FACT-INFO.AZ » CƏMİYYƏT » 73-cü sessiya: qlobal geosiyasi ziddiyyətlər və BMT-də islahatlar zərurəti
28-09-2018, 08:20 | CƏMİYYƏT
73-cü sessiya: qlobal geosiyasi ziddiyyətlər və BMT-də islahatlar zərurəti

ABŞ, Fransa, Türkiyə, İran və başqa dövlətlərin başçıları dünya üçün aktual məsələlərin həlli ilə əlaqədar öz mövqelərini açıq ortaya qoydular. Ekspertlərin diqqətini çəkən əsas məqam ifadə edilən mövqelər arasında fərqlərin olması idi. D.Tramp, əsasən, Amerikanın maraqlarından, E.Makron alternativ alyansların yaranması ehtiyacından, R.T.Ərdoğan geniş geosiyasi islahatlardan, H.Ruhani isə İran-Qərb münasibətlərinin həssas məqamlarından bəhs etdilər. Bunların hər birinin öz məntiqi vardır. Ancaq ümumi mənzərə belə alındı ki, hazırda dünyada kifayət qədər ziddiyyətlər mövcuddur və vəziyyət getdikcə daha da pisləşir. Bu səbəbdən hamılıqla bir yerdə çıxış yolu tapılmalıdır. Türkiyə Prezidenti bu kontekstdə maraqlı bir model də təklif edib. Həmin model çərçivəsində Təhlükəsizlik Şurasında islahatların aparılması zərurət kimi qarşıya çıxır. Bütün bu məqamların geosiyasi aspektdə analizi üzərində geniş dayanmaq zərurəti mövcuddur.

Köhnə problemlər: yeni yanaşmanın vacibliyi

BMT Baş Assambleyasının 73-cü sessiyası sözün həqiqi mənasında bir çox xüsusiyyətlərinə görə tarixi hadisə oldu. Edilən çıxışlar məzmunu və hədəfi baxımından maraqlı idi. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Rusiya və Çin prezidentlərinin sessiyada iştirak etməməsi də düşündürücü oldu. Təbirdə dünyanın hər bir dövlətini maraqlandıran və ziddiyyətli məqamlarla xarakterizə olunan mövzulara açıq və xeyli dərəcədə sərt şəkildə toxunuldu. Ancaq budəfəki sessiyada dünyanın supergücləri deyil, yeni dinamik inkişaf tempi nümayiş etdirən və perspektivli sayılan ölkələr daha fəal təsir bağışladı. Ümumi şəkildə bu məqam həm qlobal geosiyasi proseslərin inkişaf dinamikası, həm də beynəlxalq təşkilatların bu prosesdəki rolu ilə bağlı maraqlı tezisləri gündəmə gətirir. Belə görünür ki, bütövlükdə dünya siyasəti dəyişir. Artıq BMT TŞ-nin beş daimi üzvü qlobal yeniləşmənin məzmununu müəyyən edə bilmirlər. Getdikcə daha çox sayda dövlətlər öz təsirlərini artırırlar.

Digər məqam ondan ibarətdir ki, İkinci Dünya müharibəsindən sonra həmişə müşahidə edilən Şərq-Qərb bölgüsü artıq əvvəlki məzmununu itirir. Bu, özünü ənənəvi müttəfiq sayılan və daim geosiyasi məsələlərdə eyni mövqedən çıxış edən siyasi düşərgənin parçalanmasında göstərir. Həmin tendensiyanın nümunəsi kimi sessiyada Fransa və Almaniya faktiki olaraq ABŞ-a alternativ ola biləcək bir fəaliyyət fəlsəfəsindən bəhs etdilər.

Üçüncü məqam kimi BMT-nin bu sessiyasında beynəlxalq təşkilatların qlobal siyasət üçün nə dərəcədə əhəmiyyətli olduğu konkret və aydın şəkildə öz təsdiqini tapdı. Hətta bir sıra dövlət başçıları "dünyaya liderliyə ehtiyac vardır" (məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan) kimi olduqca maraqlı fikir irəli sürdülər. Bu, ABŞ-ın liderliyi ilə xarakterizə olunan dünya nizamını yeniləşdirməyə çağırışdır. Həm də yeni nizamda liderin hansısa dövlət deyil, BMT olması təklifi irəli sürülür. Beynəlxalq təşkilatın dünya siyasətində əsas söz sahibi olması bəri başdan supergüclərin öz xüsusi maraqlarını reallaşdırmaq və başqalarının daxili işlərinə qarışmaq kimi neqativ halların neytrallaşdırılmasına doğru atılan səmərəli addımdır.

