FACT-INFO.AZ » CƏMİYYƏT » Üzeyir Hacıbəyli və Azərbaycan Cümhuriyyəti
4-04-2018, 08:40 | CƏMİYYƏT
Üzeyir Hacıbəyli və Azərbaycan Cümhuriyyəti

Ü.Hacıbəyli ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində almışdır. Sonra o, Qori Müəllimlər Seminariyasında təhsil almışdır.

Üzeyir bəy hələ gənc yaşlarından musiqiyə böyük maraq göstərmişdir. Onun böyüdüyü Şuşa mühitinin zəngin musiqi ənənələri var idi. Ü.Hacıbəylinin qardaşı C.Hacıbəyli “İlk Azərbaycan operası necə yarandı?” məqaləsində bu haqda maraqlı məlumatlar vermişdir: “Mən qardaşım Üzeyirlə (o, məndən üç yaş böyükdür) gənc yaşlarımızdan musiqiyə maraq göstərdik. Qarabağın öz təbiəti, xüsusən, rəsm kimi çəkilmiş paytaxtı Şuşa lirika və poeziya sahəsində romantizm və yaradıcı ilhamla bol idi.Ən istedadlı müğənni və sazəndələr əslən Qarabağdan olanlar idi...Bizim ana qohumları arasında dayıoğlular, dayımız və digərləri daxil olmaqla 4 nəfər xanəndə, 3 tarçı isə hörmətli şəxslərin xahişi ilə məclislərdə çıxış edirdilər.

Qardaşım Üzeyirlə mənim çox gözəl səsimiz vardı və tezliklə təcrübə əsasında klassik musiqinin bütün incəliklərini öyrəndik...”. Ü.Hacıbəyli Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Cəbrayıl qəzasının Tuğ kəndində müəllimlik etdi. O, ilk yazılarını da buradan − Cəbrayıl qəzasından “Kaspi” qəzetinə göndərmişdir. Onun ilk göndərdiyi yazı 1904-cü ilin sentyabrın 24-də “Kaspi” qəzetinin 215-ci sayında bu başlıqda çap edilib: “Korrespondensiya. Cəbrayıl qəzasından (Müxbirimizdən)”. Ü.Hacıbəylinin Cəbrayıl qəzasından “Kaspi”yə göndərdiyi sonuncu yazı 1905-ci ilin 13 yanvarında çap edilib.

Tuğ kəndində müəllimlikdən sonra Ü.Hacıbəyli 1905-ci ildə Bakıya qayıtdı. O, burada bir müddət “Bibiheybət”də çalışdıqdan sonra, “Həyat” və “İrşad” qəzetləri ilə əməkdaşlıq etdi. Ü.Hacıbəylinin 1904-1920-ci illərdə (Sovet rejiminə qədər) çap edilən yazıları haqqında məlumat belədir: 1) “Kaspi” qəzetində 10 məqalə (2 sentybar 1904 − 13 yanvar 1905; 2) “Həyat” qəzetində 5 məqalə və felyeton; 3) “İrşad” qəzetində 241 məqalə və felyeton (1905-ci ilin 28 dekabrından − 1908-ci ilin 24 iyununa qədər); 4) “Tərəqqi” qəzetində 102 məqalə (1908-ci ilin 24 iyunundan − 1909-cu ilin 28 sentyabrına qədər); 5) “Həqiqət” qəzetində 43 məqalə (1909-cu ilin 25 dekabrından − 1910-cu ilin 9 mayına qədər); 6) “Molla Nəsrəddin” jurnalında 1 məqalə (1911-ci il); 7) “Məktəb” jurnalında 1 məqalə (1911-ci il); 8) “İqbal” qəzetində 12 məqalə (1912-1913-cü illər); 9) “Yeni İqbal” qəzetində 70 məqalə (1915-1917-ci illər); 10) “İttihad” qəzetində 2 məqalə; 11) “Azərbaycan” (rusca) qəzetində 1 məqalə; 12) “Azərbaycan”(Azərbaycan dilində) qəzetində 68 məqalə (1918-1920-ci illər).

