FACT-INFO.AZ » CƏMİYYƏT » 31 mart 1918-ci il Bakı hadisələri bir il sonra...
1-04-2020, 15:10 | CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir il sonra...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və ərazilərimiz varlığının ciddi təhlükə ilə üzləşdiyi hadisələr silsiləsinin başladığı tarixdir. İllərdir, bu mövzuda sənədlər araşdırır, tədqiqatlar aparır, artıq mövzunun "yorğunluğunu" hiss etsəm də, hələ də qələmi yerə qoya bilmirəm. Baş vermiş hadisə miqyasına, məzmununa, təsir daurəsinə və təəssüf ki, aktuallığına görə buna imkan vermir. Bəzən bu hadisələrə dair ən kiçik bir haşiyə, xatirə, ya fikir həmin mövzuya dönə-dönə qayıtmağa, yeni bir yanaşma ilə baxmağa vadar edir.

"Azərbaycan" qəzetinin 1919-cu il 31 mart Xüsusi sayını əvvəlcə mənbə kimi oxuyurdum, lakin dövrün yazarlarının bir il əvvəl baş vermiş Milli fəlakətə münasibəti, hadisələrin təsvir üsulları, gəldikləri nəticələr, qələmlərinin ədəbi-bədii gücü onu ayrıca tədqiqat mövzusu etməyimi qərarlaşdırdı. Qəzetin bu sayı, sözsüz ki, Azərbaycan mətbuatının tarixinə düşəcək bir hadisədir. Oxuyun, özünüz görəcəksiniz!

1918-ci il XX əsr Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi tarixində ən əlamətdar və əhəmiyyətli bir zaman kəsiyidir. Belə ki, Azərbaycan ziyalılarının böyük bir nəslinin Azərbaycan dövlətçiliyinin yaranması yolunda XIX əsrin sonları - XX əsrin əvvəllərində başladıqları nəhəng və çətin bir proses 28 may 1918-ci il tarixində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə özünün məntiqi, qanunauyğun həllini tapmışdır.

1918-ci ildə Azərbaycan milli mətbuatı xadimlərinin uzun on illiklərdən bəri can atdıqları daha bir arzusu da - ölkənin və xalqın adını daşıyacaq qəzet çıxarmaq - nəhayət ki, reallaşmış, 1918-ci il sentyabrın 15-də, Gəncədə “Azərbaycan” adlı qəzet nəşrə başlamışdır. Bakı şəhəri həmin 1918-ci ilin 15 sentyabrında yad qüvvələrdən azad edildikdən sonra öz fəaliyyətini Bakıya keçirmiş “Azərbaycan” qəzeti Azərbaycan və rus dillərində gündəlik çap olunmaqla sözün tam mənasında Azərbaycan dövlətçiliyi mövqeyində durmuş, Azərbaycan Xalq Cümhuriyyətinin milli maraq və siyasətini əks etdirmiş, Azərbaycan xalqını bu dövlət ətrafında sıx birləşdirməyə çalışmışdır. Azərbaycan istiqlalının müdafiəsi ideyası qəzetin ümumi siyasi xəttini ifadə etmişdir.

Lakin 1918-ci ilin bu əlamətdar hadisələrindən əvvəl bütün Azərbaycan xalqı üçün ümumi faciəyə çevrilmiş, hətta onun mövcudluğunu belə şübhə altında qoymuş hadisələr baş vermişdir. Bakıda və Şamaxıda 1918-ci ilin mart qırğınları bu qanlı zəncirin başlanğıcı olmuşdur. Bir neçə gün ərzində bu şəhərlərin və onun ətraf kənlərinin dinc azərbaycanlı əhalisi amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən talan və qırğınlar, əzilmək, əsir alınmaq, qarət edilmək kimi görünməmiş dəhşətli cəza aksiyalarına, şəhər və kəndlər isə yanğın və dağıntılara məruz qalmışdır. Daha sonra bu kütləvi qırğınlar Azərbaycanın demək olar ki, bütün qəzalarını əhatə etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti hələ Gəncədə ikən, son dərəcə mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq böyük uzaqgörənlik və operativlik nümayiş etdirərək ölkə ərazisində dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi zorakılıq hallarına ən yüksək və ciddi şəkildə münasibət bildirməyi və konkret tədbirlər görməyi vacib saymış, 1918-ci ilin iyul ayının 15-də bu hadisələrin tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyası (FTK) adlı bir qurum yaratmışdır. Cəmi bir ildən artıq müddətdə FTK dinc müsəlman əhaliyə və onların əmlakına qarşı erməni-daşnak qüvvələrinin, bolşevik şüarları altında milli və dini zəmində həyata keçirdikləri kütləvi qırğın və qətliamlara dair 36 cilddən artıq istintaq materialı toplamış və tərtib etmiş, 196 cinayətkarın konkret adlarını müəyyənləşdirmiş və onların bir hissəsini cinayət məsuliyyətinə cəlb etmişdir.

