Hələ 2018-ci ilin prezident seçkilərindən öncə ölkə başçısı tərəfindən köklü siyasi islahatların həyata keçiriləcəyinə dair anonslar verilmişdi.
Prezident İlham Əliyev social-iqtisadi islahatlarla yanaşı siyasi islahatların da canlandırılmasının vacibliyini qeyd etmiş və seçkilərdən sonra dövlət quruculuğu sahəsində demokratik proseslərin dərinləşəcəyini vəd etmişdi. Həmin seçkilərdən sonra ölkəmizin həyatında baş verənlər ölkə başçısı tərəfindən aparılan siyasətin düşünülmüş və dəqiq nəticəyə hesablanmış layihələrə əsaslandığını və bu proseslərin hər bir vətəndaşın şəxsi həyatında öz müsbət təzahürünü tapdığını göstərir.
İqtisadi-sosial sahədə daha öncədən başladılmış geniş miqyaslı islahatlar seçkilərdən keçən 2 il ərzində bir sıra hökümət qurumlarının - nazirliklərin və komitələrin fəaliyyətində əsaslı dönüş yaratdı. Yüz minlərlə mövcud iş yerlərinin leqallaşdırılması və eyni zamanda yüz minlərlə yeni iş yerlərlərinin yaradılması dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmini əhəmiyyətli dərəcədə artırdı. Nəticə isə gözlənildiyi kimi xalqın mənafeyinə xidmət etdi: minimum əmək haqqı artırıldı, pensiyaların və aztəminatlı ailələrə göstərilən social yardımın həcmi artırıldı, bütün ölkə ərazisində icbari tibbi sığortaya keçid baş tutdu. Kənd təsərrüfatının, yol-nəqliyyat infrastrukturunun, dövlət xidmətləri sektorunun genişləndirilməsi və müasirləşdirilməsi əhalinin rifah səviyyəsinin yüksəlməsinə səbəb oldu.
Nəhayət, bu ilki parlament seçkiləri siyasi islahatların yeni mərhələsinə başlanğıc verdi. Ölkənin müxtəlif siyasi fikir cərəyanlarını təmsil edən çoxsaylı namizədlərin böyük həvəslə iştirak etdiyi parlament seçkiləri indiyədək görünməmiş siyasi fəallıq şəraitində keçdi. Seçkilərin nəticələrinin təsdiq olunması prosesi də yeni metodologiyaların tətbiqi ilə yadda qaldı. Səsvermə və səslərin sayılması proseslərində seçki qanunlarının pozulması iddia olunan dairələrin nəticələri ləğv olundu və beləliklə, nəticəsi şübhə doğuran seçki dairələrində vətəndaşlara təkrar seçkilərdə iştirak edərək öz iradələrini tam azad və demokratik şəraitdə yenidən ifadə etmək üçün fürsət yaradıldı. Parlamentin yeni tərkibi əvvəlki illərdən fərqli bir reallığı ortaya çıxardı. Müstəqilliyimizin ilk illərindən başlayaraq formalaşmaqda və təkmilləşməkdə olan pluralist cəmiyyətin bütün siyasi palitrası öz əksini yeni parlamentdə tapdı. Belə bir parlamentin köhnə qaydalarla fəaliyyət göstərməsi artıq mümkün deyildi. Parlamentdə təmsil olunan bütün siyasi qüvvələr arasında aparılan dialoq parlament idarəçiliyində yeni konfiqurasiyanın meydana çıxması ilə nəticələndi. Hakim partiyanın təmsilçiləri ilə yanaşı müxalifət və müstəqillər bloklarını təmsil edən deputatlar da parlament komitələrinin idarə olunmasında və eləcə də Milli Məclisin rəhbərliyində yer aldılar. 6-cı çağırış Milli Məclisin ölkəmizin siyasi həyatına gətirdiyi ən önəmli yenilik isə müstəqilliyimizin bərpasından sonra ilk dəfə parlamentə xanıım deputatın sədr seçilməsi oldu. Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnu tanıyan Azərbaycan öz tarixi dövlətçilik ənənələrinə sadiqliyini bir daha nümayiş etdirdi. Ölkəmizdə çoxpartiyalı systemin inkişafını və bütün siyasi partiyaların dövlət quruculuğu proseslərində eyni səviyyədə fəal iştirakını təmin etmək baxımından bütün baş verənləri inqilabi dəyişikliklər də adlandırmaq olar. Bu gün iqtidar və ya müxalif yönümlü olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz fikirlərinin, düşüncə və istəklərinin təmsilçisini parlamentdə və onun idarəçiliyində görə bilir. Bu isə siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşın ölkənin siyasi həyatında fəal iştirak etmək imkanına malik olması deməkdir. Bu xalq-dövlət vəhdətinin ən mükəmməl ifadə forması olmaqla yanaşı həm də modern siyasi mədəniyyətin göstəricisidir. Və nəhayət, bu xalq-dövlət münasibətlərinin və maraqlarının parlament müstəvisində birləşməsi deməkdir.