Bu, həm də BMT-də islahatların aparılması aspektində strateji mahiyyəti olan məsələdir. Sevindiricidir ki, bu tezis türk dövləti tərəfindən irəli sürülüb. Bu, ədalət prinsipinin qlobal geosiyasətdə bərqərar olması baxımından son dərəcə vacib faktordur. Bu prizmadan BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışların məzmununa nəzər salsaq, xeyli düşündürücü özəllikləri müəyyən edə bilərik.

Müstəsnalıq, yoxsa birgə fəaliyyət: iki strategiyadan daha səmərəlisi

Dünya, hər şeydən öncə, ABŞ Prezidenti Donald Trampın söylədiyi fikirlərə maraq göstərdi. Amerikanın dövlət başçısı isə öz ampluasında idi. O, yüksək tribunadan yenidən "ilk öncə Amerika" prinsipini bəyan etdi və bildirdi ki, "ABŞ bir yana, dünya bir yanadır". Hansısa dövlət Amerika ilə bir mövqedə ola bilər və ya olmaz. Hər iki halda "biz bizik, siz sizsiniz". Yəni daim Amerikanı hər kəsdən "üstün" tutacağıq. Bu tezisi ekspertlər köhnə dünyanın qalığı adlandırırlar. Bu, birbaşa qloballaşmaya və sivilizasiyaların dialoquna qarşı durmaq anlamına gəlir. Təsadüfi deyil ki, D.Tramp çıxışının bütün məqamlarında bu antiqlobalist ruhu qoruyub saxlayıb. O cümlədən onun çıxışından dünya ticarət savaşının davam edəcəyi hiss edilib. Çünki ABŞ rəhbəri Çin və Rusiyanı müəyyən məsələlərdə ittiham edib.

Doğrudur, Rusiya məsələsinə yalnız bir epizodda dolayısı ilə toxunub, lakin onun məntiqindən belə anlaşılıb ki, Moskva dünyada "pozucu" fəaliyyətini davam etdirir və Avropanı enerji ehtiyatları vasitəsilə öz təsiri altına salmağa çalışır. Konkret olaraq D.Tramp üzünü almanlara tutaraq bəyan edib ki, "Şimal axını – 2" layihəsi Almaniyanı Rusiyadan asılı vəziyyətə salacaq.

Çinlə bağlı isə daha konkret fikir bildirib. D.Tramp ABŞ-Çin ticarət əlaqəsində "ədalətsiz disbalansın" hökm sürdüyünü deyib. Amerika bu "ədalətsiz" nisbətdən itirir. Bu səbəbdən də onu bərpa etmək gərəkdir. Təbii ki, bu sözlərin arxasında vergi artımları və ticarət savaşı dayanır. Ekspertlər məhz bu məqamı ayrıca vurğulayırlar.

D.Tramp bu kimi fikirlərini ümumiləşdirərək belə təklif irəli sürüb ki, Ümumdünya Ticarət Təşkilatı qlobal ticarət qaydalarına yenidən baxmalıdır. Yəni söhbət faktiki olaraq ticarət qaydalarının ABŞ-ın maraqlarına uyğun yenidən müəyyənləşdirilməsindən gedir. Görünür, bu kimi məsələləri nəzərə alaraq D.Tramp bəyan edib ki, onun idarəçiliyinin iki ili müddətində Amerika iqtisadiyyatı böyük uğurlar qazanıb. Lakin, nədənsə, sessiya iştirakçıları bu fikrə gülüşlə cavab veriblər. D.Tramp isə halını pozmadan zalın məsələyə maraq göstərməsinin təsadüfi olmadığını deyib.

