FACT-INFO.AZ » CƏMİYYƏT » Terrorun yeni təzahürü: dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri
26-04-2017, 10:00 | CƏMİYYƏT
Terrorun yeni təzahürü: dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri

 

"İŞİD" müxtəlif ölkələrdə yenə terror hadisələri törədib. Bu prosesin davam edəcəyini bəyanlayıb. 
Mütəxəssislər bütövlükdə təhlükəli bir tendensiyanın meydana gəldiyindən bəhs edirlər. Söhbət terrorun sadəcə geniş məkana yayılmasından deyil, qrupların yeni təşkilatlanma formasına keçə biləcəyindən gedir. Bu da faktiki olaraq qlobal təhlükəsizlik sisteminin formalaşmasına ciddi əngəlin meydana gəlməsi deməkdir. Həmin aspektdə son günlər müşahidə edilən bir sıra hadisələrin geosiyasi qiymətləndirilməsinə ehtiyac duyulur. Burada bəzi regionlarda, o cümlədən Cənubi Qafqazda proseslərin gedişi maraq doğurur. Çünki bu region neçə illərdir ki, erməni terroru ilə üz-üzədir. Ona Ermənistan dövlət səviyyəsində ciddi dəstək verir. Dövlətlə terrorun qovuşduğu bu məkanda yeni terror dalğası hansı geosiyasi problemləri meydana çıxara bilər?

"İŞİD"in yayılması: forma, yoxsa məzmun dəyişikliyi?

Terror hadisələrinin artması ekspertlərin verdikləri proqnozların təsdiqini tapdığı qənaətini yaradır. Yaxın Şərqdə İŞİD-i daha çox sıxışdırdıqca, müxtəlif regionlarda partlayışlar da çoxalır. Böyük Britaniya və Almaniyadan sonra Rusiya, İsveç və Misirdə də terror hadisələri baş verib. Onların hamısını İŞİD boynuna götürüb.

Son hadisələrdə əsasən xristian dini məbədləri hədəf kimi seçilib. Onun ən qorxuncu Misirdə baş verib. Burada iki məbəddə baş verən partlayışda onlarla insan həlak olub, çoxlu yaralılar vardır. Rusiyada Kazan şəhərində bütün dinlərin məbədi yandırılıb. Sankt-Peterburq, Moskva, Rostov kimi şəhərlərdə müxtəlif yerlərdən partlayıcılar tapılır, müəmmalı qəzalar baş verir. İsveçin Stokholm şəhərində isə yük maşınını insanların toplaşdığı yerə sürən şəxs İŞİD-in əmrini yerinə yetirdiyini söyləyib.

Suriyada onsuz da terrorun arası kəsilmir. Bu dalğanın orada daha da güclənməsi ehtimalını yüksək hesab edirlər. Ancaq Misirin aktiv terror hadisələrinin hədəfinə çevrilməsi daha düşündürücüdür. Maraqlıdır ki, prezident əs-Sisi ABŞ-a səfər edərək Donald Trampla görüşmüşdü. Orada Misir prezidentinə Vaşinqton böyük dəstək vermişdi. Sisi vətənə qayıdandan az sonra terror hadisələri baş verdi. İndi ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edilib. Ekspertlər hesab edirlər ki, səbəb rəsmi Qahirənin terrorun güclənməsindən çəkinməsindən ibarətdir. Deməli, hesab olunur ki, iki partlayış ötəri deyil, ölkədə konkret təhlükə mənbəyi vardır.

