FACT-INFO.AZ » CƏMİYYƏT » Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır
10-05-2017, 22:25 | CƏMİYYƏT
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır

 Məqalədə qeyd olunub

 Qədim tarixə, zəngin mədəni irsə, böyük təbii və insan resurslarına malik İslam aləmi müasir dünya nizamının, beynəlxalq münasibətlər sisteminin yaranması və inkişafında əhəmiyyətli rol oynamışdır. İslam dini həmişə sülh, tolerantlıq, humanizm ideyalarını təlqin etmiş və dünya sivilizasiyasına sanballı töhfələr vermişdir. 

Müsəlman dünyasının mühüm tərkib hissəsi olan Azərbaycan İslam mədəni irsinin yaranması və qorunub saxlanmasında önəmli məkanlardan biri kimi tanınır. VII-VIII əsrlərdən etibarən Azərbaycan ərazisində geniş yayılmış İslam dini xalqımızın mənəvi həyatını daha da zənginləşdirmiş, tarixin sonrakı mərhələlərində onun həyat tərzini və birgəyaşayış normalarını müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Ölkə ərazisində Əshabi-Kəhf ziyarətgahı, Qafqazın ən qədim məscidi - 743-cü ildə əsası qoyulmuş Şamaxı Cümə məscidi, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər. Xalqımız həmişə öz tarixi keçmişinə, mənəvi sərvətlərinə hörmətlə yanaşmış, hətta 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvolu olan bayrağında İslama mənsubluğunu əks etdirmişdir. SSRİ-nin tərkibində olduğu dövrdə basqılara məruz qalmasına baxmayaraq, xalqımız dini ibadətgahların və məscidlərin bir hissəsini qoruyub saxlamış, dini dəyərlərinə sadiq qalmışdır.

1990-cı illərin əvvəllərində dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanda din və vicdan azadlığı bərqərar olmuş, dini abidələrin, məscidlərin, ibadətgahların bərpası sahəsində mühüm işlər görülmüşdür. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatmışdır. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilmişdir.

Qeyd edim ki, 25 illik müstəqilliyimiz dövründə Azərbaycan bütün sahələrdə böyük uğurlara imza atmışdır. XX əsrin 90-cı illərindən başlayaraq transmilli enerji layihələrinin həyata keçirilməsi bizə milli iqtisadiyyatımızı inkişaf etdirmək, qeyri-neft sahəsini iqtisadiyyatın aparıcı seqmentinə çevirmək üçün geniş imkanlar yaratdı. Son 10 ildə ölkənin bütün infrastrukturu modernləşdirilmiş, enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin edilmiş, yoxsulluq və işsizliyin səviyyəsi 10 dəfə azalaraq 5 faizə düşmüşdür. Müasir nəqliyyat-tranzit infrastrukturuna malik Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir və artıq qlobal nəqliyyat qovşağına çevrilir. XXI əsrin layihəsi kimi xarakterizə edilən və hazırda uğurla reallaşdırılan “Cənub Qaz Dəhlizi” böyük Azərbaycan qazının dünya bazarına çıxarılmasına şərait yaradacaqdır.

Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı olmuşdur. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurmuş, bu çərçivədə həyata keçirilən bir çox layihələr qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönəlmişdir.

Qarşıdakı dövrdə İslam ölkələri ilə iqtisadi sahədə əməkdaşlığın siyasi əlaqələrimizin səviyyəsinə çatdırılması bizim əsas hədəflərimizdən biridir. Biz bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm veririk.

Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstək bizim mövqelərimizi gücləndirir. Qeyd edim ki, 2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində İslam ölkələrinin böyük rolu olmuşdur. Biz bunu İslam ölkələri ilə siyasi əlaqələrimizin yüksək səviyyəsinin, qarşılıqlı dəstək və həmrəyliyin təzahürü kimi qəbul edirik. Azərbaycan da BMT Təhlükəsizlik Şurasının üzvü olduğu dövrdə İslam dünyasının maraqlarına xidmət edən bir sıra təkliflər irəli sürmüş və həyata keçirmişdir. Məsələn, ölkəmiz terrorçuluğa qarşı mübarizə üzrə yüksək səviyyəli beynəlxalq konfransın keçirilməsi təşəbbüsü ilə yanaşı, həm də BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda yüksək səviyyəli görüşün təşkilinə nail olmuşdur.