Təbii ki, dövrün mətbuatı, xüsusilə “Azərbaycan” qəzeti də bu hadisələrə biganə qalmamış, öz səhifələrində 1918-ci il Bakı quberniyası qəzalarında baş vermiş kütləvi qırğınları, soyqırımı hadisələrini, Qarabağın erməni əhalisinin və Ermənistan Respublikasının hərbi qüvvələrinin isə İrəvan, Naxçıvan Qarabağ-Zəngəzur bölgələrində azərbaycanlı əhaliyə qarşı hələ də davam edən silahlı hücumları və zorakılıq aktlarını geniş işıqlandırmışdır.

Bu yazıların arasında “Azərbaycan” qəzetinin 1919-cu il 31 mart tarixli nömrəsi ayrıca qeyd edilməlidir. Belə ki, həmin tarix Azərbaycan hökuməti tərəfindən bütün ölkə ərazisində ümumxalq matəmi günü kimi qeyd edilmiş, şəhidlərin xatirəsi geniş anılmış, şəhərin müxtəlif binalarında əza məclisləri qurulmuşdur. “Azərbaycan” qəzeti isə bütünlüklə öz səhifələrini Bakı, Şamaxı və digər qəzalarda baş vermiş kütləvi qırğın hadisələrinə həsr etmişdir.

“Azərbaycan” qəzetinin 1919-cu il 31 mart tarixli sayı 1918-ci il azərbaycanlıların soyqırımı mövzusuna həsr edilmiş ilk Xüsusi buraxılışdır. Lakin bu buraxılışın əhəmiyyəti onun yalnız “ilk” olması ilə məhdudlaşmır. Belə ki, qəzetin həmin sayında dərc olunmuş yazılar sonralar istər soyqırımı mövzusunun işıqlanmasında, istərsə də onların müəlliflərinin əsərləri arasında xüsusi yer tutmuşdur. Bu yazıların arasında qəzetin birinci səhifəsində yer almış Məhəmməd Əmin Rəsulzadənin “Unudulmaz faciə” adlı baş məqaləsi və qəzetin redaktoru Üzeyir bəy Hacıbəylinin “31 mart” redaksiya yazısı bu gün Azərbaycan mətbuatı tarixində həmin hadisələrə həsr olunmuş klassik nümunələr sayılır. Rəsulzadənin özünəməxsus canlı, yüksək emosional ruh və güclü bədii dillə yazılmış məqaləsində 31 mart Bakı qırğınlarının törədilmə səbəbləri konkret surətdə açıqlanır, minlərlə günahsız dinc insanın, o cümlədən qadın, uçaq və qocaların qətlinə, on minlərlə Bakı sakinlərinin fəlakətinə səbəb olmuş bolşevik-erməni qüvvələri ifşa edilir, bu qırğınların birbaşa azərbaycanlıların azadlıq hərəkatı və istiqlal arzusu ilə bağlı olduğu göstərilirdi:

“Martın 31-i bizə Azərbaycan tarix siyasətində unudulmaz üç günü xatırlatıyor... İctimai bir inqilab adı ilə və pərdəsi ilə ortaya çıxıb milli bır ədavət icra edilmişdı. Daşnaqlar intiqam alırdı. Həqiqətdir ki, martın 18-dən 21-nə qədər Bakı türk demokratiyasının başında partladılan toplar, müsəlmanların haqqında rəva görülən zülmlər Azərbaycan fikrini daşıyan, müxalifət və istiqlal əqidəsi ilə pərvərdə olan vücudları məhv etmək üçün idi.

Fikir öldürülmək istənilirdi. Millət kəsilirdi.

Fəqət özləri “inqilabçı” ikən inqilabın böyük düsturunu unudurdular: Azadlıq fikrinin məşəli qanla sönməz. Martda tökülən qanlar türklərdəki milliyyət və hürriyyət fikrini, Azərbaycan müqəddəs atəşini söndürə bilmədi!

... Qanlar içində boğdurulmaq istənilən Azərbaycan fikri bu dəfə müstəqil bir hökumət şəklində parladı. Bakı bir qan və bir fitnə ocağı deyil, paytaxtımız oldu!”

Üzeyir Hacıbəyli də öz yazısında 31 mart qırğınlarının ictimai-siyasi mahiyyətini vurğulamaqla, milləti ayıq olmağa, bu hadisələrin bir daha təkrar olunmasına yol verməməyə çağırırdı: “Mart hadisələri Azərbaycan tarixində mühüm bir səhifə olub Azəri türklərinin istiqlal yolunda can verib qan tökdüklərini gələcək nəslə oxutduracaqdır. Bugünki vəzifəmiz isə o qara günləri yaddan çıxartmamaq və buna görə də həmişə və hər an hazır olmaqdır. Böylə hazırlıq ki, bu hadisələr bir də təkrar edilərsə, müdafiəsinə qadir olalım. Bunun üçün həm hökumətimizin və həm də millətimizin yaşaması lazımdır”.

