Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və Türk dünyası mütəfəkkiri Hüseyn Cavidin zəngin ədəbi irsinin qardaş Türkiyədə tanıdılması istiqamətində mühüm layihə həyata keçirilib.
Fact-info.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin layihəsi əsasında dahi dramaturqun “Hüseyn Cavid – Pyeslər” kitabının I cildi Türkiyə türkcəsinə tərcümə edilərək Ankaradakı “Perge” nəşriyyatında işıq üzü görüb.
Nəşrə Hüseyn Cavidin “Şeyx Sənan”, “Uçurum”, “İblis”, “Peyğəmbər”, “Topal Teymur” və “Xəyyam” kimi məşhur dram əsərləri daxil edilib. Kitab dosent Mehdi Gəncəli tərəfindən tərcümə olunub. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi akademiki Rafael Hüseynovdur.
Kitab Hüseyn Cavidin və onun ədəbi irsinin xalqa qaytarılmasında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ithaf olunub.
Akademik Rafael Hüseynov “Ön söz”də Hüseyn Cavidin yalnız Azərbaycanın deyil, bütöv Türk dünyasının yetirdiyi ən böyük şair, dramaturq və mütəfəkkirlərdən biri olduğunu vurğulayır. Qeyd edilir ki, Cavid sözün qüdrəti ilə öz dövrünün fövqünə yüksələn, milli düşüncəni bəşəri ideallarla birləşdirən və yaradıcılığı ilə türk xalqlarının mənəvi yaddaşında əbədi yer qazanan nadir sənətkarlardandır: “Hüseyn Cavidin böyüklüyü yalnız yaratdığı əsərlərdə deyil, həm də sədaqətlə qoruduğu mənəvi dəyərlərdə, azad düşüncəyə bağlılığında, milli kimliyə ehtiramında və türk birliyi idealına inamında təcəssüm edir”.
Layihənin əsas məqsədi Hüseyn Cavidin fəlsəfi və dərin məzmuna malik dramaturji irsini Türkiyə oxucularına çatdırmaq, klassik ədəbiyyatımızın qardaş ölkədə təbliğini gücləndirmək və mənəvi dəyərləri gələcək nəsillərə ötürməkdir.
Növbəti mərhələdə ədibin digər əsərlərinin daxil ediləcəyi ikinci və üçüncü cildlərin də nəşri planlaşdırılır. Yaxın vaxtlarda “Hüseyn Cavid – Pyeslər” kitabının həm Azərbaycanda, həm də Türkiyədə təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
Baxış sayı: 150
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
