Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Azərbaycanın bu mötəbər toplantıda ali səviyyədə iştirakı ölkəmizin qlobal təqdimatıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya İqtisadi Forumunun gündəliyi və Azərbaycanın bu toplantıda yüksək səviyyədə təmsil olunmasının əhəmiyyəti barədə AZƏRTAC-a müsahibə verib.
- Bu il Davosda steykholder kapitalizmi əsas trendə çevrildi. Xahiş edirik ki, bunun mahiyyətini izah edəsiniz?
- Dünya səhmdar kapitalizmindən steykholder kapitalizminə keçir. Səhmdar kapitalizmi dedikdə, səhmdarlardan kapital toplayan məhdud məsuliyyətli təşkilatın əsas olduğu iqtisadi sistem başa düşülür. Ötən əsrin 80-ci illərində səhmdar kapitalizmini müdafiə edən iqtisadçı Milton Fridman deyirdi ki, bu yolla səhmdarlardan vəsait toplayan müəssisələr mənfəət əldə edib dövlətə vergi verirlər. Hazırda isə səhmdar kapitalizmin tənqidçiləri hesab edirlər ki, belə müəssisələr yalnız səhmdarlarının maraqlarına işləyirlər, qısamüddətli mənfəəti uzunmüddətli investisiyalardan və dayanıqlı inkişafdan üstün tuturlar. Hətta Britaniya Bankının baş iqtisadçısı Andy Haldane deyir ki, səhmdar kapitalizmi “özü-özünü yeyir”. Çünki səhmdarlar səhmin qiymətinin maliyyə bazarlarında yüksək qalmasına çalışırlar, belə olan halda udan yalnız maliyyə vasitəçiləridir. Səhmdar kapitalizmi cəmiyyətdə bərabərsizliyi gücləndirir, tez qazanc məqsədilə ətraf mühitə mənfi təsir edir. Buna görə də, Dünya İqtisadi Forumunun lideri Klaus Şvab steykholder kapitalizmi ideyasını sürəkli şəkildə müdafiə edir. Steykholder kapitalizmində isə şirkət bütün maraqlı tərəflərə (steykholderlərə) xidmət edir. Buraya şirkətin müştəriləri, təchizatçılar, işçilər, səhmdarlar və yerli icmalar daxildir.
Təsəvvür edin ki, dünyanın indi gəldiyi bu nəticəni Azərbaycan milli burjuaziyası bir əsr öncə neft bumu zamanı Tağıyevlər, Nağıyevlər, Əsədullayevlər və başqa mesenatların timsalında nümayiş etdirmişdi. Bu gün də Azərbaycanın bir sıra şirkətləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışına cavab verərək və sosial məsuliyyətlərini anlayaraq davamlı inkişafa xidmət edən xeyriyyəçiliklə məşğuldurlar. Hər bir özəl sektor nümayəndəsi başa düşməlidir ki, biz bir gəminin içərisindəyik və nə qədər yerli icmaya, istehlakçıya, ətraf mühitə və davamlı inkişafa sərmayə qoysaq hamımız udacağıq. Biz yanaşmanı sıfır-cəmli (zero-sum) oyundan qələbə-qələbə (win-win) formatına keçirməliyik. Əsas mənfəətin çoxluğu deyil, dəyər olmalıdır.
2018-ci ildə “Bank of America Merrill Lynch”in hesablamalarına görə, daha yaxşı ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə əməl edən şirkətlərin gəlirləri daha yüksək olub, səhmlərinin qiyməti artıb və müflisləşmə təhlükəsindən uzaq olublar. Dünyanın ən varlı adamlarından olan Bill Qeyts özü də etiraf edir ki, onun bu qədər varlı olması ədalətli deyil, bu görə də xeyriyyəçiliklə məşğul olub davamlı inkişafa dəstək verir.