“Azərbaycan” qəzetinin bu Xüsusi sayında dövrün tanınmış mühərrirlərindən olan Xəlil İbrahimin “18-31 mart” adlı yazısında elan edilmiş matəm günü münasibətilə şəhərdə dolaşan abu-hava və görülən tədbirlər ətraflı təsvir edilirdi: “Bu gün bütün hökumət və camaat idarələri, məktəblər, qəzətələr, bazar, dükan, emalatxana və sair müəssisələr tətil ediyorlar; şəhərdə həyat dayandırılıyor. Zira, bu gün gözəl ideya, böyük şüar altında qara fikir yürüdən bir taqım alçaq qaragüruhun əlində məqtul düşənlərin (öldürülən) illiyidir. Bu matəmdə azərbaycanlılar məscidlərə yığılaraq günahsız ölənləri irzü-namusuna toxunulmuş məzlumələri, canilər əlində tələf olmuş məsum cocuqları yad edəcək, Quran oxuyacaq, məzlumlara rəhmət, zalımlara lənətxan olacaqlardır. Təzəpir məscidində - həman keçən il bu günlərdə düşmən mərmiləri dəydikcə yaralanan, pəhlivan kibi nərə çəkərək güya zəban halilə "Ey türk milləti! Namusun qəbul etməsin! Allah, götürmə bu zülmü!" deyə fəryad edən bu böyük məscidin həyətində cəmi-kəsirin iştirakı ilə ictima tərtib verəcəklərdir”.

Xəlil İbrahim bu yazısında Bakıda, Şamaxıda, Qubada və digər yerlərdə baş vermiş faciələrin miqyasını və dərinliyini göstərməklə bərabər azərbaycanlıların özlərinin də vəziyyətin bu qədər acınacaqlı hal almasında “təqsiri” olduğunu bildirirdi. Bu sırada camaatımın bir qisminin “maska geymiş canilərə inanaraq onlarla sosyalist kibi rəftarda bulunmaqla özlərini aldatmış oldugu”, digər tərəfdən “firqəbazlıq xatirinə özünü üzə çıxarmaq və tərəf müqabili nəzərdən salmaq niyyətilə xalqı yoldan çıxardığı, heç bir fitnə və fəsaddan çəkinmədiyi” kimi səbəblər göstərilirdi. Yazı çox səciyyəvi bir kəlamla bitirdi: “Ölənlərə rəhmət! Qalanlara ibrət!”

“Azərbaycan” qəzetinin bu tarixi sayında dərc olunan yazıları xüsusilə maraqlı və əhəmiyyətli edən bir cəhət də məqalə müəlliflərinin baş vermiş cinayətlərdə erməni-bolşevik qüvvələrinin rolunu açıqlamaqla yanaşı Azərbaycan cəmiyyətinin bu hadisələrə nə üçün hazır olmadığının səbəblərini, qanlı mart günlərində millətin həqiqi rəhbərlərinin Bakıda olmadığından istifadə edən ayrı-ayrı zümrələrin, xüsusilə molla və qoçuların xalqa “böyüklük” etmək iddialarının hansı nəticələrə gətirib çıxardığını araşdırmaq cəhdləridir. Bu baxımdan Ə.Bədi imzası ilə “Acı həqiqətlərim” adlı bir məqalə xüsusi maraq kəsb edir. Belə ki, mart hadisələri ərəfəsində şəhərdə hökm sürən abu-havanı saatbasaat təsvir və təhlil edən müəllif “Dikaya diviziya”nın (azərbaycanlılardan ibarət, “Vəhşi diviziya” adlandırılan qoşun) hərbçilərinin erməni-bolşevik dəstələri tərəfindən tərksilah edilməsi və bu münasibətlə şəhərin müsəlman əhalisinin nümayəndələrinin “İsmailiyyə” binasında və Təzəpir məscidində keçirilən toplantıları barədə geniş məlumatlar verir, Erməni Milli Komitəsinin üzvlərinin və daşnakların hadisələr ərəfəsində müsəlmanların həqiqətən silahlandığı və hər hücuma hazır olduqlarını düşünərək ilk günlər, hətta hadisələrin başladığı ilk saatlarda da həqiqətən gözləmə mövqeləri tutduqlarını və yalnız müsəlmanların silahsız olduqları aydınlaşandan sonra geniş hücuma keçdikləri, bu zaman azərbaycanlıların tam nizamsız halda müqavimət göstərmək cəhdlərinin uğursuzluğu kimi məlumatları öz şəxsi şəhadəti əsasında konkret faktlar gətirməklə şərh edirdi. Maraqlıdır ki, bu müəllif də həmin dövr Azərbaycan milli qüvvələri arasında siyasi firqələr yaratmaq meylini, o cümlədən “İttihad və tərəqqi” adı ilə yenicə yaradılan partiyanı cəmiyyətin birləşməsi yolunda bir əngəl sayır.

