FACT-INFO.AZ » SİYASƏT » Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma
Bu gün, 10:00 | SİYASƏT
Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma

Mərakeş Krallığının Rabat şəhərində hicri-qəməri təqvimi üzrə 1389-cu il Rəcəb ayının 12-də (1969-cu il 25 sentyabr) “İslam Konfransı Təşkilatı” adı ilə fəaliyyətə başlamış İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yaradılmasından 57 il ötür.

Hər bir müsəlman üçün mühüm əhəmiyyət kəsb edən bu ildönümü mənim bir neçə həftə əvvəl İslam Əməkdaşlıq Təşkilatının Baş katibi səlahiyyətlərimin icrasına başladığım tarixlə üst-üstə düşür ki, bu da mənə olan böyük etimadı, həmçinin İslam ümmətinin ümid bəslədiyi Təşkilatın missiyasını və məsuliyyətini yerinə yetirmək əzmini artıran dərin rəmzi məna daşıyır.

Bu ildönümündə biz İƏT-in yaranmasını ehtiramla xatırlayırıq. Çünki bu hadisə müqəddəs Əl-Əqsa məscidinin qəsdən od vurularaq yandırılmasının müsəlman ümmətini sarsıtdığı və bu hadisədən sonra İslam aləminin bir araya gələrək müqəddəs məkanlarını qorumaq iradəsinin oyandığı tarixlə bağlıdır.

Təşkilatımız Allahın mərhəməti ilə Fələstin məsələsinə bundan sonra da dəstək verməyi və onun əsas prinsiplərini müdafiə etməyi - Fələstin xalqının hüquqlarını qorumaq və 1967-ci il 4 iyun sərhədləri daxilində, paytaxtı Əl-Qüds əl-Şərif olmaqla müstəqil və suveren dövlət qurmaları yolunda onları dəstəkləmişdir.

Bu məsələ İƏT-in missiyasının əsas məqsədi olmaqla yanaşı, onun kollektiv məsuliyyət üfüqləri siyasi fəaliyyətlə bərabər, iqtisadi, mədəni, sosial və elmi əməkdaşlıq sahələrini də əhatə edərək genişlənmişdir.

İslam Əməkdaşlıq Təşkilatının bir ideya kimi başlayan, onu təsis edənlərin səyləri və üzv dövlətlərin dəstəyi ilə inkişaf edən tarixinə nəzər salan hər bir kəs təşkilatın Nizamnaməsini, prinsiplərini və məqsədlərini rəhbər tutaraq, öz tələblərinin ədalətliliyinə arxalanaraq, haqqın və bərabərliyin tərəfində duraraq, həmçinin başqalarını anlamaq və onlara hörmət etmək öhdəliyinə sadiq qalaraq ali məqsədinə - İslam həmrəyliyinin gücləndirilməsinə və İslam dünyasının müxtəlif məsələlərində vahid mövqenin qorunub saxlanılmasına sadiq qaldığını görəcəkdir. Bu yanaşma bir çox sahələrdə əldə olunan nailiyyətlərdə - inkişafın dəstəklənməsində, sosial həmrəyliyin möhkəmləndirilməsində, yoxsulluqla mübarizədə, sosial təcrid və marginallaşdırma ilə mübarizədə, həmçinin ailə dəyərlərinin təşviqində öz əksini tapmışdır. İƏT bu kontekstdə humanitar ehtiyacların qarşılanmasında, İslam dünyasının bir çox bölgələrində və onun hüdudlarından kənarda qaçqınlar və məcburi köçkünlər üçün ləyaqətli yaşayış şəraitinin dəstəklənməsində həlledici rol oynayıb.

Təşkilat üzv olmayan dövlətlərdəki müsəlman icmaların fəaliyyətini dəstəkləmiş, ölkələrimizin bir çoxunu cənginə almış ekstremizm və radikalizm dalğasına qarşı mübarizəyə töhfə vermişdir.

İslamofobiyaya qarşı mübarizədə İƏT Qərb ölkələrində və dairələrində fəal tərəfdaş kimi öz mövqeyini möhkəmləndirmişdir. Təşkilat öz tələblərinin ədalətliliyinə görə ehtiram qazanıb. Bu ədalətlilik bir çox hallarda dinc yanaşı yaşayışa və nifrətin rədd edilməsinin təşviqinə daha əlverişli mühit yaratmaq məqsədilə İƏT-in çağırışlarına cavab olaraq atılan əməli addımlarla özünü sübut edib.

Onilliklər ərzində bu məsələlər müstəsna mövqe qazanmaqda İƏT-ə kömək edib, onu İslamın ali prinsiplərindən və mötədilliyə əsaslanan dəyərlərindən qaynaqlanan ortaq kimlik çərçivəsində bir araya gəlmək, böhranlara qarşı mübarizə aparmaq və müvafiq həll yolları tapmaq üçün yeganə quruma və ən ideal platformaya çevirmişdir.

