FACT-INFO.AZ » İQTİSADİYYAT » Prezident Sumqayıtda “SOCAR Polymer”in polietilen zavodunun açılışında
18-02-2019, 16:05 | İQTİSADİYYAT
Prezident Sumqayıtda “SOCAR Polymer”in polietilen zavodunun açılışında

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdilər.

Bildirildi ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub. 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub. Artıq yüksəksıxlıqlı polietilen zavodu da istismara tam hazırdır. İlkin mərhələdə, “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.

Prezident İlham Əliyevə məlumat verildi ki, artıq Türkiyə, Rusiya, Belarus və Ukraynadan sifarişlər qəbul edilib. Zavodda “Made in Azerbaijan” brendi ilə istehsal olunan polipropilen qatarla sifariş olunan ölkələrə yola salınıb.

Qeyd edək ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. Layihəni həyata keçirmək üçün İtaliyanın “Maire Tecnimont”, Niderlandın “Fluor” şirkətləri və digər şirkətlər cəlb edilib. Layihə çərçivəsində milli mühəndis kadrlarının ixtisaslarının artırılması təmin olunacaq. Bu məqsədə çatmaq üçün vahid layihə idarəetmə qrupu yaradılıb. “Fluor” şirkəti milli mühəndis kadrları və digər işçilər üçün Amsterdamda, Milanda və Mumbayda ixtisas kursları təşkil edib. Bundan başqa, ekoloji və sosial təsirlərin minimuma endirilməsi, zərərli maddələrin və maye tullantıların zərərsizləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Odur ki, beynəlxalq lisenziyalardan əldə edilən texnologiya əsasında fəaliyyət göstərəcək bu zavodlar istehsal prosesi və məhsulun keyfiyyəti baxımından ən yüksək beynəlxalq standartlara cavab verəcək.

Sonra Prezident İlham Əliyev zavodun idarəetmə mərkəzi ilə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin müxtəlif vaxtlarda Sumqayıta səfərlərinin əks olunduğu fotoguşə yaradılıb. Müəssisəyə cəlb olunan investisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin edilib. “Layihə maliyyələşdirilməsi” prinsipi əsasında 489 milyon dollar məbləğində əsas səhmdarın təminatı olmadan kredit alınıb. Bu prinsip əsasında maliyyələşdirmə ölkə daxilində birinci dəfədir ki, həyata keçirilir. Ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edir. Zavodların istismarı dövründə 6,6 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bundan başqa, “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə istismar müddəti ərzində ümumilikdə 600 milyon dollar məbləğində vergilərin ödənilməsi nəzərdə tutulur. Bu, ölkənin ümumi daxili məhsulunun artmasına da kömək edəcək. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq. Prezident İlham Əliyev yüksəksıxlıqlı polietilen zavodunu işə saldı.

Zavodun tərkibində olan polimerizasiya, katalizatorun aktivləşdirilməsi əraziləri, orqanoleptik emal bölməsi, laboratoriya, qablaşdırma bölməsi, anbar və idarəetmə otağının fəaliyyətinə dair qısa film nümayiş olundu.

Sonra Yüksəksıxlıqlı polietilen zavodunun ilk məhsulu xatirə olaraq Prezident İlham Əliyevə hədiyyə edildi. Zavodun işçisi Nigar Qarayeva: Cənab Prezident, müəssisəmizə gəldiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Qeyd etmək istərdik ki, ümumiyyətlə, zavodun tikilməsinə başlayan zamandan biz həmişə Sizin diqqət və qayğınızı hiss etmişik. Bunun bariz nümunəsi zavodun təməlqoyma mərasimində və onun açılışında Sizin iştirak etməyinizdir. Biz istərdik ki, zavodumuzun ilk məhsulunu xatirə olaraq Sizə təqdim edək. Qeyd etmək istərdik ki, zavodumuzda istehsal olunacaq bu qranullar yüksək sıxlıqlı polietilenin qara və təbii növləridir.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Daha sonra dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdü.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Mən çox şadam ki, bu zavodda işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Mən sizi ürəkdən salamlayıram və zavodun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bir neçə il bundan əvvəl bu zavodun təməli qoyuldu. O vaxt burada heç nə yox idi. Vaxtilə burada fəaliyyət göstərmiş müəssisələr sıradan çıxmışdı və yarıdağılmış vəziyyətdə idi. Dövlət tərəfindən bu ərazi nəzarətə götürüldü, böyük təmizlik işləri aparıldı. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edildi ki, burada müasir sənaye mərkəzi yaradılsın. Biz buna nail ola bilmişik. Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında “SOCAR Polymer”in əlbəttə ki, xüsusi yeri vardır. Keçən il polipropilen zavodunun açılışı rəsmi qaydada qeyd olundu. Bu gün isə biz yüksək sıxlıqlı polietilen zavodunun açılışını qeyd edirik. Beləliklə, “SOCAR Polymer” tam gücü ilə işə başlayır. Bu, çox əlamətdar hadisədir. Bu, ölkəmizin inkişafını göstərir. Bu, ölkəmizə xarici maliyyə qurumları tərəfindən inamın təzahürüdür. Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir.