Hər sətrindən böyük təlaş və həyəcan duyulan bu yazıda müəllif qarşıdakı təhlükənin qarşısını almaq, yaxud ona hazır olmaq üçün əməli tədbirlər tələb olunurkən qarşılaşdığı reallıqdan nə üçün ümidsiz hala düşdüyünü canlı və emosional bir dildə şərh edirdi: “Durmaq zamanı deyil... bu axşam hər partiyaya baş vurdum, əksərisində bir adam yox, kəndi-kəndimə yalnız bu sözü təkrar ediyordum: hey, zavallı millət!... Məhəllələrə dağıldıq, hər kəslə bərabər bən də bağırıyordum: "Müsəlman olan, silah başına!" Silahı olan çığırır, silahı olmayanlar da İsmailiyyəyə qoşuyordu. Zavallılar bilməyirdilər ki, millətin bir tüfəngi belə yox. Var isə belə, verən yox... Millət birləşmişdi... Ayın on səkkizindən (martın 30-dan) millət qeyri-müntəzəm, bir silah başda saxta qoçularımız olduqları halda İsmailiyyə binasında mitinq yapıyordu. Böyüklərin artıq bu məclisdə heç bir qiyməti qalmamışdı. Hər kəs, bilxassə, qoçularımız ağzına gələn sözü söyləyir, küfr ediyor, kimsəyə danışmaq haqqı vermiyordu. Danışanlara da qulaq asan yox... Birlik var, böyük yox!.. Millətin başında bu gün böyüklər deyil, saxta, cahil qoçularımız duruyordu”.

Bu yazıda da mart hadisələri zamanı “Bakı qoçuları”nın fəaliyyəti mövzusunun gündəmə gətirilməsi diqqətçəkən məsələdir. Belə ki, o dövr Bakı cəmiyyətinin xüsusi bir zümrəsini təşkil edən və qeyrət, qəhrəmanlıq, cəsurluq rəmzindən tutmuş qorxaq, qəddar, cani kimi sifətlərə qədər hallandırılan qoçularun “millətin böyüksüz qaldığı” həmin günlərdə həqiqətən qabağa çıxdığı və hətta öz aralarındakı barışmaz münasibətlərə müvəqqəti son qoyub barışaraq düşmənə müqavimət göstərdiyinə dair müxtəlif və ziddiyyətli fikirlər mövcuddur. “Acı həqiqətlərim” adlı bu yazıda da həmin o ziddiyyət öz əksini tapır:

“Mollalarımız əmmamələrini, qoçularımız papaqları əllərində sallayır, bəziləri papaqlarını yerlərə vuruyordu: "Bizə bu papaqlar artıq haramdır, namusumuz ləkələndi" deyirlərdi... Nə yapdıqlarını bilməyən qoçularımız da tamaşakaranə atəş səslərinə atəşlə cavab veriyordu. Bir çoxlarımız sokaklarda (küçələrdə): "Atma, qardaş, atma" deyə bağırıyordu... Saxta qoçularımızın isimlərini şəxsiyyətini sevmədiyim üçün yazmayıram. Millətim kəndisi bilir və bir gün cavablarını verər - kimisi qəsdən kəndini namərd və alçaqcasına düşmənə təslim etdi. Əksəriyyəti evindən dişarı çıxmadı. Çünki bu alçaqlar yalnız məsum müsəlman qanı tökməklə şöhrət qazanmışdılar”.

Bununla yanaşı, müəllif bəzi tanınmış qoçuların həqiqətən azərbaycanlı əhalinin, xüsusilə qadınların silahlı müdafiəsinə qalxdıqlarını və əsl qəhrəmanlıq nümunələri də göstərdiyini qeyd edir ki, bu da bir daha həmin məsələyə ümumiləşdirilmiş şəkildə deyil, fərdi yanaşmanı daha məqbul şəkilə gətirir:

“Ölən Adilə rəhmət (Kürdəxanılı qoçu Adil nəzərdə tutulur), Nəcəfqulu Rzayev və yoldaşlarına burada qadınlarımız namına təşəkkür etmədən keçəməyəcəyəm. Bu dilavərlər bir çox fədakarlıqlarla heç olmazsa ricət yolumuzu təmin etmişlərdi. Millət həddən ziyadə qeyrət etdi. Əfsus ki, nanəcib düşmənə məğlub olduq”.