Amerika Prezidentinin çıxışında İran məsələsinə də yer verilib. O, faktiki olaraq Tehranı hədələyib. D.Tramp deyib ki, əgər İran ABŞ və ya müttəfiqlərinin hansısa birinə zərər verməyə cəsarət etsə, qiyamət qopacaq, yəni ağır cavab alacaq. O, İranın beynəlxalq terrora dəstək verdiyini və Yaxın Şərqlə bərabər bütün dünyaya təhlükə yaratdığını ifadə edib. Həmin səbəbdən Amerika öz müttəfiqləri ilə bərabər İrana qarşı fəaliyyətlərinə davam edəcək. Bunun fonunda D.Trampın Türkiyəyə təşəkkür etməsi diqqəti çəkib. O, İdlibdə qan tökülməsinin qarşısının alınmasında Ankaranın həlledici rol oynadığını söyləyib. Onu da deyək ki, eyni fikri Avropa İttifaqı adından Federika Moqerini də ifadə edib. Lakin Aİ rəsmisi Türkiyə ilə yanaşı Rusiyaya da minnətdarlıq edib. Fəqət jurnalistlər F.Moqerininin S.Lavrovla görüşdə rus çayından imtina etməsinə də nədənsə, siyasi don geydirməyə çalışıblar. Bu məqamlardan aydın görünür ki, D.Tramp gələcəyi deyil, keçmişin düşüncə tərzini BMT-dəki çıxışı zamanı nümayiş etdirib. O, müasir dünyanın qarşılaşdığı problemləri Amerikanın maraqlarının təmini kontekstində həll etməyə cəhd göstərərək faktiki olaraq dünya lideri olmadığını təsdiqlədi. Bəşəriyyət D.Trampın çıxışında ziddiyyətləri aradan qaldırmağa xidmət edən bir stratejini görə bilmədi. Əksinə, sanki D.Tramp problemlərin daha da dərinləşməsi istiqamətində addımlar atan siyasətçi təsiri bağışlayır. Bu mənada elə təəssürat yarandı ki, D.Tramp dünyanın gələcəyi deyil, keçmişdir.

Bunun fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı tamamilə fərqli təəssürat yaratdı. O, faktiki olaraq dünyanın yeni geosiyasi modelini təklif etdi. Bu modelin fəlsəfəsində bərabərhüquqluluq, faydalı əməkdaşlıq, hər kəsin təhlükəsizliyinin eyni dərəcədə qorunması və ədalətlilik prinsipləri dayanır. Əslində, R.T.Ərdoğan bir neçə ildir ki, inkişaf etdirdiyi tezisləri BMT-nin yüksək tribunasından sistemli və ardıcıl olaraq ifadə etdi. Türkiyənin dövlət başçısı dünyanın bütün dövlətlərinin iştirak edə biləcəyi bir Təhlükəsizlik Şurası formalaşdırmağı təklif edir. Yəni beş daimi üzvü olmayan, 193 dövlətin hər birinin sıralama prinsipi əsasında BMT TŞ-yə üzv seçilməsi mexanizminin hazırlanmasından bəhs edilir. Bu üsulla dünya siyasətində özünü getdikcə daha qabarıq göstərən ayrı-seçkilikdən xilas olmaq mümkündür.

Türkiyə Prezidentinin üzərində dayandığı digər məsələ bir sıra böyük dövlətlərin ticarətdən savaş məqsədi ilə istifadə etməsi ilə bağlı olub. R.T.Ərdoğan bu tendensiyanın çox təhlükəli və dünya sistemi üçün zərərli olduğunu ifadə edib. Bu səbəbdən həmin mənfi halın qarşısı dərhal alınmalıdır.

R.T.Ərdoğan qlobal geosiyasətdə müşahidə edilən başlıca neqativ tendensiyaların aradan qaldırılması zərurəti üzərində geniş dayanıb. O, uzun illərdir ki, bir sıra dövlətlərə və etnik-dini qruplara qarşı soyqırımı törədildiyini deyib. Dünyanın böyük dövlətləri isə buna ikili standartlarla yanaşmaqdadırlar. Görünür, Türkiyə Prezidenti Dağlıq Qarabağda erməni terrorçu-separatçılarının və Myanmar müsəlmanlarına qarşı hərbçilərin törətdikləri cinayətləri nəzərdə tutur. Xocalıda erməni silahlılarının həyata keçirdikləri qətliama supergüclər laqeyd münasibət göstərirlər. Doğrudur, bir çox dövlətlər artıq bu hadisəni soyqırımı kimi tanıyıblar, lakin BMT və onun Təhlükəsizlik Şurasının beş daimi üzvü lazımi hüquqi addım atmayıblar. Əvəzində, hansısa müsəlman dövlətini müəyyən addımına görə dərhal cəzalandırmağa çalışırlar.