Siz - burada çalışan gənclər yaxşı bilirsiniz ki, zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu, bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir. Siz gənclər təlim keçmisiniz, orta əməkhaqqı çox yüksəkdir. Siz buna layiqsiniz. Siz müasir sənaye müəssisəsində çalışacaqsınız və bu müəssisənin fəaliyyəti ölkəmizi gücləndirəcək.

Yeni iş yerlərinin yaradılması prosesi burada təmin olunur, təxminən 500-dən çox yeni iş yeri açılır. Bu yaxınlarda karbamid zavodunun açılışında iştirak edərkən məlumat verildi ki, orada da 500-dən çox iş yeri yaradılır. Yəni, bu iki mühüm müəssisənin əhəmiyyəti çox böyükdür. İlk növbədə, bu iki müəssisəyə 1,6 milyard dollar sərmayə qoyulub. Çox böyük rəqəmdir. Özü də nəzərə alsaq ki, bu sərmayə qeyri-neft sektoruna qoyulur. Digər tərəfdən, burada istehsal olunan məhsullar ixracyönümlüdür və ölkəmizə valyuta gələcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, hazır məhsuldan valyuta qazanacağıq. Burada müasir texnologiyalar tətbiq olunur və Azərbaycanın texnoloji inkişafına bunun müsbət təsiri var. Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır. Yəni, bir sözlə, belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşaxəli təsiri var və bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edirdik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunun əyani şahidiyik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir.

Bu zavodun fəaliyyətə başlaması Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfədir. Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Son illərdə Sumqayıtda bir çox müasir müəssisələr yaradılıb. Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur. Sumqayıtın həm sənaye, həm iqtisadi, sosial inkişafı daim diqqət mərkəzindədir. Sumqayıt bu gün yüksək ekoloji standartlara uyğun şəhərlərdən biridir. Biz bu sahəyə də çox böyük önəm verirdik. Çünki bilirsiniz ki, sovet vaxtında Sumqayıtda ekoloji vəziyyət o qədər də ürəkaçan deyildi. Sovet məkanında Sumqayıt bu baxımdan geridə qalmış şəhərlərdən biri idi. Bu da təbii idi, çünki o vaxt müasir təmizləyici qurğular mövcud deyildi və burada böyük kimya mərkəzi yaradılmışdı. Bu gün isə Sumqayıtın gözəl havası, ictimai yerləri var, istirahət üçün parklar yaradılıb, vaxtilə salınmış parklar abadlaşdırılıb, Sumqayıt bulvarı yaradılıb, özü də qısa müddət ərzində. Bu da çox gözəl hadisədir. Yəni, şəhərin ümumi inkişafı ilə bağlı çox böyük tədbirlər görülür, infrastruktur layihələri icra edilir. Bu yaxınlarda 2 saylı şəhər xəstəxanasının təmiri ilə bağlı müvafiq Sərəncam verilmişdir. Bu xəstəxanada təxminən 200-ə yaxın çarpayı var. Ondan əvvəl biz 1 saylı xəstəxananın təmirini təmin etdik. Qazlaşdırmanın səviyyəsi təxminən 100 faizdir. Yəni, bir sözlə, belə zavodların fəaliyyətə başlaması şəhərin inkişafına da təkan verir.

Bu gün nəinki Sumqayıtın tarixində, ölkəmizin tarixində çox əlamətdar bir gündür. Çünki hər bir ölkə belə gözəl müəssisələrlə fəxr edə bilər. Xüsusilə nəzərə alsaq ki, bu müəssisələrdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Yəni, Azərbaycanın gənc nəsli müasir Azərbaycana xidmət edir. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram. Sağ olun.

Qeyd edək ki, “SOCAR Polymer” zavodlarının inşaat işlərinin pik həddində burada 3500-ə yaxın işçi çalışıb. Personalın bilik və bacarıq səviyyəsini artırmaq məqsədilə ölkə daxilində və xaricdə təlim-hazırlıq kursları təşkil olunub. Bütün bunlar göstərir ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Bu baxımdan innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması xüsusi əhəmiyyət kəsb edir. Artıq böyük infrastruktur işlərinin həyata keçirildiyi, 18 sahibkarlıq subyektinə rezident statusunun verildiyi Sumqayıt Kimya Sənaye Parkına 2,7 milyard dollardan artıq investisiya yatırılıb və bu istiqamətdə mühüm tədbirlər davam etdirilir.




Baxış sayı: 1 585
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031