildə qeyd olunması qarşıda duran kollektiv nailiyyətlər və çətinlikləri yenidən nəzərdən keçirmək üçün imkan yaradacaq. BMT və ona üzv ölkələr tərəfindən qeyd olunan bu yubiley təşkilatın inkişaf, təhlükəsizlik və insan hüquqları ilə bağlı fəaliyyətini şərəfləndirəcək və “Güclü BMT, daha yaxşı dünya” şüarı altında dayanıqlı inkişaf üçün qlobal fəaliyyətin işində beynəlxalq ictimaiyyəti birləşdirəcək. Həmçinin BMT-nin təsis ruhu olan birgə əməkdaşlığın gücünün mövcudluğuna ümid yaradacaq.

BMT-nin İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosunun direktor müavini Oliver Adam konfransda məruzə ilə çıxış edərək BMT-nin Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. O, ötən illərdə Azərbaycanda mühüm inkişaf proseslərinin baş verdiyini diqqətə çatdırıb, “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyasının uğurlu nəticələrini, yoxsulluğun səviyyəsinin aşağı salınması, gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işləri qeyd edib. Oliver Adam əmin olduğunu bildirib ki, Azərbaycan gələcəkdə də bu nailiyyətlərini davam etdirəcək.

Konfransda BMT-nin 70 illik yubileyi ilə əlaqədar oktyabrın 24-dən buraxılacaq poçt markasının təqdimatı olub.

Sonra BMT-nin yaranmasına həsr olunan film nümayiş etdirilib.

Konfrans işini “Birləşmiş Millətlər Təşkilatının məqsədlərinin və prinsiplərinin həyata keçirilməsinə Azərbaycanın dəstəyi”, “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi” mövzularında sessiyalarla davam etdirib.

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1105

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...