Bu bağlılıqda böyük dövlətlərin İraq və Suriyada yeritdikləri siyasət ciddi narahatlıq doğurur. Orada insanlar qətlə yetirilir, artıq milyonlarla insan öz yurdundan didərgin düşüb. Türkiyədə həmin bölgədən 3,5 milyon qaçqın yerləşib. Qərbin böyük dövlətləri isə miqrantlara qarşı qeyri-humanist davranırlar. BMT-nin onlara yadımı da kifayət qədər deyil. Belə bir vəziyyət dəyişməlidir. Çünki ədalətsizlik ədalətsizlik yaradır. İnsanlar radikallığa meyl edirlər və dünya bunun zərərini görür. Bununla R.T.Ərdoğan dünyanı bu kimi münaqişələrdə ədalətli mövqe tutmağa dəvət edib.

Bunların fonunda R.T.Ərdoğanın Türkiyə ilə bağlı ifadə etdiyi bir fikir ekspertlərin diqqətini çəkib. O deyib ki, "Türkiyə iqtisadi və hərbi baxımdan supergüc olmasa da, artıq dünya liderlərindəndir". Bunun təsdiqi kimi Türkiyənin Suriya və İraqda münaqişələrin həllinin bir parçası olmasını göstərib. İndi Ankaranın iştirakı olmadan həmin ölkələrdə silahlı toqquşmaları aradan qaldırmağın mümkün olmadığını hər kəs anlayıb.

Buradan Türkiyə dövlət başçısı məntiqi bir nəticə çıxarır. R.T.Ərdoğan dünyanın yeni düzənində Türkiyənin lider olacağı tezisini irəli sürüb. Təbii ki, burada söhbət təkbaşına liderlikdən getmir. Türkiyə Prezidenti məsələyə ümumi yanaşmasında liderlər qrupundan, kollektiv surətdə təhlükəsizliyi təmin etməkdən bəhs edib. Bu model isə ancaq beynəlxalq təşkilat çərçivəsində böyük və güclü dövlətlərin liderlik edə bilməsi halında mümkündür. Deməli, say baxımında bir neçə dövlət dünyanın məsuliyyətini öz üzərlərinə götürürlər və bunun reallaşdırılması mexanizmi isə BMT çərçivəsində hazırlanmalıdır.

Beləliklə, Türkiyə Prezidenti faktiki olaraq müasir mərhələdə dünya siyasətinin bütün problemlərini əhatə edən nitq söyləyib. O, qlobal geosiyasətin yenilənməsi istiqamətində maraqlı tezislər irəli sürüb. Bunlar onu göstərir ki, Türkiyə sözün həqiqi mənasında dünyanın söz sahiblərindən birinə çevrilib və o, kifayət qədər yeni ideyalarla çıxış edə bilir. Bunun fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın BMT tribunasından şovinist, radikal və dağıdıcı məzmunlu fikirlər söyləməsi ən azından gülünc doğurur. Məsələn, N.Paşinyanın Azərbaycanı Dağlıq Qarabağa qarşı aqressiv olmaqda ittiham etməyə çalışması çox gülünc səslənir. Azərbaycan torpaqlarını havadarlarının yaxından dəstəyi ilə işğal edən forpost bir ölkənin başqasını təcavüzdə ittiham etməyə çalışması həm siyasi naşılıqdır, həm də ciddi surətdə qarşısı alınmalı məsələdir. Çünki bu mənfur xislət BMT-nin digər üzvlərinə də sirayət edə bilər. Nəticədə, R.T.Ərdoğanın dediyi kimi, dünya xaosa sürüklənər.