Ü.Hacıbəyli 1909-cu ilin iyunun 28-dən oktyabrın 25-dək “Tərəqqi” qəzetində (Ə.Ağaoğlu Türkiyəyə getdikdən sonra), 1909-cu ilin 25 dekabrından 1910-cu ilin mayın 28-nə qədər “Həqiqət” qəzetində, 1919-cu ilin 16 yanvarından 1920-ci ilin 28 aprelinə qədər (fasilələrlə) “Azərbaycan” qəzetində redaktor (müdir) olaraq çalışmışdır. O, yazılarını bu imzalarla çap etdirirdi: “Hacıbəyli Üzeyir”, “Üzeyir”, Ü.Hacıbəyli”, “Çı”, “Behmənkəs”, “Lal uşaq”, “Bisavad”, “Musiqiçi”. Üzeyir bəy “Ordan-burdan”, “O yan, bu yan” başlıqları altında olan felyetonlarına “Filankəs” imzası qoyurdu.

Ü.Hacıbəylinin 1920-ci ilə qədər iki kitabı nəşr edilmişdir: 1) “Hesab məsələləri”, 2) Türk-Rusi və Rusi-Türk lüğəti” (1907-ci il). Bu kitabın naşiri M.Ə.Rəsulzadə olmuşdur. Ü.Hacıbəyli 1920-ci ilə qədər olan fəaliyyətində “Leyli və Məcnun”dan başqa aşağıdakı operalarını yazmışdır: “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşid banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915). Ü.Hacıbəyli məşhur operettalarını da bu illərdə yazmışdır: “Arşın mal alan”, “O olmasın, bu olsun” vəs . Ü.Hacıbəyli “Çırpınırdı Qara dəniz” musiqisini (sözləri Əhməd Cavadındır) bəstələmiş və onun Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı Dövlət Himni bu gün də rəsmi tədbirlərdə səslənməkdədir.

Ü.Hacıbəyli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra, “Azərbaycan” qəzetində müstəqil dövlətimizin geniş təbliğatını apardı. “Azadlıq”, “Cümhuriyyət”, “Parlament” sözləri onun yazılarının əsasını təşkil edirdi. Ü.Hacıbəyli ilk dəfə olaraq 1918-ci ilin dekabrın 5-də “Azərbaycan” qəzetinin 56-cı sayında “Azərbaycan Parlamanı” məqaləsində Azərbaycan Cümhuriyyəti haqqında fikirlərini ifadə edirdi. O, yazırdı: “Bəli, bu günlərdə milli Parlamanımız açılasıdır, deməli, Azərbaycan istiqlalı təmin edilmiş olmasa da, təkmil ediləcək və cümhuriyyətimiz siyasi bir vahid olmaq üzrə mükəmməl bir surətə girəcəkdir”.

Ü.Hacıbəyli “Azərbaycan” qəzetindəki “Tarixi günümüz” məqaləsində dekabrın 7-də açılacaq parlamentin əhəmiyyətini belə dəyərləndirirdi: “Böylə olan surətdə, deməli, qəlbimizdə bəslədiyimiz ümid − parlamanımızadır və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var qüvvəsi ilə çalışacaq və siyasi imtahanının xaricilər ənzari qarşısında parlaq bir surətdə verməklə vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır. Yaşasın Türk Azərbaycan Cümhuriyyətinin cavan parlamanı!” 1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin açılış mərasimi oldu. Ü.Hacıbəyli “Təəssürat” məqaləsində həmin hadisəni belə təsvir edirdi: “Parlamanımız açıldı, gördük, Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi...”.