Burada bir məqamı vurğulamaq istərdik. Bir neçə ay əvvəl İsrailin Türkiyədəki səfiri jurnalistə verdiyi müsahibədə olduqca maraqlı fikir bildirmişdi. Daha doğrusu, bu, daha çox xəbərdarlığa bənzəyirdi. İsrail-Türkiyə əlaqələrinin normallaşması üçün ciddi fəaliyyət göstərən təcrübəli diplomat ifadə etmişdi ki, İŞİD-i Suriya və İraqda məhv etmək mümkündür. Lakin bu təşkilat elə çevik və yayğın struktura malikdir ki, bir yerdə sıxışdırıldıqca digər yerlərə yayıla bilir. İŞİD-in Suriya və İraqda məğlub edilməsi eyni zamanda onun Rusiya, Afrika və Avropa istiqamətlərində yayılmasına təkan verə bilər. Yəni burada həmin terror təşkilatının özəlliyi nəzərə alınmalıdır.

Yalnız raket və tanklarla onu məhv etmək olmaz. Kompleks tədbirlər görülməli, bütün kommunikasiya xətləri ləğv edilməlidir. Lakin bunu da tam həyata keçirmək mümkün deyil. Çünki İŞİD artıq cəmiyyətlərdə özünə yuvalar qurub. Zahirən sakit və normal görünən adamlar lazım gəldikdə radikallaşa bilirlər. Onlar anlayırlar ki, rahat yaşaya bilməyəcəklər. Ona görə də ən kəskin tədbirlərə əl atırlar. İsveçdə yük maşınını insanların üzərinə sürən adam tutulacağını da əvvəlcədən bilməmiş deyildi. Deməli, hadisəni şüurlu surətdə törədib. Digər olaylarda da analoji məntiq vardır.

İndi Misirdə fövqəladə vəziyyətin elan edilməsi problemin prinsipial həlli deyil. Həm də belə tədbirlər terrorun qonşu ölkələrə, Səudiyyə Ərəbistanına, Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə, İrana və sairlərə yayılmayacağına təminat vermir. Deyək ki, sünni dövlətlərində şiələrdən istifadə oluna bilər. Nəticədə, regionda məzhəb qarşıdurması yeni səviyyədə vüsət ala bilər. İŞİD-in buna stimul verəcəyinə qətiyyən şübhə olmamalıdır. Çünki qarışıqlıq onu xilas edə bilər.

Bunlar onu göstərir ki, terrorun yeni dalğası, əslində, bu bəlanın növbəti mübarizə taktikasına keçməsini ifadə edir. Bu mərhələdə terror qrupları əsasən öz varlıqlarını qorumağa üstünlük verə bilərlər. Bunun üçün dünyanın bütün guşələrində hərəkət edə bilmək imkanlarını nümayiş etdirməyə çalışacaqlar. Gözləmək olar ki, onların fəaliyyəti başlıca olaraq iki istiqamətdə – Avropa və Qafqaz-Mərkəzi Asiya-Rusiya-Çin istiqamətlərində aktivləşəcək.

Terror və təhlükəsizlik sistemi: təhdidlər artır

Bu prosesin böyük dövlətlər arasında geosiyasi mübarizənin kəskinləşməsi fonunda baş verməsi düşündürücüdür. Mütəxəssislər ehtiyat edirlər ki, bu kimi analogiyalar dövlətlərin terrora getdikcə daha çox dəstək verməsi əlaməti ola bilər. Onda müxtəlif terror qruplarının arxasında konkret ölkələrin dayanması kimi çox təhlükəli bir nəticə çıxarmaq olar. Bu, təsdiqini taparsa, terrorun kökünü kəsmək çox mürəkkəb olacaq. Eyni zamanda, qlobal təhlükəsizlik sisteminin formalaşması imkanları da xeyli azalmış kimi görünür.

Dünya sisteminin sabitliyini itirməsi yeni geosiyasi nizama keçidi əngəlləyir. Mütəxəssislər çoxdan vurğulayırlar ki, qlobal miqyasda yeni nizama keçid dünya üçün ciddi strateji əhəmiyyət daşıyır. Çünki artıq beynəlxalq hüquq normaları işləmir. İkili standartlar baş alıb gedir. Müxtəlif regionlarda yeni münaqişələr meydana gəlir. Mövcud olanlar isə daha da kəskinləşir. Və bütün bunlar bumeranq kimi qayıdıb terroru daha da alovlandırır. Bəşəriyyət sanki çıxılmaz dairəyə düşür.