İƏT-in oynadığı bu tarixi rol hazırda daşıdığım məsuliyyətin yükünü daha dərindən dərk etməyimə rəvac verir. Bu, məni təşkilatın sağlam prinsiplərinə və mötəbər istinad mənbələrinə sadiq qalmaqla yanaşı, qlobal və regional çağırışlarla mübarizədəki rolunun tələblərinə cavab verən yeni baxış formalaşdırmağa sövq edir. İƏT məhz bu prinsiplər vasitəsilə öz imkanlarını və təcrübəsini İslam ümmətinin xeyrinə və rifahına yönəldə, habelə üzv dövlətlər arasında həmrəyliyi daha da möhkəmləndirə bilər.

Bu gün İƏT dərinləşən regional gərginliklərin daha da kəskin hal aldığı beynəlxalq qütbləşmələr, ildən-ilə artan iqtisadi çətinliklər, həmçinin əvəzini daha kasıb ölkələrin və ən həssas, müdafiəsiz qrupların ödədiyi kəskin humanitar və ekoloji böhranlar fonunda çox çətin bir imtahanla üz-üzədir. Dünya miqyasında baş verən sürətli və misli görünməmiş dəyişikliklər, - yeni texnologiyaların gündəlik həyatımıza daxil olması və onların özü ilə gətirdiyi, nəinki resursları tükənən və bu dəyişikliklərlə ayaqlaşmaq imkanları məhdudlaşan mürəkkəb böhranların təsirinə məruz qalmış müsəlman aləmi, hətta böyük dövlətlərin belə öhdəsindən gəlməkdə çətinlik çəkdiyi bir-biri ilə qarşılıqlı əlaqəli çağırışlar, - bu məsuliyyətin yükünü daha da artırır.

Dörd qitədə 57 ölkəni əhatə edən və iki milyardadək müsəlmanı, o cümlədən üzv olmayan dövlətlərdəki müsəlman icmalarını təmsil edən İslam Əməkdaşlıq Təşkilatı bu gün baş verən sürətli qlobal dəyişikliklərlə ayaqlaşmağa məcburdur. Təşkilat bunu nəzərdən qaçırılması mümkün olmayan vətəndaş müharibələri, siyasi həssaslıq, iğtişaşlar və zəif iqtisadi strukturlar kimi tarixi irsi çiyinlərində daşıyaraq edir.

İƏT Allahın mərhəməti ilə bu məsuliyyəti üzərinə götürmək üçün zəruri institusional, insani və maddi potensiala malikdir. Təşkilat öz çətiri altında fəaliyyət göstərən 44 quruma, o cümlədən köməkçi, törəmə, ixtisaslaşmış və müstəqil təşkilatlara, həmçinin Baş Katibliyin Nyu-York, Cenevrə, Brüssel, Ramallah, Bağdad, Moqadişo, Niamey və Kabildəki 8 nümayəndəliyinə arxalanır. Bu institusional şəbəkə İƏT-i dünyanın bütün bölgələrində mövcudluğunu gücləndirən çoxsaylı imkanlarla təmin edir. Hərtərəfli platforma kimi İƏT-ə üzv dövlətlərin zənginliyini və onların böyük insani potensialını nəzərə alsaq, bu şəbəkə təşkilatın yeni proseslərlə ayaqlaşmaq bacarığına olan inamın təməlini təşkil edir. Kəskinləşən böhranlar fonunda biz də öz növbəmizdə Təşkilatın fəaliyyətinin səmərəliliyinə yaranan şübhələri aradan qaldırmalıyıq.

Bu kontekstdə qarşımızdakı 5 il ərzində reallaşdırmağa çalışdığım məqsəd aydındır. Mən fəaliyyətdə öncüllüyə, səmərəliliyə, idarəetməyə, şəffaflığa, innovasiyaya və təşəbbüskarlığa əsaslanan, hadisələri, sadəcə, izləmək deyil, onların həlli yollarının tapılmasına töhfə verə bilən aparıcı və nüfuzlu təşkilat formalaşdırmağa çalışacağam. Təşkilat üzv dövlətlərə xidmət göstərməkdə, onların haqq işini müdafiə etməkdə, beynəlxalq mövqeyini gücləndirməkdə, həmçinin təhlükəsizliyin, sülhün və inkişafın möhkəmləndirilməsinə töhfə verən səmərəli tərəfdaşlıqlar qurmaqda təsirə malik olacaqdır.

Bu gün bizdən üzv dövlətlərin plan və tapşırıqlarının, onların təşkilatda islahat aparılması ilə bağlı təxirəsalınmaz tələbinin icrasını irəlilətmək, onun bir çox sahələrdəki keçmiş uğurlarına və müxtəlif məqamlarda qazandığı nailiyyətlərə söykənmək tələb olunur. Fələstin məsələsi və Fələstin xalqının hüquqları təşkilatın fəaliyyətinin əsas prioritetləri olaraq qalacaq. İslamofobiya və nifrət nitqi ilə mübarizə, proaktiv diplomatiya və münaqişələrdə vasitəçilik, rəqəmsal və texnoloji transformasiyaya dəstək, süni intellekt inqilabından yararlanmaq, həmçinin yoxsulluq və aclıqla mübarizə qarşıdakı illərdə də İƏT-in əsas prioritetləri sırasında olacaq.