İslahatlar bu gün də davam etdirilir. Parlament seçkilərindən sonra ölkə rəhbərinin təşəbbüsü ilə başlanan geniş siyasi dialoq mühiti cəmiyyət daxilində qarşılıqlı etimadın güclənməsinə xidmət etməklə bərabər həm də müxalifət və iqtidar qüvvələri arasında münasibətlərin qarşıdurma rejimindən əməkdaşlıq platformasına keçməsinə bir çağırışdır. Qərəzli qarşıdurmanın heç bir halda və cəmiyyətin heç bir təbəqəsinə fayda gətirməyəcəyini başa düşən siyasi qüvvələr bu çağırışa cavab olaraq ölkəmizin milli maraqlarına xidmətə köklənmiş əməkdaşlığa qoşulurlar. Keçən həftə Azad Demokratlar və Yeni Zaman partiyalarının dövlət qeydiyyatına alınmasını da siyasi plüralizmin genişlənməsinə və siyasi systemin inkişafına töhfə kimi dəyərləndirmək olar.
Ölkənin siyasi mühitində baş verən dəyişikliklər hakimiyyətin bütün qollarının fəaliyyətinə də öz təsirini göstərməkdədir. Bu günlərdə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən REAL partiyasının sədri İlqar Məmmədovun və İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərovun məhkəmə işlərinə yenidən baxılaraq onlara bəraət verilməsi və zərərçəkmişlərə maddi təzminat ödənilməsi haqqında Qətnamənin qəbul olunması da diqqətəlayiq hadisələrdən biridir. Milli maraqların dərki və onların qorunması naminə qarşılıqlı addımların atılması cəmiyyət daxilində siyasi etimad mühitini dərinləşdirməklə yanaşı, Azərbaycana qarşı qara piar kampaniyaları aparan xarici qüvvələrin təsirini də neytrallaşdırır və onları dövlətimizə təzyiq etmək üçün istinad etdiyi arqumentlərdən məhrum etmiş olur.
Ölkənin siyasi həyatında fəal rol oynamağa iddialı olan hər bir qurumla dialoq bu gün də davam etdirilməkdə və öz faydasını verməkdədir. Verilən məlumatlara görə artıq 50-ə yaxın siyasi partiya və təşkilatın rəhbərləri iqtidar təmsilçiləri ilə görüşüb və ölkədə ictimai-siyasi mühitin sağlamlaşdırılması üçün atılmalı addımları müzakirə ediblər. Bu hər şeydən əvvəl, ölkə rəhbərliyinin cəmiyyətdə qarşılıqlı anlaşmanın və ictimai-siyasi sabitliyin təmin olunması üçün siyasi dialoq ideyasına sadiqliyinin göstəricisidir. Bunu Prezident Ilham Əliyevin yeni Baş prokuroru qəbul etdiyi zaman dediyi sözlər də bir daha təsdiq edir: “Bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır...Hakimiyyət tərəfindən təklif edilmiş dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir...”