Bu aspektdə N.Paşinyanın rəsmi Bakının Dağlıq Qarabağla (əslində, qondarma "dqr"i nəzərdə tutur – red.) danışıqlar aparmasının lazım gəldiyini bir daha vurğulaması, bu adamın sərsəm xülyasından başqa bir şey deyil. Çünki həm danışıqlar formatı ATƏT çərçivəsində çoxdan müəyyənləşdirilib, həm də Dağlıq Qarabağın aborigen əhalisi olan azərbaycanlıların iştirakı olmadan heç bir mənada həmin bölgədən danışmaq mümkün deyildir. Bu mənada ermənilərin orada yaramağa çalışdıqları hər hansı qurum legitim deyildir, heç bir hüquqi, tarixi və mənəvi əsası yoxdur. N.Paşinyan kimilərin isə sülhdən, dinc həll yolundan, kimlərinsə danışıqlarda iştirakını nəzərə almaq zərurətindən danışmağa zərrə qədər də haqqı yoxdur. O torpaqların əsl sahibləri öz evlərinə dönmədən danışıqlarda Qarabağın iştirakından danışmaq absurddur.

Beynəlxalq təşkilatlar: dünyanın xilası naminə yeniləşməyə doğru

Əslində, Nikol Paşinyan kimi başabəla siyasətçilər BMT tribunasında çox kiçik görünürlər. Onların dünya siyasətinə təsiri sıfırdır. Lakin İran Prezidenti Həsən Ruhaninin çıxışı maraqla qarşılanıb. O, çəkinmədən Amerikanı ciddi tənqid edib. H.Ruhani deyib ki, əgər İranla yeni nüvə sazişi imzalanmasa, dünyanı təhlükələr gözləyir. O, yeni sazişin şərtlərini də ifadə edib. Deyib ki, danışıqlar hüquqi əsasda, BMT TŞ-nin uyğun qətnaməsini (2231-ci qətnamə) nəzərə almaqla aparılmalıdır. Onların pozulması və keçmişə qayıdışdan imtina edilməlidir. O cümlədən Amerika beynəlxalq institutların işini pozmaqdan əl çəkməlidir. Hazırda Vaşinqton faktiki olaraq həmin təşkilatların fəaliyyətini iflic edib. Bunun heç kəsə bir xeyri olmayacaq. Bu bağlılıqda o, Vaşinqtonu danışıqlara dəvət edib. Sanksiyaları ləğv edib, əldə edilmiş ümumi razılıq sazişi çərçivəsində BMT-nin nəzarəti altında danışıqları davam etdirməyə çağırıb. Bu səbəbdən hər hansı təhdid, müharibə xəbərdarlığı, sanksiyalar danışıqların başlamasına yardım etməz.

İran Prezidenti bunlarla yanaşı, Fars körfəzi bölgəsində kollektiv təhlükəsizlik sistemi yaratmağı təklif edib. H.Ruhani buna nail olmağın mümkünlüyünə inandığını bildirib. Bunun üçün regionun bütün ölkələri həmin prosesdə iştirak etməlidirlər. H.Ruhani ayrıca vurğulayıb ki, bu bölgədə təhlükəsizliyin təmini Tehran üçün həmişə vacib sayılıb. Həmin səbəbdən Tehran Fars körfəzindəki hər hansı dağıdıcı fəaliyyətə kəskin reaksiya verəcək. Ekspertlər bu fikri İranın Amerikaya cavabı kimi qiymətləndiriblər.

Türkiyə və İran prezidentləri ilə yanaşı, ekspertlər üçün Fransa Prezidenti Emmanuel Makronun çıxışı da böyük maraq doğurub. Bu, daha çox Amerikaya münasibətlə əlaqədar olub. E.Makron açıq vurğulayıb ki, dünyanı təkbaşına idarə etmək təcrübəsinin sonu gəlib. İndi çoxtərəfli dünya modelini formalaşdırmaq gərəkdir. Bütövlükdə bəşəriyyət bir supergücün şıltaqlığından asılı olmamalıdır. O cümlədən böyük dövlətlər İqlim dəyişikliyi ilə bağlı Paris müqaviləsinin şərtlərinə əməl etməlidir. Bunu etməyən dövlətlə gərək heç bir ölkə ticarət əlaqəsi saxlamasın.