Bu analizdən belə nəticə alınır ki, İŞİD-in müxtəlif regionlarda fəallaşması yalnız bu təşkilatın mənfur xisləti ilə bağlı deyil. Bir sıra dövlətlər faktiki olaraq öz qeyri-müəyyən siyasətləri ilə ona imkanlar yaradırlar.

Bir sıra ekspertlərin rəyinə görə, bu cür gedişat meydana yeni terror qruplarını çıxara bilər. Müəyyən mərhələdə İŞİD səmərəsini itirəndən sonra onu əvəz edə biləcək başqa təşkilatı ortaya ata bilərlər. Bu da terrorun tamamilə fərqli bir təzahürdə və miqyasda fəaliyyət göstərə bilməsi deməkdir. Həmin çərçivədə terrorun Cənubi Qafqaza vura biləcəyi zərərin üzərində düşünməyə dəyər.

Məsələ ondan ibarətdir ki, Ermənistan bu regionda birbaşa terror vasitəsilə qonşu dövlətin ərazisinin bir hissəsini işğal edib. Törədilən soyqırımlar, kütləvi qətliamlar, deportasiyalar və etnik təmizləmə siyasəti ilə 25 ildən çoxdur ki, Cənubi Qafqazda təcavüzkar mövqeyini saxlayır. Və dünya buna göz yumur. Deməli, İŞİD-in hələ çatmaq istədiyi aqressivlik səviyyəsinə, erməni terror qrupları və rəsmi qurumları çoxdan nail olublar. Təsəvvür edin ki, bu hal İŞİD-in Cənubi Qafqaza yayılması üçün münbit bir şərait yaradır. Çünki bu təşkilat gəlib burada özünə oxşar erməni terror qruplarını tapacaq. Eyni zamanda, rəsmi İrəvanın siyasətinin regionda terrora stimul verdiyini görəcək. Bu səbəbdən Cənubi Qafqazın İŞİD terroruna daha həssas bir bölgə olduğunu qəbul etmək lazım gəlir.

Buradan Mərkəzi Asiyaya nüfuz etməyin yolu görünür. Onun digər marşrutu Əfqanıstandır. Burada artıq xeyli sayda terror təşkilatları uzun illərdir, tüğyan edirlər. İŞİD-in də mövqeyi getdikcə güclənir. Zaman-zaman o, Mərkəzi Asiya dövlətlərinə nüfuz edir. Son olaraq Qazaxıstanda baş verən terror hadisələri bu baxımdan düşündürücüdür. Şimali Qafqazda, Həştərxanda və Rusiyanın bəzi bölgələrində müşahidə edilən proseslər narahatlıq yaradır.

Bunların fonunda, təbii ki, Avropada terror dalğasının yüksəlməsi kifayət qədər təhlükəli görünür. Belə ki, burada qeyri-sabitliyin artması bütövlükdə dünyada meydana çoxlu sayda problemlərin çıxması deməkdir. Aİ-nin yeritdiyi ikili standartlar və miqrantlara qarşı dözümsüzlük vəziyyəti daha da mürəkkəbləşdirir. İndi avropalı siyasətçilər etiraf edirlər ki, son illər xarici siyasətdə ciddi səhvlərə yol veriblər.

Bütün bunlar onu təsdiq edir ki, müxtəlif ölkələrdə terrorun artması təsadüfi hal deyil. İndi yeni səviyyədə dinlərarası düşmənçilik toxumu səpilir. Əsasən müsəlmanların yeni düşmən obrazı yaradılır. Onları xristian dini abidələrini məhv edən zümrə kimi təqdim etməyə başlayırlar. Bunun bir aspekti ermənilərin təbliğat dəyirmanına su tökmək anlamına gəlir. Bütövlükdə isə dünyada dini qarşıdurmanı kəskinləşdirə bilərlər. Bu tendensiya qlobal təhlükəsizlik sisteminin formalaşdırılması üçün olduqca təhlükəli olmaqla geosiyasi risklərin artmasına da təkan verə bilər.