“Radikal” və ya “mülayim” adlandırılmasından asılı olmayaraq bütün siyasi qüvvələrin bu fürsətdən yararlanaraq yeni siyasi konfiqurasiyanı təmin etmək naminə barış mövqeyinə gəlməsi sözün əsl mənasında milli maraqlara xidmət nümunəsi olardı. Bütün siyasi qüvvələrin qarşılıqlı faydalı əməkdaşlığa doğru addımlar atması ən ümdə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də dövlətimızin mövqeyini kifayət qədər möhkəmləndimiş olardı.
Bu gün bütün dünya pandemiyaya qarşı gərgin mübarizə şəraitində yaşayaraq post-pandemiya dövrünün çağırışlarına hazırlaşmaqdadır. Bütün ölkələr üçün gözlənilməz olan qlobal pandemiyanın ilk günlərindən başlayaraq Prezident İlham Əliyevin sərəncamları ilə atılan ardıcıl addımlar cəmiyyətimizin bu sınaqdan da az itkilərlə çıxmasına zəmin yaradır. Fors-major şəraiti həm də hökümətin bütün qurumlarının fövqəladə rejim vəziyyətində səmərəli fəaliyyət göstərə bildiyini və qarşımıza çıxa biləcək bütün maneələri birlikdə uğurla dəf etməyə qadir olduğumuzu göstərdi. 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışı ilə cəmiyyətimizdə indiyədək görünməmiş səfərbərlik ruhu yarandı və on minlərlə insan social cəhətdən zəif əhalinin müdafiəsi üçün könüllü fəaliyyətə keçdi. Ölkənin hər yerində insanlar arasında qarşılıqlı yardımlaşma, mərhəmət və maddi-mənəvi dəstək abı-havası hökm sürdü, yüz minlərlə vətəndaşa, on minlərlə sahibkara dövlət yardımı göstərildi. Vətəndaşlar bir daha dövlətimiz tərəfindən insan həyatına yüksək dəyər verilməsinin şahidi oldu.
Bu gün dünyanın bütün bölgələrində pandemiyadan sonra bəşəriyyətin həyatında yeni bir dönəmin başalanacağı haqda fikirlər səsləndirilir. Müasir cəmiyyətlərdə insan amilinin yüksək dəyərləndirilməsi, bütün siyasi, iqtisadi və social nəzəriyyələrin məhz insanların mənafeyinə xidmət etməsi zərurətinin dərk olunması cəmiyyətdaxili münasibətlərin də gərginlikdən sabitliyə və qarşıdurmadan əməkdaşlığa keçməsini şərtləndirir. Prezident İlham Əliyevin siyasi dialoq çağırışı da siyasi rəqabəti istisna etməyən qarşılıqlı əməkdaşlıq pllatformasına keçidi özündə ehtiva edir. Belə bir keçidin baş tutacağı halda dövlət sovet dövründən miras qalmış bütün problemlərin qısa bir zamanda aradan qaldırılmasına nail ola bilər və nəticədə ölkəmizin ahəngdar dinamika üzrə sürətli inkişaf yoluna qədəm qoyması üçün daha əlverişli şərait yarana bilər. Vətəndaşların mütləq əksəriyyəti ölkə başçısının siyasi dialoq təşəbbüsünü dəstəkləyir və bütün siyasi qüvvələrdən milli maraqlar naminə müvafiq addımların atılmasına ümid edir. Bu günkü siyasi qüvvələr nisbətinin real mənzərəsindən də görünən odur ki, yalnız bu zərurəti dərk edən siyasi qüvvələr vətəndaşların etimadını qazana və ölkənin siyasi həyatında öz fəaliyyətini faydalı və uğurlu şəkildə davam etdirə biləcəklər. Daimi gərginlik və qarşıdurma mövqeyini seçənlər isə siyasi intihar yolunu seçmiş olacaqlar.
Baxış sayı: 1 041