Sonra Ü.Hacıbəyli təsirli bənzətmələrlə fikrini gücləndirərək yazırdı: “Parlaman imarətinin içində ziynət cümləsindən diqqəti cəlb edən şey qiymətli xalılar deyil idi, bəlkə qiyməti ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyəsi dedikcə baha olan üçrəngli milli bayrağımız idi”. Ü.Hacıbəyli parlamentin açılış mərasimindən çox maraqlı məqamları oxuculara çatdırırdı: “Məhəmməd Əmin (Rəsulzadə − red.) nitqində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endiriləməz!” − dedikdə bütün Məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.

Ü.Hacıbəyli məqaləsini təsirli cümlələrlə davam etdirirdi: “Padşahlıq məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı. Məhəmməd Əmində natiqlikdə “patent” qazanmış olan “orator”lara məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər yox idi. Bunların əvəzində özgə bir hal var idi ki, o da keçdikcə qızışıb sözlərinin dəruni qəlbdən söyləndiyini eşidənlərə hiss etdirməklə dərin təsir oyatmaq idi”. Ü.Hacıbəylinin “İstiqlal və istiqlal ümidi” məqaləsi Versalda keçiriləcək Sülh Konfransına həsr edilib. O, yazırdı ki, həmin toplantıda istiqlalımıza “hə” və “yox” nəticəli qərar veriləcəkdir və oraya göndərilən nümayəndələrimiz çalışıb Azərbaycanı dünyaya tanıtmalıdır. O, narahatlıq içərisində yazırdı: “Lakin Allah eləməsin ki, “yox” xəbəri ilə qayıtsınlar! O halda bütün ümidlərimiz, bütün amal və arzumuz məhv və nabud olub da, əvəzində qeyri-qabil təsəlli, bir hüzn və olduqca dərin bir yas və əməl əmələ gəlib, artıq dünya üzündə yaşamaq həvəsindən düşərək və ya yaşasaq da ölü olduğumuzun və ya diri qaldığımızın heç bir fərqi olmaz, çünki hüquqi-siyasi və milliyyəsindən məhrum edilmiş olan bir millətin diriliyi ölülüyünə bərabərdir” (3).

Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyətinə bağlı olmaq, dəyərləndirmək, onu müdafiə etmək prinsiplərini yazılarında əks etdirirdi: “Amma bu gün biz bu cürə dövləti qorumağa və ictimai işlərə girişməyə məcburuq. Bu cürə işlərə kənardan baxmağa və biganə qalmağa haqqımız yoxdur, çünki biz daha özgə vətənin ögey oğlu deyilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, hökumət də bizimdir, camaat da bizimdir. Bu gündən böylə hər bir əmri məhz hökumətin boynuna atmaq, “Hökumət özü bilər” demək, hökuməti təkbaşına buraxmaq, hökumətə əldən gələn köməyi etməmək mənafei-milliyyə və istiqlaliyyətimizin və həm də şan və şərəfimizin təmin və təyidi(qüvvətlənməsi-red) yolunda işləməmək, müstəqil yaşamaq iddiasında olan millət üçün günahdır”.

Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyətinin böyük qurucularından olan F.X.Xoyskinin istefa vermək təklifi ilə bağlı yazdığı “Yeni böhran” məqaləsində Nazirlər Şurası Sədrinin fəaliyyətini yüksək dəyərləndirirdi: “Yeni vücuda gəlmiş olan Azərbaycan hökumətinin bir neçə rəisülvüzərası(Baş nazir-red) olmaqla, Azərbaycan tarixində mühüm bir mövqe tutmuş olan Fətəli xan həzrətləri, bu yeni dövlətin vəziyyətini köhnə parələrdən əmələ gəlmiş bir gəmiyə bənzədirdi ki, bu kimi fırtınalı bir gündə dərya üzərində hər saat və hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşısında qalmış bütün ümidini gəmiçinin ustadlıq və məharətinə bağlamışdı. Ü.Hacıbəyli Azərbaycan istiqlalının bir illiyinə həsr etdiyi məqaləsini “Bir yaş” adlandırırdı. Onun bu yazısında Azərbaycan istiqlalına böyük bağlılıq vardır. Üzeyir bəy yazırdı: “Bu gün istiqlalını elan etmiş olduğumuz və bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanımanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan Türk Dövlətinin bir yaşı tamam olub da iki yaşa qədəm qoyduğu gündür.

