FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edib
7-10-2025, 21:00 | SİYASƏT
Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edib

Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib.

Fact-info.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə Görüşündə iştirak ediblər.

Prezident İlham Əliyev Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşıladı, birgə foto çəkdirildi.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli dövlət və hökumət başçıları.

Əziz dostlar.

Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi.

İlk növbədə, Türk Dövlətləri Təşkilatına (TDT) uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürümü bildirirəm.

Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.

Ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür.

Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.

Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşləri ilə yanaşı, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi artıq ənənəyə çevrilib. Ötən il ilk dəfə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və bu il Budapeştdə baş tutmuş görüşümüz mühüm qərarlarla yadda qalmışdır.

Hörmətli həmkarlar, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.

Təşkilatımızın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün “Regional sülh və təhlükəsizlik” mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir.

Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm.

Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.

2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir.

İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.

Beləliklə, atdığımız addımlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.

Biz Ermənistan işğalını heç vaxt unutmayacağıq. Şəhidlərimizin əziz xatirəsini həmişə qəlbimizdə saxlayacağıq. Onların qanını biz döyüş meydanında aldıq. İşğalçını əzəli torpaqlarımızdan qovduq, Zəfər çaldıq və eyni zamanda, ədalətli sülhə nail olduq.

Əziz dostlar, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digər istiqamətlərdə potensialından istifadə məqsədilə görülən işlər qlobal əhəmiyyətli layihələrin icrasına gətirib çıxarıb.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmiz Türkiyə ilə Mərkəzi Asiya arasında coğrafi, iqtisadi, nəqliyyat və digər sahələrdə körpü rolunu oynayır.

2022-ci ildən bəri Orta Dəhlizlə yükdaşımalar təqribən 90 faiz artıb. Dəhliz boyu tranzit müddətləri əhəmiyyətli dərəcədə azalıb. Xəzərin ən böyük ticarət donanması, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirib.

Bu çərçivədə Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.

Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir. Ölkəmiz bu məqsədlərin qlobal səviyyədə təmin edilməsində fəal rol oynayır. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.

Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq. Hazırda biz 14 ölkəyə təbii qaz ixrac edirik. Coğrafi əhatəsinə görə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.

Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.

Hazırda biz Orta Asiya, Azərbaycan, Türkiyə, Avropa yaşıl enerji dəhlizi üzərində işləyirik.

TDT-yə üzv ölkələrlə Azərbaycan bir çox önəmli sərmayə layihələrini icra edib. Bu günə qədər qardaş ölkələrin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyulub. Bunun əsas hissəsi Türkiyə iqtisadiyyatına qoyulmuş sərmayədir. Bununla bərabər, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Bu fondlar vasitəsilə bir çox layihələr icra ediləcək.

Ümumilikdə, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir.

Qeyd etdiyim kimi, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Burada 1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulamaq istərdim.

Gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edirəm.

Əminəm ki, Zirvə Görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir.

Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.





Baxış sayı: 125
Medianın İnkişafı Agentliyi Bəyanat yayıb Dünən, 19:00 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib Dünən, 17:00 Azerbaijan’s Media Development Agency issues statement Dünən, 16:00 “Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub Dünən, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb Dünən, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb Dünən, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO Dünən, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib Dünən, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək Dünən, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır Dünən, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi 26-07-2026, 20:30 Ruhun Bayraqla Yüksəlişi 26-07-2026, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər 26-07-2026, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb 26-07-2026, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30 "ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA 25-07-2026, 12:00 ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər 24-07-2026, 17:30 “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda 24-07-2026, 17:30 Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib 24-07-2026, 14:30 “Qərbi Azərbaycana həsr olunan növbəti televiziya verilişi uğurla davam etdi” Əkrəm Bəydəmirli 24-07-2026, 11:00 Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb 24-07-2026, 10:30 Bu bölgədə zəlzələ qeydə alınıb 24-07-2026, 09:00 Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu 24-07-2026, 09:00 Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb 23-07-2026, 21:00 Gürcüstan Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyir 23-07-2026, 17:30 Georgian PM: We want to develop relations with Azerbaijan even further 23-07-2026, 17:30 Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub 23-07-2026, 16:30 Поэзия Хуршидбану Натаван и литературная среда «Меджлиси-унс» 23-07-2026, 14:30 "Böyük amallar və arzular şairi" kitabı işıq üzü görüb 23-07-2026, 11:00
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031