QHT və MEDİA
A- A A+

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ağdam rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb

2019-07-23 21:45:19

Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb

Bəyanatı “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov AZƏRTAC-a şərh edərək bildirib ki, Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir. XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Bunun ardınca, Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud surətdə pozaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.

Bildirilib ki, 26 il əvvəl – 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhəri Ağdamı da zəbt etdilər. Nəticədə, 1094 kvadratkilometr ərazisi, işğal zamanı 165 mindən çox nəfər əhalisi və 123 kəndi olan Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi və 44 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 100 minə yaxın əhali məskunlaşıb. Ağdam şəhəri və 123 kəndin 79-u Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Bununla yanaşı, işğal nəticəsində Ağdam rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Tarixi və memarlıq abidələrindən Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun Türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara, eləcə də rayonun ərazisində mövcud olan çoxlu sayda tarixi, mədəni və dini abidələr məhv edilib. Bununla yanaşı, Ağdamda bütün dünyada yeganə olan "Çörək muzeyi" ilə yanaşı, Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb.

Bundan əlavə, işğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər təhsil, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu fəaliyyət göstərib.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılıb. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilib və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olub, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq, indiyə kimi Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb.

Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Ağdam rayonunun 200 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır.

“Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və beynəlxalq birlik tərəfindən tanınan ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra mümkündür. Yalnız, bu halda iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulması, regionda davamlı və ədalətli sülh təmin oluna bilər”, - deyə bəyanatda vurğulanır.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 294

QHT və MEDİA

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...