Novzad dövlətimizin təvəllüdü, ana vətənin bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən balasını doğarkən özünü qurban edəcək dərəcəsinə gəlmişdi. Azərbaycan torpağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri-mehribanın nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar həm anasını, həm bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xəşil etməklə anasını da, balasını da öldürmək istəyirdilər. Lakin bu zəif sinə içinə gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvəti haiz idi ki, zəif cisim, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi”. Ü.Hacıbəyli Azərbaycan istiqlalının mövcud durumunu belə təqdim edirdi: “Biryaşlı dövlətimiz gələcəkdə və yaxın gələcəkdə türklüyün ümidgahı, islamlığın pənahı və aləmi-mədəniyyətin möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda hər kəsə bildirməkdədir”.

Ü.Hacıbəyli “Azərbaycan” qəzetində o dövrdə Qarabağda baş verən hadisələrlə də bağlı yazılar çap etdirir, bu bölgədə erməni silahlılarının dinc insanlara qarşı törətdikləri vəhşiliklərdən yazırdı: “Təqribən bir ay bundan əvvəl idi ki, Qarabağdan gələn ahu-fəryadlar həm hökumətimizi, həm də cəmiyyətimizi təchiz etməklə Azərbaycan torpağının bu hissəsinə xüsusi bir nəzər yetirilməsini tələb edirdi. Nə olmuşdu orada? Ermənilərin generalı sayılan Andronik öz quldur dəstəsi ilə Qarabağın Zəngəzur adlanan qəzası üzərinə tökülüb müsəlman əhalisini qətli-qarət kimi quldurlara məxsus əməlləri ilə tədhiş edib buraları müsəlmanlardan təmizləmək istəyirdi. Şübhəsizdir ki, hökumətimiz Azərbaycan türklərinə qarşı icra edilən və rəva görülən bu vəhşiliklərə göz yuma və istimdad(komək) fəryadlarına qulaq asmaya bilməzdi. Hökumətimiz ingilis komandanlığının nəzərini dəxi bu günə, vəhşi əməllərə cəlb edib Andronikin əməli-vəhşiyanəsinə nəhayət çəkdirdi”. Ü.Hacıbəylinin “Azərbaycan” qəzetində çap edilən “İçimizdəki Denikinlər” məqaləsi də çox əhəmiyyətlidir. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin sərhədlərində dayanan, çar Rusiyasının generalı olmuş Denikin “Bölünməz Rusiya” xülyalarından uzaqlaşa bilmir, yaranmış müstəqil dövlətləri təhdidlər altında saxlamağa çalışırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə ölkə daxilində mane olanları Ü.Hacıbəyli “İçimizdəki Denikinlər” adlandırıb yazırdı: “Bir Denikin var ki, bizi xaricdən təhdid edir. Bir çox denikinlər də var ki, içimizə dolub, ən xətərli yerlərimizdə gizlənib də bizi daxildən qorxudurlar.Heç şübhə edilməsin ki, bu daxili denikinlərimizin qorxusu xarici Denikinin qorxusundan daha böyük və daha xətərlidir. Çünki xarici Denikin göz önündədir, aşkardır. Daxili denikinlər isə içimizdə gizlənmişlər, özlərini göstərmirlər. Gizli düşmənin aşkara düşməndən daha təhlükəli olduğu hər kəsə məlumdur”. Ü.Hacıbəylinin “Azərbaycan” qəzetindəki son yazısı “Zurna” adlanırdı. Yazı 1920-ci ilin aprelin 25-də qəzetin 82-ci sayında “Çı” imzası ilə çap olundu.

