MÜSAHİBƏ
A- A A+

Efir məkanımız xarici müdaxilələrdən necə qorunur?

2018-01-22 21:30:27

.

Fact-info.az saytı efir məkanının xarici təsirlərdən necə qorunması və digər məqamlara aydınlıq gətirmək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Teleradio” İstehsalat Birliyinə bir sıra suallarla müraciət edib. Dəyərli oxucular, indi verilən həmin məlumatları diqqətinizə çatdırırıq.

-Hazırda Azərbaycan teleməkanını xarici təsirlərdən qorumaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Teleradio” İstehsalat Birliyi hansı işlər görür?

-Efir məkanının xarici təsirlərdən qorunması üçün ilk növbədə bütün ölkə ərazisində Beynəlxalq Telekommunikasiya İttifaqının rəqəmli yayımlar üzrə “Cenevrə-06”, FM radio yayımları üzrə “Cenevrə-84” tezlik Planına əsasən ayrılmış tezlik kanallarında televiziya və radio yayımları həyata keçirilir. Həmçinin ölkənin efir məkanına kənar yayımların daxil olmasının qarşısının alınması üçün milli televiziya və radio proqramlarının əhatə zonaları və yayım gücləri mütəmadi olaraq yayımçı şirkətlərlə razılaşdırılmaqla genişləndirilir. Bununla belə, qonşu dövlətlərdən nüfuz edən kənar yayımlar daimi nəzarətdə saxlanılmaqla sözügedən Beynəlxalq Sazişlərin qayda və şərtləri pozulduğu halda müvafiq tədbirlərin görülməsi üçün qonşu ölkələrə və ehtiyac yaranarsa, Beynəlxalq Telekommunikasiya İttifaqına müraciətlər edilməklə məsələlərin həllinə nail olunur.

-Xüsusilə cəbhə bölgəsində, sərhədyanı rayonlarımızda efir məkanında erməni təxribatı baş verir. Bu kimi halların qarşısını almaq üçün daha hansı çevik və zəruri addımlar atılır?

-Qeyd etdiyimiz kimi, efir məkanında yayımların təşkili Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən qəbul olunmuş tövsiyə və qərarlara əsasən tənzimlənir. Belə ki, TV və radio yayımların sərhədyanı ərazilərdə bir ölkədən digər ölkənin ərazisinə nüfuz etməsi elektromaqnit dalğalarının qəbul olunmuş və tam məhdudlaşdırılması qeyri-mümkün olan xüsusiyyətlərdən hesab olunur. Həmçinin kənar TV və radio proqramların təxribat xarakterli yayımları daimi nəzarətdə saxlanılmaqla onların dərhal qarşısının alınması üçün müvafiq texniki tədbirlər görülür və müvafiq beynəlxalq təşkilatlara müraciət olunur. -Yerüstü efir analoq televiziya yayımı, yerüstü efir analoq radio yayımı prosesi hazırda necə gerçəkləşir?

- Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə uyğun olaraq, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixindən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixindən etibarən dayandırılması barədə Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş 27 sentyabr 2016-cı il tarixli, 10 saylı qərara uyğun olaraq, ölkə ərazisində analoq TV yayımlar 20 dekabr 2016-cı il tarixindən dayandırılmış və rəqəmli TV yayımına keçid tam başa çatdırılmışdır. Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının “Cenevrə-06” Sazişində rəqəmli yayıma keçidlə əlaqədar qeyd olunan tövsiyə və qərarların icrası təmin edilmişdir. Rəqəmli radio yayımına keçidlə əlaqədar Bakı şəhərində 105 MHs tezliyində işləyən FM verici, yeni rəqəmli HD formatlı FM verici ilə əvəz edilmiş və “Azərbaycan” radiosu ilə “İctimai” radionun analoq və rəqəmli-HD formatlı yayımı təmin olunmuşdur. Rəqəmli televiziya yayımı haqda ətraflı məlumat “www.dvbt.az” internet informasiya ehtiyatından əldə oluna bilər.

- Ölkə ərazisində HDTV yayıma başlanılması nə zaman tam gerçəkləşəcək və bunun üstünlükləri haqqında nə demək olar?

-“Teleradio” İstehsalat Birliyi HD yayım avadanlıqlarına malikdir və istənilən zaman, istənilən məkandan istənilən tədbirin HDTV formatlı yayımını təmin edə bilər. 2012-ci ildə Bakı şəhərində keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsinin çəkilişinin HD formatlı canlı yayımı “Teleradio” İB tərəfindən həyata keçirilmişdir. Hazırda, “İdman Azərbaycan” TV “İctimai” TV, “Xəzər” TV, “Azad Azərbaycan TV” və “CBC Sport” TV proqramlarının HD formatlı yayımı həyata keçirilir. İstənilən digər TV şirkət tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İB-yə müraciət olunarsa, ən qısa zamanda həmin TV proqramın HD formatlı yayımının təmin olunması texniki cəhətdən mümkündür. HDTV yayımına keçid televiziya proqramında təsvirin dəqiqliyinin adi televiziya yayımından 5 dəfədən çox artması onun keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, müxtəlif rəqəmli audioformatları tətbiq edilməklə səsin də yüksək keyfiyyətlə tamaşaçıya çatdırılmasına geniş imkanlar yaradır. Eyni zamanda HDTV ilə yayımlanan TV proqramlar və filmlər geniş ekranlı formatda (16:9) təsvirin tam olaraq ekranda canlanmasına səbəb olmaqla, böyük ölçülü televizorlarda təsvirin yüksək keyfiyyətlə qəbuluna şərait yaradır.

-Qeyd edək ki, Azərbaycan MDB-də tam olaraq rəqəmli yayıma keçən ölkələrdən biridir. Bu yayımdan istifadəçilər, ümumilikdə əhali məmnun qala bildimi?

-Rəqəmli televiziya yayımına keçid nəticəsində əhali tərəfindən TV proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsinə nail olunmuşdur. Həmçinin rəqəmli TV yayımına qoşulma zamanı əhali məmnunluğunun təmin olunması məqsədilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “1411” nömrəli “qaynar xətt” yaradılmış, keçidlə bağlı əhali tərəfindən bu günə kimi 50 mindən çox zəng cavablandırılmış və ehtiyac olduqda mütəxəssislər tərəfindən texniki yardımlar göstərilmişdir. Məlumat üçün bildiririk ki, istehsal ili 2011-ci ildən yuxarı olan müasir televizorlarda rəqəmli TV qəbuledici mövcuddur. İstehsal ili 2011-ci ildən əvvəl olan və rəqəmli TV qəbulu dəstəkləməyən televizorlara əlavə rəqəmli TV qəbuledici qurğu (dekoder) alıb qoşmaq lazımdır. Hazırda poçt şöbələrində və aidiyyəti ticarət obyektlərində rəqəmli TV qəbuledici qurğuların (dekoderlərin) satışı həyata keçirilir.

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 548

QHT və MEDİA

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

2018-07-19 10:15:01

QHT və MEDİA
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...
Rauf Zeyni: “Sabitliyin pozulmasına, qar...

Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib.

R.Z...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...