Etiraf etməliyik ki, bu gün İslam aləmi ciddi çağırışlar, öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzədir. Onların sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Fələstin və Kəşmir kimi problemləri, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmaları, qaçqın böhranını və digər məsələləri qeyd etmək olar. Məlumdur ki, ermənilər son 200 il ərzində Azərbaycanın tarixi torpaqlarını zəbt etmək və həmin ərazilərdə öz dövlətlərini qurmaq planlarını reallaşdırmaq məqsədilə qanlı aksiyalar həyata keçiriblər. İndiki Ermənistan dövləti də məhz Azərbaycanın əzəli torpaqlarında yaradılmışdır. Bu təcavüzkar siyasəti davam etdirən Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımı həyata keçirilmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını qınayan, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən dörd qətnamə qəbul etmişdir. Bu kimi sənədlər ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də qəbul olunmuşdur. İƏT Azərbaycanın ərazi bütövlüyü və haqlı mövqeyini dəstəkləyən, Xocalı soyqırımını tanımağa, Ermənistanın işğalçılıq siyasətinə qarşı praktiki addımlar atmağa səsləyən çoxsaylı qətnamələr qəbul etmiş, məsələ təşkilatın Xarici İşlər Nazirləri Şurasında dəfələrlə müzakirə olunmuş, həmçinin 2016-cı ilin sentyabrında İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupu təsis edilmiş və onun ilk iclası keçirilmişdir. Hesab edirəm ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri işğalçı dövlətlə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur. Ermənistanın işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq və s. dağıdılmış, bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən təsdiq olunmuşdur. Onu da bildirmək istərdim ki, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımaqdan imtina etmiş, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə qurmamışdır. Hazırda 5 müsəlman dövləti Xocalı soyqırımını rəsmən tanımışdır. Biz bütün bunları qardaş münasibəti və real dəstəyin nümunəsi hesab edirik.

Azərbaycan İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini əsirgəmir, problemlərin ədalətli həlli ilə bağlı müzakirələrdə birmənalı olaraq beynəlxalq hüququ müdafiə edir və öz prinsipial mövqeyini həmişə qoruyub saxlayır. Ölkəmiz 2013-cü ildə “Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı”na, eləcə də “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” adlı konfransa ev sahibliyi etmiş və bu məqsədlər üçün ciddi məbləğdə ianə ayırmışdır.

İslam dini-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycan həm də dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Biz Azərbaycanda mədəni müxtəlifliyin, etnik və dini tolerantlıq mühitinin təmin olunmasını böyük nailiyyət hesab edirik. Ölkəmizdə heç vaxt dini və milli ayrı-seçkilik olmamış, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu, bizim həyat tərzimizdir, irəliyə doğru inamla getməyin ən optimal yoludur.

Biz islamofobiyaya qarşı açıq şəkildə çıxış edirik və dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl iş aparırıq. Azərbaycan məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak etmiş, həmçinin Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olmuşdur. Bakı şəhəri 2009-cu ildə ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilmiş, 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz olan Naxçıvan layiq görülmüşdür.

Azərbaycan mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün praktiki addımlar atır. Hər il Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq “Humanitar Davos” adını qazanmışdır. 2016-cı ildə biz Yaxın Şərq və Afrika ölkələrindən Avropaya pənah aparan miqrantların necə aqressiv qarşılandığının, islamofob meyillərin açıq şəkildə özünü büruzə verdiyinin şahidi olduq. Belə vəziyyətdə Azərbaycan 2016-cı ili “Multikulturalizm ili” elan edərək bir daha dünyaya göstərdi ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, eyni səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Biz nəinki ölkə daxilində etnoslararası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyirik, həm də dünyaya tolerantlıq və multikulturalizmin mütərəqqi modelini təqdim edirik.

Həm Avropa Şurasına, həm də İƏT-ə üzv olan nadir ölkələrdən biri kimi Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə əməli töhfə verir. Məlum olduğu kimi, 2008-ci ildə Bakıda Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilmiş və həmin tədbirə həm də İƏT nümayəndələri dəvət olunmuşlar. 2009-cu ildə isə İƏT-ə üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də dəvət edilmişdir. Hesab edirəm ki, bu, dünya miqyasında çox mühüm hadisə olmuş və layiqli şəkildə sivilizasiyalararası dialoqun “Bakı prosesi” kimi tarixə düşmüşdür.

2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etmiş və bu mühüm idman bayramını Yay Olimpiya Oyunları səviyyəsində keçirmişdir. Bu il isə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Qısa müddət ərzində Avropa və İslam Həmrəyliyi Oyunlarının bir-birini əvəzləməsi rəmzi məna daşıyır və Azərbaycanın sivilizasiyaların, dinlərin dialoq məkanına, iqtisadi və mədəni körpüyə çevrildiyini göstərir. Biz bu nadir mövqeyimizi dünyada sülhün, multikulturalizmin, dözümlülüyün bərqərar olması naminə istifadə edirik.

Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır.

 

 

 

 




Baxış sayı: 1 699
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031