Hətta korporativ qlobal vətəndaşlıq anlayışı yaranıb. Yəni təkcə öz steykholderlərinə deyil, məsələn, qlobal çağırışların həlli üçün də sərmayə yatırılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif yerlərində təhsilə, səhiyyəyə, ətraf mühitə, tarixi abidələrin bərpasına verilən dəstək onu göstərir. Mehriban xanım qlobal vətəndaş nümunəsidir və bu, Davosun builki müzakirə mövzusu ilə səsləşir.
-Davosda qlobal iqtisadiyyatın əsas çağırışları və həll yolları da müzakirəyə çıxarılır. Bu barədə nə deyə bilərsiniz?
- Dünya İqtisadi Forumunun rəsmi açılışından bir gün əvvəl – yanvarın 20-də Beynəlxalq Valyuta Fondu (BVF) “Dünya iqtisadi icmalı”nı təqdim etdi. Dünya iqtisadiyyatı nisbətən sabitləşsə də, qlobal artım yavaşdır. Yeni proqnozlar iqtisadi artımım 2019-cu ildə 2,9 faiz, 2020-ci ildə 3,3 faiz və 2021-ci ildə 3,4 faiz səviyyəsində qiymətləndirir. Hansı ki, bu əvvəlki proqnozlardan daha aşağıdır. İnkişaf etməkdə olan ölkələrdə bu göstərici fərqlidir. 2019-cu ildə Azərbaycanda iqtisadi artım 2,2 faiz olduğu halda, inkişaf etməkdə olan Avropa ölkələrində 1,8 faiz, Latın Amerikası və Karib hövzəsində 0,1 faiz, Yaxın Şərq və Mərkəzi Asiyada 0,8 faiz təşkil edib. Keçən il Azərbaycan 2,2 faizlik iqtisadi artım tempi ilə həm də Rusiya (1,1 faiz artım) və Səudiyyə Ərəbistanı (0,2 faiz artım) kimi karbohidrogenlə daha zəngin ölkələri geridə buraxıb. İnkişaf etməkdə olan ölkələrin arasında daha sürətlə iqtisadi artım tempinə görə Çin, Hindistan və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) ölkələri öncül yerləri tutur. Bu kontekstdə Prezident İlham Əliyev Azərbaycanda iqtisadi artım tempinin daha da sürətləndirilməsini qarşıya əsas vəzifə olaraq qoyub.
Belə şəraitdə Azərbaycan kimi inkişaf etməkdə olan və əhalisi daha sürətlə artan ölkələrdə dayanıqlı inkişafın təmin edilməsi bir çağırış olaraq qarşıda dayanır. Bu mənada ölkəmizin təcrübəsinin Davos platformasında müzakirəyə çıxarılması əhəmiyyətlidir. Kapitalizm və qloballaşma barədə tənqidlərin yüksəldiyi bir vaxtda dünya iqtisadiyyatı ticarət müharibələri, qeyri-bərabərlik və geosiyasi qeyri-müəyyənliklərdən əziyyət çəkir. Məhz Azərbaycan Prezidentinin də qatıldığı Davos platforması bu vəziyyətdən çıxış yolu kimi “yaşıl inkişafı” və texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılmasını tərcih edir.
“Avrasiya: Strateji baxış” adlı paneldə müzakirə olunacaq ki, Mərkəzi Asiyada əhalinin üçdəbirinin 15 yaşdan az olması bir tərəfdən çağırışlar, digər tərəfdən imkanlar yaradır. Bu müzakirələrdə Azərbaycan Prezidenti Avrasiyada geosiyasi gərginliklər fonunda iqtisadi imkanların yaradılması və texnoloji transferin sürətləndirilməsi kimi mövzularda öz mülahizələrini bölüşəcək.