Ə.Bədinin “Acı həqiqətlərim” məqaləsini mart hadisələrinin tarixi və bugünkü tədqiqatları üçün maraqlı edən daha bir cəhət Bakının orta ruhani nümayəndələrinin həmin ərəfədə gözlənilən təhlükənin aradan qaldırılması, yaxud düşmənə müqavimət göstərilməsi üçün millətin önünə çıxması və xüsusi fəallıq nümayiş etdirməsidir.

1918-ci il azərbaycanlıların soyqırımı tarixşünaslığında hələ də ayrıca və dərindən araşdırılmamış bu məsələyə ilk dəfə Əlimərdan bəy Topçubaşov diqqət yetirmiş, 1918-ci ilin aprelindən mayın sonlarına kimi erməni həbsində olarkən qələmə aldığı “17-26 mart 1918-ci il tarixlərdəki hadisələrin mənə məlum olan təfərrüatları və epizodları” adlı qeydlərində Bakının ruhani xadimlərinin rolundan danışmışdır. Burada qeyd edilməlidir ki, müsəlman ruhaniliyi həmin hadisələrə bilavasitə mart günlərində deyil, ondan daha əvvəl, Bakıda ermənilərin böyük canfəşanlıqla guya “müsəlmanların şəhərin xristian əhalisini qırmağa hazırlaşdıqları” kimi geniş təbliğat kampaniya apardıqları, xristian və yəhudi əhalisini silahlanmağa çağırdıqları, özlərinin isə artıq çoxdan silahlandıqları bir zamanda başlamışdı. FTK-nın materiallarından da aydın olduğu kimi, şəhərdə gəzən və bütün əhali arasında dərin təlaş doğuran bu şayiələri aradan qaldırmaq üçün rus-pravoslav, erməni - qriqoryan və müsəlman ruhani xadimləri, yəhudilərin də iştirakı ilə rus və erməni kilsələrində, eləcə də Təzəpir məscidində dua mərasimləri keçirmiş, şəhər əhalisini sülhə və əmin-amanlığa dəvət etmişdilər. Bu baxımdan mart hadisələri ərəfəsində H.Z.Tağıyevin oğlunun dəfninə gəlmiş 48 nəfər azərbaycanlı zabit və əsgərin tərksilah edilməsi ilə müsəlman əhalisi arasında başlanan narazılıq və etirazların məhz Təzəpir məscidində mitinqə çevrilməsi, daha sonra “İsmailiyyə” binasında, şəhərdə olan ayrı-ayrı ictimai xadimlərin (Azərbaycan siyasi partiyalarının rəhbərlərinin və üzvlərinin böyük əksəriyyəti bu vaxt Tiflisdə və Gəncədə idilər) və yenə də din nümayəndələrinin fəal iştirakı ilə davam etməsi təbii idi. Topçubaşov öz qeydlərində bu yığıncaqlarda, eləcə də bolşeviklər və ermənilərlə danışıqlarda iştirak edən Hacı Mir Mövsüm, Hacı Molla Cavad, Molla Məmməd Hənifə və digərlərinin adlarını çəkir (Hacı Mir Mövsüm hadisələr başlanandan sonra erməni və rus sülh nümayəndə heyəti üzvləri ilə birlikdə erməni əsgərləri tərəfindən öldürülmüşdür).

Bununla belə, “Azərbaycan” qəzetindəki “Acı həqiqətlərim” adlı məqalədə müəllif bu qəbildən faktlara, ruhanilərin müsəlman əhalisinin çıxışlarının başında durmasına, artıq yuxarıdakı nümunələrdən də göründüyü kimi, birmənalı mənfi münasibət bildirir: Qoçular...“ancaq kəndilərini cihada dəvət edən mollaları alqışlayırdı... İsmailiyyədəki mitinqdən bir nəticə çıxmadı. Camaat dağıldı... Təəssüflər olsun ki, Təzəpirdə tərtib edilən ikinci bir mitinqdə millət edamını kəndi əlilə imza ediyordu. Qərar verildi: ya həyat, ya ölüm!.. Cihad elan edən mollalarımızdan heç bir əsər görünməyirdi...”