Ekspertlər bu fikirlərə görə əmindirlər ki, E.Makron Amerikanı hədəf alıb. Birincisi, Paris artıq Vaşinqtonun hegemonluğunu qəbul etmək istəmir. İkincisi, Fransa hökuməti ABŞ-ın Paris müqaviləsindən çıxmasını unutmayıb. Bu davranışı Paris bütövlükdə dünyaya qarşı saymazlıq kimi qiymətləndirir. Fransa Prezidenti hətta Amerikanın şərtlərə əməl etmədiyi halda G7 əməkdaşlıq formatından çəkilə biləcəyini bəyan edib. E.Makron deyib ki, kimin necə davrandığından asılı olmayaraq "biz yeni koalisiyalar, yeni formatlar axtarışını davam etdirəcəyik".

Bunu ABŞ rəhbərliyinə edilən ciddi xəbərdarlıq kimi qiymətləndirə bilərik. Çünki Fransa Prezidenti faktiki olaraq Türkiyə, İran və Almaniya rəhbərliyi ilə eyni mövqedə olduğunu ifadə edib. Biz hələ Rusiya və Çini demirik. Belə görünür ki, tədrici olaraq dünyanın böyük dövlətləri antiamerika cəbhəsində birləşirlər. Maraqlıdır ki, həmin sırada Avropanın böyük dövlətləri də vardır. Bu, ümumən dünya siyasətinin yeni məzmun kəsb etməsindən xəbər verməkdədir.

Beləliklə, BMT Baş Assambleyasının 73-cü sessiyasında dünya siyasəti üçün çox ciddi əhəmiyyəti ola biləcək iki məqam ortaya çıxdı. Onlardan biri – dünyanın çox kəskin ziddiyyətlər içində olduğu qənaəti qətiləşdi. Böyük dövlətlərin başçılarının çıxışlarında yer alan fikirlər bunu tam təsdiq etdi. Digər məqam isə BMT TŞ-nin daimi üzvlərinin faktiki olaraq birgə səmərəli və ədalətli işləmək potensialının bitmək üzrə olduğu aydınlaşdı ki, bu da həmin təşkilatda islahatlardan başqa yolun qalmadığı anlamına gəlir.

Bu iki məqamın işığında 73-cü sessiyaya yanaşanda artıq sözün də bitdiyi nöqtəyə gəlindiyi məlum olur. Siyasi liderlər nə mümkünsə, onları deyiblər. İndi hərəkət etmək zamanıdır. Əks halda, bütövlükdə dünya xaosa sürüklənir. Bunun üçün ilk növbədə BMT TŞ-də islahatlar aparmaq gərəkdir. Beş daimi üzv həm ortaq mövqe nümayiş etdirə bilmirlər, həm də başqalarını yaxına buraxmaq fikrində deyillər. Baxın, ən çox fikir ayrılığı Amerika, Çin və Rusiya arasındadır. E.Makronun BMT-dəki çıxışı da göstərdi ki, Parisin də Vaşinqtona çoxlu iradları mövcuddur. Belə bir şəraitdə BMT TŞ necə səmərəli çalışa bilər və ədalətli qərarlar qəbul edər? Mümkün deyildir!

Deməli, vəziyyət birbaşa TŞ-dəki islahatların olub-olmayacağına dirənib. Dünyanın taleyi bir çox aspektlərdə onun baş verib-verməyəcəyindən asılı olacaq. Belə görünür ki, həmin beş daimi üzvün islahatlara getmək fikri yoxdur. O halda qlobal miqyasda qarşıdurmalar və bir sıra hallarda toqquşmalar bundan sona da özünü göstərə bilər. Bu ssenari reallaşsa, tarixi əhəmiyyəti olan bir alyansın meydana gəlməsi ehtimalı yüksələcək.

Həmin alyansda Aİ, Türkiyə, Rusiya və Çin təmsil oluna bilərlər. Belə bir vəziyyətin Vaşinqtonu daha radikal mövqeyə təhrik edəcəyini unutmaq olmaz. Mümkündür ki, dünya bu kimi proseslərlə yeni ziddiyyətlər müstəvisinə keçsin. Daha nikbin ssenarilər də istisna deyil. Hər şey siyasi liderlərin iradəsindən və rasional mövqelərindən asılıdır. Bunun məhz belə olacağına təəssüf ki, kimsə təminat verə bilmir. O cümlədən böyük dövlətlərin ikili standartlardan əl çəkmək fikirləri yoxdur! Newtimes.az




Baxış sayı: 1 450
Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Dünən, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Dünən, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Dünən, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Dünən, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Dünən, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Dünən, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Dünən, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Dünən, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930