İnkişaf etməkdə olan ölkələrdə maliyyə şərtləri yumşalır, uçot dərəcələri və xarici borclanma xərcləri azaldılır. Azərbaycan Mərkəzi Bankı da bu il pul-kredit siyasətini daha da yumşaldacaq və qısamüddətli faizlərin düşməsinə çalışacaq. Beynəlxalq Valyuta Fondu inkişaf etməkdə olan ölkələrə aşağı inflyasiyanı əsas götürüb monetar dəstəyi gücləndirməyi təklif edir. Eyni zamanda, fiskal konsolidasiyanı, davamlı inkişaf məqsədlərinə xidmət edilməsini, xüsusən səhiyyə və təhsilə sərmayə qoyuluşunu, müəssisələrin bazara çıxışının dəstəklənməsini məsləhət görür. Azərbaycan Strateji Yol Xəritələri çərçivəsində bütün qlobal çağırışlara adekvat reaksiya verir.
- Azərbaycan Dünya İqtisadi Forumunun inteqrativ və dayanıqlı inkişaf gündəliyinə nə dərəcədə uyğun siyasət yürüdür?
- İqlim dəyişikliyi, kibercinayətkarlıq, ticarət müharibələri kimi qlobal fenomenlər, həmçinin 4-cü Sənaye İnqilabının çağırışları dünyanı təhlükələrə qarşı daha həssas vəziyyətə gətirir. Lakin buna baxmayaraq, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə inteqrativ və dayanıqlı inkişafa nail olunub. Azərbaycan siyasi sabitlik, əlverişli coğrafi mövqe, zəngin iqtisadi resurslara və dərin mədəni irsə malik olmaqla Avropa və Asiyanın dəyərlərinin vahid məkanda birləşdiyi ölkədir. İnteqrativ identikliyi təşviq edən və inklüzivlik prinsiplərinə əsaslanan islahatların idarəedilməsi modelinin formalaşdırılması nəticəsində ölkəmizdə makroiqtisadi dayanıqlılığın təmin edilməsi və davamlı inkişafa nail olunması mümkün olub. 2018-ci və 2019-cu illərdə Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında ardıcıl olaraq 2 dəfə “top 10 islahatçı” və “top 20 islahatçı” ölkələr sırasında yer alması da bunu təsdiq edir. Eyni inkişaf və islahat göstəricilərini digər mötəbər hesabatlar, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı” və “Heritage Fondu”nun “İqtisadi azadlıq indeksi” hesabatının nəticələri də təsdiq edir.
Biz inklüziv cəmiyyət quruculuğuna təkcə yüksək iqtisadi artımla deyil, həm də ətraf mühitin mühafizəsi kimi yüksək iqtisadi və mənəvi dəyərlərin təşviqi ilə nail oluruq. Prezident İlham Əliyev 2019-cu ili böyük Azərbaycan şairi Nəsiminin anadan olmasının 650 illiyinin şərəfinə “Nəsimi ili” elan etmişdi. Hansı ki, Nəsimi fəlsəfəsinin əsasında məhz “kamil insan” dayanır. Dördüncü sənaye inqilabı şəraitində kamil insan isə özündə yüksək intellektual potensialla dərin mənəviyyatı birləşdirir. “Nəsimi ili” çərçivəsində ölkə ərazisində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 1 gündə 650 min ağac əkildi. Bu isə bizim mənəvi uzlaşmanı, ətraf mühitə münasibəti, sosial dayanışmanı dayanıqlı iqtisadi inkişafla sıx vəhdətdə inkişaf etdirməyimizin uğurlu örnəklərindəndir.
Baxmayaraq ki, iqtisadiyyatımızın əsas maliyyə mənbəyi hələ ki, karbohidrogen resurslarının istismarı ilə bağlıdır, biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalamışıq. Biz bu qlobal təşəbbüsə qoşulmaqla ətraf mühitin qorunmasının bizim üçün əhəmiyyətini və qlobal dayanıqlı inkişafa sadiqliyimizi nümayiş etdirdik. Azərbaycan, həmçinin kosmik ailənin azsaylı üzvlərindəndir və biz süni peyklərimizin imkanlarından ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə olunmasında da istifadə edirik. Təsadüfi deyil ki, aparılan qiymətləndirmələrə əsasən, istixana qazlarının atmosferə buraxılmasının azaldılmasında MDB ölkələri arasında ən yüksək effektivlik göstəriciləri Azərbaycana məxsus olub.