Mart hadisələrinin bu günümüzdən tədqiqi göstərir ki, Bakının, eləcə də Şamaxının və digər bölgələrin dinc, əsasən silahsız müsəlman əhalisinə qarşı qabaqcadan hazırlanmış və planauyğun surətdə nizami qoşunlar tərəfindən həyata keçirilən kütləvi qırğınların qarşısını almaq qeyri-mümkün idi. Bununla belə mart faciələrinin bir illiyinə həsr edilən Xüsusi sayında qəzetin Azərbaycan cəmiyyətinin özünün bu hadisələrə tam hazırlıqsızlığının səbəblərini araşdırmaq, müəyyən zümrələrin əliyalın xalqı döyüşə çağırmaqla qırğınların başlanmasına rəvac verməsi kimi (bu məqam sonradan bolşevik-erməni qüvvələrin “vətəndaş müharibəsi” haqqında bəyanatlarına bəhanə olacaq), və d. məqamları tənqid etmək cəhdləri redaksiya heyətinin yalnız matəm ruhuna uymayaraq bu məsələlərin işıqlandırılmasında da maraqlı olduqları və obyektiv mövqe tutduğuna bariz nümunə idi. Təsadüfi deyil ki, “Acı həqiqətlər”dən müvafiq nəticə çıxaran müəllif öz yazısını ciddi bir çağırışla bitirir: “Ey millət başçıları! Bugün başsızlıq üzündən qəhr olduğumuz matəm gününü yad edirkən, həqiqi surətdə birləşəlim. Əvət birləşəlim! Daxili və xarici düşmənlərimiz görsünlər ki: qarşılarında çəlikdən daha mətin bir qala vardır. Birləşiriksə yıxılmarız, yıxılsaq da mərdcəsinə yıxılar, tarixdə altun hərflərlə qeyd ediləriz”.

“Azərbaycan” qəzetinin 31 mart 1919-cu il xüsusi sayında dərc olunmuş daha bir redaksiya yazısı - “Mart hadiseyi-əliməsinin müxtəsər tarixçəsi” – Bakı qırğınlarının əsl səbəbləri və onun törədilməsində maraqlı olan qüvvələrin məqsədlərinin açıqlanması baxımından böyük əhəmiyyət kəsb edir və bu gün üçün də qiymətli bir mənbə sayıla bilər. Belə ki, 1914-cü il birinci dünya müharibəsinin ilk günlərindən ermənilərin Türkiyə ərazisində geniş fəaliyyətindən başlamış Bakıda mart qırğınları ərəfəsinə qədər apardıqları geniş hazırlıq işlərinin müfəssəl şərhi “Azərbaycan” qəzeti mühərrirlərinin artıq öz zamanında bu hadisələrə dair kifayət qədər geniş məlumatının, dərin və obyektiv baxışlarının olduğunu göstərir.

“Keçmiş Mart günləri” adlı başqa bir məqalədə isə mart qırğınlarının “bolşevik” libasına bürünmüş rus və erməni əsgərlərinin əsas hədəfinin məhz türk-müsəlman əhalisi, o cümlədən günahsız qadınlar və uşaqlar olduğuna diqqət çəkilir.

Qəzetin digər yazıları da istər mövzu, istərsə də janr və üslub baxımından rəngarəngliyi ilə fərqlənir. Burada emosional təsir gücünə görə yəqin ki, A.Rüfət imzası ilə “El yazı” adlı xatirə-esse xüsusilə vurğulanmalıdır. Məlumdur ki, kütləvi mart qırğınları ermənilər tərəfindən aldadıldıqlarını başa düşən rus əsgər və matroslarının ultimatumu və gürcü bolşeviki Caparidzenin səyləri nəticəsində aprelin 2-də dayandırılmış, yalnız bundan sonra şəhərdən meyitlərin yığılmasına başlanılmışdı. Küçələrdən, meydanlardan, karvansaralardan, müxtəlif məktəb, teatr, mağaza, hamamlar, idarələr və digər binalardan, tam yiyəsiz qalmış məhəllələrdən meyitlər arabalarla şəhərin böyük əraziləri olan yerlərinə, Təzəpir məscidi, Gömrük, Yük daşınma və başqa bu kimi idarələrin həyətlərinə yığılırdı, sağ qalmış sakinlər günlərlə öz yaxınlarının eybəcər hala salınmış cəsədlərini bu həyətlərdə axtarır və bəzən heç tapmırdılar.

“El yazı” məqaləsində bu baxımdan “bəxti gətirmiş” bir qadının hekayəti qələmə alınmışdır. Dəniz kənarındakı Gömrükxananın həyətində: “İslam qardaş! İslam qardaş! Bana müavinət ediniz!” – deyə çağıran “üzü, sinəsi məxrub” (yaralı, dağılmış) gənc bir müsəlman qadınının “ilticaedici, ürəkyandırıcı, qəlb patladıcı” sədası eşidilir. Bu sədalar beş nəfər qohumunu və ömür-gün yoldaşını - "nərədəsiniz?" deyə axtaran boynu qaralı, qəlbi yaralı bir bədbəxtə” – yazı müəllifinə xitabən ucalıb.