Düşündürücüsü odur ki, bu kimi proseslərdə İŞİD-dən istifadə edilir. Bu da həmin təşkilatın hələ missiyasını tam yerinə yetirmədiyi anlamını verir. Onun dünyaya yayılması yekunda terrorun məzmununu dəyişə bilər. Belə çıxır ki, bəşəriyyət terrorun görünməmiş təzahür forması ilə üz-üzə qala bilər.

Newtimes.az

 

 

 




Baxış sayı: 1 697
Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı dövründə İƏT qətiyyətli mövqe nümayiş etdirib Bu gün, 12:30 Qərbi Azərbaycana həsr olunan verilişdə Azərbaycan gəncliyinin baxışı və digər mövzularla bağlı təhlillər aparıldı Bu gün, 12:00 Kolleclərdə boş qalan yerlər üzrə ixtisas seçimi bu gün başa çatır Bu gün, 11:00 Gənclər təşkilatları üçün qrant müsabiqəsi elan edilib Bu gün, 10:30 Xocalıda mina partlayıb, ANAMA-nın əməkdaşı xəsarət alıb Bu gün, 10:30 Ötən tədris ilində Azərbaycanda 120-yə yaxın ölkədən əcnəbi tələbə təhsil alıb Bu gün, 10:00 Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb Bu gün, 09:00 Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdı Dünən, 20:00 BCAW2026 features roundtable on climate financing Dünən, 18:00 Xankəndidə növbəti əmək yarmarkası keçiriləcək Dünən, 16:30 Azərbaycan BMT-nin Baş Assambleyasında böyük nümayəndə heyəti ilə təmsil olunacaq Dünən, 15:00 Minatəmizləmə fəaliyyətinə dair Tələblər təsdiqlənib Dünən, 11:00 Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq türk-mədəni irsinə müraciətdir Dünən, 10:30 Gürcüstanda Azərbaycanın mədəni irsinə həsr olunan kitab təqdim edilib Dünən, 10:00 Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib Dünən, 09:30 Aİ Ukraynanın “Patriot” sistemləri üçün zəruri məhsullar almasına imkan yaradıb Dünən, 09:00 Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib 8-09-2026, 20:00 Azərbaycan və Türkiyə arasında diaspor sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb 8-09-2026, 18:00 TRACECA-ASEAN multimodal rəqəmsal təşəbbüsü müzakirə edilib 8-09-2026, 16:30 Religious figures from Türkiye, Georgia and Iraq visit Shusha 8-09-2026, 16:00 Media və Yayım Şurasının sədri və üzvləri təyin edilib - SƏRƏNCAM 8-09-2026, 16:00 Şuşa və ətrafı ümumilikdə tarixi mədəniyyətimizin simvoludur 8-09-2026, 11:00 Rauf Hacıyev: Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına və regionda sahilyanı iqtisadi fəaliyyətə ciddi təsir göstərə bilər 8-09-2026, 10:30 Rusiya ordusu Kiyevi ballistik raketlərlə vurub, ölənlər və xəsarət alanlar var 8-09-2026, 10:00 Azərbaycan səfirliyi “The Guardian” qəzetində dərc edilmiş qərəzli məqaləyə cavab verib 8-09-2026, 09:00 "Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir" 8-09-2026, 08:30 Azərbaycana qarşı kampaniyanın dəyişən ssenarisi 7-09-2026, 21:00 Bakıda Özbəkistanın müstəqillik günü qeyd edilib 7-09-2026, 19:30 FHN güclü küləklə əlaqədar əhaliyə müraciət edib 7-09-2026, 18:00 Dövlət auditinin rəqəmsallaşdırılmasına dair tapşırıqlar verilib 7-09-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930