Azərbaycan Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, dünyada gəlirlərin bərabər paylanması göstəricisinə (Gini indeksi) görə ən yaxşı göstəriciyə malikdir. Biz “heç kəsi kənarda qoymamaq” prinsipini rəhbər tutaraq yoxsulluğun bütün formalarına son qoymaq, sosial uzlaşmanın gücləndirilməsi, bərabərsizliklərə qarşı tədbirlər görmək məqsədilə çoxsaylı beynəlxalq və regional təşəbbüslərin fəal iştirakçısı olmuş və dövlət proqramları icra edirik. Bunun nəticəsidir ki, son 16 ildə ölkəmizdə yoxsulluq səviyyəsi 9 dəfə, işsizlik səviyyəsi isə 2 dəfədək azalıb.
Bu baxımdan 2019-cu il xüsusilə önəmli oldu və kompleks idarəetmə islahatları ilə birgə, ölkə tarixinin ən irimiqyaslı sosial islahatları həyata keçirildi. Bu bir tərəfdən hazırki iqtisadi inkişafa xidmət edirsə, digər tərəfdən də bizim gələcək nəsillərin, xüsusilə də insan kapitalının inkişafı üçün olan investisiyamızdır. Azərbaycan əhalisi gənc olan ölkələrdəndir və Avropa ölkələri ilə müqayisədə də bizim əhalimizin sayında gənclərin xüsusi çəkisi 7 faiz daha çoxdur. Ölkə əhalisinin 40 faizdən çoxu müstəqillik dövründə dünyaya gəlib. Yeni cəmiyyət quruculuğu bizdən həm də nəsillərin dəyişimi amillərini, onların həyata və işgüzar mühitə dair baxışlarını nəzərə almağımızı tələb edir. Buna əsasən, idarəetmənin bütün spektrlərində gəncləşmə siyasəti aparılır. Artıq gələcək idarəetmə “Z-nəsli” və “Minilliyin nəsli”nə məxsusdur və onların idarəetməyə cəlb olunması Azərbaycanın 4-cü sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilməsi üçün mühüm əhəmiyyətə malikdir.
- Prezident İlham Əliyev hər il olduğu kimi bu il də Dünya İqtisadi Forumunda iştirak edir. Azərbaycanın bu tədbirdən gözləntiləri nədir?
- Əvvəla, Azərbaycan Prezidenti bu platformada qlobal gündəliyin formalaşmasında birbaşa iştirak edir. Eyni zamanda, bu platformada Prezident İlham Əliyev öz çıxışları və görüşləri ilə Azərbaycanı dünyaya təqdim edir. Davosa təşrif buyuran minlərlə iş adamı Azərbaycan barədə ən ali səviyyədə təqdimatı görməklə ölkəmizin haqqında müsbət fikir formalaşır, ölkəyə sərmayə cəlbi stimullaşdırılır. Hər il Davosda keçirilən görüşlərin ardından yüksək texnologiyalara sahib olan şirkətlər Azərbaycana gəlir və sərmayə yatırırlar. Davos Azərbaycan məhsullarının tanıdılması və ixrac imkanlarımızın artması baxımından da əlverişli platformadır.
- Bu gün dünya 4-cü sənaye inqilabını yaşayır. Süni intellekt (AI), blokçeyn, kriptovalyutalar, robotlar, dronlar və dəqiq tibb kimi inkişaf etməkdə olan texnologiyalar həyatı sürətlə dəyişir, müəssisə və cəmiyyətləri transformasiya edir. Bəs, Azərbaycan sürətlə inkişaf edən texnologiyalarla ayaqlaşa bilmək üçün nə edir?