Gömrükxana həyətindəki pambıq tayalarının arasında yan-yana düzülmüş müsəlman kişi və qadın meyitləri ətrafında azərbaycanlı qadınların "oğul vay", "ata vay", "qardaş vay" – deyə dolaşaraq “mühiti-məmat (ölüm, yoxluq mühiti) musiqisinə məxsus "Vay" zənguləsilə” kömək diləyən qadının müraciəti müəllifi ona yaxınlaşmağa məcbur edir. Yeddi nəfər yaxınını itirmiş, evi talan edilmiş və tamamilə yandırılmış qadın “Benim meyitlərimi arabaya qoyunuz da qəbiristana aparayım!” – deyə araba axtarmağı xahiş edir. Müəllif ətrafı dolaşaraq böyük çətinliklə iki zibil arabası tapıb gətirir və qadının 7 nəfər əzizinin cənazələrini bir tərəfə çəkib ayırdığını, özünü də onların arasında “lalə qöncəsi kimi oturub, çənəsini ovcuna almış” vəziyyətdə görür. Cənazələr – ağ saqqal və ağ birçəkləri qırmızı qana bulaşmış iki ixtiyar qoca, biləklərində incə mərcan qolbaq, dodaqlarında məsum bir təbəssüm zərif bir qızcığaz, “geniş alınlı, yüksək kökslü, şümşad qollu gənclər və onların arasında üzü, gözü xain əllər tərəfindən vəhşiyanə bir surətdə süngülənmiş başqa bir gənc”!

Qadının vəziyyətini təsvir etməkdən qələm acizdir! Onun – “Qardaş, buldunuzmu?” sualına “Buldum” - cavab verən Müəllif göz yaşları içində boğularaq daha sözünə davam edə bilmir. Bu zaman qadın – “Qardaşım, mənə yazığın gəlir, deyilmi? Əvət! Bən yazığam. Zira bütün əqvamım məqtuldur (öldürülmüşdür). İstinadgahım yox, məlcəm (sığınacaq, dəstək) yox, ümid qapılarım bağlanmış, deyilmi?” – soruşur və daha sonra əlavə edir: “Xayır, belə deyil, hamısı məqtul, mən də, sən də, o da, o birisi də məqtul, El yaşayır, yaşayacaq. El hər sənə (il) mart ayında başlayaraq...”

Bu zaman həyətdə ucalan oxşama, ağlaşma sədaları qadının sözünü yarımçıq qoyur və o, dinməz, Müəllifin köməyi ilə meyitləri arabaya yığaraq qəbiristanlığa yollanır. Bu hadisədən sonra o qadını bir daha görməyən müəllifin qulaqlarında həmin yarımçıq cümlə uzun müddət həkk olaraq ona rahatlıq vermir, və yalnız bir neçə aydan sonra, Bakının türk qoşunları tərəfindən azad edilməsi ərəfəsində onun təxəyyülündə qadının xəyalı surəti canlanır və yarımçıq “El hər sənə mart ayında başlayaraq...” cümləsi “sentyabr ayınadək matəm saxlar” kimi tamamlanır.

Mart qırğınlarının nəticələrinin bir qadının sözlə ifadə edilməz acı taleyi nümunəsində təsvir edildiyi bu yazı insanın ən ümidsiz vəziyyətdə belə öz şəxsi faciəsini Elin ümumi faciəsindən ayırmadığı və bütün xalqı öldürməyin qeyri-mümkünlüyü kimi müdrikliyin yüksək nümayişi ilə artıq fəlsəfi bir məna kəsb edir və güclü emosional təsir oyadır.

Burada cəmi bir epizod üzərində qurulmuş real əhvalatın çox həzin və bədii dildə ifadə üslubu, eləcə də essenin Elin işğaldan azad olunması ilə bütün bu müsibətlərə nəhayət ki, son qoyulacağına olan nikbin sonluqla bitməsi də mühüm rol oynayır. Bu baxımdan həmin yazı öz məna və təsir gücünə görə heç də qəzetin ciddi publisistik məqalələrindən az əhəmiyyət daşımır.

Qeyd edilməlidir ki, “Azərbaycan” qəzetinin nəzərdən keçirilən bu xüsusi sayında obrazlı-bədii üslubda yazılmış digər yazılar da vardır. “Piri” imzası altında (qəzetin əməkdaşı Piri Mürsəlzadə), Sədinin iki beyti ilə başlanan “Xəyalat” adlı kiçik bir yazıda Aşiq bütün varlığına hakim olan Məhbubunu ən yüksək poetik sözlərlə vəsf edir, eyni zamanda onun yolunda çəkdiyi iztirab, əzab, hicran və s. kimi hisslərindən danışır, son nəticədə “Xəyalımın, mövcudiyyətimin əbədi bir ruhu, qəvi bir əzəməti” ilə vüsalə yetişdiyi bildirərək “Onu bir daha buraxamam” – deyə Sevgilisinin adını açıqlayır: İstiqlal!

