İQTİSADİ
A- A A+

Vaşinqtonda Trans-Xəzər Forumunda Azərbaycanın və regionun strateji əhəmiyyətindən bəhs olunub

2017-06-28 09:20:05

.

ABŞ-ın paytaxtında ikigünlük Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumuna start verilib. Forumun əsas məqsədi Trans-Xəzər nəqliyyat dəhlizi dövlətləri - Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan və Türkmənistan tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.

Nüfuzlu Corc Vaşinqton Universitetində keçirilən, universitetin Mərkəzi Asiya Proqramı və Xəzər Siyasət Mərkəzinin ev sahibliyi etdiyi forumun ilk günündə ABŞ dövlət qurumlarının, akademik təşkilatların, biznes və siyasi dairələrin, diplomatik korpusun 200-dək nümayəndəsi iştirak edib.

ABŞ kommersiya katibinin köməkçisinin Avropa üzrə müavini Deyl Taşarski tədbirdəki çıxışında müasir İpək Yolunun vacib komponenti olan Trans-Xəzər dəhlizinə ölkəsinin dəstəyini ifadə edib. O, bu dəhlizin Şərq-Qərb yükdaşımalarının həyata keçirilməsində mühüm rolunu vurğulayıb və bu xüsusda ABŞ-ın tərəfdaş olmaqda marağını çatdırıb. ABŞ şirkətlərinin müasir İpək Yolunda çalışdığını qeyd edən Birləşmiş Ştatlar rəsmisi onların bu işə daha yaxından cəlb edilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Daha sonra Taşarski Trans-Xəzər dəhlizi ölkələrini dəstəkləmək üçün ABŞ Kommersiya Departamentinin proqramlarını sadalayıb. O, ABŞ ticarət missiyasının cari ilin oktyabrında Azərbaycan və Gürcüstana səfər edəcəyini vurğulayıb.

Sonra Azərbaycanın və Forumun digər təşkilatçı dövlətlərinin ABŞ-dakı səfirləri çıxış ediblər. Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında Azərbaycan hökumətinin müasir İpək Yolunun canlandırılmasına böyük dəstəyinə diqqət çəkərək, bu işdə mövcud vacib infrastruktur layihələri və nəqliyyat şirkətlərinin, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalı, "Silk Way", "Azərbaycan Dəmir Yolları" və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin oynadığı xüsusi rolu vurğulayıb. Daha sonra o, Trans-Xəzər dəhlizində yerləşən ölkələrlə sərhəd keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə dair görülən işlərdən danışıb. Trans-Xəzər dəhlizinin müasir İpək Yolunun mühüm komponentinə çevrilməkdə olduğunu qeyd edən səfir bu nailiyyətin sözügedən dəhliz ölkələrinin birgə fəaliyyəti nəticəsində əldə olunduğunu vurğulayıb.

Müasir İpək Yolunun inkişafının Azərbaycanın və digər dəhliz ölkələrinin, eyni zamanda, biznes, idman və mədəniyyət mərkəzinə də çevrilməsinə yardım etdiyini qeyd edən səfir E.Süleymanov buna bariz nümunə kimi bu günlərdə Bakıda keçirilən Formula-1 yarışını göstərib. Ölkəmizin regional mərkəzə çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətindən danışan səfir 1998-ci ilin sentyabrında ilk dəfə olaraq müasir İpək Yolunun canlandırılmasına həsr olunmuş konfransın ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirildiyini xatırladıb.

Daha sonra Əfqanıstan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistanın ABŞ-dakı diplomatik nümayəndəlik rəhbərləri Trans-Xəzər dəhlizinin üstünlükləri və görülən işlər barədə danışıb, həmçinin bu Forumun ABŞ-ın paytaxtında keçirilməsinin əhəmiyyətini, cəlb olunmuş dövlətlər arasında əməkdaşlığın daha da artırılmasında və bunun ölkələrin iqtisadi inkişafında vacibliyini qeyd ediblər.