- Hazırda elmi və texnoloji yeniliklər ənənəvi iqtisadiyyatları və sənayeni reformat edir, coğrafi hüdud anlayışını tarixə qatır, mövcud tənzimləyici çərçivələri dəyişir və hətta insan olmağın nə olduğunu yenidən sual altına qoyur. Azərbaycan dünyada sürətlə davam edən dəyişikliklərə çevik reaksiya vermək və 4-cü sənaye inqilabının çağırışları ilə ayaqlaşa bilmək üçün son illər ərzində qabaqcıl texnologiyaların dövlət və özəl sektorda tətbiqi və təşviqinə başlayıb. Hələ ötən il Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşəndə Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Bu əməkdaşlıqla, Azərbaycan regionda rəqəmsal ticarət və sərhədlərarası məlumat axını üzrə regionun lideri olmağı qarşısına məqsəd qoyub.
Dördüncü sənaye inqilabının tələblərinə uyğun olaraq yeni texnologiyaların insanlara verdiyi üstünlükləri artırmaq üçün hökumət, infrastruktur, biznes və maliyyə təşkilatlarını bir araya gətirməklə Azərbaycanda Rəqəmsal Ticarət Konsorsiumu yaradılıb. Rəqəmsal Ticarət Konsorsiumun üzvü İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ölkə başçısı tərəfindən əsası qoyulmuş və dünyada unikal layihə hesab edilən “Digital trade hub” (DTH) portalını yaradıb. DTH dünyada ilk dəfə mobil rezidentlik xidməti, onlayn vahid ixrac ərizəsi və rəqəmsal ticarət üçün trans-sərhəd xidmətlər təqdim etmişdir. Konsorsiumun infrastruktur üzrə icraçı şirkəti “AzerTelecom” Azərbaycanı regionda rəqəmsal mərkəzə çevirəcək Xəzər altı ilə fiber-optik internet xətlərinin çəkilməsinə başlayıb. Layihə Rəqəmsal İpək Yolu olaraq bilinən Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaratmağı qarşısına məqsəd qoyub. Konsorsium çərçivəsində Azərbaycanda həyata keçirilən başqa bir yenilik məsafədən bank hesablarının açılması və idarə edilməsi olub. Xidmət coğrafi hüdud anlayışını maliyyə və bank sektorunda da mücərrəd edib. Konsorsiumun biznes üzvləri də fəaliyyət sahələri üzrə yeni rəqəmsal həllər təqdim edib, virtual ünvan və virtual köməkçi kimi yeni məhfumlar Azərbaycanın biznes mühitinə daxil olunub. Bütün qeyd olunan yeniliklərin tətbiqi paylanmış ledger texnologiyalarının və “X-Road” sisteminin tətbiqi ilə həyata keçirilib.
Qeyd edilən bu təşəbbüslər və Azərbaycanda son illərdə informasiya texnologiyaları sahəsində görülən bütün işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. 2019-cu ildə Azərbaycan BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə Komissiyası ticarətin asanlaşdırılması və kağızsız ticarətin aparılması üzrə tədqiqatında dünyada ən öndə gedən ölkələr arasında, Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında isə lider olub. Azərbaycan sərhədsiz sənədsiz ticarət üzrə 50 faiz, kağızsız ticarət üzrə 85,19 faiz, institusional tənzimləmə və əməkdaşlıq üzrə 88,89 faiz, formallıq üzrə 91,67 faiz, şəffaflıq üzrə isə 93,33 faiz olmaqla ümumilikdə 81,72 faizlik göstərici əldə edib. Azərbaycanın bu reytinqdə lider mövqeyə yüksəlməsi Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində mümkün olub. Ölkəmiz rəqəmsal ticarətin və sərhədlərarası məlumat mübadiləsinin təşviqi, rəqəmsallaşmanın və nağdsız dövriyyənin genişləndirilməsi, Rəqəmsal Ticarət Qovşağı, “Yaşıl dəhliz” və sair sahələrdə aparılan uğurlu islahatlar fonunda öz göstəricisini 2015-ci ildən bu yana 33,23 faiz yaxşılaşdırıb.
Baxış sayı: 1 035