Bu prioritetlərin təməlində daha firavan gələcəyin qurulmasına aparan ən səmərəli mexanizm kimi insan kapitalına sərmayə yatırılması dayanır. Bu, təhsilə, elmi tədqiqatlara, innovasiyaya, bilik iqtisadiyyatına xüsusi diqqət yetirməklə, gənclərin və qadınların inkişafa töhfə vermək imkanlarını genişləndirməklə, beləliklə, İslam aləminin insani potensialını məhsuldar və nüfuzlu qüvvəyə çevirməklə həyata keçiriləcək.

Bununla bağlı digər məsələ iqtisadi və inkişaf amilləridir. Çünki ölkələrimizin insani, təbii və maliyyə potensialından kollektiv faydalanma arzulanan səviyyədən aşağıdır. Bu səbəbdən üzv dövlətlərlə məsləhətləşərək inteqrasiyanı, ticarəti, İƏT daxili sərmayələri və dövlət-özəl sektor tərəfdaşlığını gücləndirmək üçün əməli baxışı formalaşdırmaq, bununla da ölkələrimizin zəngin resurslarını artımı və davamlı inkişafı dəstəkləyən, xalqlarımıza birbaşa fayda gətirən imkanlara çevirmək üçün təşkilatın iqtisadi sammitini keçirmək üzərində işləyəcəyik.

Bu prioritetlərə nail olmaq və islahatları həyata keçirmək üzv dövlətlərin İƏT çətiri altında həmrəyliyini tələb edir. Bu, təşkilatın məqsədlərinə çatmaq üçün onun təməl prinsiplərinə əməl olunmasını, birgə baxış və əlaqələndirilmiş mövqelər vasitəsilə İslam aləminin beynəlxalq platformalarda nüfuzun və təsirinin artırılmasını, səsinin eşidilməsinin təmin olunmasını tələb edir.

Bu kollektiv fəaliyyəti dəstəkləmək və onun beynəlxalq üfüqlərini genişləndirmək üçün mən öz ölkəmdə, Birləşmiş Millətlər Təşkilatında və başqa yerlərdə müxtəlif vəzifələrdə topladığım təcrübəni beynəlxalq tərəfdaşlığı möhkəmləndirmək, bir sıra diplomatik və inkişaf mexanizmləri vasitəsilə regional və qlobal səviyyədəki tərəfdaş təşkilatlarla inteqrasiyanı təşviq etmək üçün səfərbər etməyə söz verirəm.

Bu öhdəlik mənim başqalarına açıq olmağın, təcrübə mübadiləsinin və dialoqa üstünlük verməyin yalnız İslam aləminin coğrafi sərhədləri ilə məhdudlaşmayan, əksinə, onların hüdudlarından kənara çıxaraq üzərində qurula biləcək və istifadə olunacaq qlobal uğur modelinə çevrilən müvəffəqiyyətin mühüm amilləri olmasına dair möhkəm inamımdan qaynaqlanır. Belə bir model dünyaya göstərə bilər ki, müsəlman aləmi qlobal səviyyədə davamlı inkişafa müstəsna töhfə vermək üçün lazımi nüfuza və gücə malikdir.

Şübhəsiz ki, bu öhdəlik təşkilatın fəaliyyətini və mesajını işıqlandıran, uzun müddətdir qarayaxma kampaniyaları və nifrətin qızışdırılması ilə üzləşən müsəlmanların və İslam aləminin həqiqi surətini çatdıran siyasi və media müzakirəsini tələb edir.

Mənə göstərdikləri etimada və dəstəyə görə İƏT-ə üzv dövlətlərin liderlərinə minnətdarlığımı bildirir, bu etimadı doğrultmaqda onların davamlı dəstəyini səbirsizliklə gözləyirəm. Mən təşkilatımızın əldə etdiyi uğurlara əsaslanaraq, nailiyyətlərdən və çağırışlardan çıxarılan dərslərlə zəngin onillikləri əhatə edən bir yola qədəm qoyaraq, onun enerjisini səfərbər etməkdə qətiyyətliyəm. Getdiyin yolun əzəməti yalnız əldə etdiyin nailiyyətlərdə deyil, həm də maneələri dəf etmək, imkanlardan yararlanmaq və qətiyyətimizi bir daha bəyan etmək bacarığındadır ki, biz yenidən formalaşan dünyada ümmətimizə yalnız bunun sayəsində layiq gələcək qura bilərik.

İsmail Uld Şeyx Əhməd
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi



Baxış sayı: 65
Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031