Ü.Hacıbəyli böyük uzaqgörənliklə iki gündən sonra Azərbaycanı işğal edəcək bolşeviklər haqqında yazırdı: “Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur, xeyir! Təfavüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “usvoloç”(itoğlu-red) deyib, atamıza söyərdilər, mujik və raboçi(fəhlə-red) hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər”. 1920-ci ilin aprelin 27-də Rusiyayanın XI işğalçı ordusu Azərbaycan sərhədlərini keçib ölkə ərazisini işğal etdi.

Sovet işğalının ilk illərində Ü.Hacıbəylinin həyatı sakit keçmədi. Bəzi məlumatlarda onun da bolşeviklər tərəfindən güllələnmə ehtimalı qeyd olunmaqdadır. Üzeyir bəyin xilasına kömək edən əsas şəxsin onun həyat yoldaşı Məleykə xanımın qardaşı İ.Terequlov olduğu söylənilməkdədir (İ.Terequlov o dövrdə Fövqəladə Komissiyada çalışırdı). 1920-ci ildə Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra o, mənən qəbul etmədiyi, məcbur olub 28 il yaşadığı sovet dövründə ümumilikdə 90-na qədər (Azərbaycan və rus dillərində) məqalə çap etdirdi. Azərbaycanın işğalına qədər isə onun (1904-cü ildən 1920-ci ilə qədər) 16 il ərzində 600-ə yaxın məqaləsi çap olunmuşdur. Ü.Hacıbəylinin Sovet dövründə 1 kitabı rus dilində çap edildi: “Azərbaycan xalq musiqisinin əsasları”.

Ü.Hacıbəyli sovet dövründə bütün fəaliyyətini Azərbaycan musiqisinin inkişafına həsr etdi. 1920-ci ilə qədər çoxlu sayda musiqi əsərləri bəstələyən Ü.Hacıbəyli yalnız 1937-ci ildə bir opera əsəri − “Koroğlu”nu yazdı. Ü.Hacıbəyliyə qarşı sovet rejiminin mənfi münasibəti 1920-ci illərin sonlarında daha sərt oldu. Ona bu münasibətin yaranmasında qardaşı C.Hacıbəylinin Avropada sovet dövləti əleyhinə çalışmalarının da böyük təsiri vardı.

Ü.Hacıbəyli isə ciddi cəhd göstərməsinə baxmayaraq qardaşının Azərbaycana qayıtmasına nail ola bilmədi. Bu mənada onun C.Hacıbəyliyə yazdığı məktublarda təsirli məqamlar çoxdur. Ü.Hacıbəyli bu məktublarında ailə, məişət və dolanışıq problemləri ilə yanaşı, qardaşından nigaranlığını, onun ailəsindən, uşaqlarından ötrü darıxdığını ağrılı bir formada açıqlayırdı. Ü.Hacıbəyli peşəcə müəllimə olan Məleykə xanım Terequlova ilə ailə həyatı qurmuşdu. Lakin onların 40 illik birgə həyatında övladları olmadı.

Ü.Hacıbəyli 1948-ci ilin noyabrın 23-də dünyasını dəyişdi.

Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu M.Ə.Rəsulzadə Ü.Hacıbəyli haqqında yazırdı: “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə otoritəsini (nüfuzunu − red.) hər kəsə tanıtmış bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir neçə rəsmi, siyasi vəzifə və ünvanlarla onu “mənimsəmişdir”.

Fəqət beyhudə, dəmir pərdənin arxasında özünə süni marşlar yazdırılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri (qaynaqları − red.) arasında qalacaq ayrılmaz bir dəyərdir”.

Nəsiman YAQUBLU tarix elmləri doktoru




Baxış sayı: 2 906
Özbəkistanda Türk dünyasına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Dünən, 15:30 "Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Dünən, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Dünən, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Dünən, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Dünən, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Dünən, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Dünən, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Dünən, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” 25-11-2024, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır 25-11-2024, 14:00 Kəlbəcər - alınmaz qalamız 25-11-2024, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir 25-11-2024, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır 25-11-2024, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb 25-11-2024, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib 25-11-2024, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 25-11-2024, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930