Əli Əsgər Ələkbərzadənin “İthaf” adlı məqaləsi Mart qırğınları günlərində həlak olmuş şəhidlərə, o cümlədən “istiqlali-milliyyənizi elan edərək, sənələrdən bəri bu talesiz diyarda dalğalanmayan bayrağınızı təməvvüc (burada – tərpəniş, hərəkət, yelləndirmək ) etdirmək üçün” millətə qurban gedən Azərbaycan gənclərinə həsr edilir. “Qəddar və zalım” düşməni dərin nifrətlə lənətləyən müəllif Tarixin Azərbaycanın xilası yolunda şəhid olmuş bu şanlı övladlarının ruhunun daimi yaşayacağını, onların adının tarixə yazılacağı və daim hörmətlə salamlanacağına inamını bildirir.

Qeyd olunmalıdır ki, Şəhidlər mövzusu qəzetin bütün yazılarında qırmızı xətlə gedir və dövrün tanınmış romantik şairi Məhəmməd Hadinin “Şühədayi hürriyyətimizin ərvahına ithaf” adlı 16 sətirlik şeri ilə özünün çox gözəl poetik həllini tapir:

“Sizin məzarınız iştə qülubi-millətdir! Bu sözlərim yürəgimdən qopan həqiqətdir. Sizi unutmayacaq şanlı millətim əsla, Əmin olun buna, ey ziynəti-cəhani-fəna. Sizinlə buldu bu millət şərəfli istiqlal, Sizinlə buldu bu millət həyati-püriqbal. Bu gün də etmədə əhli-vətən sizi həp yad, Salamlayır sizi iştə bu milləti-azad”.

Nəzərdən keçirilən bu yazılardan başqa, qəzetdə həmin gün Təzəpir məscidindən başlayaraq Bakının müxtəlif idarə, məktəb və cəmiyyətlərində, eləcə də ayrı-ayrı təkyə və evlərdə Şəhidlərin ruhuna keçiriləcək matəm - əza məclisləri haqqında məlumatlar verilir və millət bütün bu məclislərə dəvət edilir. Əlavə olaraq “İttifaqi-Mütəəllimin İdarəsi”nin (Bakı türk müəllimləri İttifaqı) bu münasibətlə “Camaatə xitabən” çap etdiyi “İntibahnamə”nin mətni bütünlüklə dərc edilərək bu cəmiyyətin Birinci Realnı məktəbin binasında keçirəcəyi əza məclisi haqqında xəbər verilir.

Qəzetin redaktoru Üzeyir Hacıbəyov öz imzası ilə şəhər əhalisini Azərbaycan Hökumətinin 29 mart 1919-cu il tarixli əmri ilə tanış edir, martın 31-də Bakıda mart hadisələrinin münasibəti ilə dövlət müəssisələrində iş olmayacağı barədə hökumətin qərarını oxucuların nəzərinə çatdırır.

Beləliklə, “Azərbaycan” qəzetinin təkcə bir – 1918-ci il qırğınlarının 1-ci ildönümünə həsr edilmiş Xüsusi buraxılışında soyqırımı mövzunun ən müxtəlif çalar və janrlarda, siyasi-tarixi publisistikadan tutmuş bədii-poetik yazılara kimi nə qədər geniş və dərindən araşdırıldığını görürük. Məhz bu amil “Azərbaycan” qəzetinin 1919-cu il 31 mart tarixli, 147-ci sayını – 1918-ci il Azərbaycanlıların Soyqırımının dövlət səviyyəsində ümümxalq matəm günü kimi ilk dəfə qeyd edilməsinin tarixi nümunəsi kimi ayrıca və müfəssəl şəkildə nəzərdən keçirilməsini şərtləndirdi.

Qeyd olunmalıdır ki, nəşr olunduğu bütün dövr ərzində soyqırımı mövzusunu “Azərbaycan” qəzeti (hər iki dildə - Azərbaycan və rus dillərində çıxan) daim gündəmdə saxlamış, Bakıda və bölgələrdəki həmin hadisələrə dair müxtəlif yazılar, şəkillər dərc etmiş, Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətini geniş işıqlandırmış, onun əhaliyə müraciətlərini və elanlarını vermişdir.

1920-ci il 30-31 mart tarixli saylarında da qəzetin 1918-ci il hadisələrinə dair müxtəlif səpkili məqalələr, xatirələr, bədii nümunələr dərc etmişdir. “Azərbaycan” qəzetinin bütün bu yazıları bu gün də həmin hadisələrin öyrənilməsi və tədqiqində qiymətli bir mənbə kimi əhəmiyyətini saxlayır.




Baxış sayı: 1 370
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930