Forum çərçivəsində Trans-Xəzər dəhlizi ölkələrində biznes və sərmayə şəraiti, dəniz, dəmir yolu və hava nəqliyyatının imkanları üzrə təşkil edilən dörd paneldə dövlət və şirkət nümayəndələri çıxışlar edib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tədbirin sərmayə və ticarət mövzusuna həsr olunmuş ilk panelində çıxış edən Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofis rəhbəri Elçin Əhmədov Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasətindən danışıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı baş direktorunun müşaviri Tural Əliyev isə yeni kommersiya və sərmayə imkanları barədə növbəti paneldə liman sahəsində görülən işlərdən, azad ticarət zonasının yaradılmasından və onun regionda nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində oynayacağı roldan bəhs edib. Eyni paneldə çıxış edən SOCAR-ın rəsmisi Vitali Bəylərbəyov Azərbaycanın enerji siyasəti, enerji dəhlizləri, bu şirkətin regionda gördüyü işlər, mövcud və tikilməkdə olan neft və qaz layihələri barədə söz açıb.

Trans-Xəzər dəhlizi üzrə yükdaşımaların üstünlüklərindən bəhs edən üçüncü paneldə məruzə edən Azərbaycan Dəmir Yollarının nümayəndəsi Murad Alxazov və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmisi Tariyel Mirzəyev təmsil etdikləri şirkətlərin Trans-Xəzər dəhlizindəki rolu, bu dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu “bir pəncərə” sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, regionda həyata keçirilən infrastruktur layihələri barədə məlumat veriblər. Kombinə edilmiş tranzit və hava nəqliyyatı sahəsində imkanlara həsr olunmuş sonuncu paneldə “Azərpoçt”un nümayəndəsi Hacı Hacıyev və "Silk Way" şirkətinin ABŞ-dakı nümayəndəsi Ceyms Ekklestoun çıxış ediblər. H.Hacıyev regionda artan elektron kommersiya daşımalarında Azərbaycanın əhəmiyyətindən danışıb. C.Ekklestoun öz növbəsində, "Silk Way" şirkətinin dünyanın müxtəlif ölkələrinə uçuşlar etməklə Azərbaycanı hava daşımaları sahəsində vacib regional mərkəzə çevirdiyini, sözügedən şirkətin bütün dünyada, o cümlədən uzunmüddətli səmərəli əməkdaşlığa görə ABŞ-da etibarlılığı və peşəkarlığına görə tanındığını, bu şirkətin Azərbaycanın regional ticarət və tranzit mərkəzinə çevrilməsində xüsusi rolu barədə söz açıb.

Forumun ilk günü Trans-Xəzər dəhlizinin üstünlükləri iştirakçıların diqqətinə çatdırılıb. Digərləri ilə müqayisədə bu dəhlizin daha qısa olması və gələcəkdə Çindən Avropaya daşımaların 15-20 günə çatdırıla bilmə potensialı, dəhliz boyu sabitlik və təhlükəsizliyin hökm sürməsi, dəhliz dövlətləri arasında sıx əməkdaşlıq, artan ticarət, müasir standartlara cavab verən infrastruktur və azad ticari zonaların mövcudluğu, "bir pəncərə” sisteminin tətbiqi və daha da müasirləşməkdə olan sərhəd-keçid və gömrük rəsmiləşdirməsi prosedurları və s. vurğulanıb.

Qeyd edək ki, Forum Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Türkmənistanın ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə keçirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Boeing”, ABŞ Ticarət Palatası, ABŞ-Azərbaycan Ticarət Palatası, Xəzər Siyasət Mərkəzi, Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutu, ABŞ-Gürcüstan Biznes Şurası, Amerikanın Gürcüstanda Ticarət Palatası, Amerikanın Qazaxıstanda Ticarət Palatası, ABŞ-Qazaxıstan Biznes Assosiasiyası, ABŞ-Türkiyə Şurası Forumun tərəfdaşlarıdır. Həmçinin Xəzər Siyasət Mərkəzi Forumun informasiya və analitik təminatçısı rolunda çıxış edir. “Boeing”, “Türk Hava Yolları” və “General Electric” şirkətləri builki Forumun sponsorlarıdır.

Forumda Azərbaycanı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası, Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, SOCAR, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları”, "Silk Way" şirkətləri və "Azərpoçt" MMC-nin nümayəndələri təmsil edir.(Azərtac)

 

 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 436

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...